Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-342/2022 29.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 127.2.2 və 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 31 dekabr 2021-ci il tarixdə, saat 17 radələrində yaşadığı ünvan 3 ünvanında həmin evin ikinci mərtəbəsində yaşayan keçmiş arvadı Zərərçəkmiş şəxs “Yeni il” bayramı ilə əlaqədar şam ağacı quraşdırıb-bəzəməsini görüb həmin şam ağacını sökməsini tələb etdikdə sonuncu bununla razı olmadığı səbəbindən aralarında yaranmış mübahisə zamanı o, orada olan Zərərçəkmiş şəxs övladları 2003-cü il təvəllüdlü Şahid1, yetkinlik yaşına çatmayan 2006-cı il təvəllüdlü Şahid2 və azyaşlı 2011-ci il təvəllüdlü Şahid3 gözü qarşısında xüsusi amansızlıqla anaları Zərərçəkmiş şəxs əli ilə vurduqdan sonra evin həyətinə çıxarmış, orada xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs döş qəfəsinə bir neçə yumruqla vuraraq, sol tərəfli Vİİİ qabırğanın yerdəyişən sınığı ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin qançırı kimi xəsarətlər yetirməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləssinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-in 127.2.2 və 127.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə ifadə verməkdən imtina etmək hüququndan istifadə edərək ifadə verməkdən imtina etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 127.2.2 və 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2002-ci ildə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə nikahlarından 2003-cü il təvəllüdlü Şahid1, 2006-cı il təvəllüdlü Şahid2, 2011-ci il təvəllüdlü Şahid3 dünyaya gəlmişdirlər. Aralarında birgə olduqları müddətdə mütəmadi olaraq mübahisələr baş vermişdir. Ona görə də, 2021-ci ilin avqust ayında məhkəmə qərarına əsasən o, rəsmi olaraq Pərvindən ayrılmışdır. Yaşadıqları evin birinci mərtəbəsində Pərvin valideynləri ilə birlikdə, 2-ci mərtəbəsində isə o, 3 övladı ilə birlikdə yaşadığını bildirmişdir. 31 dekabr 2021-ci il tarixdə, saat 17:30-da o, övladları ilə birlikdə evdə olduğu zaman Pərvin yaşadığı mənzilin pəncərəsindən içəri daxil olaraq evdə yeni il rəmzi olan şam ağacının sökülməyini tələb etmiş və o, razı olmadığı üçün Pərvin onu nalayiq ifadələrlə təhqir edərək bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmişdir. Onların səslərinə övladları olan Məhəmməd, Fatimə və İbrahim otağa gəlmişdir. Həmin vaxt oğlu İbrahim və qızı Fatimə ağlasalar da Pərvin uşaqların ağlamalarına reaksiya verməyək onunla mübahisə etmiş və şam ağacını sökməyə onu məcbur etmişdir. O, isə şam ağacını yeni il münasibəti ilə uşaqlara görə qurduğunu və sökməyəcəyini bildirmişdir. Aralarında olan bu mübahisə xeyli davam etmişdir. Bundan sonra isə Pərvin sonda onun saçından sürüyərək və şam ağacını götürərək həyətə aparmışdır. Həyətdə olarkən Pərvinin valideynləri Məqsəd və Firidə bayıra çıxmış, evin həyətində də onların aralarında olan münaqişə davam etmişdir. O, səsküy salaraq kömək istədiyinə görə Pərvin yumruqla onun qabırğa nahiyəsinə vurmuş, vurduqdan sonra isə yaşadığı evə daxil olaraq az sonra əlində bıçaqla onun üstünə gəlmişdir. Bu zaman atası Məqsəd və oğlu Məhəmməd Pərvinin qarşısını almışlar. Pərvin bundan sonra yeni il rəmzi olan şam ağacını həyətdə yandırmışdır. Az sonra polis əməkdaşları evə yaxınlaşarkən Pərvin evin hasarından tullanaraq oradan uzaqlaşmışdır. Həmin hadisə nəticəsində onun qabırğası sınmışdır. O, bu barədə dərhal DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları gələrək sənədləşmə aparmış, xəsarəti ilə bağlı evdə ilkin tibbi yardım almış, sonra isə o, polis bölməsində verilmiş göndəriş əsasında məhkəmə ekspertizasında müayinədən keçmişdir. Təqsirləndirilən şəxs ilə barışdığı, ondan şikayətçi olmadığı və ona dəyən zərər tam şəkildə ödənildiyi üçün sonuncunun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə istirahət günü olduğu üçün evdə olmuşdur. Axşam saat 19 radələrində o, evdə olduğu vaxt həyətdə səs-küy eşitmiş və həyat yoldaşı Firidə ilə həyətə çıxmışlar. Həyətdə olarkən gəlini Jalə və Pərvinin mübahisə etdiklərini görmüş, belə ki, mübahisəyə səbəb yeni il günü bayramı ilə əlaqədar Jalənin evdə şam ağacı bəzəməsi olmuşdur. Bu səbəbdən Pərvin həmin şam ağacını həyətdə yandırmışdır. Həmin vaxt həyətdə Pərvin və Jalədən başqa uşaqları Fatimə, Məhəmməd və İbrahim də olmuşdur. İbrahim və Fatimə yaranmış mübahisəylə bağlı ağlasalar da, Pərvin onlara heç bir reaksiya verməmişdir. Münaqişə vaxtı Pərvin əsəbləşərək evə daxil olmuş və əlində bıçaqla həyətə çıxaraq Jalənin üstünə tərəf getmişdir. Bu vaxt o və nəvəsi Məhəmməd Pərvinin qarşısını kəsərək onun Jaləni vurmasının qarşısını almışdırlar. Bir qədər sonra polis əməkdaşlarının evə yaxınlaşdığını eşidən Təqsirləndirilən şəxs evin hasarından tullanaraq bayıra çıxmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə istirahət günü olduğu üçün evdə olmuşdur. Axşam saat 19 radələrində o, evdə olduğu vaxt həyətdə səs-küy eşitmiş və həyat yoldaşı Məqsəd ilə həyətə çıxmışdırlar. Həyətdə olarkən gəlini Jalə və Pərvinin mübahisə etdiklərini görmüş, belə ki, mübahisəyə səbəb yeni il günü bayramı ilə əlaqədar Jalənin evdə şam ağacı bəzəməsi olmuşdur. Bu səbəbdən Pərvin həmin şam ağacını həyətdə yandırmışdır. Həmin vaxt həyətdə Pərvin və Jalədən başqa uşaqları Fatimə, Məhəmməd və İbrahim də olmuşdur. İbrahim və Fatimə yaranmış mübahisəylə bağlı ağlasalar da, Pərvin onlara heç bir reaksiya verməmişdir. Münaqişə vaxtı Pərvin əsəbləşərək evə daxil olmuş və əlində bıçaqla həyətə çıxaraq Jalənin üstünə tərəf getmişdir. Bu vaxt həyat yoldaşı Məqsəd və nəvəsi Məhəmməd Pərvinin qarşısını kəsərək onun Jaləni vurmasının qarşısını almışdırlar. Bir qədər sonra polis əməkdaşlarının evə yaxınlaşdığını eşidən Təqsirləndirilən şəxs evin hasarından tullanaraq bayıra çıxmışdır. Binəqədi rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə daxil olmuş teleqramlardan görünür ki, Şahid2, Şahid3, Şahid1 ibtidai istintaqda verdikləri ifadələri təsdiq edirlər, səhhətləri ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmişlər. Məhkəmə iclasına çağırılmış şahidlər Şahid2, Şahid3, Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (i.v. 1) xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs az ağır bədən xəsarətləri yetirməsinə dair cinayət hadisəsi ünvan 3-da baş vermişdir.(i.v. 7-11) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X1” X2 Binəqədi Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 61 saylı ekspert rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət- sol tərəfli Vİİİ qabırğanın yerdəyişən sınığı ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin qançırı bərk küt əşyanın təsirindən müayinədən 8-11 gün əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığı uzun müddətə pozan sağlamlığa az ağır zərər vurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə yumruqla endirilmiş zərbə nəticəsində əmələ gələ bilərdi. (i.v. 15-16) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i. v. 55-56) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsindən, həmin Məcəllənin 127.2.2 və 127.2.3-cü maddəsinə tövsif olunmuşdur. (i.v. 69) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 127.2.2 və 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v. 72-73) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-254/2022 saylı, xx.xx.2022-ci il tarixli qərar ilə Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq müddətinin sonunadək. yəni xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 91-93) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-474/2022 saylı, xx.xx.2022-ci il tarixli qərar ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün uzadılmışdır. (i.v. 191-193) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-in 126.1, 178.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə hökmdən CM-in 178.1-ci maddəsi xaric edilərək cəza 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, xx.xx.2019-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 126-129, 130-137) AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsini surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Şahid3 adlı bir azyaşlı uşağı vardır. (i.v. 108) xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət, tələbi yoxdur və ona dəyən zərər tam şəkildə ödənilmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 127.2.2 və 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 127.2.2 və 127.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağının olmasını, CM-nin 59.1.12-ci maddəsinə əsaslanmaqla zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən yenidən qəsdən cinayət törətmişdir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxıb, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 127.2.2 və 127.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-254/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində ibtidai istintaq müddətinin sonunadək, yəni xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəməsinin 4(001)-474/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 20 gün uzadılmışdır. Sadalanan iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı azadlığı faktiki xx.xx.2022-ci il tarixdə məhdudlaşdırılaraq həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə azadlığı faktiki məhdudlaşdırılaraq eyni tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 40 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, məhkəmə məsrəfi, maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməklə ona təyin edilmiş cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, məhkəmə məsrəfi, maddi sübut yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(001)-342/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-342/2022
29.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver