Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-333/2025 16.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Akhmedova Lamaranın, onun nümayəndəsi (vəkil) X3 iştirakı ilə X2, X5 və X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri haqqında Akhmedova Lamara tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Gürcüstan Respublikasının vətəndaşı Akhmedova Lamara X2, X5 və X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, anası X2 vasitəsi ilə tanıdığı Tehran Lətifov artıq 4 (dörd) ilə yaxın müddətdir ondan aldığı 150000 (bir yüz əlli min) ABŞ dolları pulu qaytarmaq istəmir. Həmin pulu Tehran Lətifovdan almaq üçün Azərbaycan Respublikasının bütün orqan və təşkilatlarına müraciət etmişdir. O, Gürcüstan Respublikasının vətəndaşı olduğu üçün hətta Gürcüstan Respublikasının da müvafiq orqanlarına müraciət etmişdir. Onun etdiyi şikayətlərdən sonra Tehran Lətifov anası ilə əlbir olaraq onu öldükməklə hədələyir, söyür, təhqiq edir, şərəf və ləyaqətini alçaldır. Həmin şəxslər 2 ilə yaxın müdddətdə ona göstərdikləri təzyiqləri davam etdirirlər. X10 dəfələrlə onun barəsində yalan məlumatlar yaymış, yazmağa və deməyə belə çətinlik çəkdiyi və utandığı sözlər danışmışdır. X5 bu hərəkətlərə son qoymasını və onun pulunu qaytarmasını dəfələrlə ona bildirsə də, heç bir nəticəsi olmamışdır. Barələrində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxslər son vaxtlar xüsusi aktivlik göstərirlər. Belə ki, həmin şəxslər sosial şəbəkələrdə onun barəsində yalan və böhtan xarakterli məlumatlar yayırlar, ən təhriqamiz formada onun şərəf və ləyaqətini alçaldırlar. Lətifov Tehranın baldızı oğlu X7 “Tik-tok” sosial səbəkəsində olan səhifəsində onun şəklini qəbir daşı üstündə heyvan şəkli ilə birlikdə qoyaraq paylaşmışdır. Bundan başqa Lətifov Tehran anası ilə əlbir olaraq onun barəsində təhqiramiz sözlər demiş, şər və böhtanlar söyləmişdir. X4 və X1 çıxış etməklə, onun guya yalandan pul tələb etdiyi barədə yalan məlumat yaymaqla ona böhtan ataraq CM-nin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. X6 və X10 dedikləri sözlərlə onun şərəf və ləyaqətini aşağılamış, ona böhtan ataraq onu öz doğmalarının, dostlarının, tanışlarının, şəhər sakinlərinin, ümümiyyətlə hamının yanında nüfuzdan salmışlar. Qeyd edilənlərə əsasən X2, X5 və X7 CM-nin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayət vermiş şəxs Lamara Akhmedova və onun nümayəndəsi (vəkili) X8 şikayəti müdafiə edərək onun icraata qəbul edilməsini və məhkəmə baxışının keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, xüsusi ittiham qaydasında verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri və proses iştirakçılarının çıxışlarını nəzərdən keçirərək hesab edir ki, X2, X5 və X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair Akhmedova Lamara tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, CM-nin 147.1-ci maddəsi böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymağa, həmin məcəllənin 147.2-ci maddəsi ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmağa, 148-ci maddəsi isə təhqirə, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa görə cinayət məsuliyyəti nəzərdə tutur. Xüsusi ittihamçı tərəfindən şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslərin onu təhqir etdiyini, şərəf və ləyaqətini alçaltdıqlarını, habelə ona böhtan atdıqlarını qeyd etsə də, konkret olaraq hansı sözlərlə (fikir, ifadə və s.) onu təhqir etdiklərini, ona atılan böhtanın nədən ibarət olduğunu göstərməmişdir. Xüsusi ittihamçı tərəfindən şikayətə sübut kimi əlavə edilmiş diskə baxış keçirilən zaman da barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər tərəfindən yuxarıda qeyd olunan hallara yol verildiyini müəyyən etmək mümkün olmamışdır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarında qeyd edilir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür (2-ci bənd); Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (“De Haes və Gijsels Belçikaya qarşı”). Eyni zamanda,üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (“Jerusalem Avstriyaya qarşı iş”) (6-cı bənd). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.7-ci maddələrinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2, X5 və X7 hərəkətlərində cinayətin əlamətlərinin olmasına dair mötəbər dəlillər təqdim olunmadığından onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən və məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Cinayət-Prosessual Məcəllənin 302.2.3-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X2, X5 və X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair Akhmedova Lamaranın xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Nəsibov
Məhkəmə qərarları › İş №1(001)-333/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-333/2025
16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver