Məhkəmə qərarları › İş №1(001)-342/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-342/2021

18.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-342/2021 18.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Şəki oğlunun, Təqsirləndirilən şəxs, xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, 2-ci qrup əlil, işləməyən, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 10.07.2014-cü il tarixli CMnin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28.04.2015-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 04 ay 10 gün vaxtından əvvəl şərti azad olunmuş, 08.09.2015-ci il tarixdə icra olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan, “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 31 mart 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 20 manat pul müqabilində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0.307 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə - heroini əldə edərək üzərində saxlayaraq daşımış, 01.04.2021-ci il tarixdə saat 16:00-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-cü Dağlıq küçəsində Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Binəqədi rayonu, Y.Hüseynov 65 ünvanında yerləşən polis bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd ağ rəngli şəffaf sellofana bükülmüş halda təmiz çəkisi 0.307 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 31.03.2021-ci il tarixdə axşam saatlarında Nəsimi rayonu “Papanin” adlanan yerdə tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata narkotik vasitə hesab edilən heroini alıb üzərində saxlamışdır ki, istifadə etsin.01.04.2021-ci il tarixdə saat təxminən saat 16.00 radələrində Bakı şəhəri, Biləcəri qəsəbəsi 3-cü Dağlıq küçəsində olduğu zaman iki nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmiş və onu qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 6-cı PB-yə dəvət etmişlər.Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilmişdir. Baxış zamanı ona üzərimdə qanunla qadağan edilmiş hər hansı əşya vardırsa təqdim etməsi təklif edilmişdir və o əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd ağ rəngli şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur.Üzərindən aşkar olunmuş “heroin” adlanan narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir.Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, İİ qrup əlil olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 01 aprel 2021-ci il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq olaraq narkotik vasitələri əldə etməsi üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur.Həmin məlumatı yoxlamaq məqsədi ilə raportla rəhbərliyə müraciət etmişdir və bundan sonra bölmənin sahə inspektoru polis kapitanı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılaraq, əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir.01 aprel 2021-ci il tarixdə saat 16:00 radələrində Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək məqsədi ilə Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-cü Dağlıq küçəsinə gələrək əməliyyat mövqeyi seçmişlər.Zahiri əlamətləri onlara əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs gəldiyini görüb tədbir iştirakçıları ilə birlikdə ona yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib, həmin şəxsdən özünü təqdim etməsini istəmişlər.O, Təqsirləndirilən şəxs olduğunu dedikdən sonra ona qanunsuz olaraq olaraq narkotik vasitə əldə etməsi üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib onu Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər.Bölmədə xidməti otaqların birində ona hüquq və vəzifləri elan olunduqdan sonra Təqsirləndirilən şəxs dövlət hesabına vəkillə təmin olunmaq istəyini bildirmişdir və vəkil dəvət olunub ona təqdim edilmişdir.Bundan sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmişdir.Axtarışdan öncə ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir.Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd ağ rəngli şəffaf sellofana bükülümüş 01 ədəd bükülünü çıxarıb masanın üzərinə qoyub, üzərində başqa heç bir əşya olmadığını demişdir.Bundan sonra onun üzərinə baxış keçirilmiş, ancaq hər hansı əşya aşkar edilməmişdir.Sorğu zamanı Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bükülünün içərisində narkotik vasitə olduğunu, həmin maddəni 31 mart 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidən tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə zərfə qablaşdırılıb möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır.Bundan sonra protokol tərtib edilib, ucadan oxunmuş, protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru Şahid2 ifadəsinə əsasən məlum olur ki, 01 aprel 2021-ci il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq olaraq narkotik vasitələri əldə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur.Həmin məlumatı yoxlamaq məqsədi ilə bölmənin əməliyyat müvəkkili Şahid1 raportla rəhbərliyə müraciət etmiş və bundan sonra Şahid1 rəhbərliyi və onun iştirakı ilə əməliyyat qrupu yaradılaraq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. 01 aprel 2021-ci il tarixdə saat 16:00 radələrində Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək məqsədi ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-cü Dağlıq küçəsinə gələrək əməliyyat mövqeyi seçmişlər.Zahiri əlamətləri onlara əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs gəldiyini görüb tədbir iştirakçıları ilə birlikdə ona yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib, həmin şəxsdən özünü təqdim etməsini istəmişlər. O, Təqsirləndirilən şəxs olduğunu dedikdən sonra ona qanunsuz olaraq olaraq narkotik vasitə əldə etməsi üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib onu Binəqədi RPİ-nin 6-cı PB-yə dəvət etmişlər. Bölmədə xidməti otaqların birində ona hüquq və vəzifələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs dövlət hesabına vəkillə təmin olunmaq istəyini bildirmişdir və vəkil dəvət olunub ona təqdim edilmişdir.Bundan sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmişdir.Axtarışdan öncə ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir.Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd ağ rəngli şəffaf sellofana bükülümüş 01 ədəd bükülünü çıxarıb masanın üzərinə qoyub, üzərində başqa heç bir əşya olmadığını demişdir.Bundan sonra onun üzərinə baxış keçirilmiş ancaq hər hansı əşya aşkar edilməmişdir.Sorğu zamanı Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bükülünün içərisində narkotik vasitə olduğunu, həmin maddəni 31 mart 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidən tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə zərfə qablaşdırılıb möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır.Bundan sonra protokol tərtib edilib, ucadan oxunmuş, protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 02.04.2021-ci il tarixli, 6/1290 saylı rəyinə əsasən məlum olur ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “zərflər üçün №175” möhür əksi “ Şübhəli şəxs Təqsirləndirilən şəxs ” yazıları və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,307 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan - heroindir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsin keçirilmiş məhkəmə narkoloji ekspertizasının 12.06.2021-ci il tarixli, 1886 №-li rəyinə əsasən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamə və hökmün sürətinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Nizami Rayon Məhkəməsinin 10.07.2014-cü il tarixli hökmü ilə məhkum olunmuş və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28.04.2015-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 04 ay 10 günündə vaxtından əvvəl şərti azad olunmuş, 08.09.2015-ci il tarixdə hökm icra edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 12.05.2015-ci il tarixli arayışa əsasən məlum olur ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 2-ci qrup əlildir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, təqsirini etiraf etməsini, 2-ci qrup əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs təqsirini etiraf edir, əməlindən peşmandır, İİ qrup əlildir, əməlində cəzanı ağırlaşdıran hallar ümumiyyətlə yoxdur. Məlum olduğu kimi Azərbaycan Respublikasında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə aparılan islahatlar çərçivəsində 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi barədə qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına cəza növü olaraq bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 01 aprel 2021-ci il tarixdən 03 aprel 2021-ci il tarixədək, həbsdə olduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1 (bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, iş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 01 aprel 2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 01 aprel 2021-ci il tarixdə tutulmuşdur. Həmçinin, Binəqədi RPİ İŞ-nin müstəntiqi, polis baş leytenantı Nicat İbrahimov tərəfindən qəbul edilmiş 03 aprel 2021-ci il tarixli qərarına əsasən məlum olur ki, 03 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirini seçilməsi qərara alınmışdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 1 ünvanda cəzasını çəkməli və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər rayon Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” barədə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə - heroinin 0,257 qram olan qalığı məhv edilməli və iş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 109,9 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344- 349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 01 aprel 2021-ci il tarixdən 03 aprel 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 1 ünvanda yerləşən mənzilində çəksin. Təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroin 0,257 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 109.90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar