Məhkəmə qərarları › İş №1(001)-343/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-343/2021

20.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-343/2021 20.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, kiçik ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 saylı Vəkil Bürosunun vəkili X9 oğlunun, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, xx.xx.1989-cu ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,hal-hazırda subay,himayəsində 2 (iki) azyaşlı övladı olan, ali təhsilli, işləməyən, Tərtər Hərbi Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 1(098)-83/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə 500 manat cərimə cəzasına məhkum edilmiş,cərimə cəzası 26 may 2021-ci il tarixdə ödənilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan və Bərdə rayonu, Natəvan küçəsi, ev 2 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi rayon məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxs, keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 11.04.2021-ci il tarixdə, saat 15.00 radələrində ünvan 3 ünvanında yerləşən yaşayış binasının mühafizə otağında keçmiş arvadı Zərərçəkmiş şəxs bir gün əvvəl ona evinin giriş qapısını açmaması və polisə şikayət etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən saçından tutub yerə yıxdıqdan sonra qəsdən təpik zərbələri ilə baş nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə vuraraq Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan təpə nahiyəsinin və sol gicgah nahiyəsinin qançır-şişkinliyi, sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz qapaqları və gözaltı nahiyəsinin qançır şişkinliyi, üst dodağın sıyrığı xəsarətlərini yetirib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 2011-ci ildə ailə həyatı qurmuş, birgə nikahlarından 14.07.2012-ci il təvəllüdlü X8, 22.08.2015-ci il tarixdə X4 ad-soyadlı iki uşağı var.Evləndikdən sonra birlikdə Bərdə rayonunda yaşamağa başlamışlar.Ailə qurduqdan sonra ilk vaxtlar mehriban yaşamışlar.Son bir neçə ildə aralarında narazılıqlar yaranmağa başlamışdır.O, Nərgizə köçüb Bakı şəhərində yaşamaq istədiyini bildirimiş, amma Nərgiz onunla razılaşmamışdır.Bakıda yaşamaq istədiyi üçün işdən çıxmışdır.Bakı şəhərinə köçdükdən sonra yenidən ASAN Xidmət Mərkəzlərindən birinə sənədlərini vermək istəmişdir. Nərgiz onun planları ilə razılaşmadığı üçün, həm də artıq yola gedə bilmədiklərinə görə 04.09.2020-ci ildə məhkəmə qərarına əsasən rəsmi olaraq boşanmışlar.Rəsmi boşanmadan sonra Nərgiz Bakı şəhərinə ezam gəlib “ASAN Xidmət”in Situasiya Mərkəzində işləməyə başlamışdır. Boşandıqdan sonra aralarında olan razılığa əsasən, adətən, həftəsonu həftədə bir dəfə uşaqları görməyə getmişdir.Uşaqları görməyə gələrkən Nərgizlə mübahisələri olmamışdır. Boşandıqdan və işi ilə bağlı Bakı şəhərinə gəldikdən sonra Nərgizin uşaqları ilə birlikdə anasının adına olan Bakı şəhəri, ünvan 4 ünvanında yaşamasına icazə vermişdir.O, Bərdə rayonunda yaşamış, uşaqları görmək üçün Bakı şəhərinə gəlib-getmişdir.10.04.2021-ci il tarixdə günorta təxminən 1-2 radələrində uşaqları görmək üçün həmin ünvana getmişdir.Nərgizlə və uşaqlarla binanın qarşısında qarşılaşmış və birlikdə mənzilə qalxmışlar.Həmin vaxt Nərgizə sosial şəbəkələrdə əxlaqsız paylaşımlar etməməsini tələb etmiş, Nərgiz isə “özüm bilərəm” deyə cavab verdiyi üçün əsəbiləşmişdir.Həmin vaxt Nərgiz mənzilə daxil olaraq qapını arxadan bağlamış və o, blokda qalmışdır.Nərgiz qapının arxasından onu təhqir edərək çıxıb getməsini tələb etmişdir.Həmin vaxt Nərgiz onu qıcıqlandırmaq üçün polisə zəng vuraraq ondan şikayət etmişdir. Qapını bir neçə dəfə bərk döyüb polisə niyə şikayət etdiyini soruşmuş və çıxıb getmişdir. O heç vaxt evlərinin qapısını və ya hansısa qapını təpikləyib sındırmamışdır.Bundan sonra, 11.04.2021-ci il tarixdə günorta saat təxminən 15.00 radələrində binanın həyətinə gəlib uşaqlarının həyətdə oynadığını görmüş, yaxınlaşıb görüşmüşdür. Bu vaxt Nərgizin yaxınlaşdığını görmüşdür.Nərgizdən dünən niyə onun sosial şəbəkə ilə bağlı sualına kobud cavab verib polisə şikayət etdiyini soruşmuşdur.O “yaxşı edərəm” demiş, telefonu qulağına aparmış və yanından uzaqlaşmağa başlamışdır.Arxasınca gedib sualına cavab verməsini istəmişdir.Nərgiz ondan qorxduğu üçün yeriyərək yaxınlıqda yerləşən binanın mühafizə otağına getmişdir. Nərgizin arxasınca mühafizəçi otağına daxil olmuşdur.Onunla saymazyana, kobud danışdığı üçün, səbəbsiz yerə ondan polisə şikayət etdiyi üçün möhkəm əsəbiləşmiş və Nərgizə yaxınlaşıb ilk olaraq saçından tutub yerə yıxmışdır.Nərgiz yerə yıxıldıqdan sonra təpiklə baş nahiyəsinə 1-2 dəfə zərbə endirmişdir.Keçmiş həyat yoldaşı, uşaqlarının anası olduğu üçün ürəyi dözməmiş, sakitləşib dərhal oranı tək etmişdir.Həmin vaxt biri yaşlı, biri cavan olan iki mühafizəçi orada olmuşdur.O, Nərgizi vuranda elə də çox səs-küy olmamışdır.Həmin vaxt uşaqlar həyətdə olmuş və onun Nərgizi vurmağını görməmişlər.Belə ki, hadisənin baş verməsinə səbəb Nərgizin sosial şəbəkələrdə əxlaqsız şəkillər paylaşması, əxlaqsızlıq etməsi, polisə ondan səbəbsiz şikayət etməsi olmuşdur.Hadisə təxminən 1-2 dəqiqə davam etmişdir.Səs-küy yaranmamış və ətrafa heç kim yığılmamışdır.Sadəcə özü ürəyi ağrıdığı üçün mübahisəni davam etdirməyib dərhal oradan uzaqlaşmışdır.Hətta narahat olduğu üçün sonradan anasına və digər qohumlarına zəng vurub Nərgizlə maraqlanmalarını xahiş etmişdir.O, ilk dəfə idi ki, Nərgizə əl qaldırırdı.Əvvəl bir dəfə boşandıqdan sonra döyüşdə olduğu zaman alimenti ödəyə bilmədiyi üçün Nərgiz ondan şikayət etmiş, sonra o, məsələni yoluna qoymuşdur.Zərərçəkmiş şəxs 10.04.2021-ci il tarixdə 102 xidmətinə zəng vuraraq şikayət etməsi ilə bağlı qeyd etmək istəyir ki, həmin vaxt Nərgiz təhqir etdiyi, onu qıcıqlandırmaq məqsədilə polisə zəng vuraraq şikayət etdiyi üçün qapını bir neçə dəfə bərk döyüb çıxıb getmiş, həmin vaxt səs-küy salmamış, heç kimi narahat etməmişdir.O, heç vaxt Nərgizə hədə-qorxu gəlməmiş, belə bir şey olmamışdır. Nərgizin söylədikləri həqiqəti əks etdirmir.Bundan başqa, o, Nərgizin adından hər hansı ərizə yazmamışdır. X11 müraciət yalnız elektron qaydada olmuş, onda Nərgizin şəxsi məlumatları və ya şifrələri olmamışdır.Belə bir şey etməsi mümkün deyil. Nərgiz əvvəl də dəfələrlə imtahan vermiş, heç vaxt ona mane olmamışdır.Əksinə iki il əvvəl öz atası açıq ürək əməliyyatı keçirərkən o, sırf imtahan verib işini Bakıya dəyişə bilməsi üçün atasını yalnız qoyub Nərgizi Bakıya gətirmişdir.Hal-hazırda Nərgizlə münasibətləri normal deyil.Hadisə olan gün Nərgizin bacısı valideynləri ilə əlaqə saxlayıb təcili uşaqları gəlib götürmələrini tələb etmiş, atası Bərdədən Bakıya gəlib uşaqları götürmüşdür. O vaxtdan uşaqlar onun himayəsindədir. Nərgiz o vaxtdan bəri heç uşaqları ilə bir dəfə olsun zəng vurub maraqlanmamışdır.Ona görə də boşandıqdan sonra ilk əvvəl Nərgizlə barışmaq üçün çox cəhd etsə də, bu hadisədən sonra, yəni uşaqlardan imtina etdiyinə görə Nərgizlə barışmaq fikrindən daşınmışdır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, Təqsirləndirilən şəxs ilə 2011-ci ildə ailə həyatı qurmuşlar, birgə nikahlarından 14.07.2012ci il təvəllüdlü X8, 22.08.2015-ci il tarixdə X4 ad-soyadlı iki uşağı var.Evləndikdən sonra birlikdə Bərdə rayonunda yaşamağa başlamışlar. Evləndikdən sonra ilk vaxtlar mehriban yaşamışlar.Son bir neçə ildə aralarında narazılıqlar yaranmağa başlamışdır.Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən itifadə etməsindən şübhələndiyi üçün münasibətləri pozulmağa başlamışdır.Belə ki, Təqsirləndirilən şəxs səbəbsiz yerə evdə problem yaratmışdır.Belə ki, onlar əvvəllər bir yerdə işləmişlər, sonra Bağır işdən çıxmış, o, işləməyə davam etmişdir.Bağır xüsusilə narkotik vasitənin təsiri altında olanda onun işə getməyinə icazə vermədiyini bildirmiş, paltarını cırmış, hətta iş yerinə gəlib onu təhqir etmişdir.O, Bağırdan bu haqda soruşanda ona qeyri-adekvat cavablar vermişdir.Belə ki, Bağır ona tez-tez hədə qorxu gəlmişdir.Bütün bu hərəkətləri nəticəsində yola gedə bilmədikləri üçün 06.10.2020-ci ildə məhkəmə qərarına əsasən onlar rəsmi olaraq boşanmışlar.Rəsmi boşanmamışdan əvvəl artıq o, Bakı şəhərinə ezam gəlib “ASAN Xidmət”in Situasiya Mərkəzində işləməyə başlamışdır.Boşandıqdan sonra aralarında olan razılığa əsasən, adətən, həftəsonu həftədə bir dəfə Bağırın uşaqları görməsinə şərait yaratmışdır. Uşaqları görməyə gələrkən belə Bağırla mübahisələri olmuşdur.Hətta Bakıda olarkən Bağır bir dəfə iş yerinə gələrək onu narahat etmişdir.Bağır onunla barışmaq, yenidən bir yerdə yaşamaq istədiyini bildirsə də, kobudluq edərək, yersiz qısqanclıq edərək onu bezdirmişdir.Boşandıqdan və işi ilə bağlı Bakı şəhərinə gəldikdən sonra Təqsirləndirilən şəxs anasının adına olan Bakı şəhəri, ünvan 4 ünvanında uşaqları ilə birlikdə yaşamağa başlamışdır.Bağır həmin vaxt Bərdə rayonunda yaşamış, uşaqları görmək üçün Bakı şəhərinə gəlib getmişdir.10.04.2021-ci il tarixdə günorta Bağır yaşadığı mənzilə gəlib səs-küy salıb, qapını təpikləyərək qapını açmağını tələb etmişdir. Hətta daha öncə bir dəfə təpiklədiyi üçün qapını sındırmışdır. O, Bağırın özündə olmadığını, ona xəsarət yetirəcəyini düşündüyü üçün qapını açmamışdır. Bağır onu narahat etməyə davam etdiyi üçün 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir.Bundan sonra Bağır çıxıb getmişdir.11.04.2021-ci il tarixdə günorta saat təxminən 15.00 radələrində uşaqlar yaşadıqları binanın həyətində oynayarkən uşaqları evə yeməyə çağırmaq üçün aşağı düşəndə Təqsirləndirilən şəxs uşaqlara yaxınlaşdığını görmüşdür.Bağırın həmin vaxt kənarda durub onun aşağı düşməsini gözlədiyini hesab edir.Bağır görən kimi dünən niyə polisə zəng vurmasını ona irad tutmuşdur.Bağırın ona xəsarət yetirəcəyindən qorxduğu üçün yaxınlıqda yerləşən binanın mühafizə otağına qaçmışdır. Mühafizəçi otağında olan şəxslərin ona yardım edəcəyini düşünmüşdür.Bağır dərhal arxasından içəri gəlmiş, ilk olaraq saçından tutub yerə yıxmışdır.Yerə yıxıldıqdan sonra Bağır saçından tutub onu sürüdükdən sonra təpiklə sifətinə və başına zərbələr endirməyə başlamışdır.Həmin vaxt biri yaşlı, biri cavan olan iki mühafizəçi və bir qadın Bağırın ona xəsarət yetirməsini görmüşlər.Fikrincə, həmin şəxslər Bağırın hərəkətlərindən qorxduqları üçün onları aralamamışlar. Ona xəsarətlər yetirdikdən sonra Bağır öz avtomobilinə oturub çıxıb getmişdir. Sonra o, xəsarət alması barədə polisə məlumat vermişdir.Həmçinin, zərərçəkmiş şəxs göstərmişdir ki, təxminən 2 həftə əvvəl dövlət qulluqçusu təsnifatını artırmaq üçün müraciət etdiyi X2 adından guya başından zədə aldığı üçün imtahana gələ bilməyəcəyi barədə ərizə yazıldığını bildirmişlər. Əvəzindən imtahanın vaxtının dəyişilməsi ilə bağlı ərizənin ondan xəbərsiz Təqsirləndirilən şəxs tərəfindən yazıldığını düşünür.Fikrincə, Təqsirləndirilən şəxs bunu etməkdə məqsədi onun Bakıda işləməyini istəməməsi olmuşdur.Təqsirləndirilən şəxs yerə yıxıldıqdan sonra təpiklə onun üzünə, sağ göz nahiyəsinə, baş nahiyəsinə çoxsaylı zərbə endirərək, həmçinin saçını yolaraq ona xəsarətlər yetirmişdir.Təqsirləndirilən şəxs mütəmadi olaraq yaşadıqları mənzilə gəlib səs-küy salaraq onu və ailəsini narahat etdiyi, qonşular içərisində onu rüsvay etdiyi, bu halın növbəti dəfə təkrarlandığı üçün 10.04.2021-ci il tarixdə 102 xidmətinə zəng vuraraq və Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs şikayət etməyə qərar vermişdir.Hadisə təxminən 3-5 dəqiqə davam etmiş, hadisənin baş verməsinə səbəb bir gün əvvəl Bağıra yaşadığı mənzilin giriş qapısını açmaması və onu narahat etdiyi üçün Təqsirləndirilən şəxs polisə şikayət etməsi olmuşdur.Həmin vaxt biri yaşlı, biri cavan olan iki mühafizəçi və bir qadın Bağırın ona xəsarət yetirməsini görmüşlər.Ümumiyyətlə, səs-küyə ətrafda insanlar yığışmışlar.Evli olduqları vaxtlarda əvvəllər Təqsirləndirilən şəxs ilə bir neçə dəfə münaqişələri olsa da, polisə müraciət etməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə münasibətləri çox pisdir, onunla barışmamışdır və onu bağışlamamışdır. Məhkəmə baxışı zamanı şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, ünvan 6 ünvanındakı çoxmənzilli yaşayış binasında komendant köməkçisi vəzifəsində işləyir.11.04.2021-ci il tarixdə günorta saat təxminən 15.00 radələrində xidməti otağında olan zaman otağının yaxınlığındakı mühafizə otağında səs-küy eşitmişdir. O, dərhal mühafizə otağına keçmiş və işlədiyi binanın sakini kimi tanıdığı Nərgizin ağladığını və sağ göz nahiyəsindən xəsarət aldığını görmüşdür.Nərgizdən nə baş verməsi haqda soruşmuş, o, keçmiş əri Təqsirləndirilən şəxs onu döyərək xəsarət yetirdiyini bildirmişdir. O, hadisənin şahidi olmamışdır.O, otağa daxil olanda Təqsirləndirilən şəxs çıxıb getmişdir. Sonra Nərgizin uşaqları gəlmişdir.Uşaqları ağlayaraq baş vermiş hadisəyə görə analarını günahlandırmağa başlamışlar.Uşaqlar anasına “ana sən elədin, gərək atayla belə danışmazdın” demişdir.Nərgizə hansı formada xəsarət yetirildiyini görməmişdir.Həmin vaxt iki mühafizəçi iş yoldaşı həmin otaqda olmuş, o, isə digər otaqda olmuşdur.Yəqin ki, onlar hadisənin şahidi olmuşlar.Daha sonra Nərgizin xəsarət alması ilə bağlı polisə müraciət etdiyini öyrənmişdir.Hadisə qısa müddət davam etmiş, elə çox səs-küy yaranmamış, ətrafa heç kim yığılmamışdır. Hadisə nəticəsində ictimai qaydanın pozulması, cəmiyyətə açıqca hörmətsizlik göstərilməsi hallarının yaşandığını düşünmür.O, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs işlədiyi binanın sakinləri kimi tanımışdır. Onların rəsmi boşandığını bilmişdir.Onlar hərdənbir həmin mənzilə gəlmiş, bildiyinə görə Bərdə rayonunda daimi yaşamışlar.Əvvəllər onların hər hansı mübahisə, münaqişəsinə şahidlik etməmişdir.Hər ikisini yaxşı insan kimi xarakterizə edə bilər.Onun hadisədən bir gün qabaq 10.04.2021-ci il tarixdə Zərərçəkmiş şəxs 102 xidmətinə müraciət edərək Təqsirləndirilən şəxs gəlib səsküy salıb onu və ailəsini narahat etdiyini bildirməsi hadisəsindən xəbəri olmamışdır. İşlədiyi binada səs-küy və ya sakinləri narahat edən məqam olan kimi dərhal onlara müraciət etmişlər. Onlar belə hadisə olanda onlar vəziyyəti sakitləşdirməyə çalışmış, öhdəsindən gələ bilməyəndə polisə məlumat vermişlər. Həmin vaxt onlara heç bir müraciət, şikayət daxil olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, ünvan 6 ünvanındakı çoxmənzilli yaşayış binasında mühafizəçi işləyir.11.04.2021-ci il tarixdə günorta saat təxminən 15.00 radələrində işlədiyi binanın mühafizə otağında olan zaman binanın sakini kimi tanıdığı Zərərçəkmiş şəxs qaçaraq mühafizə otağına daxil olmuşdur.Onun arxasınca sonradan bildiyi Təqsirləndirilən şəxs içəriyə daxil olmuş, Nərgizin saçından tutub yerə yıxmış və yerdə olarkən onun sifətinə zərbələr endirmişdir.Otaqda olan iş yoldaşı Şahid3 ilə birlikdə onlara yaxınlaşıb ayırmağa çalışmışlar.Bundan sonra Bağır dərhal çıxıb getmişdir. Nərgizin sağ göz nahiyəsində xəsarətlərin olması müşahidə edilmişdir. Daha sonra Nərgiz hadisə barədə dərhal polisə məlumat vermişdir.O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyini görmüşdür.Sadəcə olaraq hadisə çox sürətli cərəyan etdiyi üçün o, onlara müdaxilə edib aralamağa gecikmişdir.Təqsirləndirilən şəxs 1-2 zərbə vurduqdan sonra özü könüllü münaqişəni dayandırıb çıxıb getmişdir.Həmin vaxt ondan başqa iş yoldaşı Şahid3 da həmin otaqda olmuşdur.Belə bir hadisənin baş verəcəyini gözləməmişlər.Dərhal müdaxilə edib onları aralamağa çalışmışlar.Hadisə qısa müddət davam etmiş, elə çox səs-küy yaranmamış və ətrafa heç kim yığılmamışdır.Hadisə nəticəsində ictimai qaydanın pozulması, cəmiyyətə açıqca hörmətsizlik göstərilməsi hallarının yaşandığını düşünmür. O, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs işlədiyi binanın sakinləri kimi tanımışdır.Əvvəllər onların hər hansı mübahisə, münaqişəsinə şahidlik etməmişdir. Hər ikisini yaxşı insan kimi xarakterizə edə bilər. Onun Zərərçəkmiş şəxs hadisədən bir gün qabaq 10.04.2021-ci il tarixdə 102 xidmətinə müraciət edərək Təqsirləndirilən şəxs gəlib səs-küy salıb onu və ailəsini narahat etdiyini bildirərək şikayət etməsindən xəbəri olmamışdır. Adətən, binada səs-küy və ya sakinləri narahat edən məqam olan kimi dərhal onlara müraciət edirlər. Həmin vaxt onlara müraciət edən, şikayət edən olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində ifadə verən Şahid3 bildirmişdir ki, ünvan 6 ünvanındakı çoxmənzilli yaşayış binasında mühafizəçi işləyir. 11.04.2021-ci il tarixdə günorta saat təxminən 15 radələrində işlədiyi binanın mühafizə otağında olmuşdur. Növbədən çıxmış, sadəcə olaraq həmin vaxt iş gördüyü üçün evə getməmişdir. İş yoldaşı Məhəmməd Umuduov da otaqda olmuşdur. Bu vaxt binanın sakini kimi tanıdığı Zərərçəkmiş şəxs qaçaraq mühafizə otağına daxil olmuş, arxasınca Təqsirləndirilən şəxs içəriyə daxil olmuş, Nərgizi yerə yıxmış və yerdə olarkən onun sifətinə zərbələr endirmişdir.O, dərhal onlara yaxınlaşmış, müdaxilə edib aralamışdır. Bundan sonra Bağır dərhal çıxıb getmişdir. Nərgiz hadisə barədə dərhal polisə məlumat verəcəyini bildirdiyi üçün onlar bunu etməmişlər.O, Bağırın Nərgizə xəsarət yetirdiyini görmüş, hadisə ani baş vermiş, onları aralamışdır. Həmin vaxt ondan başqa iş yoldaşı Şahid2 da həmin otaqda olmuş, hər ikisi belə bir hadisənin baş verəcəyini gözləməmiş, dərhal müdaxilə edib onları aralamağa çalışmışdır. Hadisə qısa müddət davam etmiş, səs-küy yaranmamış, ətrafa heç kim yığılmamışdır. Hadisə nəticəsində ictimai qaydanın pozulması, cəmiyyətə açıqca hörmətsizlik göstərilməsi hallarının yaşandığını düşünmür. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs işlədiyi binanın sakinləri kimi tanımışdır. Əvvəllər onların hər hansı mübahisə, münaqişəsinə şahidlik etməmişdir. Zərərçəkmiş şəxs hadisədən bir gün qabaq 10.04.2021-ci il tarixdə 102 xidmətinə müraciət edərək Təqsirləndirilən şəxs gəlib səs-küy salıb onu və ailəsini narahat etdiyini bildirməsindən xəbəri olmamışdır. Adətən, binada səs-küy və ya sakinləri narahat edən məqam olan kimi dərhal onlara müraciət edilmişdir. Həmin gün o, növbədə olmuş, nə Zərərçəkmiş şəxs tərəfindən, nə də qonşulardan onlara bununla bağlı müraciət edən, şikayət edən olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7” X13 Binəqədi Rayon Şöbəsi tərəfindən verilmiş 12.04.2021-ci il tarixli 464 saylı məhkəmə-tibbi ekspertiza rəyinə əsasən məlum olur ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – qapalı kəllə beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan təpə nahiyəsinin və sol gicgah nahiyəsinin qançırşişkinliyi, sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz qapaqları və gözaltı nahiyəsinin qançır şişkinliyi, üst dodağın sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən müayiəndən bir günə qədər əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 12.04.2021-ci il tarixdə insan bədəninin hissələri (əl barmaqlarının dırnağı, yumruq, təpik və s.) ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdi, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşməsinə baxmayaraq şəxsin özü tərəfindən yetirilməsi və eləcə də öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri inandırıcı deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Tərtər Hərbi Məhkəməsinin 01.04.2021-ci il tarixli hökmünün surətindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 27.05.2021-ci il tarixli 21-1/3-2011 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 01.04.2021-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə cəzasına məhkum edilmiş, hökm 22.04.2021-ci il tarixdə qanuni qüvvəyə minmiş, Təqsirləndirilən şəxs cəriməni tam ödəmiş, lakin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 128-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs təqsirini etiraf edir, əməlindən peşmandır, 2 uşaq hal-hazırda onun yanında yaşayır və himayəsindədir, ailədə yeganə qazanc gətirən şəxsdir, istintaq müddətində həbs olunmamışdır, əməlində cəzanı ağırlaşdıran hallar ümumiyyətlə yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını – hal-hazırda yaşadığı Bərdə rayonu, Natəvan küçəsində yerləşən fərdi yaşayış evində çəkməlidir. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bərdə rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344- 349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – Bərdə rayonu, Natəvan küçəsində yerləşən fərdi yaşayış evində çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bərdə rayonun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bərdə rayon Probasiya Şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri qüvvədə saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar