Məhkəmə qərarları › İş №1(001)-337/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-337/2023

16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-337/2023 16.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüeynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Şamaxı rayonu, Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Qobustan rayonu, Qobustan şəhərində qeydiyyatda olmaqla yaşayan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PXin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İstintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 28 dekabr 2022-ci il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan dairəsinin yaxınlığında yerləşən «Darvaza» otelin 11 saylı otağında Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olduqdan sonra Zərərçəkmiş şəxs ilə zarafat edərkən sonuncunun buna etiraz etməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı onu əli ilə vuraraq, sağ gözaltı nahiyənin və sol çənə cismi nahiyəsinin qançırları, alın nahiyəsinin, sol gicgah nahiyəsinin və sağ almacıq nahiyəsinin sıyrıqları ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən, həmçinin sağ üst göz qapağının və alt dodağın sol yarısının selikli qişasının əzilmiş yaraları kimi xarakterizə olunan bədən xəsarətləri yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində günəmuzd fəhlə işləyib pul qazanır. Sonuncu dəfə Novxanı qəsəbəsində yerləşən bağ evlərindən birində fəhlə işləmişdir. 27 dekabr 2022-ci il tarixdə təxminən saat 21 radələrində o, Novxanı qəsəbəsində yerləşən bağ evindən çıxıb yeni il bayramı münasibəti ilə yaşadığı Qobustan rayonuna getmişdir. Novxanı qəsəbəsindən çıxdıqdan sonra yaxınlıqda yerləşən mağazadan iki ədəd pivə alıb içmiş və marşrut avtobusuna əyləşib «Xırdalanın dairəsi» deyilən yerdə marşrutdan düşmüşdür. Belə ki, ordan yolu keçib yaşadığı Qobustan rayonuna gedəcəkdi. Bu zaman orada əvvəllər tanımadığı və adını bilmədiyi bir nəfər yüngül həyat tərzi keçirən qadınla rastlaşmış və sonuncuya yaxınlaşaraq tanış olmaq istədiyini bildirmişdir. Həmin qadın ona etiraz etməmiş və onlar tanış olduqdan sonra o, həmin qadının yüngül həyat tərzi keçirdiyini anlayıb sonuncu ilə cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Bu zaman həmin qadın onunla razılaşmış və bunun müqabilində ondan 50 (əlli) manat pul istəmişdir. O da həmin qadının istəyi ilə razılaşmış və onlar birlikdə ilk öncə yaxınlıqda yerləşən mağazaya getmiş, orada o, həmin qadına siqaret və şokolad almışdır. Daha sonra onlar ikisi yaxınlıqda yerləşən «Darvaza» adlı otelə getmiş və boş otaqlardan birini sifariş verib həmin otağa daxil olmuşlar. Otağa daxil olduqdan sonra, yəni xx.xx.2022-ci il tarixdə saat 02 radələrində o, çay və pivə sifariş vermiş, onlar bir dəfə cinsi əlaqədə olmuşlar. Bundan sonra o, həmin qadınla zarafat etməyə başlamış, lakin sonuncu onun zarafatlarını qəbul etməyib zarafat etməməyini bildirmişdir. Bu səbəbdən, həmçinin spirtli içkinin təsiri altında olduğu üçün o, yumruqla həmin qadının sifət nahiyəsindən vurmuşdur. Bundan sonra o, təxminən saat 07 radələrində həmin otağı və oteli tərk edərək yaşadığı rayona getmişdir. Hadisə Xırdalan dairəsi yaxınlığında yerləşən «Darvaza» oteldə, qaldıqları otaqda baş vermiş, şahidləri isə olmamışdır. Həmin otaqda yalnız ikisi olmuşlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmədiyini, azadlığa buraxılacağı halda işləyib ödəyə biləcəyini, həyat yoldaşının vəfat etdiyini, oğlunun hazırda hərbi xidmətdə olmasını bildirərək, məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 5-6 ildir ki, maddi vəziyyəti ilə əlaqədar olaraq müxtəlif kişilərlə pul müqabilində görüşüb cinsi əlaqədə olmaqla pul qazanır. 27 dekabr 2022-ci il tarixdə təxminən saat 22 radələrində «Xırdalanın dairəsi» deyilən yerdə dayanmışdır. Həmin vaxt bir nəfər əvvəllər tanımadığı kişi ona yaxınlaşaraq tanış olmaq istədiyini bildirmişdir. O da həmin kişi ilə razılaşmış və sonuncuya bildirmişdir ki, pul müqabilində kişilərlə cinsi əlaqədə olur. Bundan sonra ondan bunun müqabilində nə qədər pul istədiyini soruşduqda, bir neçə saat onunla keçirmək və cinsi əlaqədə olmaq müqabilində 50 (əlli) manat məbləğində pul istəmişdir. Həmin kişi onunla razılaşmış və onlar birlikdə ilk öncə yaxınlıqda yerləşən mağazaya getmişlər, orada həmin kişi ona siqaret və şokolad almışdır. Daha sonra onlar ikisi yaxınlıqda yerləşən «Darvaza» adlı otelə getmiş və boş otaqlardan birini sifariş verib həmin otağa daxil olmuşlar. Otağa daxil olduqdan sonra, yəni artıq 28 dekabr 2022-ci il tarixdə gecə saat 02 radələrində həmin kişi çay və pivə sifariş vermiş, daha sonra onlar bir dəfə cinsi əlaqədə olmuşlar. Bundan sonra həmin kişi onunla kobud davrandığı üçün o, sonuncuya etiraz etmiş və bu səbəbdən həmin şəxs onu otağın içində yumruqla sifət nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Bundan sonra həmin şəxs bir qədər sakitləşdikdən sonra otaqdan çıxıb getmiş və o da sonuncunun ardınca otaqdan çıxaraq yaşadığı evə getmişdir. Hadisə Xırdalan dairəsi yaxınlığında yerləşən «Darvaza» otelin 11 nömrəli otağında baş vermişdir, onlardan başqa otaqda heç kim olmamış, yalnız həmin şəxslə özü olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs çıxış edərək əlavə olaraq bildirm işdir ki, təqsirləndirilən şəxsin ona xəsarət yetirməsi nəticəsində onun sağlamlığına ciddi ziyan dəymişdir. Hazırki vaxta qədər təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyan ödənilməmişdir, o təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədən göstərilənlərin nəzərə alınmasını və ona ağır cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakt üzrə CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yüngül bədən xəsarətləri yetirməsinə dair cinayət hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan dairəsində yerləşən “Darvaza” hoteldə baş vermişdir. xx.xx.2023-cü il tarixli, 01 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik hüquqi şəxsi rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ gözaltı nahiyənin və sol çənə cismi nahiyəsinin qançırları, sağ üst göz qapağının və alt dodağın sol yarısının selikli qişasının əzilmiş yaraları, alın nahiyəsinin, sol gicgah nahiyəsinin və sağ almacıq nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 6-8 gün əvvəl əmələ gəlmişdirlər. Qeyd olunan xəsarətlərdən sağ üst göz qapağının və alt dodağın sol yarısının selikli qişasının əzilmiş yaraları dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər, digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmış və ona CPM-in 87-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Qəribov X2 Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinib, 200 saat ictimai işlər cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib, CM-in 70-ci maddəsinə əsasən 01 il şərti sınaq müddəti ilə 03 il 02 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-in 185.2.4-cü maddəsi ilə təqsirli bilinib 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Qobustan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qobustan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən cəzası 1 il azaldılmışdır. Qobustan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 185.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işinin icraatına CM-in 73-1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Qobustan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 128-ci maddəsi ilə təqsirli bilinib 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qobustan Rayon Məhkəməsinin 7(026)-12/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 05 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Qobustan Rayon Məhkəməsinin 7(026)-12/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 05 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və o, məhkəmə zalından dərhal həbs olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 128-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, oğlunun hazırda hərbi xidmətdə olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməməsini, əvvəllər də eyni xarakterli cinayət əməlinə görə məhkum olunmasını, belə olan halda təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 128-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Bundan başqa, məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-337/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq, xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)- 337/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 10 iyun 2023-cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 10 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 10 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 10 iyun 2023-cü il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar