Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-343/2025 04.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 20 Vəkil Bürosunun vəkili X2, zərərçəkmiş şəxslər X5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur.
2. Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından suiistifadə etməklə, geniş əlaqələrə malik olduğunu və sonuncunun övladı Şahid1 Daxili İşlər Nazirliyinin Əlahiddə X11 polis nəfəri vəzifəsinə işə qəbul olunması məsələsini müsbət həll edəcəyinə dair yalan vəd verib aldadaraq bu adla 2022-ci ilin avqust ayında Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsində yerləşən “Bayraktar” restoranında Zərərçəkmiş şəxs1 05 avqust 2022-ci il tarixdə 10.000 manat və 08 avqust 2022-ci il tarixdə 12.000 manat olmaqla, ümumilikdə 22.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə alaraq zərərçəkmiş şəxsə məxsus xeyli miqdarda özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir.
3. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui- istifadə etməklə, geniş əlaqələrə malik olduğunu və sonuncunun işlədiyi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi 312 saylı Körpələr evi - uşaq bağçasının müdiri vəzifəsində saxlanılması məsələsini müsbət həll edəcəyinə dair yalan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs4 2022-ci ilin noyabr ayında Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanının yaxınlığında 12.000 manat və 2023-cü ilin mart ayında həmin ünvanda 4.000 manat olmaqla, ümumilikdə 16.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə alaraq zərərçəkmiş şəxsə məxsus xeyli miqdarda özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir.
4. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə sonuncuya X6 xidmətə bərpa olunması məsələsini müsbət həll edəcəyinə dair yalan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs2 2024-cü ilin fevral ayının ortalarında üç-dörd gün fərqlə Bakı şəhəri, Nərimanov rayonu ərazisində şəxsən 10.000 və 20.000 manat, 2024-cü ilin fevral ayının sonlarında Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Xəzər” restoranında Təqsirləndirilən şəxs2 vasitəsilə 10.000 manat olmaqla ümumilikdə vahid niyyətlə əhatə olunan * qəsdlə əldə etdikləri 40.000 manat məbləğində pul vəsaitini aralarında bölüb şəxsi ehtiyacları üçün sərf edib verdiyi vədinə əməl etməyərək Zərərçəkmiş şəxs2 məxsus xeyli miqdarda özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib təkrar dələduzluq etmişdir.
5. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək ona əri X3 iş yerinin dəyişdirilməsi məsələsini müsbət həll edəcəyinə dair yalan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs3 2024-cü ilin may ayının ortalarında iki-üç gün fərqlə Təqsirləndirilən şəxs2 vasitəsilə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində 5.000 və 10.000 manat, 2024-cü ilin may ayının 30-da Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi ərazisində yerləşən “Efe” hazırlıq kursunun yaxınlığında 25.000 manat olmaqla ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə əldə etdiyi 40.000 manat məbləğində pul vəsaitini aralarında bölüb şəxsi ehtiyacları üçün sərf edib verdiyi vədinə əməl etməyərək Zərərçəkmiş şəxs3 məxsus xeyli miqdarda özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib təkrar dələduzluq etmişdir.
6. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə sonuncuya X6 xidmətə bərpa olunması məsələsini müsbət həll edəcəyinə dair yalan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs2 2024-cü ilin fevral ayının ortalarında üç- dörd gün fərqlə Bakı şəhəri, Nərimanov rayonu ərazisində Təqsirləndirilən şəxs1 vasitəsilə 10.000 və 20.000 manat, 2024-cü ilin fevral ayının sonlarında Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Xəzər” restoranında şəxsən 10.000 manat olmaqla ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə əldə etdikləri 40.000 manat məbləğində pul vəsaitini aralarında bölüb şəxsi ehtiyacları üçün sərf edib verdiyi vədinə əməl etməyərək Zərərçəkmiş şəxs2 məxsus xeyli miqdarda özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir.
7. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək ona əri X3 iş yerinin dəyişdirilməsi məsələsini müsbət həll edəcəyinə dair yalan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs3 2024-cü ilin may ayının ortalarında iki-üç gün k fərqlə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində 5.000 və 10.000 manat, 2024-cü ilin may ayının 30-da Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi ərazisində yerləşən “Efe” hazırlıq kursunun yaxınlığında 25.000 manat olmaqla ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə əldə etdiyi 40.000 manat məbləğində pul vəsaitini aralarında bölüb şəxsi ehtiyacları üçün sərf edib verdiyi vədinə əməl etməyərək Zərərçəkmiş şəxs3 məxsus xeyli miqdarda özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirib təkrar dələduzluq etmişdir. İş materiallarında olan və məhkəmə hazırlıq iclasında tədqiq edilmiş:
8. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən cinayət işinin baxılmasının Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə aid olmadığı müəyyən edilmişdir.
9. Belə ki, məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 ona ümumilikdə 40.000 manat pul verdiyini, zərərçəkmiş şəxsin ona həmin pul vəsaitinin 5000 manatını Xətaidə, 25.000 manatını Neftçilərdə, ən sonda isə 10.000 manatını 30 may 2024-cü il tarixdə Səbail rayonunda Mərkəzi Univermağın (MUM) yaxınlığında verdiyini bildirmişdir. O, bildirmişdir ki, pulu aldığı yeri dəqiq xatırlayır. İstintaq dövründən də ifadə verərkən ərazini, vaxtı konkret bildirmişdir. İstintaq yekunlaşdıqda da müstəntiq işin aidiyyat üzrə Səbailə göndəriləcəyini bildirmişdir.
10. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 bildirmişdir ki, hazırkı cinayət işinə aidiyyatı üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmalıdır. Bundan əlavə, cinayət işi məhkəməyə getməzdən əvvəl müstəntiq onlara cinayət işinə Səbail Rayon Məhkəməsində baxılacağını bildirmişdir. Sonradan o, ittiham aktının surətini götürmək üçün müstəntiqin yanına getdikdə, müstəntiq ona sonuncu epizodla bağlı yer məsələsinin mübahisəli olduğuna görə cinayət işininin Binəqədi Rayon Məhkəməsinə göndəriləcəyini demişdir.
11. Məhkəmənin hazırlıq iclasında Zərərçəkmiş şəxs3 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 verdiyi ümumilikdə 40.000 manat pulun qalıq qalmış 10.000 manatını sonuncu dəfə ona Səbail rayonu ərazisində yerləşən Mərkəzi Univermaq ilə üzbəüz olan şirniyyat evində vermişdir. Ona istintaqda ifadə verərkən nə üçün Binəqədi ərazisini göstərmisiniz sualına isə belə cavab vermişdir ki, o panikatak xəstəsidir. Aldanaraq verdiyi pulu bankdan götürdüyü borc müqabilində Təqsirləndirilən şəxs2 vermişdir. Hər gün o faiz ödəyir, istintaq zamanı neçə dəfə xəstəliyi baş qaldırmış halı pisləşmişdir. Pulu verdiyi yerin elə də əhəmiyyət kəsb etdiyini bilmədiyi üçün yeri Binəqədi ərazisində yerləşən özünəməxsus kursun yanı kimi göstərmişdir. Ceyhunla üzləşmə zamanı da fərqli yerləri göstərdiklərini xatırlamadığını, çünki müstəntiqin bu hala diqqət yetirərək dəqiqləşdirmə aparmadığını bildirən Zərərçəkmiş şəxs3 məhkəmə zamanı ona aidiyyatla bağlı konkret sual verilərkən o axırıncı dəfə verdiyi 10.000 manat pulu Səbail rayonunda Təqsirləndirilən şəxs2 verdiyini xatırladığını bildirmişdir. İstintaq zamanı cinayət işinə hansı məhkəmədə baxılacaq deyə müstəntiqə sual verdiyini, müstəntiqin isə Səbail Rayon Məhəməsi dediyini hətta bir neçə dəfə məhkəmə ilə əlaqə saxladığını, lakin işin hələ məhkəməyə gəlmədiyini bildirən zərərçəkmiş Binəqədi Rayon Məhkəməsindən sms bildiriş aldıqda təəccüb etdiyini ifadəsinə əlavə etmişdir.
12. Məhkəmənin hazırlıq iclasında zərərçəkmiş şəxs X7 da bildirmişdir ki, müstəntiq ona cinayət işinə Səbail Rayon Məhkəməsində baxılacağını demişdir. Lakin sonradan Binəqədi Rayon Məhkəməsindən onun telefonuna sms bildiriş gəlmişdir. O da müstəntiqə zəng edib “bəs siz demişdiniz ki, cinayət işi Səbail Rayon Məhkəməsinə göndəriləcəkdir” soruşmuşdur. Müstəntiq isə ona cinayət işinin Binəqədi Rayon Məhkəməsinə göndərilməli olduğunu bildirmişdir.
13. Məhkəmənin hazırlıq iclasında Zərərçəkmiş şəxs4 bildirmişdir ki, ona da müstəntiq cinayət işinə Səbail Rayon Məhkəməsində baxılacağını demiş, lakin sonradan cinayət işinin Binəqədi Rayon Məhkəməsinə göndərildiyini bilmişdir.
14. Məhkəmənin hazırlıq iclasında cinayət işinin aidiyyət üzrə göndərilməsinə münasibətdə dövlət ittihamçısı məhkəmənin mülahizəsinə buraxdığını, zərərçəkmiş şəxslər, təqsirləndirilən şəxslər və onların müdafiəçiləri isə etiraz etmədiklərini bildirmişlər. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:
15. Göründüyü kimi, Təqsirləndirilən şəxs2, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs3 məxsus xeyli miqdarda özgənin əmlakını ələ keçirib təkrar dələduzluq etməsinə dair epizod üzrə cinayət əməli Bakı şəhəri Binəqədi rayonu ərazisində deyil Bakı şəhəri, Səbail rayonunun ərazisində, yəni Səbail rayonu ərazisində yerləşən Mərkəzi Univermaq ilə üzbəüz olan şirniyyat evinin önündə törədilmişdir. Həmin hal iş üzrə Təqsirləndirilən şəxs2 ilkin ifadəsi ilə yanaşı Zərərçəkmiş şəxs3 ifadəsi ilə də öz təsdiqini tapmışdır.
16. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə sonuncu cinayət əməli Bakı şəhəri Səbail rayonu ərazisində baş verdiyindən, hazırkı cinayət işinə aidiyyət üzrə həmin cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində, yəni Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmalıdır.
17. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Cinayət- Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən, heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.
18. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər.
19. Beləliklə, hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir.
20. Hüquq normasının müəyyənliyi, aydınlığı, birmənalılığı hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır.Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, “qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur”.
21. Azərbaycan Respublikasının qanunvericiliyi məhkəmə aidiyyətinin pozulmasına qadağa qoyur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır.
22. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.
23. Beləliklə, cinayət-prosessual qanunvericiliyi ilə tənzimlənən ərazi üzrə məhkəmə aidiyyəti prosessual qənaət prinsipinə riayət edilməsini təmin etməklə məhkəmə icraatının rahat və səmərəli olmasına, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasına, yəni yüksək nəticənin minimum vasitələrlə daha qısa müddətdə əldə edilməsinə xidmət edir.
24. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır.
25. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.3.1-ci maddəsinə əsasən cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələlərə baxılır.
26. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir.
27. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərar qətidir, şikayət və ya protest verilə bilməz. Hakim: Aytəkin İbrahimova