Məhkəmə qərarları › İş №1(001)-337/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-337/2022

13.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-337/2022 13.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən evin həyətinə daş hasarından aşaraq qanunsuz daxil olub, evin giriş qapısının yanındakı plastik pəncərəsini əli ilə zor tətbiq etməklə açıb, evə qanunsuz daxil olaraq yataq otağında yerləşən saxlanc yeri hesab olunan mebelin çəkməcəsindəki pul kisəsinin içərisindən 140 manat nağd pulu gizli yolla talayıb, zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 08 radələrində həyat yoldaşı ilə birlikdə yaşadığı evdən çıxıb “Semaşko” xəstəxanasına getmiş, saat 11 radələrində xəstəxanadan çıxıb yoldaşını yaşadığı evə aparmışdır. Həmin gün saat 18 radələrində evdən çıxıb “20 Yanvar” dairəsi adlanan əraziyə getmişdir. Orada bir neçə tanışlarına borca pul üçün müraciət etsə də pul tapa bilmədiyindən “20 Yanvar” dairəsində bir qədər spirtli içki qəbul edib daha sonra Xırdalan şəhəri istiqamətində hərəkət etmişdir. Bakı-Sumqayıt yolu ilə hərəkət edib “Socar” YDM-ni keçdikdən sonra Biləcəri qəsəbəsinə tərəf gedib həyət evləri olan küçəyə daxil olmuşdur. Həmin gün saat 20 radələrində həyət evlərinin arası ilə hərəkət edərkən bir evin işığının yanmadığını görmüş və evdə heç kimin olmadığını başa düşmüşdür. O, həmin evdən oğurluq etmək qərarına gəlmiş, bir qədər dayanıb ətrafı müşahidə etdikdən sonra evdə heç kəsin olmadığını görüb, evin daş hasarından aşıb həyətə düşmüş, evin giriş qapısının sağ tərəfində olan plastik pəncərənin dəmir barmaqlıqları olmadığından əli ilə zor tətbiq edərək həmin plastik pəncərəni açmış və evin içərisinə daxil olmuşdur. Evə daxil olan kimi yataq otağına getmiş, orada güzgülü şkafın birinci rəfini açmış, rəfdə olan pul kisəsini açıb içərisindən 140 manat pulu götürmüşdür. Bundan başqa evdən hər hansı bir əşya və ya pul götürməmişdir. O, evdən yenə həmin plastik pəncərədən çıxaraq evin daş hasarından aşıb yaşadığı evə getmişdir. Həmin pulu yoldaşının müayinəsi üçün xəstəxana xərclərinə, dərmanlara sərf etmişdir. O, Zərərçəkmiş şəxslə barışdığını və vurmuş olduğu zərəri tam ödədiyini, törətdiyi əməldən peşman olduğunu bildirib, cəza təyin edilərkən qeyd edilənləri nəzərə almağı xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğurluq hadisəsi baş vermiş ev özünə məxsusdur. O, oğlunun doğum günü münasibəti ilə yaşadığı evdə yataq otağında güzgülü şkafın birinci çəkməcəsində olan pul kisəsinə pul qoyaraq saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində yaşadığı evdən ailəsi ilə birlikdə çıxıb qardaşının Sumqayıt şəhərində yerləşən evinə qonaq getmişdir. Onlar qardaşıgildə həmin gün təxminən saat 21 radələrinədək olmuş və sonradan oradan çıxıb saat 22 radələrində yaşadığı Biləcəri qəsəbəsi, 1 May küçəsi, döngə 3 ünvanında yerləşən evinə gəlmişlər. Evə çatanda evin çöl qapısını açıb içəri daxil olmuş və evin giriş qapısının yanında yerləşən plastik pəncərənin açıq olduğunu görmüşdür. Evin giriş qapısını açaraq evə daxil olmuş və yataq otağında olan güzgülü mebelin çəkməcələrinin açıq vəziyyətdə olmasını görmüşdür. Yaxınlaşıb orada olan pul kisəsinin açıq vəziyyətdə olmasını görüb, götürüb içərisinə baxmış və pul kisəsinin içərisində olan pulun götürüldüyünü müəyyən etmişdir. Daha sonra o qızılların olduğu yerə həmçinin digər otaqlara baxmış və əlavə heç nə oğurlanmadığını müəyyən etmişdir. Hadisə nəticəsində ona 140 manat maddi ziyan dəymiş və həmin zərər təqsirləndirilən şəxs tərəfindən ona ödənilmişdir. Ona görə də, onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus evdən oğurluq edilməsi faktına görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən fərdi yaşayış evində baş vermiş və hadisə yerinə baxış zamanı əl-barmaq izləri götürülmüşdür. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar idarəsindən daxil olmuş məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl izləri ilə müqayisə edilmiş və müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədinin Təqsirləndirilən şəxs sağ əlinin adsız barmağının əksi ilə eynilik təşkil etməsi müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Rüstəmov X2 RPİ-nin İŞ-də CM-in 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən fərdi yaşayış evində baş vermiş oğurluq hadisəsinin mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-214/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, eləcə də müvafiq hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(101)- 336/2011 nömrəli hökmü ilə CM-in 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilinib əmlakı müsadirə olunmadan 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasında məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2010-cu il tarixdən hesablanmış, Sumqayıt Şəhər Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununun tətbiqinə dair xx.xx.2018-ci il tarixli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinə uyğunlaşdırılmış və cəzası 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, cəzasını çəkib qurtardığı üçün cəzanın sonu ilə azad edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(001)-379/18 nömrəli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmış, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 19 (on doqquz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2022-ci il tarixli 3/430 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə trasoloji ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş 1 saylı daktilolentin üzərindəki əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1,2,3,4 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin adsız barmağından qalmışdır. Zərərçəkmiş şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ərizələrdən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Rüstəmov X2 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(001)-379/18 nömrəli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmış, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 19 (on doqquz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs hazırda baxılan cinayət işi üzrə CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini xx.xx.2022-ci il tarixdə törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan iki il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Belə ki, CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2022-ci il tarixdə məhdudlaşdırılmaqla şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)- 214/2022 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 67 (altmış yeddi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 24 (iyirmi dörd) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 24 (iyirmi dörd) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 24 (iyirmi dörd) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 144 (bir yüz qırx dörd) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 26 fevral 2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 67 (altmış yeddi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 24 (iyirmi dörd) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 144 (bir yüz qırx dörd) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar