Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-345/2025 30.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: Nəsibov Samir Nadir oğlunun sədrliyi Məhkəmə iclas katibi: Bayramov Tural Ural oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 07 noyabr 2024-cü il tarixdə, gecə saat 00:20 radələrində ictimai yer hesab olunan Bakı şəhəri, Binəqədi rayonu, Baksol-Biləcəri şossesində fəaliyyət göstərən “Legenda” adlı klubda tanışı Zərərçəkmiş şəxs ona borc istədiyi 100 manat məbləğində pul verməməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib Zərərçəkmiş şəxs sifət nahiyyəsindən yumruq ilə bir dəfə qəsdən vurub, burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan burun belinin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə birlikdə işləyir. Zərərçəkmiş şəxslə aralarında həmişə pul söhbəti olub. Belə ki, bəzən o, zərərçəkmişdən, bəzən də zərərçəkmiş ondan borc pul almışdır. Hadisə baş verən gün hər ikisi içkili vəziyyətdə olmuşlar, aralarında elə də böyük problem olmamışdır. Onlar Bakı şəhəri, Binəqədi rayonu, Baksol-Biləcəri şossesində fəaliyyət göstərən “Legenda” adlı klubda olarkən, o, zərərçəkmiş şəxsi çölə çağırmış və Elvin də onun təklifi ilə çölə çıxmışdır. Dəhlizdə Elvindən ona 100 manat borc verməyini xahiş etmiş, lakin Elvin “sənə pul düşmür” deyərək əyləşdikləri masaya qayıtmışdır. O, masaya gəlib Elvindən “sənə pul düşmür” ifadəsini nə üçün işlətməsini, onunla zarafat edib-etməməsini soruşmuşdur. Elvin isə ona ciddi şəkildə sənə düşmür demişdir. Elvinə masada oturduğu yerdə bu nə danışıqdır deyib, əlinin arxası ilə onun burun nahiyyəsinə bir dəfə vurmuşdur. Bundan sonra o, klubu tərk edərək yaşadığı evə getmişdir. Olduqları klubda digər müştərilər olsa da, baş vermiş hadisənin həmin müştərilərə heç bir təsiri olmamışdır. Belə ki, klubun daxili qaranlıq olduğundan digər şəxslərin onun Elvini vurmasını görmələri mümkün deyildir. Hadisə baş verən günün səhəri zərərçəkmiş şəxslə barışmışdır və hazırda onlar yenə də birlikdə işləyirlər. Sonda Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin əlamətlər olmadığını, hadisənin iki dost arasında baş verən xırda mübahisə olduğunu, zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə alaraq, elan edilmiş ittiham üzrə ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə təqsirləndirilən şəxsin dediyi kimi olmuşdur. Təqsirləndirilən şəxs ondan pul istəmiş, o isə pulu verməkdən imtina etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs ərk edərək, əlinin arxası ilə onun burnuna vurmuşdur. Hadisənin baş verməsinin əsas səbəbi həmin gün hər ikisinin içkili vəziyyətdə olmaları olmuşdur. Hadisə zamanı Vidadi onun və ya ailə üzvlərinin ünvanına hər hansı nalayiq ifadə işlətməmişdir. Məhkəməyədək icraatda Təqsirləndirilən şəxs onu yumurla vurması, onun və ya ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi ilə bağlı verdiyi ifadəni sərxoş olduğu üçün vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmə iclasında Şahid3 Cavid oğlu ifadəsində göstərmişdir ki, 2019-cu ildən Binəqədi rayonu ərazisində yerləşən “Legenda” klubu icarəyə götürüb işlədir. Həm təqsirləndirilən şəxsi, həm də zərərçəkmiş şəxsi müştəri kimi tanıyır. Hadisə baş verən gün hər iki şəxs onun işlətdiyi kluba gəlmişdilər. Onlar 5 nəfər, 4 oğlan və 1 qız olmuşlar. O, həmin şəxsləri qarşılayaraq, klubda arxa sırada olan stolların birində əyləşdirmişdir. Təxminən 15 dəqiqə sonra müştərilərdən biri onun yanına qaçıb bildirmişdir ki, zalda dava baş verib, müştərilər də bundan narahatdırlar. O, zala daxil olduqda görmüşdür ki, Vidadi və Elvin səs-küy salırlar. O, Vidadini qucaqlayıb, zaldan çıxarmışdır. Tərəflərin çəkişməsi nəticəsində bir neçə bokal, qab-qacaq yerə düşərək sınmış, bəzi müştərilər isə qarışıqlıqdan istifadə edərək, hesablarına ödəməyərək qaçmışlar. O, bu hadisə ilə bağlı 400 manata yaxın ziyana düşmüşdür. Hadisə zamanı klubda təxminən 12-13 stolda müştəri olmuşdur. Vidadinin Elvini vurmasını görməmişdir. Lakin, Elvinin burnunun qanadığını görmüşdür. Həmçinin, hər iki şəxs içkili olduqlarından, onların bir-birlərini təhqir etmələrinin, ünvanlarına nalayiq ifadələr işlətmələrinin şahidi olmuşdur. O, ilk öncə Vidadini klubdan çıxarmış, daha sonra kluba qayıdaraq Elvinə əl-üzünü yumaqda köməklik etdikdən sonra onu da çölə çıxarmışdır. Bu zaman Vidadi çöldə olmuş və Elvinlə o, qısa müddətdə klubun çölündə sözlü mübahisə etmişlər. Daha sonra onlar avtomobilə əyləşərək, oranı tərk etmişlər. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə isə birlikdə işləyirlər. Hadisə günü onlar istirahət etmək üçün “Legenda” kluba getmişlər. Bir müddət əyləşdikdən sonra Vidadi və Elvin yerlərindən duraraq, klubdan çölə çıxmışlar. Geri qayıtdıqdan sonra Vidadi Elvinin üzünə yüngülvari şillə vurmuşdur. Bundan sonra o, Elvini avtomobilinə əyləşdirərək, evlərinə aparmışdır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs həyat yoldaşının dayısı oğludur, Zərərçəkmiş şəxs isə iş yoldaşıdır. Hadisə günü onlar istirahət etmək üçün “Legenda” kluba getmişlər. Bir müddət əyləşdikdən sonra Vidadi və Elvin yerlərindən duraraq, klubdan çölə çıxmış, bir qədər sonra geri qayıtmışlar. Klubun içərisi qaranlıq olduğundan, o, Vidadinin Elvini vurmasını görməmişdir. Lakin, Elvinin burnunun qanamasını görmüşdür. Bundan sonra o və Vasif Elvini avtomobilə əyləşdirərək evə aparmışlar. Məhkəmə iclasında Şahid4 qızı ifadəsində göstərmişdir ki, hadisə baş verən gün Məlikov X1 Vasif Vaqif oğlu ilə birlikdə onun işlədiyi kafeyə gəlmişlər. Onlar kafedə oturub yemək yeyib araq içmişlər. Bundan sonra onlar birlikdə kluba getmişlər. Hadisə baş verən anda o, klubun çölündə olmuş, Vidadinin Elvini vurmasını görməmişdir. Kluba qayıtdıqda görmüşdür ki, Vidadi ilə Elvin qışqırışırlar. O, səs-küy olduğunu görüb, klubu tərk etmiş və taksi çağıraraq evə getmişdir. Səhəri gün Elvinə telefonla zəng edərək, nə baş verdiyini soruşmuş, Elvin ona “heç nə” deyə cavab vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: • “cinayət işinin başlamaq haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Binəqədi RPİ-nin 4-cü PŞ-də toplanmış HK- 1/2115-24 saylı material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v. 1); • “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli Protokoldan görünür ki, həmin tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Baksol-Biləcəri şossesində yerləşən “Legenda” pub restoranında baş vermiş hadisə ilə əlaqədar hadisə yerinə baxış keçirilmiş və fotoşəkillər çəkilərək işə əlavə olunmuşdur (i.v. 11-14); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” PHŞ-in xx.xx.2024-cü il tarixli 2314 saylı rəyindən görünür ki:
1. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət – burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan burun belinin qançırı bərk küt əşyanın təsirindən qərarda göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığı qısa müddətdə pozan sağlamlığa Yüngül zərərvurmaya aidddir.
2. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarda göstərilən şəraitdə, yəni insan bədəninin hissəsi (yumruq və s.) ilə endirilmiş zərbə nəticəsində əmələ gələ bilərdi.
3. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət bədənin əl çatan nahiyyəsində yerləşməsinə baxmayaraq, həmin xəsarətin şəxsin özü tərəfindən yetirilməsi və eləcə də onun öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilməsi üçün xarakterik deyildir (i.v.16-18); • “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” xx.xx.2025-ci il tarixli Qərardan görünür ki, Zərərçəkmiş şəxs zərərçəkmiş qismində tanınmışdır (i.v. 34); • “tutma haqqında” xx.xx.2025-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 18:00-da Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 69); • “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 86); • “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 102); • 31.01.2018-ci il tarixli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır (i.v. 107); • Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur (i.v. 58).
Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməməsi, yəni Zərərçəkmiş şəxs yumruqla deyil, əlinin arxası ilə vurması, aralarında baş verən hadisəni klubda olan digər müştərilərin görmələrinin mümkün olmaması, həmin hadisənin klubda olan digər şəxslərə hər hansı təsirinin olmaması, dolayısı ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verməməsi barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs bu cür ifadə verməklə məsuliyyətdən və cəzadan yayınmağa çalışmışdır. Eyni zamanda məhkəmə istintaqında ifadə vermiş zərərçəkmiş şəxsin məhkəməyədək icraatda verdiyi ifadələrini dəyişərək, Təqsirləndirilən şəxs dediklərini təsdiq etməsinə də münasibət bildirməyi zəruri bilərək hesab edir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs bir-birini uzun müddətdir tanıdığından, onlar arasında işgüzar münasibətlər olduğundan və tərəflərin dediklərinə görə bu münasibətlər hələ də davam etdiyindən, tərəflər arasında barışıq əldə olunduğundan, zərərçəkmiş şəxsin məhkəmə istintaqında verdiyi ifadə təqsirləndirilən şəxsin məsuliyyətə cəlb edilməməsinə nail olmağa yönəlmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkməsinin Plenumunun 2004-cü il 23 mart tarixli 1 nömrəli Qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur (1-ci hissə); İzah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci hissə); Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir (4-cü hissə). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini (CM 59.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM 59.1.12), himayəsində azyaşlı uşağının olmasını (CM 59.1.4) onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 04 fevral 2024-cü il tarixdən 06 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət nəzərə alınmalı və ona təyin edilmiş cəza yüngülləşdirilərək, üzərində qəti cəza saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmiş Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək sərf etdiyi hər iş saatı üçün 6 manat, həmin tarixdən sonra isə 11 manat haqq hesablanaraq, ödənilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə nəzərə alaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 04 fevral 2024-cü il tarixdən 06 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən nəzərə alınsın və ona təyin edilmiş cəza yüngülləşdirilərək, üzərində qəti olaraq 1000 (bir min) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 20 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 175 manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Samir Nəsibov