Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-335/2024 07.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, hazırda məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən ona görə təqsirləndirilmişdir ki, o, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 6890,00 manat və ödəniş günü manatın məzənnəyə uyğun olaraq 4500,00 ABŞ dolları məbləğində pulun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(006)-621/2015 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada 08 gün müddətinə həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2020-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətiylə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2021-ci il tarixədək 3500,00 ABŞ dolları məbləğində borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ödənişi edə bilməməyinin səbəbi müəyyən problemlərinin olması, həmçinin atasının xəstələliyi olmuşdur. Ödəniş etməyə başlamış, etdiyi 100 manat ödənişin qəbzini də məhkəməyə təqdim etmişdir. Hal-hazırda ödəniş etməyə imkanı yoxdur. Əlavə olaraq bildirir ki, məhkəmə qətnaməsində göstərilən borc məbləği ilə də razı deyil, məhkəmə qətnaməsi çıxarılan zaman o məhkəmə iclasında iştirak etməmiş, məhkəmə qərarlarından şikayət belə verə bilməmişdir. Məhkəmə qətnaməsi ilə verilən məbləğ müəyyən olduqdan sonra 100 manat ödəniş etmişdir. Bağlanan karta münasibətdə qeyd edir ki, həmin kart anasının olmuşdur. Zərərçəkmiş şəxs gəlib anasına onun tutulacağı ilə bağlı hədə-qorxu gəlmiş, anası da onun tutulmasından qorxub kartını tələbkara vermişdir. O da bu söhbəti biləndən sonra gedib həmin kartı bağlamışdır. Təqsirləndirilən şəxs son sözündə cinayət işi ilə bağlı məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir. O, 2012-ci il tarixdə dostunun oğlu ilə arada Sumqayıta məhkəməyə getmişdir. Ağa isə arada sürücülük edib, onları aparıb gətirmişdir. Bir dəfə yolda Ağa Binəqədi rayonu, Gülüstan küçəsi ərazisində həyət evinin olduğunu bildirmiş və həmin evi satmaq niyyəti olmasını söyləmişdir. O, həmin evi almaq niyyətinə düşmüş və arada dostunun oğlu olduğu üçün etibar etmiş, həmçinin Ağanın bu qədər yalan danışmayacağını düşünmüşdür. Daha sonra evin mülkiyyət hüququna dair çıxarışının olmadığı müəyyən olmuşdur. O, Təqsirləndirilən şəxs notariat kontorunda 6800 manat ekvivalenti ilə faktiki olaraq dollar ilə pul vermişdir. Bir müddətdən sonra Təqsirləndirilən şəxs yenidən 4500 ABŞ dolları notariat kontorunda vermişdir. Lakin Təqsirləndirilən şəxs cürbəcür bəhanələr gətirməyə başlayaraq evi ona satmaqdan boyun qaçırmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs evi və yaxud verdiyi pulu geri qaytarmağı tələb etmiş, lakin Təqsirləndirilən şəxs ondan yayınmağa başlamışdır. Uzun müddət gözləməsinə baxmayaraq Təqsirləndirilən şəxs nə evi ona vermiş, nə də ödəniş etdiyi pulu geri qaytarmamışdır. Bundan sonra o məcbur qalaraq pulun geri qaytarılması üçün məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(006)-621/2015-ci il saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs ona 6800,90 manat məbləğində və ödəniş gününə milli manat məzənnəsi ilə 4500,00 ABŞ dolları məbləğində pulu ödəməlidir. Vermiş olduğu pul vəsaitlərindən 6800 manat tam olaraq ona ödənilmişdir. 4500 ABŞ dollarından isə 1000 dollar Təqsirləndirilən şəxs tərəfindən qaytarılmışdır. 3500 ABŞ dolları vəsaiti isə hələ ödənilməmişdir. Təqsirləndirilən şəxs həmin vəsaiti qəsdən ona ödəmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsinin təsdiq edir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(006)- 621/2015-ci il saylı qətnaməsi əsasında verilmiş icra sənədi əsasında icraata başlanılmış və zəruri icra tədbirləri həyata keçirilmişdir. Lakin borcun ödətdirilməsi üçün həyata keçirilmiş məcburi icra tədbirləri heç bir nəticə verməmişdir. Təqsirləndirilən şəxs borcu qərəzli olaraq ödəmədiyi üçün barəsində inzibati xəta haqqında protokol da tərtib edilmiş və sonuncu 8 gün inzibati həbs edilmişdir. Lakin bundan sonra da təqsirləndirilən şəxs borcu ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə 6800 manat və 4500 ABŞ dalları borc məbləğindən 6800 manat ve 1000 ABŞ olmaqla ödənişlər etmiş, hazırda 3500 ABŞ dolları borcu qalmaqdadır. Zərər çəkmiş şəxsə təqsirləndirilən şəxsin valideyni öz kartından ödəniş etsə də, Təqsirləndirilən şəxs gedib həmin kartı da bağlatdırmaqla zərər çəkmiş şəxsə ödəniş olmasına mane olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(006)-621/2015-ci il saylı qətnaməsi əsasında verilmiş icra sənədi Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid1 icraatında olmuşdur. Həmin icra sənədi ilə bağlı borcun ödənilməsi ilə əlaqədar olaraq icra məmuru tərəfindən zəruri icra hərəkətləri həyata keçirilmiş, nəticə olmadığı üçün icra məmuru tərəfindən borclu barəsində inzibati məsuliyyət tədbirləri də görülmüşdür. Lakin borcun ödənilməsi istiqamətində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Həmçinin borclunun tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri də aşkar edilməmişdir. Ona görə də, Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. O, özü də şəxsən icra işində iştirak etmiş, şəxsi çağırıb dəfələrlə izahatının alınmasının, proflaktik söhbətlər aparılmasının Şahid1la qonşu otaqda olduğu üçün şahidi olmuşdur. Həmçinin tələbkarın özü ilə dəfələrlə telefon əlaqəsi yaratmış, şəxsən özü də danışmışdır. Ödənişlərlə bağlı borclu bildirmişdir ki, ancaq hissə-hissə ödəyə bilər. Tələbkar isə borcunun hissə-hissə ödənməsi ilə bağlı razılıq verməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. xx.xx.2021-ci il tarixdə Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru, 1-ci dərəcəli ədliyyə qulluqçusu Şahid1 tərəfindən tərtib edilmiş və həmin tarixdə Binəqədi rayon İcra Şöbəsinin rəisi, ədliyyə müşaviri İlham Həsənovla razılaşdırılmış cinayət məsuliyyətinə cəlb olunma haqqında təqdimatdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması məqsədə müvafiq hesab olunmuşdur. Təqdimat 31 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikasının baş icra məmuru İİİ dərəcəli dövlət ədliyyə müşaviri İlqar Cəfərov tərəfindən təsdiq edilmişdir. Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-621/2015 saylı xx.xx.2015-ci il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs məxsus «Audi A6» markalı 90-HV 770 dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmuşdur. Həmin avtomobil müvafiq qaydada 5000,00 manata qiymətləndirilmiş və 5000,00 manat borc əvəzinə tələbkar Zərərçəkmiş şəxs təklif edilmişdir. Tələbkar 5000,00 manat borc əvəzi həmin avtomaşını qəbul etmişdir. İcra işi icra tədbirlərinin davam etdirilməsi üçün borclu Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Binəqədi rayon icra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-621/2015 saylı, 17 sentyabr 2015ci il tarixli icra vərəqəsindən görünür ki, 6800 manat və 4500 ABŞ dolları (ödənilən gün manatın məzənnəsinə uyğun olaraq) məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. xx.xx.2016-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-621/2015 saylı, 17 sentyabr 2015-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən icraata başlanılmış və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş Təqsirləndirilən şəxs ünvanına göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(001)-386/2019 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra sənədi tam icra olunanadək müvəqqəti məhdudlaşdırılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-324/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il, 6 ay müddətinədə azadlıqdan məhrum etmə cəzasına, AR CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 66.2-ci maddəsinə əsasən ona 2 il, 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 2 il, 5 ay, 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, təyin edilmiş cəza 1 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. xx.xx.2020-ci il tarixli “Borclunun axtarılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-1754/2020 saylı qərarından çıxarışda görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir. xx.xx.2020-ci il tarixli “Xəbərdarlıq”-dan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb oluna biləcəyi barədə xəbərdarlıq edilmiş və Təqsirləndirilən şəxs həmin xəbərdarlığı imza etməklə qəbul etmişdir. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Məşğulluq Agentliyinin 4 saylı ərazi X1 məktubundan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də yardımçı fəhlə işi təklif olunmuş, Təqsirləndirilən şəxs bu təkliflə razılaşmış, xx.xx.2020-ci il tarixdə həmin vakansiyaya işə göndəriş verilmişdir. xx.xx.2020-ci il tarixli “Xasiyyətnamə”-dən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir əks məlumat daxil olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(006)-621/2015 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 6800 manat və ödənilən gün manatın məzənnəsinə uyğun olaraq 4500 ABŞ dolları məbləğində pul, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat alınaraq Zərərçəkmiş şəxs, həmçinin Təqsirləndirilən şəxs 1100 məbləğində pul tutularaq iddiaçı müstəqil tələb irəli sürən 3-cü şəxs X2 qaytarılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-8439/17 saylı qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(006)-621/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü il tarixdə amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 2 il, 5 ay, 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilmiş cəza 1 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. xx.xx.2020-ci ildə cəzasının sonu ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmiş, Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(006)-621/2015 saylı qətnaməsi üzrə F.İ.Qonaqova 1100,00 manat borcun icra zamanı tam ödənilməsi nəzərə alınmışdır. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli “İttiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı mənzilin yaxınlığında saxlanılmışdır. xx.xx.2024-cü il tarixli “Qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “Müvəqqəti saxlama təcridxanasından azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Yasamal RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. xx.xx.2024-cü il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, "xxxx" MMC vasitəsi ilə Zərərçəkmiş şəxs adına 50 manat pul vəsaiti göndərilmişdir. xx.xx.2024-cü il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, "xxxx" MMC vasitəsi ilə Zərərçəkmiş şəxs adına 50 manat pul vəsaiti göndərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, təqsirləndirilən şəxsin sözügedən məzmunda verdiyi ifadə məsuliyyətdən yayınmaq məqsədi ilə verilmişdir. Belə ki, Təqsirləndirilən şəxs əməlində məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsi müəyyən edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, inzibati məsuliyyətə cəlb edilməsindən və ona yeni müddət verilməklə xəbərdarlıq olunmasından nəticə çıxarmamış, qərəzli olaraq borcun ödənilməsindən yayınmış, hətta təqsirləndirilən şəxsin anası borcun ödənilməsi üçün özünəməxsus kartı zərərçəkmiş şəxsə vermiş, Təqsirləndirilən şəxs isə anasının kartını bağlayaraq zərər çəkmiş şəxsin həmin kartdan pul almasının qarşısını almışdır. Göstərilən xüsusatlar Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(006)-621/2015 saylı qətnaməsini qərəzli olaraq icra etməməsinə dəlalət edir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməsinə görə cinayət məsuliyyətini müəyyən edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 oktyabr 2012-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Həmin qərarında Konstitusiya Məhkəməsi Plenumu belə qərara gəlmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs iş üzrə dəymiş ziyanı qismən ödəməsini (CM- 59.1.14) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab edildiyindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-324/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi mövcud deyildir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 23 aprel 2024cü il tarixdən 24 aprel 2024-cü il tarixədək tutulduğu müddət təyin edilmiş cəzadan çıxılmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 üç yüz manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 1 (bir) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-335/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-335/2024
07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver