Məhkəmə qərarları › İş №1(001)-334/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-334/2025

02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-334/2025 02.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X8 müdafiəçisi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X4, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 iştirakları ilə, X6 və X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Xüsusi ittiham qaydasında şikayət vermiş X7 məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 və X8 CM-in 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir.

2. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, xüsusi ittihamçı X7 barəsində yalan olduğunu bilə-bilə sonuncunun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları X6 və Ramiz İmanov 21 may 2024-cü il tarixdə kütləvi nümayiş etdirilmiş “youtube.com” internet informasiya ehtiyatında “Hurriyyet TV” Youtube kanalı vasitəsilə (https://www.voutube.com/hve/V4eS6GqKgLU?si=ODavVu-iA2CxUOYF, 17:45-ci dəqiqə) yaymışdır.

3. Xüsusi ittiham qaydasında şikayət verən şəxs X7 xx.xx.1963-cü il tarixində dünyaya gəlmiş, ünvan 1 ünvanında qeydiyyatdadır. F.Nağıyevin bugünə qədər heç bir məhkumluğu olmamışdır.

4. X6 və Ramiz İmanov kütləvi informasiya vasitəsində öz çıxışları zamanı bildirdikləri məsələlər yalan məlumatlar olmaqla bərabər sadəcə cəfəngiyyatdır. Göstərilən məsələlər ilə bağlı heç bir məhkəmə araşdırması və ya məhkəmənin qanuni qüvvəsini almış yekun aktı yoxdur.

5. Bununla belə sözügedən şəxslər youtube kanalında onun şəklini yerləşdirməklə barəsində öz mülahizələrinə əsaslanan ittihamlar irəli sürmüş, onun şərəf və ləyaqətini cəmiyyət qarşısında alçaltmış, onun işgüzar nüfuzunu zədələmişlər.

6. Barəsində şikayət verilən şəxs X6 aşağıdakı məzmunda böhtan xarakterli məlumatları "Hurriyyet TV" Youtube kanalında səsləndirmişdir: (17:45-ci dəqiqə)

7. - “Azərbaycanın daxilindəki bir çox insanlanın və təşkilatların haqqında xaricə məlumatlardan ötürənlərdən biri də Rusiyada Azərbaycana emissar kimi hazırlanmış, təhsil alıb Azərbaycana yerləşdirilmiş rusnaklardan biri də məhz Fərhad Nağıyevdir. Mən bu iddialarımla bağlı dəfələrlə redaktoru olduğum “Hakimiyyət” qəzetində, sonra digər kütləvi informasiya vasitələrində və o cümlədən də youtııbe kanalında çıxışlar etmişəm.”

8. - “Fərhad Nağıyev təkcə Badamdar qəsəbəsində torpaq məsələləri ilə bağlı 100dən çox adam üçün nümayəndə kimi çıxıb. Amma 100-dən çox adam üçün nümayəndə kimi çıxdığı adamların heç biri nə Badamdarda yaşayır, nə də ki, o torpaqların yiyəsidirlər. Onlar Fərhadın tanışlarıdır. Fərhad bunlann adına Səbail rayon İcra Hakimiyyətində Rüstəm Məmmədov icra başçısı olanda başladığı o torpaqlan fərdi mənzil tikintisi üçün satmağa və o torpaq sahələri satılarkən Fərhadın ağlı işlədi. Keçmiş icra başçısının müavini Vilayət Muxtarov ilə və bir də Badamdar qəsəbə nümayəndəsi Qasımzadə ilə bir yerdə başladılar torpaqları sənədləşdirməyə. Eldar Mahmudovun bugün 10 ha-dan yuxan olan torpaq sahəsinin də hissə-hissə özəlləş dirilmə sində bu Fərhad Nağıyevin əli var. Torpaqların qiyməti qalxdıqdan sonra Fərhad başladı fəaliyyətə. Harada boş torpaq gördü o torpağın üstünə qondu gedib bir dənə sərəncam ya sərəncamlar kimlər ki öz torpaqlanna sahib çıxmadılar. Həmin adamlar başladılar maklerlər vasitəsi ilə o sərəncamlan 300, 500, 1000-ə bugün o sərəncamlar 20.000-ə dir. Elə sərəncam istəyirsənsə Səbaildə, Badamdarda torpaq əgər varındırsa. Boş sərəncamın qiyməti 20.000-dir. Üstəgəl torpağın pulu.”

9. - “Badamdarda xeyir-şər evini zəbt edib özünə orada villa tikib”.

10. - “Haqqım bərpa olunmasa mən Fərhad Nağıyevi öldürmək məcburiyyətində qalacam.”

11. Barəsində şikayət verilən şəxs X11 aşağıdakı məzmunda böhtan xarakterli məlumatları “Hurriyyet TV” Youtube kanalında səsləndirmişdir: (38:56-cı dəqiqə)

12. “Danışmalı deyil o adamdan. Yəni Azərbaycanda elə alçaq adamı........ Fərhadın bir sumka saxta sərəncamı var. Saxta sərəncamı gətirib polislə, Səbail rayon Badamdarın icra nümayəndəsi ilə, Vilayət müəllim ilə birləşib saxta sərəncam ilə mənim yerimi alıblar. Bu maşennikin biridir, maşennik olub. 50 dənə sərəncam düzəldib satıb camaata.”

13. X6 və X1 nümayiş etdirilmiş açıq internet informasiya ehtiyatında yaydığı bu məlumatlar yalan məlumatlar olmaqla, böhtan xarakteri daşıyır, heç bir həqiqəti əks etdirmir və X7 barəsində ittiham xarakterli çıxış onun şərəfini, cəmiyyətin bir üzvü kimi əxlaqi, mənəvi və əqli keyfiyyətlərini, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiyməti ləkələmiş, onu cəmiyyət və əmək kollektivində nüfuzdan salmışdır.

14. X6 və X11 qeyd edilən fikirləri səsləndirdiyi videomateriala 12.000-dən artıq şəxs tərəfindən baxılmışdır. Bu isə onun kütləvi çıxış olmasını təsdiq edir.

15. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 şikayət ərizəsində göstərilənləri müdafiə edərək işin məhkəmə baxışına təyin edilməsini və X6 və X8 CM-in 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir.

16. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 bildirmişdir ki, X7 eyni mübahisə ilə bağlı onun barəsində mülki qaydada iddia qaldırmışdır. X2 iddia etdiyi kimi onun tərəfindən səsləndirilən ifadələr mətbuatda yeni olmamışdır. Belə ki, o bu ifadələri səsləndirməmişdən əvvəl də digər mətbuatlarda eyni məzmunlu yazılar verilmişdir. Sonda qeyd edilənləri nəzərə alaraq, şikayət ərizəsinin əsassız olduğundan məhkəmədən işin məhkəmə baxışına verilməməsini ərizənin geri qaytarılmasını xahiş etmişdir.

17. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X9 xüsusi ittiham qaydasında şikayət ərizəsinin qanunvericiliyin tələblərinə uyğun olmadığını qeyd edib, şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:

18. Məhkəmə hesab edir ki, X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir.

19. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir.

20. CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Belə əsaslardan biri də CPM-in 293.3.1-ci maddəsində təsbit edilmiş şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), CPM-in 293.3.3-cü maddəsində təsbit edilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edilməsi, CPM-in 293.3.4-cü maddəsində təsbit edilmiş şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edilməsi və CPM-nin 293.3.6-cı maddəsində təsbit edilmiş şikayətin verildiyi tarix (il, ay və gün) və yerdir. Hansı ki, ərizə vermiş şəxs tərəfindən ərizə tərtibi zamanı nəzərə alınmamışdır.

21. Məhkəmədə müəyyən edilmişdir ki, X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə X8 ona böhtan atmasını təsdiq edə biləcək hər hansı sübut iş materiallarına əlavə edilməmişdir.

22. Belə ki, CPM-in 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi şikayətdə göstərilməli olduğu halda, X7 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətdə ona böhtan atılmasını, eləcə də həmin əməlin X11 tərəfindən törədilməsini təsdiq edən, yəni kütləvi nümayiş etdirilən əsər, media və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında dərc edilmiş məlumatların məhz sonuncu tərəfindən dərc etdirilməsini təsdiq edən heç bir sübut göstərilməmiş, həmçinin bu barədə iş materiallarına heç bir sübut əlavə olunmamışdır.

23. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun.

24. Onu da nəzərə almaq lazımdır ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir.

25. Həmin Qərarın 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Ali Məhkəmənin 1-8/1- 500/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və 1-8/1-1647/2024 nömrəli, xx.xx.2024-cü il tarixli üç ulduzlu qərarlarında xüsusi ittiham qaydasında şikayət verilən ərizələrdə internet informasiya ehtiyatlarında yayımlanan təhqir və böhtanlarla bağlı aiddiyyat məsələsi barəsində şikayət verilən şəxsin qeydiyyat ünvanı üzrə müəyyən edilmişdir.

26. Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir.

27. Məhkəmə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlamalı, xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir.

28. Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 tərəfindən CPM-in 293-cü maddələrinin tələblərinə riayət olunmadan (X10 münasibətdə - əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edilməsi və şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edilməsi) şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Bundan başqa şikayət vermiş şəxs X7 özü haqqında məlumatları (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) və ərizənin tərtib edilmə yerini də şikayət ərizəsində qeyd etməmişdir. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir.

29. CPM-in 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır:

30. CPM-in 302.2.3-cü maddələrinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə....

31. Beləliklə məhkəmə, sadalananlara əsasən belə hesab edir ki, X6 və X11 barəsində CM-in 147.1-ci maddəsi ilə cinayət təqibi üzrə icraatın başlanılmasına və X6 və X8 cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir.

32. Müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X9 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclasında iştirak edərək barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 hüquqlarının müdafiəsinə ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir.

33. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

34. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.

35. Məhkəmə, xüsusi ittiham üzrə verilmiş iş materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X9 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs müdafiəçisi qismində məhkəmə iclasında iştirak edərək, ümumilikdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hüquqlarının müdafiəsinə 5 (beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X10 göstərdiyi cəmi 5 (beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir.

36. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 və X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilmsindən imtina edilsin. X10 göstərdiyi cəmi 5 (beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi vaxtdan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar