Məhkəmə qərarları › İş №1(001)-34/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-34/2022

12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-34/2022 12.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Qürbət oğlunun, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, himayəsində 3 (üç) azyaşlı övladı olan, işləməyən,əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, fərdi nömrəsiz evdə müvəqqəti yaşayan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 1(001)-404/2021 saylı qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmuş və 19.11.2021-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutulmuş və halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs o, özgənin əmlakını və mühüm şəxsi sənədini gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 03 may 2021-ci il tarixdə saat 12.00 radələrində ünvan 3 ünvanın qarşısında Zərərçəkmiş şəxs məxsus “Nissan X-Trail” markalı, **-DT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edərək avtomobilin salonuna daxil olub orada salonun qabaq hissəsində yerləşən saxlanc yerindən içərisində 985 manat nağd pul, “Beynəlxalq Bank”a məxsus **********947227 nömrəli, “Rabitə Bank”a məxsus **********696889 nömrəli hesab kartı və mühüm şəxsi sənədi hesab olunan Zərərçəkmiş şəxs AZ seriyalı 47897 nömrəli polis xidməti vəsiqəsi olan 15 manat dəyərində qəhvəyi rəngli, 10,5sm x 8sm ölçüdə, üzərində “Kığılı” yazısı olan, çoxcibli, düymə ilə açılıb-bağlanan pul kisəsini gizli talayaraq ümumilikdə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs 1000 (bir min manat) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, evlidir, 3 azyaşlı övladı vardır, heç bir rəsmi yerdə işləməsə də dəmir qırıntıları yığıb satmaqla məşğuldur, elə olur ki, həyat yoldaşı da dəmir qırıntılarını yığmaqda ona köməklik edir.Hadisə ilə bağlı bildirmişdir ki, hadisə baş verən gün yəni 03 may 2021-ci il tarixdə saat 12.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində tanımadığı məhəllədə olan zaman bir nəfər tanımadığı şəxsə yaxınlaşıb içmək üçün su istəmişdir.Həmin şəxs ona su olmadığını bildirib ondan bir qədər kənara gedən zaman adının sonradan Orxan olduğunu bildiyi şəxsin şalvarının cibindən pul kisəsinin yerə düşdüyünü görüb həmin şəxsin pul kisəsindən xəbərsiz olduğunu görüb ətrafa göz gəzdirərək kimsənin olmadığına əmin olduqdan sonra yerə düşmüş pul kisəsini götürüb kimsənin onu görəcəyindən ehtiyat edərək dərhal oradan uzaqlaşmışdır.O, bir qədər uzaqlaşdıqdan sonra yolda evə gedən zaman götürmüş olduğu sarı rəngli pul kisəsinin içərisinə baxdıqda pul kisəsində Zərərçəkmiş şəxs Qürbət oğluna məxsus olan xidməti polis vəsiqəsi, “Rabitə Bank” və “Beynəlxalq Bank”a məxsus olan hesab kartları, həmçinin də 705 manat nəğd pul var idi.O, götürmüş olduğu pul kisəsinin içərisində olan pulun hamısını şəxsi ehtiyaclarına xərcləməyə qərar vermişdir.Bu məqsədlə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “20 Yanvar” dairəsinin yaxınlığındakı mobil telefon dükanlarının birinə yaxınlaşıb oradan 410 manat pula ümumilikdə 2 ədəd olmaqla “Samsung J7” və “Samsung A50” markalı mobil telefonları alıb oradan yaşadığı ünvana qayıtmışdır.Daha sonra isə götürmüş olduğu pul kisəsindəki 705 manat puldan qalan 295 manat pulun 150 manatını kirayə qaldığı evin kirayəsinə, qalan 145 manat pulu isə ərzaq məhsullarına xərcləmişdir.Növbəti gün yəni 05 may 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsində həyat yoldaşı Əminə ilə birlikdə dəmir yığan zaman PPX-nin əməkdaşları ona yaxınlaşaraq şübhəli şəxs qismində Binəqədi RPİnin 6-cı PB-nə dəvət etmişdirlər.Qeyd olunan polis bölməsində olan zaman o, 03.05.2021ci il tarixdə Zərərçəkmiş şəxs məxsus pul kisəsini oğurladığını səmimi şəkildə etiraf etmiş və bundan sonra polis əməkdaşlarının iştirakı ilə yaşadığı evinə baxış keçirilmiş və Zərərçəkmiş şəxs Qürbət oğluna məxsus pul kisəsini, həmçinin də “Rabitə Bank”, “Beynəlxalq Bank”a məxsus hesab kartı, xidməti polis vəsiqəsini təhvil vermişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən peşman olmasını, himayəsində 3 azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş ziyanı ödəməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs Qürbət oğlu bildirmişdir ki, 19.09.2018-ci il tarixdə Xətai RPİ-də məsul növbətçi vəzifəsində işləyir, 2012-ci il tarixdə DİO-da xidmət aparır.Hadisə ilə bağlı bildirmişdir ki, hadisə baş verən gün yəni 03 may 2021-ci il tarxdə saat 12.00 radələrində idarə etdiyi ağ rəngli “Nissan X- Trail” markalı, **-DT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə yaşadığı ünvan olan ünvan 4də hərəkətdə idi.Belə ki qeyd olunan ünvana çatdıqda yaşadığı evin yaxınlığında bir nəfər tanımadığı bir şəxsin ətrafda nəsə axtardığını görsə də diqqətini çəkməmişdir.O, avtomobilindən düşən zaman həmin tanımadığı şəxs ona yaxınlaşıb ondan içmək üçün su istəmiş və o da sonuncuya “burada gözlə su gətirirəm sənə” deyib ev tərəfə getmişdir.Bir neçə dəqiqə keçdikdən sonra əlində su dolu stəkanla evin həyətindən bayıra çıxdıqda həmin tanımadığı şəxsin yerində olmadığını görüb bir qədər ətrafa göz gəzdirsə də sonuncunu tapa bilməmiş və yaşadığı evinə qayıtmışdır.Evdə olan zaman pul kisəsi ona lazım olduğundan üzərində olmadığını aşkar edib maşında pul kisəsinin olduğunu xatırlayıb avtomobilə doğru getmişdir.Maşının saxlanc yerinə baxan zaman pul kisəsinin burada olmadığını aşkar edib maşının salonuna göz gəzdirdikdən sonra pul kisəsinin yerində olmadığını anlayıb ondan bir az əvvəl su istəyən tanımadığı şəxsin pul kisəsini götürdüyündən sonuncudan şübhələnmiş, baş vermiş oğurluq hadisəsi ilə bağlı DİN-nin 102 saylı xidmətinə məlumat vermişdir.Daha sonra isə videomüşahidə kamerasına baxan zaman əmin olmuşdur ki, şübhələndiyi şəxs ona məxsus olan avtomobilindən pul kisəsini oğurlamışdır.O da baş vermiş oğurluq hadisəsi ilə bağlı Binəqədi RPİ-nin 6-cı PB-də ərizə yazmışdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs Qürbət oğlu ona dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənildiyini və təqsirləndirilən şəxslə barışdığını və ondan şikayətçi olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, evlidir, 3 azyaşlı övladı vardır, heç bir rəsmi yerdə işləməsə də dəmir qırıntıları yığıb satmaqda yoldaşı Təqsirləndirilən şəxs köməklik edir.Hadisə baş verən gün yəni 03 may 2021-ci il tarixdə saat 12.00 radələrində yoldaşı Səlvərlə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində piyada şəkildə hərəkət edərək dəmir qırıntıları yığırmış.Qeyd olunan tarixdə o, zibil qutusunun yaxınlığında dayanıb əlavə dəmir qırıntıları axtaran zaman yoldaşı Səlvər ondan bir qədər kənara aralanıb sonuncu da dəmir qırıntısı axtarmağa başlamışdır.Təxminən bir qədər vaxt keçdikdən sonra yoldaşı Səlvər yanına gəlib “evə gedək” demiş və o da sonuncunun dediyi ilə razılaşıb birlikdə yaşadıqları evə getmişdir.Belə ki, evdə olan zaman yoldaşı Səlvər ona cibindən pul kisəsini çıxarıb dəmir qırıntısı axtaran zaman yerdən pul kisəsini tapdığını bildirmiş və o da sonuncuya pul kisəsi ilə bağlı polisə müraciət etməsini dedikdə Səlvər onunla razılaşıb bu barədə polisə məlumat verəcəyinə dair onda inam yaratmış, daha sonra isə o, yoldaşı Səlvərin tapmış olduğu pul kisəsinin aqibəti ilə maraqlana bilməmişdir.05 may 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsində həyat yoldaşı Səlvər ilə birlikdə dəmir yığan zaman PPX-nin əməkdaşları ona yaxınlaşaraq şübhəli şəxs qismində Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişdirlər.Qeyd olunan polis bölməsində olan zaman ona məlum olmuşdur ki, 03.05.2021-ci il tarixdə yoldaşı Təqsirləndirilən şəxs tapdığı pul kisəsi Zərərçəkmiş şəxs Qürbət oğluna məxsusdur və həmin pul kisəsinin isə Səlvərin tapdığını deyil əslində həmin pul kisəsinin sonuncunun tərəfindən oğurlandığını müəyyən etmişdir.Belə ki, həmin pul kisəsində Zərərçəkmiş şəxs məxsus pul kisəsini, həmçinin də “Rabitə Bank”, “Beynəlxalq Bank”a məxsus hesab kartı, xidməti polis vəsiqəsinin olduğu da aydın olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, hal-hazırda o, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən “Bakcell- Elvin Telekom” adlı telefon dükanında satıcı işləyir.Belə ki, təxminən 2020-ci ilin fevral ayından o, qeyd olunan telefon dükanında satıcı işləyir.Tarixini xatırlamadığı zamanda təxminən saat 20.00 radələrində dükanda olan zaman bir nəfər tanımadığı şəxs hansı ki adının sonradan Səlvər olduğunu bildiyi şəxs müştəri qismində dükana daxil olaraq ümumilikdə 02 ədəd mobil telefon almaq istədiyini bildirmişdir.O da həmin vaxtı vitrində olan mobil telefonları Səlvərə təqdim etmişdir.Təxminən bir neçə dəqiqə keçdikdən sonra sonuncu vitrində olan mobil telefonların sırasından 01 ədəd “Samsung A50” və 01 ədəd “Samsung J7” markalı mobil telefonları almaq fikrində olduğunu bildirmiş və ondan qeyd olunan mobil telefonların ümumilikdə qiymətlərini soruşduqda o, həmin mobil telefonların ümumilikdə qiymətinin 410 manat olduğunu bildirdikdə Səlvər deyilən qiymətlə razılaşmış və qeyd olunan mobil telefonların alqı-satqı prosesini həyata keçirmək məqsədilə rəsmi qaydada zəmanət talonunu müvafiq qaydada doldurub həmin şəxsə təqdim etdikdən sonra Səlvər qeyd olunan mobil telefonlar ilə bağlı təqdim etmiş olduğu zəmanət talonunu imzalayıb ödəniş etdikdən sonra “Samsung A50” və “Samsung J7” markalı mobil telefonları sonuncuya təqdim etmişdir. 05 may 2021-ci il tarixdə işlədiyi dükanda olan zaman tanımadığı bir qadın dükana daxil olaraq ona özünü Səlvərin həyat yoldaşı kimi təqdim edib iki gün əvvəl satmış olduğu “Samsung A50” və “Samsung J7” markalı mobil telefonları geri qaytarmaq fikrində olduqlarını bildirmiş və o da qeyd olunan mobil telefonları geri alaraq vitrinə yerləşdirmiş və bir neçə gün keçdikdən sonra dükanda olan zaman bir neçə mülki geyimli şəxs Səlvərlə birlikdə dükana daxil olmuşdur.Həmin şəxslər özləri polis əməkdaşları kimi təqdim edib Səlvərin oğurluq nəticəsində əldə etmiş olduğu pul ilə “Samsung A50” və “Samsung J7” markalı mobil telefonları alması ona məlum olmuşdur. İş materiallarında olan cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16.06.2021-ci il tarixli, 9/3197 saylı rəyinə əsasən məlum olur ki, 1 ədəd qəhvəyi rəngli, 10,5sm x 8sm ölçüdə, üzərində “Kığılı” yazısı olan, çoxcibli, düymə ilə açılıb-bağlanan pul kisəsinin istifadədə olması nəzərə alınaraq 2021-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 15,00 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış tələbnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayandır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun CM-nin 177.1 və 326.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir.Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 177.1 və 326.2-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CMnin 177.1 və 326.2-ci maddələri ilə təqsirli bilinməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Həmçinin, həmin qərara görə məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır.Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır.Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsüf olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əmamətləri olmasın və faktitiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. Bundan başqa, Azərbaycan Respublikası Konsitusiysının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Həmçinin,«Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə» X1 19 yanvar 2006-cı il tarixli fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir.Azərbaycan Respublikasının tərəfdaş çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyasının 6 və 7-ci maddəsinin tələbinə görə hər kəsin ədalətli məhkəmə araşdırılması tələb etmək və qanunsuz olaraq cəzalandırılmamaq hüquqları vardır. Həmçinin, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ilk dəfə cinayət törətməsini, himayəsində 3 azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 177.1 və 326.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Həmçinin, məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cinayətin xarakteri və ağır dərəcəsi nəzərə almaqla o, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 05 may 2021-ci il tarixdən 07 may 2021-ci il tarixədək həbsdə olduğu müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə təyin edilmiş cəzadan çıxılmalı və ona qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-404/2021 saylı, 01.11.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq onun barəsində axtarış elan edilmişdir.Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 24.11.2021-ci il tarixli, 17/38-8287 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 19.11.2021-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq 22.11.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli, tutulduğu tarixdən, yəni 19.11.2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut 01 ədəd “Kığılı” markalı pul kisəsi və Q.Q.Hüseynova məxsus xidməti vəsiqənin sahibi – Zərərçəkmiş şəxs Qürbət oğluna qaytarılması nəzərə alınmalıdır. Həmçinin,CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və 7 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə təqsirli bilinsin və 5 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla o, qəti olaraq 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 05 may 2021-ci il tarixdən 07 may 2021-ci il tarixədək həbsdə olduğu müddət təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli, onun tutulduğu tarixdən, yəni 19.11.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd “Kığılı” markalı pul kisəsi və Q.Q.Hüseynova məxsus xidməti vəsiqənin sahibi –zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Qürbət oğluna qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar