Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-337/2024 04.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli – himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Ucar rayonu Boyat kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətinə, yəni həmin tarixdən xx.xx.2023cü il tarixədək məhdudlaşdırılmasına baxmayaraq xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan X5 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ƏN-Vİ 333769 nömrəli etibarnamə ilə idarə edib taksi fəaliyyəti ilə məşğul olduğu “Toyota-Prius minik” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi ilə “Ağ saray” adlanan şadlıq sarayı istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu tələblərə riayət etməyərək, yol hərəkəti qaydalarını pozub hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək yolun hərəkət hissəsini sağdan sola doğru keçmək istəyən piyada zərərçəkmiş Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vurub ehtiyatsızlıqdan ona müştərək qapalı kəllə-beyin travması, baş beyinin yüngül əzilməsi və sağda ənsə sümüyündə xətti sınıqla müşayiət olunan ənsə nahiyəsinin əzilmiş yarası, döş sümüyü cisminin və sol tərəfli İİ qabırğanın sınıqları, sol incik sümüyünün yuxarı 1/3-in az yerdəyişmiş sınığı kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayından, icarə əsasında X3 məxsus olan “Toyota-Prius” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı tünd boz metallik rəngli avtomobili etibarnamə ilə «B» kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edərək “Uber” şirkətində taksi fəaliyyəti ilə məşğul olur. Avtomobili idarə etməyə başladığı vaxtdan etibarən texniki cəhətdən saz vəziyyətdə olmuş və hər hansı bir texniki nasazlığı olmamışdır. 01 yanvar 2023-cü il tarixdə saat 20 radələrində şirkətdən daxil olmuş sifarişə əsasən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Məmmədoğlular” servisin yaxınlığından iki nəfər qadın müştərini götürüb Biləcəri qəsəbəsi “Ağ Saray” şadlıq evinin yanına çatdırmaq üçün M.S.Ordubadi küçəsi ilə hərəkət etməyə başlamış, həmin vaxt avtomobildə qeyd etdiyi iki nəfər qadın sərnişindən başqa sərnişin və ya yük olmamışdır. Hərəkətdə olduğu küçədə nəqliyyat vasitələrinin hərəkəti iki istiqamətli olmuşdur. M.S.Ordubadi küçəsində olan abidənin yanından sağa dönüb üzü “Ağ saray” şadlıq sarayı istiqamətində hərəkətdə olduğu zaman küçənin işıqlanması olmadığından yolun hərəkət hissəsini sağdan sola doğru keçməkdə olan bir nəfər piyada kişini avtomobilin qabaq hissəsi ilə ehtiyatsızlıqdan vurmuşdur. Qəzanın baş verdiyini görərək sərnişinləri düşürmüş, özü isə piyadanın ayaq üstə qalxmağına köməklik göstərərək avtomobilinə əyləşdirib Məlikov adına Xəstəxanaya aparmış və oradanda əlavə müayinə olunması üçün X7 Xəstəxanasına çatdırmışdır. Orada adı sonradan ona məlum olan piyada Zərərçəkmiş şəxs baş nahiyəsindən və digər nahiyələrindən xəsarət aldığı məlum olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdir. Daha sonra müalicə ilə bağlı bütün zəruri xərcləri ödəyərək lazımı tibbi yardımın göstərilməsini təşkil etmişdir. Hadisədən bir neçə saat sonra Binəqədi RPİ-dən zəng edərək idarəyə dəvət etmişlər və polisə gəlib hadisə ilə bağlı izahatını verərək qəzanın konkret olaraq harada və necə baş verdiyini izahatında göstərmişdir. Hadisə anında hava yağmurlu, yol örtüyü isə asfalt-betondan ibarət olmuşdur. Baş vermiş hadisə zamanı onun nəqiliyat vasitələrini idarə etmə hüququ xx.xx.2022-ci il tarixdə Şəmkir rayon Məhkəməsinin qərarı ilə xx.xx.2023-cü il tarixədək 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməyə cəhd göstərsə də, razılığa gələ bilməmişlər. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 01 yanvar 2023-cü il tarixdə saat 20 radələrində özünə məxsus “Mercedes” markalı avtomobil ilə Biləcəri qəsəbəsi “Ağ Saray” şadlıq sarayının yanında avtomobili üzü M.S.Ordubadi küçəsi istiqamətində saxlamışdır. Avtomobildən düşərək yolu keçib qohumuna məxsus evə doğru hərəkət etmişdir. Ailə üzvlərini qeyd edilən ünvanda yaşayan qohumuna məxsus mənzilə yola saldıqdan sonra avtomobilini parkladığı yerə qayıtmağa başlamışdır. Səki ilə yola daxil olan zaman M.S.Ordubadi küçəsində yerləşən abidənin yanında üzü “Ağ Saray” istiqamətində hərəkət edən “Toyota Prius” markalı avtomobil qabaq sağ tərəfi ilə onun sol ayağının arxa nahiyəsindən vurmuşdur. Zərbənin təsirindən ilk öncə avtomobilin alın şüşəsinə dəyərək yerə yıxılmış, yerə yıxıldıqdan sonra huşunu itirmişdir. Artıq özünə gələn zaman xəstəxanada olmuşdur. Xəstəxanada ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə onu vurmuş və aldığı xəsarətlərə görə onu xəstəxanaya yerləşdirmişlər. Sürücü Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmədiyi üçün ondan şikayətçidir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2023-cü il tarixli 2/139 nömrəli Aktdan görünür ki, yoxlama zamanı sürücü Təqsirləndirilən şəxs alkoqol vəziyyəti aşkar edilməmişdir (cild 1, i.v.9). Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yer Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 2 ünvandır (cild 1, i.v.10-15). Məhkəmə-tibbi ekspertizasının 24 yanvar 2023-cü il tarixli, 99 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - müştərək qapalı kəlləbeyin travması, baş beyinin yüngül əzilməsi və sağda ənsə sümüyündə xətti sınıqla müşayiət olunan ənsə nahiyəsinin əzilmiş yarası, döş sümüyü cisminin və sol tərəfli İİ qabırğanın sınıqları, sol incik sümüyünün yuxarı xətti sınıqla müşayiət olunan ənsə sümüyünün yuxarı 1/3-in az yerdəyişmiş sınığı bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “X8” PHŞ-yə müraciət etdiyi xx.xx.2023-cü il saat 23:24-dən bir qədər əvvəl əmələ gəlmişdirlər, xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddilər. Vət.Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən şəraitdə, yəni yolnəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin onu vurması nəticəsində əmələ gələ bilərdilər (cild 1, i.v.30-33). Baş Dövlət Yol Polisi İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətinə, yəni həmin tarixdən xx.xx.2023cü il tarixədək məhdudlaşdırılmışdır (cild 1, i.v 50). Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 17 aprel 2023-cü il tarixli 8/958 №-li rəyindən görünür ki, «Toyota-Pirus» markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cild 1, i.v 55- 58). Əməlin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-in 263.1-1-ci maddəsindən həmin Məcəllənin 263-1.2-ci maddəsinə tövsif edilmişdir (cild 1, i.v 85-86). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 109-110). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 121-122) Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o saxlandığı Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v. 139-140). Maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “Toyota Prius minik” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmış və sahibinə qaytarılmışdır (cild 1, i.v.158). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, i.v.74). Cinayət işinin materiallarında olan AA6005542 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü Ayxan adlı uşağı var. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və ona Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Belə ki, onun törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ağır dərəcəli bədən xəsarətləri almış, zərərin əvəzi ödənilməmişdir. Təyin ediləcək cəza Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CM-in 45-ci maddəsində göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilmə növündə əlavə cəza tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, ekspertizası tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olan Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi “Toyota Prius minik” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən istintaq orqanında onun hüquqlarını müdafiə etmiş, məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 192- 193, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək həbsdə saxlanıldığı 1 (bir) gün cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Ekspertiza xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) keçirilsin. Maddi sübut – “Toyota Prius minik” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən ELÇİN AĞAYEV
Məhkəmə qərarları › İş №1(001)-337/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-337/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver