Məhkəmə qərarları › İş №1(001)-35/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-35/2025

03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-35/2025 03.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Abşeron rayonu, Novxanı ə/d, Novxanı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 fevral 2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu, Papanin adlanan yerdə tanımadığı şəxsdən 20 manat müqabilində qanunsuz olaraq xeyli miqdarda satış məqsədi olmadan cəmi 0,648 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib saxlamaqla üzərində daşımış, həmin gün saat 13:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 707 saylı avtoservis yaxınlığında Binəqədi RPİ-in 6-cı PB-in əməkdaşları tərəfindən saxlanılaraq ünvan 2 ünvanda yerləşən 6-cı PB-yə gətirilərək üzərində şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş halda olan təmiz çəkisi 0,648 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, taksi fəaliyyətilə məşğuldur. 15 fevral 2024-cü ildə Novxanıdan olan tanışları onları Biləcəri qəsəbəsinə aparmağını xahiş etmişdilər. O, Xırdalandan onları götürüb Biləcəriyə gətirmişdir. Onları düşürən zaman telefonuna zəng gəlmiş, o, maşından düşəndə 2 nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq, orada nə etdiyini soruşmuşlar. Onların sualına cavab olaraq bildirmişdir ki, taksi sürücüsü kimi işləyir, burada 2 nəfər müştərini düşürtmüşdür. Daha sonra polis əməkdaşları onlarla birlikdə onu Binəqədi RPİin 6-cı PB-yə getməyini təklif etmişlər. O, etiraz etməyərək onlarla birlikdə Binəqədi RPİ-in 6-cı PB-yə getmişdir. Orada üzərinə axtarış keçirilən zaman üzərindən heçnə çıxmamışdır. Daha sonra qabağına bir büküm narkotik vasitə qoymuşlar ki, guya bu onun üzərindən çıxıb. Onlarla razılaşmadığını bildirəndən sonra, həmin bükümdən daha böyük büküm qoyaraq bildirmişdilər ki, əgər boynuna götürməsə, onu narkotik vasitənin satışı ilə məşğul olmağı ilə ittiham edəcəklər. O da məcbur qalıb etiraf etmişdir. Onu səhər saat 10:00-11:00 radələrində saxlamışlar. Əvvəllər əməliyyat olunandan sonra dözülməz ağrıları olduğundan, bir müddət narkotik vasitədən istifadə etmişdir. Fərhadı Novxanıdan tanıyır. Fərhadın və onun üzərindən bir ədəd mobil telefon, bir qutu siqaret və bir ədəd alışqan çıxmışdır. Emilin üzərindən açar çıxmışdır. Polis Bölməsinə gedənə qədər həmin əşyalar üzərlərində olmuşdur. Heç bir cinayət törətmədiyini nəzərə alıb, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində, polis leytenantıdır. Binəqədi RPİ-nin 6-cı PB-yə mötəbər mənbədən daxil olan məlumata əsasən xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, məhkumluğu olmayan, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik və ya psixotrop vasitə əldə edərək üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Qeyd edilən məlumat rəhbərliyə məruzə edildikdən sonra həmin şəxsin ifşa olunması və ünvan 2 ünvanında yerləşən 6-cı PB-nin inzibati ərazisində qeyd olunan məlumat əsasında əməliyyat tədbirləri keçirilməsi barədə əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o və həmin PBnin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 daxil olmuşlar. Beləliklə, keçirilən əməliyyat tədbirləri nəticəsində 15 fevral 2024-cü il tarixdə saat 13:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 707 saylı avtoservis yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən bir nəfər şəxsə yaxınlaşaraq ondan özünü təqdim etməsini bildirdikdə, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar ona narkotik maddə və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu ünvan 2 ünvanında yerləşən 6-cı PB-yə dəvət etmişlər. Binəqədi RPİ-nin 6-cı PB-də Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunması hüququ izah edilmiş və o, bu hüququndan istifadə etmək istədiyini bildirmişdir. Ona dövlət hesabına müdafiəçi dəvət edilərək, təqdim edildikdən sonra şübhəli şəxs qismində tutulması barədə ona və yaxınlarına məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilməsi barədə məlumat verilmişdir. O, müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasına və video çəkilişə etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışdan öncə üzərində qeyri-qanuni əşya varsa təqdim etməsi barədə ona deyildikdə əynində olan boz rəngli cins şalvarının sağ cibindən 01 ədəd gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra boz rəngli cins şalvarının ciblərini açmağı tələb olunduqda hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ondan üzərindən aşkar olunmuş 01 ədəd gümüşü rəngli kağıza bükülmüş halda büküm iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükümün içərisindən çıxan qəhvəyi rəngli maddənin narkotik vasitə olan “heroin” olduğunu bildirmişdir. O, həmin nartotik vasitə olan “heroin”i 15 fevral 2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu, Papanin adlanan yerdə tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, heç bir əlavə qadağan olunmuş əşya əşkar edilməmiş, sonra onun üzərindən aşkar edilən gümüşü rəngli kağıza bükülmüş halda qablaşdırılaraq çəkisi və tərkibi müəyyən edilməsi üçün tədqiqata göndərilməsi məqsədi ilə zərfləşdirilmiş və üzəri möhürlə möhürlənmişdir. Həmin zərfin üzəri baxış iştirakçıları tərəfindən imzalanmışdır. Həmçinin, ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tək saxlanılmış, ona hər hansı təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-in 6-cı PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində şahid qismində dindirilmiş Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında dindirilən X7 ifadəsində bildirmişdir ki, o, təqsirləndirilən şəxsin tanışıdır. Onların tanışlıqları Novxanı kəndində yaşadıqları vaxtdan yaranıb. 15 fevral 2024-cü il tarixdə o, digər tanışı Emin ilə birlikdə Masazır qəsəbəsində olarkən belə qərara gəlmişlər ki, onlar taksi sürücüsü olan tanışları Taleyi çağırıb onunla birlikdə Biləcəridə yaşayan Süleyman adlı bir şəxsin yanına getsinlər. Eminlə birlikdə “bolt” tətbiqi vasitəsilə taksi sifariş edərək Xırdalan şəhərinə getmişlər. Xırdalan şəhərindən isə Taleylə birlikdə Biləcəri qəsəbəsinə gəlmişlər. Avtomobildən düşdükdə polis əməkdaşları yaxınlaşıb onları Polis Bölməsinə aparmışlar. Polis Bölməsinə daxil olarkən üçüdə birlikdə imiş, üçünün üzərinə baxış keçirmişlər. Sonra isə video çəkiliş ilə hər birinin üzərinə ayrı-ayrılıqda şəxsi axtarış keçirilmişdir. Polis Bölməsində onlara təzyiq olmuşdur. Taleyin üzərində narkotik vasitə olmamışdır. Onun öz cinayət işi ilə bağlı artıq məhkəmə hökmü çıxarılmış və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O, öz cinayət işində təqsirini etiraf etmişdir. Verilmiş suala cavab olaraq isə bildirmişdir ki, onlar üçün Masazırdan Binəqədi rayonuna birbaşa getmək daha əlverişli olardı, lakin onlar tanış taksi ilə getmələri üçün Xırdalana qayıdıb Taleylə birlikdə getmişlər. Taleyə taksi xidməti üçün 10 manat ödəniş ediblər. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə 16 fevral 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında 15 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:40-da Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 22). Şəxsi axtarış və götürmə aparılması haqqında 15 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2024-cü il tarixdə saat 13:40-da Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində yerləşən 707 avtoservis yaxınlığında saxlanılaraq 6-cı polis bölməsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 15:15-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, i.v.32-33). Məhkəmə kimyəvi ekspertizasının 16 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/931 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş üzərində “Əhmədov.. (imza)...” sözləri yazılmış zəfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,648 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,598 qram (cild 1, i.v.41-43). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 17 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v.54-55). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 17 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v 68-69). Diskə baxış keçirilməsi haqqında 20 fevral 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarışın keçirilməsi ilə əlaqədar təhqiqatçı polis mayoru Tahir Osmanov tərəfindən şübhəli şəxsin hüquq və vəzifələri izah edilir. Təhqiqatçının iş otağında sağ və sağ tərəfdə stulda polis əməkdaşları və onun sol tərəfindəki stulda Təqsirləndirilən şəxs əyləşmişdir. Onlar özlərini təqdim etdikdən sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə axtarış aparılmasında müdafiəçinin iştirakı olmadan videoçəkiliş edilməsinə etirazının olmadığını öyrəndikdən sonra ona üzərində qeyri qanuni və dövriyyəsi qadağan olmuş vasitə olub olmamasını, varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bır əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra onun boz rəngli cins şalvarın ciblərin açmağı tələb olunduqda onun şalvarın ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ondan üzərindən aşkar olunmuş 01 ədəd içərisində gümüşü rəngli kağızına bükülmüş halda iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülünün içərisindən aşkar olunmuş narkotik vasitə olan “heroin” olduğunu bildirmiş və o, həmin narkotik vasitə olan “heroin”i 15 fevral 2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu, papanin adlanan yerdə tanımadığı şəxsdən 20 manata ödəməklə aldığını bildirmişdir. Bundan sonra keçirilən şəxsi axtarış zamanı aşkar edilən gümüşü rəngli kağıza bükülmüş halda olan qəhvəyi rəngli kütlə, yəni narkotik maddə qablaşdırılaraq zərfə qoyulur və üzəri möhürlənərək imzalanır. Bundan sonra keçirilən hərəkət protokolaşdırılır və şəxslər tərəfindən imza edilir. Şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti 15 fevral 2024-cü il tarixdə yekunlaşır (cild 1, i.v 80-81). Maddi sübut kimi tanıma haqqında 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və təhqiqatdan qalan qalıq 0,598 qram narkotik vasitə heroin sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün Binəqədi RPİ-nin anbarına təhvil verilmiş, bundan başqa iş üzrə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi prosesini əks etdirən videogörüntünün olduğu 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1,i.v.101-106). Məhkəmə-narkoloji ekspertizanın 19 fevral 2024-cü il tarixli, 1108 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 1, i.v.82-83). Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 1(001)- 434/2024 saylı hökmündən görünür ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X5 şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmün təsviri hissəsindən görünür ki, X1 Fərhad Əhliman oğlu özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda tam təqsirli bilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istintaq və məhkəmə istintaqı dövründə toplanmış sübutlar sistemli və bir-biri ilə uzlaşan şəkildə Təqsirləndirilən şəxs təqsirini təsdiqlədiyi halda, müdafiə tərəfinin təqdim etdiyi bəzi ifadələr, xüsusilə şahid Fərhad Namazovun versiyası obyektiv reallığa uyğun gəlmədiyindən etibarlı hesab edilə bilməz. İlk növbədə qeyd olunmalıdır ki, Fərhad Namazovun öz barəsindəki cinayət işi üzrə məhkəmə prosesi artıq yekunlaşmış, barəsində hökm çıxarılmış və o, istintaq və məhkəmə mərhələsində təqsirini könüllü olaraq etiraf etmişdir. Ən önəmlisi, Fərhad Namazov nə istintaq zamanı, nə də məhkəmədə onun Təqsirləndirilən şəxs və digər adını çəkdiyi Emin adlı şəxslə birlikdə tutulmaları, onlarla qeyri-qanuni davranıldığı, fiziki və ya psixoloji təzyiq göstərildiyi barədə heç bir məlumat verməmiş, belə bir halı qeyd etməmişdir. Bu səbəbdən, Fərhad Namazovun sonradan, Təqsirləndirilən şəxs məhkəməsində verdiyi və onun təqsirini aradan qaldırmağa yönəlmiş ifadəsi, əvvəlki etiraf və məhkəmə hökmü ilə ziddiyyət təşkil etdiyindən, etibarlı və inandırıcı sübut kimi qiymətləndirilə bilməz. Hüquqi baxımdan, bu cür sonrakı ifadə dəyişikliyi prosessual məqsədlərlə edilə biləcək və obyektivliyi şübhə altına alacaq xarakter daşıyır. Bundan əlavə, şahid Fərhad Namazov ifadəsində bir nüansa da toxunur ki, 15 fevral 2024-cü il tarixdə o digər tanışı Emin adlı şəxslə birlikdə Masazır qəsəbəsində olmuşlar, onlar bir məsələnin həlli üçün Biləcəri qəsəbəsinə getməli olduqları halda, tanış sürücü olan Təqsirləndirilən şəxs görə taksi ilə Xırdalan şəhərinə qayıtmışlar və onlar üçü birlikdə hərəkət edərək Biləcəri qəsəbəsinə gəlmişlər. Məhkəmə iclasında şahid ona verilmiş suala cavab olaraq bildirmişdir ki, marşrut dəyişmələri Taleyin Əhmədovun tanış taksi sürücüsü olmasına görə baş verib. Lakin burada da məntiqi ziddiyyət mövcuddur. Əgər Taley və Fərhad uzaqdan tanış şəxslərdirsə və aralarında yaxın dostluq münasibəti yoxdursa, bu zaman Fərhad və Eminin sırf “etibar” naminə əlavə taksi pulu verib marşrut dəyişmələri inandırıcı deyil. Çünki, planlı görüş və ya məqsədli birgə hərəkət olduğu halda daha sadə, məntiqli və qənaətcil yol seçilməsi gözlənilən idi. Əgər şəxslərin məqsədi Biləcəri qəsəbəsinə getmək idisə, onların Xırdalana qayıdaraq əlavə xərcə düşmələri izah olunmazdır. Bu qərarın nə zəruri, nə də məntiqli səbəbi ifadədə göstərilməyib. Gündəlik məntiq baxımından da bu davranışın heç bir əsaslandırması yoxdur. Bu isə şahid ifadəsinin məzmununda qeyrisəmimilik elementi yaradır. Həmçinin diqqətəlayiq hal odur ki, adıçəkilən şəxslər arasında yaxın dostluq münasibəti olmamış, onlar sadəcə uzaqdan tanış olmuşlar. Bu şəraitdə şəxslərin biribirinə görə əlavə yol qət etməsi, marşrut dəyişdirməsi və xərc çəkməsi adi sosial münasibətlər kontekstində də inandırıcı deyil. Çünki, etibar bəhanəsi ilə əlavə xərcə getmək və yol dəyişdirmək kimi davranışlar ancaq yaxın dostlar arasında baş verə bilərdi. Halbuki iş materiallarından da göründüyü kimi, Taleylə Fərhad sadəcə tanış şəxslərdir, onların arasında yaxın münasibət olmamışdır. Bu isə şahidin ifadəsinin süni qurulduğunu, təqsirləndirilən şəxsin məsuliyyətini azaltmaq məqsədi güddüyünü göstərir. Belə olan halda, X9 Əhmədovun işi üzrə sonrakı mərhələdə şahid qismində çıxış edərək təqsiri aradan qaldırmağa yönəlmiş, əvvəlki ifadələri ilə ziddiyyət təşkil edən və əsaslandırılmamış iddialar irəli sürməsi məhkəmədə etibarlı sübut kimi qəbul edilə bilməz. Bu cür ziddiyyətli ifadə məqsədyönlü müdafiə taktikası kimi izah edilə bilər, lakin bu, təqsirin aradan qalxmasına hüquqi əsas vermir. Nəticə etibarilə, toplanmış sübutlar bir-birini tamamlayır, digər şahid ifadələri, maddi sübutlar və təqsirləndirilən şəxsin ilkin etirafları arasında sistemli əlaqə mövcuddur. Əksinə, sonradan irəli sürülən iddialar, xüsusilə Fərhadın öz hökmündən sonra verdiyi fərqli ifadə, ziddiyyətli və subyektiv xarakter daşıyır, obyektivliyi təmin etmir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs gətirdiyi dəlillər həmin dəlillərin yoxlanılması zamanı öz təsdiqini tapmadığından özünümüdafiə xarakterli qiymətləndirilib rədd edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X3 İdarəsindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, i.v.90). Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb hesab edir ki, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac yoxdur və bu mənada ona təqsirli bilindiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya idarəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 15 fevral 2024-cü ildən 17 fevral 2024-cü ilədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Məhkəmə, narkoloji ekspertizanın 19 fevral 2024-cü il tarixli, 1108 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, Binəqədi RPİ-də maddi sübut kimi saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,598 qram heroin məhv edilməli, bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 60 (altmış) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 fevral 2024-cü ildən 17 fevral 2024-cü ilədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə (Abşeron rayonu, Novxanı ə/d, Novxanı kəndi) Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 2300-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut – Binəqədi RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,598 qram narkotik vasitə heroin maddə məhv edilsin. Bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X4, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 360 (üç yüz altmış) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar