Məhkəmə qərarları › İş №1(001)-347/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-347/2021

15.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-347/2021 15.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Kərimova Mahirə Nəzər qızı, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 20 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində başlanmışdır. Cinayət işinin başlanmasına səbəb və əsas Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib, saxlaması və daşımaqla üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində toplanmış material olmuşdur. Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq bir ədəd zavod üsulu ilə ABŞ dövlətində istehsal olunmuş, 9x19 mm kalibrli, yivli odlu, texniki cəhətdən saz və atəşə yararlı Glock-19 Gen-5 modelli tapança hesab edilən ADDM578 nömrəli döyüş silahını və həmin tapançanın komplekt hissəsi olan, zavod jsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, bircərgəli 9x19 mm kalibrli patronların yerləşdirilməsi üçün nəzərdə tutulmuş bir ədəd darağı qanunsuz olaraq əldə edib, daşıyaraq gəzdirməklə üzərində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 20 aprel 2021ci il tarixdə, saat 08:30-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 4 ünvanında yerləşən DİN-in Baş Dövlət Yol Polisi dərəsinin inzibati binasının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun tünd göy rəngli cins şalvarının arxa kəmər hissəsində bel nahiyəsində gödəkçəsinin altında qanunsuz olaraq əldə edib, daşıyaraq saxlayıb gəzdirdiyi bir ədəd zavod üsulu ilə ABŞ dövlətində istehsal olunmuş, 9x19 mm kalibrli, yivli odlu, texniki cəhətdən saz və atəşə yararlı Glock-19 Gen- 5 modelli tapança hesab edilən ADDM578 nömrəli döyüş silahı və həmin tapançanın komplekt hissəsi olan,zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, bircərgəli 9x19 mm kalibrli patronların yerləşdirilməsi üçün nəzərdə tutulmuş bir ədəd daraq aşkar edilərək götürülmüşdür. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı məhkəməyə şifahi vəsatət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə ittiham olunduğu cinayət əməlini Nərimanov rayonu ərazisində törətdiyi üçün cinayət işinin aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən Müdafiəçi vəsatəti qəbul edərək,cinayət işinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən Təqsirləndirilən şəxs dövlət iddihamçısının vəsatətinin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, vəsatətin dəlillərini və cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci ilə təqsirləndirilməsinə dair cinayət işi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Cinayət işindən göründüyü kimi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1ci maddəsinin obyektiv cəhətinə aid edilən üç müstəqil hərəkətin cəmi, yəni odlu silah və döyüş sursatını əldə etmə, saxlama və gəzdirmə üzrə ittiham verilmişdir. Bu üç hərəkətdən birincisini – odlu silah və döyüş sursatını əldə etmənin vaxtını və yerini ibtidai istintaq zamanı müəyyən etmək mümkün olmamış, lakin odlu silah və döyüş sursatının saxlanması və gəzdirilməsi üzrə əməl 20.04.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 4 ünvanında yerləşən DİN-in Baş Dövlət Yol Polisi dərəsinin inzibati binasının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına (Bakı şəhəri, Nərimanov rayonu) gətirilib orada üzərində şəxsi axtarış aparılan zaman aşkar olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə görə cinayət o zaman başa çatmış hesab olunur ki, şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olsun. Müvafiq olaraq, əgər tərkib əlamətlərindən biri olmazsa, törədilmiş əməl başa çatmış cinayət kimi tövsif oluna bilməz. Məlum olduğu kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş qanunsuz olaraq odlu silahı və döyüş sursatını saxlama cinayət əməli uzanan cinayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1-ci maddəsinə əsasən uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; Cinayət işində olan şübhəli şəxsin tutulması haqqında 20.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tutulduğu (tutulmanın aparıldığı) yer Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasıdır (i.v.16). Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında 20.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında aparılmışdır (i.v.24-25). Cinayət işinin mübahisəsiz digər hallarına əsasən Təqsirləndirilən şəxs 20.04.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 4 ünvanında yerləşən DİN-in Baş Dövlət Yol Polisi dərəsinin inzibati binasının yaxınlığında saxlanılarkən orada onun üzərində şəxsi axtarış və götürmə aparılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu ərazisində saxlanılarkən onun üzərində odlu silahın və döyüş sursatının olduğu ehtimal şəklində (səviyyəsində) olmuş, saxlandığı yerdə dərhal üstünə baxış keçirilib silah və döyüş sursatı götürülmədiyindən, üzərindəki odlu silahı və döyüş sursatını saxlaması və gəzdirməsi faktiki olaraq uzanmış və fasiləsiz törədilməkdə davam etmiş, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində üzərinə keçirilmiş baxış zamanı aşkar edilib götürüldüyü zaman orada başa çatmışdır. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət uzanan cinayət olduğundan – həmin cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərdən - odlu silah və döyüş sursatının saxlanması və gəzdirilməsinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində onun üzərinə keçirilmiş baxış zamanı aşkar edildiyi anda başa çatmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Çünki, Azərbaycan Respublikasının CPM-in 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.2 və 74.2.1-ci maddəsinə əsasən uzanan cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası CPM-in 174.2-ci maddəsində nəzərdə tutulmuş məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ya ləğv edir, yaxud dəyişdirir. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 74.1, 74.2.2, 75.1, 154-159 və 290-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar