Məhkəmə qərarları › İş №1(001)-34/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-34/2025

27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-34/2025 27.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Cuğa kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı övladı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Gülüstan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq etmişdir.

2. Belə ki, Təqsirləndirilən şəxs, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs özünü hüquq-mühafizə və məhkəmə orqanlarında geniş işgüzar əlaqələri olan şəxs kimi təqdim edib, buna inandıraraq sonuncunun Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 1-(99)-367/2018 saylı hökmü ilə 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş oğlu Şahid3 cəzasının yüksək instansiya məhkəmələrində yüngülləşdirilməsinə köməklik edəcəyini yalandan vəd edərək aldadıb etibarından sui-istifadə etməklə 22 mart 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən "Eloba" adlı kafedə Zərərçəkmiş şəxs məxsus 4000 manat pulu ondan alıb şəxsi ehtiyaclarına sərf edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus 4.000 (dörd min) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmişdir.

3. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli biləməyərək ifadəsində göstərmişdir ki, o, Şahid2 uzun müddətdir ki, tanıyır. Babək ona qaynının məhkəmənin hökmü ilə azadlıqdan məhrum edildiyini və onu azadlığa çıxarmaq üçün kömək edə biləcəyini soruşduqda o, işin hallarını detallı bildikdən sonra bir söz deyə biləcəyini bildirmişdir. Bundan sonra Babək və qaynanası Zərərçəkmiş şəxs ilə “El-oba” adlı kafedə görüşmüş, yalnız ondan sonra sonuncunun oğlunun ittiham olunduğu maddəni bilmişdir. O məsələ ilə məşğul olacağını, adamlar tanıdığını, oğlunun azadlığa çıxarılması üçün danışaqlar aparacağını bildirsə də, sonuncudan hər hansı bir məbləğdə pul almamışdır. Məhkəmə vurulmuş zərəri ödəyərsə cinayət məsuliyyətindən azad ola bilər təklifinə isə, ziyanı qaytarmaq fikri yoxdur, çünki Zərərçəkmiş şəxs heç bir pul almamışdır deyə cavab vermiş, məhkəmədən qeyd olunanların nəzərə alınaraq ona bəraət verilməsini xahiş etmişdir.

4. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır.

5. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməkdədir. Kürəkəni Babək demişdir ki, belə bir adam var, ona kömək edə bilər. Onlar Natiqlə görüşmüş və Natiq kömək edə biləcəyini demişdir. O, oğlunun içəridən çıxacasına söz vermişdir. Bunun üçün onlar 4000 manat məbləğində pulu Ayna Sultanova tərəfdə Natiqə vermişlər. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Natiq məhkəmənin 10 günə olacağını deməklə 3-4 dəfə onları aldatmışdır. Pulu verdiyi yerdə o, kürəkəni və Natiq olmuşdur. Pulun 3000 manatını o, vermiş, 1000 manatını isə qızı vermişdir. Məhkəmə də 1 dəfə olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmədiyini, ondan şikayətçi olduğunu, pulun qaytarılmasını tələb etdiyni qeyd edib, məhkəmədən onun cəzalandırılmasını xahiş etmişdir.

6. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, anasına demişdir ki, pul verməsin. Yoldaşı gəlmiş və anasına belə bir adamın olduğunu, onun kömək edə biləcəyini dedikdə isə anası bununla razılaşmışdır. Natiq adlı şəxs də söz vermişdir ki, qardaşını içəridən çıxaracaqdır. Həmçinin ona verilən suala cavab olaraq bildirmişdir ki, anasının Natiqə vermək üçün pulun bir hissəsini 1000 manat məbləğində pulu da o, vermişdir.

7. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Natiq özü ona bu işdə kömək edə biləcəyini bildirmişdir. O da keçmiş qayınanasına bu barədə demiş, daha sonra birlikdə Təqsirləndirilən şəxslə görüşə getmişlər. Görüş zamanı Natiq qaynının azadlığa çıxarılmasına görə pul istəmiş, qayınanası da onun yanında 4000 manat məbləğində pulu Natiqə vermişdir. Bu pulun 3000 manatı qaynanama məxsus olmuş, 1000 manatını isə keçmiş həyat yoldaşım vermişdir.

8. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X7 ifadəsində göstərmişdir ki, o, ümumiyyətlə bu hadisənin birbaşa şahidi olmamışdır. Amma anası ona demişdir ki, onun azadlığa çıxarılması üçün Təqsirləndirilən şəxs adlı şəxslə görüşmüş və ona 4000 manat pul vermişdir. Sonradan da eşitmişdir ki, həmin şəxs dələduzdur və anasını da aldatmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

9. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir.

10. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, lakin hazırda ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur.

11. İttiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün barəsində axtarış elan edilməklə tutularaq Binəqədi RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır.

12. Tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 03 dekabr 2022-ci il tarixdə saat 07:30-da tutularaq Binəqədi RPİ-nin MSY-nə təhvil verilmişdir.

13. Üzləşdirmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir.

14. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişdir.

15. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham xx.xx.2022-ci il tarixdə saat 09:30-da elan olunmuşdur.

16. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.

17. Şəxsin MSY-dən azad edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir.

18. Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün barəsində axtarış elan edilməklə tutularaq Binəqədi RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır.

19. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 14 mart 2024-cü il tarixdə saat 23:00-da tutularaq Binəqədi RPİ-nin MSY-nə təhvil verilmişdir.

20. Tutulmuş şəxsin X5 azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi ilə əlaqədar onun həbsdə saxlanılması zərurəti olmadığından saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir.

21. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)- 323/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə barəsində axtarış elan olunmuşdur.

22. Şirvan şəhər Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şirvan şəhər Polis İdarəsinin İstintaq şöbəsində Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin istintaqı aparılmaqdadır.

23. Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-323/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs 02 noyabr 2024-cü il tarixdə Binəqədi RPİnin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq, 04 noyabr 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir.

24. Məhkəmənin şəxsi məlumatlara dair portal çıxarışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü X8 adlı bir azyaşlı övladı vardır. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:

25. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

26. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

27. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur.

28. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, bu sübutlar Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş digər sübutlarla təsdiq edilmişdir.

29. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, təqsirləndirilən şəxsin ifadələrini, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir.

30. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 177-ci maddəsinin qeyd hissəsinə görə təqsirləndirilən zərərçəkənə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurduğu hallarda 178.1-ci maddə ilə məsuliyyət daşıyır.

31. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmənin hazırlıq və baxış iclasında təqsirləndirilən şəxsə CM-nin 73-1-ci maddəsinin tələbi, yəni əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi imkanı izah edilsə də təqsirləndirilən şəxs vurulmuş zərəri ödəmək fikrində olmadığını bildirmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir.

32. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.1-ci maddəsi (Dələduzluq) cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Dələduzluq cinayəti talama cinayətləri kateqoriyasına daxil olsa da başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir.

33. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında göstərilir ki, törədilmiş əməl CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluqyəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.

34. Hazırki, cinayət işinin istintaqı zamanı da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs etibarından istifadə edərək, ona yalan vədlər vermək və aldatma yolu ilə (guya əlaqələrindən istifadə edərək oğlunu cəza çəkməkdən azad edəcəyi vədi ilə) 4000 manat pulunu ələ keçirmiş, daha sonra müxtəlif bəhanələrlə bu pulu geri qaytarmaqdan imtina etmişdir. Zərərçəkmiş şəxs bu pulun 3000 manatının özünə məxsus olduğunu, digər 1000 manatını isə qızı Şahid1 əldə etdiyini bildirmiş, onun verdiyi ifadələr şahidlər tərəfindən də təsdiqlənmişdir.

35. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi mövqeyinə müraciət edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə edilmiş hüquqi mövqeyinə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet).

36. Məhkəmə qeyd etmək istəyir ki, zərərçəkənin baş vermiş dələduzluq əməli ilə bağlı müraciəti xx.xx.2022-ci il tarixinə təsadüf etsə də istintaqı həyata keçirən Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Vüsal Rzayev cinayəti törədənin Təqsirləndirilən şəxs olduğunu bilməsinə baxmayaraq, düzgün olmayan nəticəyə - onun axtarışlarının nəticə verməməsi səbəbilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul etməsi nəticəsinə gəlmişdir. Zərərçəkənin təkidi ilə şikayət Binəqədi rayon Prokurorluğunda araşdırılmış qəbul edilmiş qərarın əsassız və qanunsuz olması səbəbilə (belə ki, şübhəli şəxsin axtarışa verilməsi əvəzinə cinayət işinin başlanmasının rədd edilməsi) qərar ləğv edilmişdir. Bundan sonra müxtəlif vaxtlarda təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün axtarışa verilmiş istintaq onun yeri müəyyən edilənədək dayandırılmışdır. Lakin müstəntiq təqsirləndirilən şəxsin vaxtından istintaqa cəlb edilməsi üçün zəruri imkanlarından istifadə edərək onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirini dəyişdirməmiş, əksinə xx.xx.2022-ci il tarixində təqsirləndirilən şəxsin telefon danışığı zamanı ağır xəstə olması ilə bağlı fikirlərinə istinad edərək cinayət işi üzrə icraatı dayandırmış və xx.xx.2023-cü il tarixində sağalması əsası ilə icraatı təzələmışdır. Bununla da CPM-in 53.3.4-cü maddəsinin tələblərini pozaraq (xəstəlik səbəbilə icraatın dayandırılması yalnız tibbi rəy əsasında ola bilər) istintaqın müddətinin süni şəkildə uzadılmasına səbəb olmuşdur.

37. AİHM-nin 6-cı maddəsinə görə hər kəs, ... ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

38. Avropa İnsan hüquqları Konvesiyasının 6-cı maddəsinə görə cinayət mühakimə icraatında müddət həm istintaq, həm məhkəmə icraatı dövrünü əhatə edir. “OAO X1rşı” AİHM-nin qərarında göstərilir ki, məhkəmədə ağlabatan müddət anlayışı digər proses iştirakçılarının prosessual hüquqlarının pozulması hesabına təmin edilməməlidir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, gecikmiş ədalət AİHK-nın 6-cı maddəsinin, ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusu kimi qiymətləndirilir.

39. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

40. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.

41. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır.

42. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.

43. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.

44. Hazırkı cinayət işinə münasibətdə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməməsi üçün uzun müddət istintaqdan yayınması hallarının da nəzərə alınması zəruri şərtlərdən biridir. Təqsirləndirilən şəxsin əvvəllər də talama cinayətlərinə görə məhkumluğunun olması, hal-hazırda isə Şirvan Şəhər Polis Şöbəsində barəsində 178.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs kimi istintaq aparıldığını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dələduzluq cinayələrinə meyillidir və onun islah olunması istiqamətində daha ciddi tədbirlər həyata keçirilməlidir.

45. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasını və belə olan halda təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.

46. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

47. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir.

48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür.

49. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs faktiki azadlığı 03 dekabr 2022-ci il tarixdə saat 07:30-da məhdudlaşdırılaraq həmin tarixdə tutulmuş və 04 dekabr 2022-ci il tarixdə saat 09:30-da təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Bakı şəhəri Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs saat hesabı ilə 24 saatdan artıq müddətdə, yəni 1 (bir) gündən artıq müddətdə şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Belə olan halda məhkəmə, Təqsirləndirilən şəxs hüquqların pozulmaması və onun vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə faktiki azadlığının məhdudlaşdırıldığı 03 dekabr 2022-ci il tarixdə saat 07:30-dan təqsirləndirilən şəxs qismində cəlb edildiyi 04 dekabr 2022-ci il tarixdə saat 09:30-dək olan müddətin 2 (iki) gün olaraq nəzərə alınmasını məqbul hesab etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli axtarış qərarı əsasında 14 mart 2024-cü il tarixdə tutularaq Binəqədi RPİ-nin MSY-nə təhvil verilmiş və 16 mart 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınaraq, saxlanıldığı Bakı şəhəri Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Belə olan halda aydın olur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ümumilikdə 4 (dörd) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur.

50. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir.

51. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir.

52. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanır.

53. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 4 (dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır.

54. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir.

55. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

56. Bundan başqa, iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-323/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə barəsində axtarış elan olunmuş və sonuncu həmin qərar əsasında 02 noyabr 2024-cü il tarixdə Binəqədi RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq, 04 noyabr 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir.

57. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir.

58. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 02 noyabr 2024-cü il tarixdən hesablanmalıdır.

59. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

60. CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir.

61. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 45 (qırx beş) saat vaxt sərf etmişdir.

62. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

63. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.

64. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 (qırx beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir.

65. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur.

66. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

67. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu ümumilikdə 4 (dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 02 noyabr 2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar