Məhkəmə qərarları › İş №1(001)-336/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-336/2022

27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-336/2022 27.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 09 yanvar 2022-ci il tarixdə axşam saatlarında istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,262 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin əldə edərək üzərində saxlayıb daşımış və 10 yanvar 2022-ci il tarixdə saat 16:10 radələrində ünvan 1 ünvanının qarşısı tərəfdə Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasına gətirilib üzərinə baxış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sol yan cibində saxlayıb daşıdığı həmin 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,262 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar olunaraq götürülmüşdür. Bununla da, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Ona elan edilmiş ittiham saxtadır və həmin ittihamla bağlı verdiyi ifadələrlə yanaşı şahidlərin ifadələri və sübutların heç biri doğru deyildir. Çünki 10 yanvar 2022-ci il tarixdə Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən evində olduğu zaman tutulmuş və evindən də bölməyə aparılmışdır. Ona elan edilmiş ittihamda qeyd edilən evinin yaxınlığında tutulması, sonra evə buraxılması və evdən bölməyə aparılması istintaqın uydurmasıdır. İstintaq zamanı aldadılmış və narkotik vasitəni boynuna götürərsə, eləcə də onlar istədiyi kimi ifadə verərsə guya ona köməklik göstəriləcəkdi. O da polisin hərəkətlərindən çəkinib onlar necə demişsə elə də ifadə verməli olmuşdur. Üzərindən çıxdığı iddia edilən narkotik vasitə isə onun olmamışdır. Əgər narkotik vasitə onun olsa idi polis əməkdaşları evinə gəlib onu tutan zaman evdə bir yerə ata bilərdi. Amma bu belə deyildir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, 10 yanvar 2022-ci il tarixdə təxminən axşam saatlarında 6 nəfər polis əməkdaşı onun evinə daxil olmuş və bir neçə dəqiqədən sonra onu evdən çıxarıb avtomobilə mindirib bölməyə aparmışlar. Polis əməkdaşları onun cibinə narkotik vasitə qoyaraq əvvəllər məhkum olunduğu üçün yenidən onun cinayət törətməsi ilə bağlı sənədləşdirmə aparılacağını demişlər. O, da əvvəllər dəfələrlə məhkum olunduğundan həmin prosesdən xəbərdar olduğu üçün və etiraz edəcəyi təqdirdə onun vəziyyətinin ağırlaşdırılacağından qorxduğu üçün narkotik vasitənin onun olmasını boynuna almalı olmuşdur. Bundan sonra ona necə ifadə verməsi izah edilmiş və videoçəklişlə üzərində axtarış apaılan zaman deyildiyi kimi ifadə vermişdir. Əvvəllər törətdiyi cinayət məllərində günahı olsa da, hazırkı iş üzrə onun heç bir günahi yoxdur və əsassız yerə məsuliyyətə cəlb olunmuşdur. Ona görə də, məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı olduğunu və istintaqa verdiyi ifadəsini təsdiq etdiyini qeyd edib, hadisənin necə baş verdiyini tam xatırlamadığını bildirmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdə yaşadığı evin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs qaçıb evə girmiş, onlar da sonuncunu evinin içərisindən tutub aparmışlar. Təxminən 3 dəqiqəyə evdən çıxarmışlar. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı bölmədə keçirmişlər. Təqsirləndirilən şəxs yaşadığı evdən 500 maratı aralıda saxlamışlar. Həmin vaxt polis əməkdaşlarının sayı çox olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, 09 yanvar 2022-ci il tarixdə Binəqədi RPİ-nin 43-cü PB-nə xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində gəzdirməsi ilə bağlı məlumat daxil olduqdan sonra Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud cinayət törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilməsi, götürülməsi məqsədi ilə əməliyyat qrupu təşkil olunmuşdur. Tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdə saat 16:10 radələrində ünvan 1 ünvanının qarşısı tərəfdə tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması ilə bağlı məlumat əsasında saxlanıldığı bildirildikdə Təqsirləndirilən şəxs onlara hüquqlarının aydın olduğunu söyləyib ardınca demişdir ki, polis bölməsinə getməzdən əvvəl üzərindəki üzükləri evdə olan yaşlı anasına vermək istəyir. Onlar buna etiraz etməmişlər və Təqsirləndirilən şəxs polis bölməsinə aparmazdan əvvəl bildirməsinə əsasən üzərindəki üzüklərini anasına təhvil verməsi, daha sonra onlarla polis bölməsinə getməsindən ötrü onunla bərabər saxladıqları yerdə qaldığı evə, yəni ünvan 1 ünvanına getmişlər. Ünvana gəldikdə Təqsirləndirilən şəxs onlardan qaçıb evə daxil olmuş, arxasınca da evin çöl giriş qapısını içəridən bağlanmışdır. Onlar Təqsirləndirilən şəxs bildirməsinə əsasən yaşlı anasını narahat etməmək üçün bir neçə dəqiqə, yəni təxminən bir-iki dəqiqə gözləyib evin qapısını döyməyə başlamışlar. Biriki dəqiqədən sonra evin qapısını Təqsirləndirilən şəxs anası açıb onları evə buraxmışdır. Sonra onu bölməyə aparıb üzərinə baxış keçirmişlər. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsində, yəni evinin yanında saxlamışlar. Həmin vaxt neçə nəfər olduqları yadında deyildir. Təqsirləndirilən şəxs demişdir ki, üstündə üzüklər var onları evə verməsi icazə versinlər ki, o da evə girsin. Sonra isə Təqsirləndirilən şəxs çölə çıxıb dedi ki, üzükləri anasına vermişdir. Əşyanı görməmişdir, onu götürməyə evə girmişlər. Evə daxil olan 3 nəfər polis əməkdaşı olmuşlar. Evə daxil olmaq üçün onlarda məhkəmə qərarı olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 09 yanvar 2022-ci il tarixdə Binəqədi RPİ-nin 43-cü PB-nə xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində gəzdirməsi ilə bağlı məlumat daxil olduqdan sonra Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud cinayət törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilməsi, götürülməsi məqsədi ilə əməliyyat qrupu təşkil olunmuşdur. Tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdə ünvan 1 ünvanının qarşısı tərəfdə tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması ilə bağlı məlumat əsasında saxlanıldığı bildirildikdə Təqsirləndirilən şəxs onlara hüquqlarının aydın olduğunu söyləyib ardınca demişdir ki, polis bölməsinə getməzdən əvvəl üzərindəki üzükləri evdə olan yaşlı anasına vermək istəyir. Onlar buna etiraz etməmişlər və Təqsirləndirilən şəxs polis bölməsinə aparmazdan əvvəl bildirməsinə əsasən üzərindəki üzüklərini anasına təhvil verməsi, daha sonra onlarla polis bölməsinə getməsindən ötrü onunla bərabər saxladıqları yerdə qaldığı evə, yəni ünvan 1 ünvanına getmişlər. Ünvana gəldikdə Təqsirləndirilən şəxs onlardan qaçıb evə daxil olmuş, arxasınca da evin çöl giriş qapısını içəridən bağlanmışdır. Onlar Təqsirləndirilən şəxs bildirməsinə əsasən yaşlı anasını narahat etməmək üçün bir neçə dəqiqə, yəni təxminən bir-iki dəqiqə gözləyib evin qapısını döyməyə başlamışlar. Biriki dəqiqədən sonra evin qapısını Təqsirləndirilən şəxs anası açıb onları evə buraxmışdır. Sonra onu bölməyə aparıb üzərinə baxış keçirmişlər. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin yanında saxlamışlar. Onu saxlayan zaman 4 nəfər olmuşlar. Təqsirləndirilən şəxs üstündə üzüklərin olduğunu, onları girib evə qoyması üçün icazə istədi. Onlar da üzükləri evə qoyması üçün şəxsə icazə verdilər. Sonra isə özü evdən çıxıb üzükləri anasına verdiyini bildirdi. Tutulan zaman üzərində narkotik vasitə üzərində olmuşdur. Təqsirləndirilən şəxs axşam tərəfi saat 4-6 arası saxlamışlar. Təqsirləndirilən şəxs yaşadığı evin qapısından 10 metr məsafədə saxlamışlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bilməmişlər, sadəcə ona şübhəli olduğunu bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə fakta görə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək saxlaması barədə Binəqədi RPİ-nin 40-cı PB-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını izah olunduqdan sonra sonuncuya təklif olunmuşdur ki, üzərində olan əşya və sənədləri təqdim etsin, həmin vaxtı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd kiçik şəffaf sellofan bükülüdə olan qəfhvəyi rəngli maddəni və həmin şalvarının sağ yan cibindən «Samsunq” markalı mobil telefon aparatını çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa maddə və əşya olmadığını bildirdikdən sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə, paltarlarına, ayaqqabısının içərisinə baxış keçirilib axtarılmış, onun üzərindən başqa əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs soruşulmuşdur ki, üzərindən aşkar olunmuş bir ədəd kiçik şəffaf sellofan bükülüdə olan maddənin nə olduğunu izah etsin. Həmin vaxtı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş həmin bir ədəd bükümdə olan maddə narkotik vasitə-heroindir, üzərindən aşkar olunmuş həmin bir ədəd bükümdə olan narkotik vasitə- heroini dünən axşam saatlarında «Papanin» adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 15 manat pula şəxsi istifadəsi üçün alıb əldə etmişdir. Təhqiqatçı tərəfindən həmin bir ədəd kiçik şəffaf sellofan bükülüdə olan maddə zərfə qoyularaq qablaşdırılıb götürülmüş, videoçəkilişin əks olunduğu disk protokola əlavə olunmuşdur. xx.xx.2022-ci il tarixli, 6/143 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №243” dairəvi möhür əksfəri olan, “...Təqsirləndirilən şəxs ...” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,262 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanun ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in İ siyahısına daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 1,262 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 1,212 qram. xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-24/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilərək həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və maüvafiq hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 180.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il 1 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2020-ci il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. xx.xx.2022-ci il tarixli, 317 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlayaraq daşıması faktı ilə bağlı onu xx.xx.2022-ci il tarixdə saat 16:10 radələrində saxlayan Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü PB- nin CA üzrə əməliyyat-müvəkkili, polis leytenantı Şahid1, həmin bölmənin əməkdaşları polis kapitanı Şahid2 və polis baş leytenantı Şahid3 əməlləri, yəni Təqsirləndirilən şəxs saxlayarkən, evə daxil olmaları, evdə baş verənlərlə əlaqədar hərəkətləri, Təqsirləndirilən şəxs özünə xəsarət yetirməsi, saxlanılması anından həmin günü saat 19:40 radələrində PB-yə gətirilib üzərinə şəxsi axtarış keçirilənədək etdikləri hərəkətlər nəzərdən keçirilərək hüquqi qiymət verilmiş və onların əməllərində hər hansı bir cinayətin tərkibi olmadığından material üzrə cinayət təqibinin başlanılması Azərbaycan Resprublikasının CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-350/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 1 ay müddətə, yəni 10 may 2022-ci il tarixədək uzadılmışdır. xx.xx.2022-ci il tarixli “Videogörüntülərə baxış keçirilməsi barədə” protokoldan və əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati otağında Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən mobil telefon aparatını və həmin cins şalvarın sol yan cibindən bir ədəd kiçik şəffaf sellofan bükülünü çıxarıb qarşısındakı masanın üzərinə qoyur, bundan başqa onun üzərindən heç bir qeyri-qanuni əşya və ya maddə aşkar edilmir, ondan həmin bükümün içərisində nə olduğu soruşulduqda o, bükümdə olan maddənin «kakos» kimi adlanan narkotik vasitə-heroin olduğunu, onu dünən, yəni 09 yanvar 2022-ci il tarixdə axşam saatlarında «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün alıb, üzərində gəzdirdiyini bildirir, daha sonra büküm zərfə qoyularaq möhürlənib iştirakçılar tərəfindən imzalanır. xx.xx.2022-ci il tarixli “Maddi sübut kimi tanımaq və saxlanca təhvil vermək barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş təmiz çəkisi 1,262 qram olan heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra onun 1,121 qram qalmış qalığı saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının görüntülərini əks etdirən 1 ədəd disk iş üzrə sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-478/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün müddətə, yəni 30 may 2022-ci il tarixədək uzadılmışdır. Məhkəmə baxışı zamanı müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş DVD diskə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən müəyyən edilmişdir ki, 10 yanvar 2022-ci il tarixi saat 16:20-ni göstərən 3 dəqiqə 12 saniyə davam edən 1-ci fayldakı görüntünün 45-ci saniyəsində görünən bir nəfər mülki geyimli şəxs Təqsirləndirilən şəxs yaşadığı deyilən ünvanın qapısına yaxınlaşıb qapını döyür, görüntünün 57-ci saniyəsindən evin yaxınlığındakı döngədə dayanmış daha 2 nəfər mülki geyimli şəxs görünür, bundan sonra görünülərin 2-ci dəqiqəsinin 2-ci saniyəsində evin qapısı açılır və əvvəlcə evin qapısının giriş hissəsində dayanmış mülki geyimli şəxs içəriyə daxil olduqdan bir neçə saniyə sonra döngədə dayanmış digər iki nəfər mülki geyimli şəxs evə daxil olur, daha bir neçə saniyə sonra isə markası görünməyən avtomobil qeyd olunan ünvanın qapısının yanında dayanır və içərisindən düşən daha 3 nəfər mülki geyimli şəxs evə daxil olur, görüntülərin 2-ci dəqiqəsinin 55-ci saniyəsində mülki geyimli şəxslərdən biri avtomobilə yaxınlaşıb içərisindən nə isə götürüb yenidən evə geri qayıdır və görüntülər 3 dəqiqə 12 saniyədə bitir. Həmin diskdə olan 1 dəqiqə 45 saniyə davam edən 2-ci faylda olan görüntülərin 57-ci saniyəsində evə daxil olmuş şəxslər Təqsirləndirilən şəxs ilə birlikdə bayıra çıxır, həmin şələrdən 3 nəfəri onu evin qapısının yanında dayanmış avtomobilə əyləşdirib gedirlər, görüntülər 1 dəqiqə 45 saniyədə bitir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, sonuncunun CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, ibtidai istintaq orqanının gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdə saat 16:10 radələrində ünvan 1 ünvanının qarşısı tərəfdə Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasına gətirilib üzərinə baxış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sol yan cibində saxlayıb daşıdığı həmin 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,262 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı isə toplanmış sübutlardan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PBnin əməkdaşları tərəfindən 10 yanvar 2022-ci il tarixdə saat 16:10 radələrində ünvan 1 ünvanının qarşısı tərəfində deyil, yaşadığı evin içərisində saxlanılmışdır. Habelə məhkəmə iclasında alınmış şahid ifadələri arasında ziddiyyətli hallar aşkar edilmişdir ki, bu da Təqsirləndirilən şəxs qeyd olunan ittiham üzrə təqsirili bilinməsinə əsaslı şübhələrin olmasına dəalət edir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq orqanı tərəfindən ona elan edilmiş ittiham özünü təqsirli bilmədiyini, ibtidai istintaq zamanı isə verdiyi ifadəsini polisin hərəkətlərindən çəkindiyindən narkotik vasitəni boynuna aldığını bildirmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilərkən ittihamın əsasını sonuncunun ibtidai istintaq zamanı verdiyi etiraf ifadələri ilə yanaşı, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələri təşkil etmişdir. Bununla bağlı, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə təqsiri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq olunmur. Çünki istər məhkəmədə alınmış təqsirləndirilən şəxs və şahidlərin ifadələri, istərsə də müdafiəçi tərəfindən təqdim edilmiş diskdə olan videogörüntü şəxsə elan edilmiş ittihamın əksinə olaraq Təqsirləndirilən şəxs yaşadığı evdə saxlanılaraq, istintaqa gətirildiyini sübuta yetirir. Qeyd edilməlidir ki, məhkəmə istintaqı zamanı ifadəsi alınmış qeyd olunan şahidlər ifadələrində ziddiyyətli şəkildə Təqsirləndirilən şəxs əvvəlcə yaşadığı evin yaxınlığında saxladıqlarını, daha sonra onu üzərində olan qızıl əşyalarını evə verməsi üçün buraxdıqlarını, yalnız bundan sonra onu evdən çıxarkən saxladıqlarını bildirmələri özlüyündə şəxsə elan edilmiş ittihamı şübhə altına almağa kifayət edir. Müdafiəçi tərəfindən təqdim edilmiş diskdə olan videogörüntülər isə həmin şübhənin əsassız olmadığına dəlalət edir. Çünki qeyd olunan diskdə müşahidə edilmiş görüntülər Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən əvvəlcədən saxlanılmasını deyil, məhz polis əməkdaşlarının Təqsirləndirilən şəxs evdə saxlanılmasını güman etməyə əsas verir. Məhkəmə, göstərilənlərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, Cinayət- Prosessual qanunvericiliyin tələblərinə görə təqsirləndirilən şəxsin etirafı digər sübutlarla təsdiq edilmədiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. CPM-in 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlib-gəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərmişdir ki, CPM-in 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bundan başqa həmin qərarda göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasina dair" 29 yanvar 2004-cü il tarixli Qərarında göstərilir ki, təqsirləndirilən şəxsin özünə qarşı ifadə verməyə məcbur edilə bilməməsinə dair konstitusiya norması ədalətli məhkəmə baxışını, fərdin azadlıq konstitusiya hüququnu, təqsirsizlik prezumpsiyasını, şəxsi toxunulmazlığı təmin edən mühüm təminatlardan biridir. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə görə də hər kəs ona qarşı irəli sürülən hər hansı bir ittihama baxılması zamanı tam bərabərlik əsasında digər təminatlarla yanaşı, özünə qarşı ifadə verməyə və ya təqsirini boynuna almağa məcbur edilməməlidir. Həmin Qərarda qeyd edilir ki, özünə qarşı ifadə verməyə məcbur edilməmək hüququ şübhəli və ya təqsirləndirilən şəxsin öz təqsirini etiraf etməyə məcbur edilməsinin qarşısını almağın mühüm təminatıdır. Lakin bu hüquq mütləq deyil, onun hədləri hər bir konkret halda fərdin, cəmiyyətin və dövlətin maraqları arasında dəqiq və ədalətli balans əsasında müəyyənləşdirilməlidir. Hadisənin baş verməsinə səbəb olan şəxsin hərəkətlərində (yaxud hərəkətsizliyində) cinayət tərkibi olarsa, bir qayda olaraq cinayət işinin başlamasından sonra şəxsin statusundan asılı olaraq müvafiq cinayət-prosessual hüquqları, o cümlədən özünə qarşı ifadə verməmək hüququ yaranır və bu hüquqlar cinayət prosesinin bütün mərhələlərində təmin olunmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. X4 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CPM-in 21.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. CPM-in 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bununla da yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə məhkəmədə öz təsdiqini tapmadığından iş materiallarında olan sübutlar onun həmin əmələ görə təqsirli bilinməsi üçün kifayət etmir, eləcə də məhkəmə iclasında toplanmış sübutlarla təqsirləndirilən şəxs tərəfindən qeyd edilən cinayət əməlinin törədilməsinə dair ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar təkzib edilmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı ittiham tərəfi tərəfindən ibtidai istintaq orqanının gəldiyi nəticəni təsdiq edən sübutlar təqdim edilməmişdir. CPM-in 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. CPM-in 42.2-ci maddəsinə əsasən Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. CPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. CPM-in 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-in 350.3-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. CPM-in 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilərək o, məhkəmə iclas zalından həbsdən azad edilməli, o cümlədən Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmamalıdır. CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq qalan 1,212 qram narkotik vasitə olan kustar üsulla hazırlanmış heroin xüsusi razılıq əsasında əldə olunan və saxlanılan maddələr kateqoriyasına aid olduğundan, həmin narkotik vasitə olan heroinin mövcudluğu mübahisə doğurmadığından, onun qanunsuz olaraq əldə olunması, saxlanılması, satışı və s. cinayət təqibi üçün əsas götürülə bildiyindən, hazırkı iş üzrə hökm qanuni qüvvəyə mindikdən sonra narkotik vasitənin əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat göndərilməli və qeyd olunan narkotik vasitə olan həmin araşdırma ilə əlaqədar Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 64 (altmış dörd) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356-358, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmasın. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra narkotik vasitənin (ekspertiza tədqiqatından sonra qalıq qalan 1,212 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin) əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat göndərilsin və iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalan 1,212 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin həmin araşdırma ilə əlaqədar Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar