Məhkəmə qərarları › İş №1(001)-338/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-338/2021

03.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-338/2021 03.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan,Saatlı rayonunun Mustafabəyli kəndində qeydiyyatda olmaqla yaşayan, hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan yerdən və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,217 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq xüsusi üsulla özünə məxsus mavi rəngli jaketinin zəncirbəndinə tikib gizlətməklə saxlamış, 21 mart 2021-ci il tarixdə, saat 11:40-da cəza çəkdiyi ünvan 1 ünvanda yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyininin Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsinin əməliyyat şöbəsinin xidməti otağında üzərinə baxış keçirilən zaman əynindəki jaketin zəncirbənd hissəsindən 01 ədəd mavi rəngli sellofana bükümüş təmiz çəkisi 1,217 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heron aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ildə Saatlı rayonunda tanımadığı şəxsdən aldığı narkotik vasitə olan heroin mavi sellofana bükərək özünə məxsus olan mavi rəngli jaketin zəncirbəndinə tikib gizlətmiş, digər geyim əşyaları kimi həmin jaketi də Bakı şəhərində yaşayan tanışı X3 evində saxlamışdır. 18 may 2020-ci il il tarixdə satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib saxladığına görə Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq həbs edilmiş, 19 noyabr 2020-ci il tarixli Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətə azadlıqdan məhrum edilmişdir. Bakı İstintaq Təcridxanasında olarkən Əsli Tağıyeva ona geyim əşyaları gətirərkən həmin jaket də paltarların arasında olmuş, Ə.Tağıyevanın narkotikdən məlumatı olmamış, cəza aldıqdan sonra həmin jaketi cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə müəssisəsinə gətirmiş, 21 mart 2021-ci il tarixdə, saat 11 radələrində müəssisənin əməliyyat şöbəsinin rəisi Şahid1 xidməti otağına dəvət edilərək iki nəfər hal şahidinin iştirakı ilə üzərinə baxış keçirilərkən qeyd etdiyi narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alınaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Azərbaycan Respublikası Ədliyyə Nazirliyininin Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsinin nəzarətçisi Şahid3 ifadəsində göstərmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və 09 dekabr 2020-ci il tarixdən xidmət etdiyi müəssisəsinin 3 saylı dəstəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin saxlaması barədə daxil olmuş məlumatla əlaqədar 21 mart 2021-ci il tarixdə saat 11:40-da nəzarətçilərin müşayəti ilə sonuncu əməliyyat şöbəsinin xidməti otağına gətirilmişdir. İki nəfər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan jaketin zəncirbəndinin ətrafına xüsusi üsulla tikilərək gizlədilmiş, mavi rəngli sellofana bükülmüş, spesfik iyə malik narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olduğunu, heroini özü azadlıqda olarkən Saatlı rayonundan tanımadığı şəxsdən alaraq jaketinin zəncirbəndinə tikib istifadə etmək üçün saxladığını bildirmişdir. Narkotik vasitəyə bənzər maddə zərfə yerləşdirərək möhürlənmiş, qeyd olunanlarla əlaqədar protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Azərbaycan Respublikası Ədliyyə Nazirliyininin Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsinin nəzarətçisi Şahid2 ifadəsində şahid qismində dindirilmiş Şahid3 ifadəsinə uyğun ifadə verərək, onun dediklərini təsdiq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 Aslan oğlu ifadəsində göstərmişdir ki, 21 mart 2021-ci il tarixdə, saat 11 radələrində Azərbaycan Respublikası Ədliyyə Nlazirliyininin Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsinin qarşısında Şahid5 Vidadi oğlu ilə söhbət edərkən müəssisənin əməliyyat şöbəsinin rəisi Asif Ağakişiyev bir nəfər məhkumun üzərinə baxış keçirmək üçün onları hal şahidi kimi xidməti otağına dəvət edərək hüquq və vəzifələrini onlara izah etmişdir. Onların iştirakı ilə məhkum Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun əynində olan jaketin zəncirbəndində xüsusi qaydada jaketə tikilmiş, mavi rəngli sellofana bükülmüş, spesfik iyi olan maddə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan heroin olduğunu, azadlıqda olarkən Saatlı rayonundan tanımadığı şəxsdən alaraq jaketinin zəncirbəndinə tikdiyini, özü istifadə etmək üçün saxladığını qeyd etmişdir. CÇM-nin əməkdaşları onların iştirakı ilə həmin maddəni zərfə yerləşdirərək möhürləmiş, protokol tərtib edilmiş, digər iştirakçılar kimi o da həm zərfi, həm də protokolu imzalamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 ifadəsində Şahid4 Aslan oğlunun göstərdiyi xüsusatları təsdiq edirək eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasına çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 28.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda üzərində narkotik vasitə əldə edib saxlaması və daşıması faktına görə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (i.v.1) 21.03.2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyininin Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsinin əməliyyat şöbəsinin xidməti otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynindəki jaketin zəncirbənd hissəsindən mavi rəngli sellofana bükülmüş narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. (i.v.19-20) Məhkəmə Ekspertizası Mərkəzinin 21.03.2021-ci il tarixli, 6/1141 nömrəli ekspert arayışından görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...məhkum Təqsirləndirilən şəxs üzərindən...” sözləri zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,217 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respubliaksının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respubliaksı ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələrinin” siyahısına (Siyahı 1) daxildir. (i.v.23-25) 16.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v.112) 24.05.2021-ci il tarixli, 1575 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.81-82) 12.05.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, İmişli rayon Məhkəməsinin 16.05.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 68.1.3, 127.1, 67.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01.05.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. 19 noyabr 2020-ci il tarixli Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyininin Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. (i.v.54-58) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-408/20 saylı, 19.11.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 7 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. (i.v.11-16) Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2021-ci il arixli, 6/2307 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası TƏDQİQAT OBYEKTİ №67”, “Ekspert arayışı №6/1141” yazısı və imzalar olan paketdə, təmiz çəkisi 1,167 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrinin” siyahısına (Siyahı 1), daxildir. (i.v. 83-87) Maddi sübut kimi tanınması haqqında 11.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ümumi çəkisi 1,117 (ilkin çəki 1,217 qr.) qram olmaqla maddi sübut kimi tanınaraq saxlanması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (i.v. 88) Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır və ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən yenidən qəsdən cinayət törətmişdir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətin təhlükəli residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq ona törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Bununla yanaşı məhkəmə hesab edir ki, CM-in 67-ci maddənin tələblərinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-408/20 saylı, 19.11.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 7 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi hazırkı hökmlə təyin ediləcək cəzayla qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Odur ki, məhkəmə cinayət qanunun yuxarıda sadalanan normalarının tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-408/20 saylı, 19.11.2020-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş 5 il 8 ay 14 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin təhlükəli residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza müddətinin əvvəli hökmün elan olunduğu andan hesablanmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,117 qram narkotik maddə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə, CPM-in 197-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 129.61 (bir yüz iyirmi doqquz manat altmış bir qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-408/20 saylı, 19.11.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş 5 (beş) il 8 (səkkiz) ay 14 (on dörd) gün hissəsi CM-in 67.1-ci maddəsinə əsasən, ona hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilib üzərində qəti cəza 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli hökmün elan olunduğu andan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,117 qram narkotik maddə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 129.61 (bir yüz iyirmi doqquz manat altmış bir qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi ümumilikdə 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar