Məhkəmə qərarları › İş №1(001)-346/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-346/2023

12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-346/2023 12.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X13, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 nümayəndəsi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X5 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 iştirakları ilə, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X8 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş X13 məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 CM-in 147 və 148-ci maddələri ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, o, “X12” ictimai birliyinin sədridir. Həmin ictimai birlikdə Azərbaycan Respublikasının bir çox rayonlarının nümayəndələri təmsil edilmişdir. “X12” ictimai birliyi dövlətçiliyin inkişafında və Azərbaycan Respublikasının bütün dünyada tanınmasında var gücü ilə çalışır. X2 kimi şəxslər həm onun, həm də rəhbərlik etdiyi ictimai birliyin nüfuzuna xələl gətirir. Belə ki, X6 “Facebook”, “Youtube” sosial şəbəkələrində onun barəsində şərəf və ləyaqətini alçaldan, böhtan dolu məlumatlar yayaraq, onun ictimaiyyət arasında olan nüfuzuna xələl gətirir. X6 ictimai birliyi dağıtmaq məqsədilə “Ümumi Yığıncaq” adlı qanunsuz saxta qrup yaradaraq ictimai birlikdən könüllü uzaqlaşan şəxsləri bu saxta qrupa daxil edərək, mütəşəkkil bir qrup yaratmışdır. Bu şəxsləri onun əleyhinə qaldıraraq, ictimai birliyi dağıtmaq məqsədilə şərəf və ləyaqəti alçaldan, şər böhtan xarakterli çıxışlar etmələrini tələb etmiş və “Whatsapp” qruplarında və sosial şəbəkələrdə paylaşım etmələrini tapşırmışdır. X6 da vaxtilə YDDİB-nin üzvü olmuş, lakin bir müddət fəaliyyət göstərdikdən sonra ictimai birliyin nizamnaməsinə zidd hərəkət edərək YDDİB-nin İdarə heyətinin qərarı ilə ictimai birlikdən uzaqlaşdırılmışdır. Hal-hazırda X1 Asim Əvəz oğlunun rəhbərliyi ilə bu saxta qrupda fəaliyyət göstərərək onun ünvanına şər-böhtan xarakterli çıxışlar edir, şərəf və ləyaqətini alçaldaraq “Whatsapp” qruplarında və sosial şəbəkələrdə çıxışlarını yayır və onun nüfuzuna yetərincə xələl gətirir. Odur ki, X4 CM-in 147 və148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, X13 onun barəsində xüsusi ittiham qaydasında ərizə ilə Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. Onun 82 yaşı var və xəstəliyi ilə əlaqədar üzrlü səbəblərdən məhkəmə hazırlıq iclasında iştirak edə bilməmişdir. O, Prezident Mükafatçısı, Yazıçılar Birliyi və Jurnalistlər Birliyinin üzvü, 2 sahə üzrə elmlər doktoru, 3 xarici dövlətin akademiki, 6 xarici universitetin fəxri professoru, 78 kitab müəllifi, “Qızıl qələm” mükafatı laureatı, Yazıçı-publisist, Qarabağ müharibəsi Veteranı, X21 Əliyev siyasətinin təbliğatçısı və tərəfdarıdır. Bütün bu həyat fəaliyyətini nəzərə alaraq, müəyyən illər keçdikdən sonra yaşının ahıl dövründə “X12” ictimai birliyi yaratmaq, bu birlik adı altında dövlətə, dövlətçiliyə və xalqa xidmətini davam etdirmək istəmişdir. X17 iddia etmişdir ki, o, öz yaratdığı ictimai birliyin nüfuzuna xələl gətirmişdir. Bu tamamilə gülünc bir yalandır. Üç ay bundan öncə təsisçisi olduğu “X12” ictimai birliyinin bir-çox üzvləri ona, İlham Abbasovun barəsində ictimai birliyin adına ləkə salan bir-çox faktlar göstərmişlər. Belə ki, İlham Abbasov ictimai birlikdəki bir-çox qadın üzvlərə qarşı əxlaqsız ifadələr, təkliflər etmiş və əxlaqsız hərəkətlər etmişdir. İlham Abbasov ictimai birliyin kişi üzvlərinə qarşı da nalayiq ifadələr işlədərək onları təhqir etmişdir. X18, Ədliyyə nazirliyi və nazirliyin vəzifəli şəxsləri barədə belə xoşagəlməz ifadələr işlətmişdir. Bütün bu olanlardan sonra o, bu ictimai birliyin təsisçisi olaraq, ictimai birliyin üzvləri ilə birlikdə İlham Abbasovu iclasa dəvət etsə də, sonuncu iclasa gəlməkdən imtina etmişdir. Bütün bunları nəzərə alaraq, xx.xx.2023-cü il tarixində “X12” ictimai birliyinin ümumi yığıncağı keçirilmiş və İlham Abbasov vəzifəsindən azad edilmişdir. İlham Abbasov, “X12” ictimai birliyinin onlarla üzvü barəsində xüsusi ittiham qaydasında ərizə ilə müxtəlif rayon Məhkəmələrinə müraciətlər etmişdir ki, guya onun barəsində böhtan danışıblar, guya onu təhqir ediblər. Lakin o, İlham Abbasovun ad soyadını çəkməklə nə barəsində böhtan danışmamış, nə də təhqir etməmişdir. O, yalnız İlham Abbasovu etdiyi səhvlərə görə tənqid etmişdir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CM-in 147.1-ci maddəsində qeyd edilir ki, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma. İlham Abbasov sübuta yetirməlidir ki, o, həqiqətən də yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymışam. X19 bunu sübuta yetirə bilməsə məhkəmədən bu işə xitam verilməsini xahiş etmişdir. CM-nin 148-ci maddəsində qeyd edilir ki, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma. İlham Abbasov sübuta yetirməlidir ki, o, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. X19 bunu sübuta yetirə bilməsə məhkəmədən bu işə xitam verilməsini xahiş etmişdir. O, yalan olduğunu bilə-bilə xüsusi ittihamçı İlham Abbasovun şərəf və ləyaqətini ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymamışdır. O, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında xüsusi ittihamçı İlham Abbasovun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmamışdır. O, İlham Abbasovun xüsusi ittiham qaydasında olan ərizəsi ilə ümumiyyətlə razı deyildir. İlham Abbasov tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə təqdim edilmiş ərizə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, şikayətdə zəruri məlumatlar tam şəkildə öz əksini tapmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin dispozisiyasına görə məsuliyyət yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayıldıqda yaranır. Həmin Məcəllənin 147.2-ci maddəsinin dispozisiyasına görə məsuliyyət ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya görə yaranır. Həmin Məcəllənin 148-ci maddəsinin dispozisiyasına görə məsuliyyət təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltdıqda yaranır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.1.3 və 302.1.7ci maddələrinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Şərh olunanlara əsasən hesab edir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət təqibinin başlanması barədə xüsusi ittihamçı X8 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X13 şikayət ərizəsində göstərilənləri müdafiə edərək, işin məhkəmə baxışına təyin edilməsini və X4 CM-in 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 bildirmişdir ki, o, X9 təhqir etməmiş və heç bir böhtan xarakterli məlumat yaymamışdır. Ona görə də, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə baxışına təyin edilməməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 nümayəndəsi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X5 bildirmişdir ki, X13 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət qanunvericiliyin tələblərinə əməl olunmadan tərtib edilmişdir. Ona görə də xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X13 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbinə görə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Məhkəmədə müəyyən edilmişdir ki, X13 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamışdır. Belə ki, CPM-in 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği barədə məlumatlar göstərməmişdir. Bununla yanaşı, X13 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətdə X4 CM-in 147-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətə cəlb olunması xahiş olunsa da, şikayətdə şəxsin sözügedən maddənin hansı bəndinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi göstərilməmişdir. CPM-in 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.3-cü maddələrinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə.... Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X13 tərəfindən CPM-in 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Beləliklə məhkəmə, sadalananlara əsasən belə hesab edir ki, X6 barəsində CM-in 147 və 148-ci maddələri ilə cinayət təqibi üzrə icraatın başlanılmasına və X4 cinayət məsuliyyətinə cəlb edilməsinə dair X8 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X8 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar