Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-339/2025 17.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Allahverdiyeva (Əzimova) Nərmin Zahid qızı, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Qazaxıstan Respublikasının Selnoqrad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, Ağdam rayonu, Sarıhacılı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 28 aprel 2023-cü il tarixdən hesablanmaqla 01 iyun 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220,00 manat, həmçinin əlavə olaraq uşağın xəstəliyi ilə əlaqədar hər ay 200,00 manat olmaqla, cəmi 420,00 manat sabit pul məbləğində alimentin tutularaq Allahverdiyeva (Əzimova) Nərmin Zahid qızına verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(006)-445/2023 saylı, 28 aprel 2023-cü il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 3(001)-3479/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilənərək 08 gün müddətinə, həmin məhkəmənin 19 fevral 2024-cü il tarixli, 3(001 )-1370/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 12 mart 2024-cü il, 19 aprel 2024-cü il və 10 iyun 2024-cü il tarixlərdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 15 iyul 2024-cü il tarixinə kimi 4090,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Allahverdiyeva (Əzimova) Nərmin Zahid qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. Allahverdiyeva (Əzimova) Nərmin Zahid qızını avtoservisdə işlədiyi vaxt tanımış, 2018-ci ildə isə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Onların birgə nikahdan iki övladları dünyaya gəlmiş, övladlarından biri rəhmətə getmişdir. Digər övladı X6 isə 01 iyun 2019-cu il tarixdə anadan olmuşdur. Daha sonra, yəni 2021-ci il tarixdə Allahverdiyeva (Əzimova) Nərmin Zahid qızı ilə ayrılmışlar və sonuncu məhkəməyə müraciət etmişdir. Məhkəmə qətnaməsi ilə əvvəlcə 220 manat məbləğində aliment müəyyən edilmişdir, daha sonra 200 manat da əlavə alimentin ödənilməsi qət edilmişdir. Hazırda ümumilikdə 420 manat aliment ödəməlidir. Məhkəmənin aliment ödənişi barədə qət etdiyi qərarlardan məlumatlı olmuşdur. İlk başlarda iş tapa bilmədiyi üçün qazancı olmamış və aliment öhdəliyini icra edə bilməmişdir. Hazırda avtoservisdə qeyri-rəsmi olaraq rəngsaz işləyir və aylıq 500-600 manat əmək haqqı alır və aylıq 300 AZN olmaqla aliment ödənişi edə bilər. Məhkəmə iclasına 100 manat pul gətirmişdir. Təxminən 2024-cü ilin mart ayında, 20 günlük inzibati həbs tənbeh tədbirini çəkib bitirdikdən sonra 500 manat ödəniş etmişdir. Bundan başqa 200 manat da ödəniş etmişdir. Daha sonra 120 manat ödəmiş, lakin zərərçəkmiş şəxs həmin məbləği qəbul etməmiş, borcun tam ödənilməyini tələb edərək pulu onun özünə qaytarmışdır. Həmin vaxtdan sonra isə ödəniş edə bilməmişdir. Təqsirləndirilən şəxs son sözündə uşağa ödənilməli aliment borcundan boyun qaçırmadığını, ödəniş etməli olduğunu, iş tapan kimi ödəniş edəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs Allahverdiyeva (Əzimova) Nərmin Zahid qızı ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirməklə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə 2018-ci ildə rəsmi qaydada ailə qurmuşlar. Hamiləlik müddətində uşaqları vaxtından əvvəl dünyaya gəlmişdir. Belə ki, 01 iyun 2019cu il tarixdə əkiz uşaqları olmuş, lakin uşaqlardan biri rəhmətə getmiş, digər övladları isə 1-ci qrup görmə məhdudiyyətli dünyaya gəlmişdir. Uşaq görmə məhdudiyyətli olduğundan Şahmalı uşaqdan imtina etmiş görmə məhdudiyyətli uşaq istəmədiyini bildirmiş, həmçinin ona uşağı xəstəxanaya aparmağı və orada heç kim bilmədən iynə vurdurmağı, uşağı tələf etdirməyi təklif etmişdir. O, Şahmalı ilə razılaşmamış, buna görə də Şahmalı evi tərk etmişdir. Bundan sonra uşağını götürüb, öz ata evinə qayıtmış və uşağa özü təkbaşına baxmışdır. Təxminən 3 il, 2 ay müddət uşağın müalicəsi ilə məşğul olduğundan aralarında boşanma olmamışdır. 2023-cü ilin aprel ayının 28-də məhkəmə yekunlaşmış və onların nikahı pozunmuşdur. Alimentin ilkin olaraq sənədlər məhkəməyə verildiyi vaxtda, yəni 2021-ci ilin noyabr ayında 220 manat olaraq müəyyən edilmiş, daha sonra iş yekunlaşan zaman isə əlavə olaraq da 200 manat uşağın xəstəlik xərcləri üçün aliment tutulmuşdur. Aliment 220 manat olan vaxtlar təqsirləndirilən şəxs ödənişi icra etmiş, hal-hazırda isə heç bir ödəniş etmir. Sonuncu dəfə Şahmalı inzibati həbs edildikdən sonra, yəni 2024-cü ilin mart ayında 500 manat və 200 manat olmaqla ödəniş etmişdir. 120 manat ödəyən zaman isə onu zəng edərək təhqir etmişdir. Bu səbəblə həmin 120 manatı götürməmiş və aparıb icra məmuruna vermişdir ki, Təqsirləndirilən şəxs ödənişi tam olaraq ödəsin. Ona köçürülmüş bütün aliment ödənişlərinin qəbzlərini icra məmuruna təqdim etmişdir, ona görə də, 28 aprel 2023-cü il tarixdən sonra 1790 manat pul ödənilməsi barədə cədvəllə razıdır. Bundan başqa Kənan Əzimovun tək özünün deyil, təqsirləndirilən şəxsin də övladı olduğunu, təqsirləndirilən şəxsin işləmədiyi barədə bildirdiklərinin yalan olduğunu, onun faktiki olaraq işlədiyini və qazanc əldə etdiyini, atası və övladı xəstə olduğu üçün özünün də işləyə bilmədiyini, lakin buna baxmayaraq övladının əməliyyatına yol xərclərində əlavə 13000 ABŞ dolları vəsait xərclədiyini, 3 aydan bir onun gözünə 165 manat dəyərində dərman vurulmalı olduğunu, bundan başqa müalicəsi üçün əlavə dərmanlar da istifadə etdiyini, buna görə də övladının haqqını tələb ediyini qeyd edərək təqsirləndirilən şəxs barəsində ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(006)-445/2023 saylı, 28 aprel 2023-cü il tarixli qətnaməsinə əsasən 28 aprel 2023-cü il tarixdən hesablanmaqla 01 iyun 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220,00 manat, həmçinin əlavə olaraq uşağın xəstəliyi ilə əlaqədar hər ay 200,00 manat olmaqla, cəmi 420,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq Allahverdiyeva (Əzimova) Nərmin Zahid qızına ödənilməlidir. Həmin icra sənədi digər icra məmuru Şahid1 icraatında olmuşdur. İcra sənədinin icrasə məqsədi ilə icra məmuru Şahid1 tərəfindən zəruri icra hərəkətləri aparılmış, lakin borclu bugünkü günə qədər icra sənədini tam icra etməmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılmış, tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Bununla bağlı borclu inzibati məsuliyyətə cəlb edilmişdir. 15 iyul 2024-cü il tarixdə ödənilməmiş aliment borcu 4090 manat təşkil edirdi. Görülən tədbirlər nəticə vermədiyi üçün şəxs barəsində təqdimatla müraciət olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 28 aprel 2023-cü il tarixdən hesablanmaqla 01 iyun 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220,00 manat, həmçinin əlavə olaraq uşağın xəstəliyi ilə əlaqədar hər ay 200,00 manat olmaqla, cəmi 420,00 manat sabit pul məbləğində alimentin tutularaq Allahverdiyeva (Əzimova) Nərmin Zahid qızına verilməsinə dair icra sənədi icraatına daxil olduqdan sonra dəfələrlə borclu barəsində axtarış verilmişdir. Eyni zamanda icra şöbəsində şəxsin özü ilə söhbətlər aparmış və borcun ödənilməli olduğunu bildirmişdir. Lakin Təqsirləndirilən şəxs aliment borcunu ödəməkdən yayınmışdır. Borclu hissə-hisə olmaqla, ümumilikdə 1790 manat ödəniş etmiş, 15 iyul 2024-cü il tarixə aliment borcu 4090 manat təşkil edirdi. Bir dəfə zərərçəkmiş şəxs tərəfindən ödənilən alimenti qəbul etməyərək onlara geri qaytarmış, aliment ödənişləri zərərçəkmiş şəxsin kartına ödənildiyi üçün onların pulu qəbul etmək ixtiyarı olmamış və həmin vəsait borclunun özünə verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməməsi faktı əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Xidmətinin rəisi, baş ədliyyə müşaviri Vidadi Məmmədov tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixdə Binəqədi rayon İcra Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Şahid1 tərəfindən tərtib edilmiş və həmin tarixdə Binəqədi rayon İcra Şöbəsinin rəisi, ədliyyə müşaviri İlham Həsənovla razılaşdırılmış cinayət məsuliyyətinə cəlb olunma haqqında təqdimatdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması məqsədə müvafiq hesab olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(006)-445/2023 saylı, 28 aprel 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, 01 iyun 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220,00 manat, həmçinin əlavə olaraq uşağın xəstəliyi ilə əlaqədar hər ay 200,00 manat olmaqla, cəmi 420,00 manat sabit pul məbləğində aliment cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçı Allahverdiyeva (Əzimova) Nərmin Zahid qızının xeyrinə ödənilməlidir. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanmış, alimentə dair hissənin dərhal icra edilməsi qət edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-445/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı qüvvədən düşmüş hesab edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(006)-445/2023 saylı, 28 aprel 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Allahverdiyeva (Əzimova) Nərmin Zahid qızı ilə cavabdeh Təqsirləndirilən şəxs arasında xx.xx.2018-ci il tarixində 1 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və Akt qeydləri kitabında 955 nömrə ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 01 iyun 2019-cu il təvəllüdlü X1 (Əzimova) Nərmin Zahid qızının yanında saxlanılmış, 01 iyun 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220,00 manat, həmçinin əlavə olaraq uşağın xəstəliyi ilə əlaqədar hər ay 200,00 manat olmaqla, cəmi 420,00 manat sabit pul məbləğində aliment cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçı Allahverdiyeva (Əzimova) Nərmin Zahid qızının xeyrinə ödənilməsi, alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən hesablanması, alimentə dair hissənin dərhal icra edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-445/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı qüvvədən düşmüş hesab edilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(006)-445/2023 saylı, 28 aprel 2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)- 3479/2023 saylı qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(006)-445/2023 saylı, 28 aprel 2023-cü il tarixli icra vərəqəsini qərəzli olaraq icra etmədiyindən Təqsirləndirilən şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 gün inzibati həbs edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-772/2023 saylı qərardadından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(006)-445/2023 saylı, 28 aprel 2023-cü il tarixli icra vərəqəsi üzrə yaranmış 1240 manat borc tam ödənilənədək Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bank "xxxx" ASC-də Təqsirləndirilən şəxs bank hesabı mövcud deyildir. xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixinə "xxxx" ASCdə Təqsirləndirilən şəxs bank hesabı mövcud deyildir. xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixinə "xxxx" (Azərbaycan) ASC-də Təqsirləndirilən şəxs bank hesabı mövcud deyildir. xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" QSC-də hesabı mövcud deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı X3 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində işaxtaran və ya işsiz kimi qeydiyyata alınmadığından onun münasib işlə təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında müvəqqəti qeydiyyatdadır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)- 1370/2024 saylı qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(006)-445/2023 saylı, 28 aprel 2023-cü il tarixli icra vərəqəsini qərəzli olaraq icra etmədiyindən Təqsirləndirilən şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün inzibati həbs edilmişdir. xx.xx.2024-cü tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb oluna biləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb oluna biləcəyi barədə xəbərdarlıq edilmiş və Təqsirləndirilən şəxs həmin tarixdə xəbərdarlığı imza etməklə qəbul etmişdir. xx.xx.2024-cü il tarixli son xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb oluna biləcəyi barədə xəbərdarlıq edilmiş və Təqsirləndirilən şəxs həmin tarixdə xəbərdarlığı imza etməklə qəbul etmişdir. xx.xx.2024-cü il tarixli aktdan və əlavə edilmiş foto-şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ünvanına baxış keçirilmiş və tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Binəqədi rayon İcra Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Şahid1 tərəfindən tərtib edilmiş “Aliment ödənişinə dair cədvəl”dən görünür ki, ümumi ödənilməli 5880 manat aliment borcundan xx.xx.2023-cü il tarixdə 220 manat, xx.xx.2023-cü il tarixdə 220 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 700 manat, xx.xx.2024-cü il tarixdə 250 manat olmaqla ümumilikdə 1790 manat ödənilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Allahverdiyeva (Əzimova) Nərmin Zahid qızı zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.3-2, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli aministiya qərarının 4-cü bəndininə əsasən cəzası 6 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli,1(011)-169/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkməsinin əvvəli 01 noyabr 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs Anatolyeviçin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(006)-445/2023 saylı 28 aprel 2023-cü il tarixli qətnaməsini qərəzli olaraq icra etməməsi tam sübuta yetirildiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin306.1-ci maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın qəbul edilməsi, iş üzrə zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, protokollar və toplanmış digər sənədlərin sübut kimi qiymətləndirilməsi qərar alınmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs AR CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək oina ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Ağdam rayonu İHB-nin Seyidli kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, 1 saylı Slavyan Unversitetinin yataqxanasında məskunlaşmışdır. Nümayəndəliyə Təqsirləndirilən şəxs barəsində rəsmi olaraq şikayət və ərizə daxil olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X7 90% orqanizmin funksiyalarının pozulması faizi ilə birinci dərəcəli əlil kimi müəyyən edilmiş, əlillik ümumi xəstəlik – gözdən əlillik səbəbilə müəyyən edilmiş, müddətsiz olaraq təsbit olunmuşdur. 3497, 16103, 3856 və 4881 saylı “Çıxış epikriz”lərindən görünür ki, X6 xx.xx.2019cu il tarixdən xx.xx.2019-cu il tarixədək,16.03.202-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Leninqrad vilayəti dövlət səhiyyə müəssisəsi “Uşaq kliniki xəstəxanası”nda olaraq gözündən əməliyyat olmuş və bununla bağlı müalicələr almışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilsə də sonradan son sözündə heç bir yerdə işləmədiyini, iş tapdıqdan sonra ödənişlər edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs aliment ödənişindən yayınması ilə bağlı irəli sürdüyü müdafiə arqumentləri həm hüquqi, həm də faktiki baxımdan əsassız və qeyri-inandırıcı olmaqla, onun məsuliyyətdən yayınmaq məqsədi güddüyünü açıq şəkildə nümayiş etdirir. O, alimentin ödənilməməsini rəsmi iş yerinin olmaması və maddi çətinliklərlə əsaslandırsa da, məhkəmə baxışı zamanı verdiyi ifadədən məlum olur ki, hazırda qeyri-rəsmi şəkildə avtoservisdə rəngsaz işləyir və aylıq 500-600 manat məbləğində gəlir əldə edir. Bu gəlir səviyyəsində olan şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən 420 manat məbləğində müəyyən edilmiş aliment öhdəliyini qismən və ya tam şəkildə icra edə bilərdi. Hətta özü də bu faktı təsdiqləyərək ayda 300 manat ödəyə biləcəyini etiraf etmişdir. Belə bir şəraitdə alimenti ödəməməsi sırf maddi yox, iradi səbəblərlə bağlı olmuş və onun tərəfindən borcun ödənilməsinə yönəlmiş real təşəbbüs göstərilməmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs keçmiş dövrlərdə hissəvi olaraq 1790 manat məbləğində ödəniş etdiyini bildirsə də, bu ödənişlərin borcun yalnız üçdə birini təşkil etməsi, inzibati məsuliyyət tədbirlərindən və dəfələrlə edilmiş xəbərdarlıqlardan sonra həyata keçirilməsi bu arqumentin də hüquqi nəticəni dəyişdirmədiyini göstərir. Bundan başqa onun barəsində cinayət məsuliyyətinə cəlb etmə barədə xx.xx.2024-cü il tarixdə təqdimat verildikdən sonra da hər hansı məbləğdə aliment ödənişi etməmişdir. Təqsirləndirilən şəxsin iddia etdiyi kimi, sonradan 120 manat məbləğində ödəniş etməsi də vəziyyəti dəyişmir. Həmin məbləğ ödənərkən o, zərərçəkmiş şəxsə qarşı təhqiramiz ifadələr işlətmiş, nəticədə zərərçəkmiş bu vəsaiti qəbul etməyərək icra məmuruna təqdim etmişdir. Bu fakt bir daha göstərir ki, təqsirləndirilən şəxs yalnız ödəniş etməmək deyil, həm də zərərçəkmişə qarşı təhqiredici və təzyiqedici davranış sərgiləmiş, öz məsuliyyətindən yayınmağa cəhd etmişdir. Bütün bunlarla yanaşı, təqsirləndirilən şəxsin övladı – 01 iyun 2019-cu il təvəllüdlü X4 birinci dərəcəli gözdən əlil olması, müxtəlif vaxtlarda Rusiyada və Azərbaycanda bir neçə dəfə əməliyyat və müalicə alması ilə bağlı təqdim olunmuş tibbi sənədlərdən və çıxış epikrizlərindən də göründüyü kimi, uşaq xüsusi qayğıya və daimi tibbi yardıma ehtiyac duyan ağır xəstəliklə doğulmuşdur. Bu qədər çətin vəziyyətdə olan övladın müalicəsində iştirak etməməsi, xəstəliyi ilə maraqlanmaması və həyat yoldaşına təkbaşına bu ağır yükü daşımağa məcbur buraxması təqsirləndirilən şəxsin həm mənəvi, həm də hüquqi məsuliyyətindən yayınmağa çalışdığını daha da aydın şəkildə ortaya qoyur. Əksinə, zərərçəkmişin ifadəsinə əsasən, təqsirləndirilən şəxs övladının sağlamlıq vəziyyətini öyrəndikdən sonra ona iynə vurduraraq tələf etdirilməsi təklifini vermiş, övladını qəbul etmədiyini bildirmişdir ki, bu hal onun ata kimi minimum mənəvi borcunu belə yerinə yetirmədiyini göstərir. Bu şəraitdə təqsirləndirilən şəxsin məhkəmə qətnaməsini yerinə yetirməməsi, yalnız alimentdən yayınma deyil, eyni zamanda ailə məsuliyyətindən və insanlıq borcundan qəsdən imtina halı kimi qiymətləndirilməlidir. Beləliklə, təqsirləndirilən şəxsin irəli sürdüyü dəlillər və müdafiə xarakterli bəhanələr hüquqi baxımdan əsassızdır, qeyd edilənlər onun əməlində qərəzli niyyətin və qanuni öhdəliklərə hörmətsiz yanaşmanın mövcud olduğunu gizlətmək məqsədi daşıyır. Bu səbəbdən, məhkəmə təqsirləndirilən şəxsin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyi, Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin onun əməlində tam şəkildə mövcud olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməsinə görə cinayət məsuliyyətini müəyyən edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 oktyabr 2012-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Həmin qərarında Konstitusiya Məhkəməsi Plenumu belə qərara gəlmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə ödənildiyi üçün Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin hökmü ilə üzərində yaranmış məhkumluq xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Odur ki, barəsində cinayət məsuliyyətinə cəlb olunma barədə təqdimat verilən xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs olmuşdur. Belə olan halda, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi mövcud deyildir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs davranışlarının xarakteri və nümayiş etdirdiyi laqeydlik nəzərə alındıqda, ona yüngül cəza təyin etməklə cinayət məsuliyyətinin mahiyyətinə və cəzanın məqsədinə nail olunması mümkün görünmür. Belə ki, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməməsinə görə əvvəllər iki dəfə inzibati məsuliyyətə cəlb olunmuş, 8 və 20 günlük inzibati həbs cəzaları almış, bir neçə dəfə rəsmi şəkildə xəbərdarlıq edilmiş, lakin bütün bu tədbirlərə baxmayaraq, davranışını dəyişməmiş, borcun ödənilməsindən qəsdən yayınmaqda davam etmişdir. Bu isə göstərir ki, inzibati tənbeh tədbirləri və xəbərdarlıqlar təqsirləndirilən şəxsə tərbiyəedici təsir göstərməmiş, əksinə, onun məhkəmə və dövlət orqanlarının qərarlarına qarşı etinasız və məsuliyyətsiz münasibətini dərinləşdirmişdir. Cəza siyasətinin əsas məqsədlərindən biri olan təqsirkar şəxsin islah olunması və yeni hüquq pozuntularının qarşısının alınması baxımından bu kimi hallarda yalnız alternativ və yüngül cəza tədbirləri tətbiq etməklə arzuolunan nəticəyə nail olmaq mümkün deyil. Əksinə, cəzanın ictimai çəkindirmə funksiyasını yerinə yetirməsi üçün təqsirləndirilən şəxs barəsində daha sərt – azadlıqdan məhrumetmə növündə cəza təyin olunması zəruridir. Bu, həm təqsirləndirilən şəxsin islah olunmasına yönələn hüquqi təsirin gücləndirilməsi, həm də bu qəbildən olan digər şəxslər üçün aydın mesaj verilməsi baxımından hüquqi ədalətin və cəzanın məqsədlərinə uyğun yanaşmadır. Məhkəmə təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını, onun məsuliyyət hissinin formalaşdırılması və qanuni öhdəliklərin icrasına məcbur edilməsi üçün yeganə effektiv vasitə kimi qiymətləndirir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, cəzanın fərdiləşdirilməsi prinsipini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə, cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. (CPM- 346.1.20) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 (qırx beş) saat vaxt sərf etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək göstərilmiş hüququ yardımın hər iş saatı üçün 6 manat, xx.xx.2025-ci il tarixdən sonra göstərilmiş hüquqi yardımın hər iş saatına görə 11 manat olmaqla, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ümumilikdə 395 (üç yüz doxsan beş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə ona təyin edilmiş cəzanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, məhkəmə məsrəfi, maddi sübut yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 45 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 395 (üç yüz doxsan beş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-339/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-339/2025
17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver