Məhkəmə qərarları › İş №1(001)-350/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-350/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-350/2025 24.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid müəllimlərinin sertifikasiya imtahanından müsbət nəticə əldə etməklə keçirilməsi məsələsini həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün 20 iyun 2024-cü il tarixdə saat 17 radələrində ünvan 2 ünvanında yerləşən 1 saylı Asan Xidmətin yaxınlığında 5.000 manat və 21 iyun 2024-cü il tarixdə ünvan 3 ünvanının yaxınlığında 3.000 manat olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 8.000 (səkkiz min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü ildə avqust ayında ona müəllimlərin sertifikasiya imtahanında köməklə bağlı müraciət olunmuş, o, əlaqələri olduğunu köməklik göstərə biləcəyini demişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, törətdiyi əmələ görə təqsirli olduğunu etiraf edir. O, zərər çəkmiş şəxsdən pulu sonuncunun həyat yoldaşını sertifikasiya imtahanından keçirmək üçün almışdır. O, O, zərər çəkmiş şəxsdən 8000 manat pul almışdır. O, həmin pulun 5000 manatını Azadlıq prospektində, 3000 manatını isə Ayna Sultanova küçəsində almışdır. O, aldığı pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Onunla zərər çəkmiş şəxsin arasında vəd verdiyi işlə bağlı yazışmalar olmuşdur. O, məhkəmə istintaqı dövründə zərər çəkmiş şəxsə vurmuş olduğu ziyanı tam olaraq ödəmiş, zərər çəkmiş şəxslə barışmış, bundan əlavə ziyanın 25 faizini təşkil edən məbləği dövlət büdcəsinə ödəmişdir. Qeyd edilən halların nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onu aldadaraq ümumilikdə 8000 manat pulumu ələ keçirmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, təqsirləndirilən şəxslə yas məclisində tanış olmuş, bundan sonra münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs ona nazirlikdə tanışları olduğunu, bu işi həll edəcəyini demişdir. İş alınmadıqdan sonra o, pulu tələb etdikdə Rəşid ona işin həll olduğunu, sistemdə bal yazılacağını demişdir. O, Rəşidin yalan danışdığını başa düşüb pulunu tələb etdikdə əlaqəni kəsmişdir. Onun həyat yoldaşı ağır əməliyyat keçirmiş, hərəkəti məhdud olmuşdur. Həmin vaxt sertifikasiya imtahanı yaxınlaşdığı üçün o, Rəşiddən köməklik göstərməsini xahiş etmişdir. O, Rəşidə pulu iki dəfəyə vermişdir. O, Təqsirləndirilən şəxs 20 iyun 2024-cü il tarixdə 1 saylı asan xidmət ilə üzbəüz yolda maşının içində, 21 iyun 2024-cü il tarixdə “Ayna Sultanova” abidəsinin yanında “Bizim market”in yaxınlığında pul vermişdir. Təqsirləndirilən şəxs özünü ona Dövlət Təhlükəsizliyi Xidmətinin zabiti kimi təqdim etmişdir. O, təqsirləndirilən şəxslə barışımış, dəymiş ziyan sonuncu tərəfindən tam ödənilmişdir və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasına çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsini nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 178.2.4-cü maddəsi ilə ********** nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2025-ci il tarixdə saat 13:00-da axtarış qərarı əsasında tutulmuşdur. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-in 178.2.4-cü maddəsindən həmin məcəllənin 178.1-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və saxlanıldığı Binəqədi RPİ-nin MSYdən azad edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-in 178.1-ci maddəsindən həmin məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)-203/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət təmin ediməmiş və o, məhkəmə iclas zalından azad edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi 01 ədəd diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, diskdə “Whatsapp audio” adlı 16 fayl var. Həmin faylların səs yazısı olduğu, səs yazılarının Təqsirləndirilən şəxs tərəfindən Şahid və Zərərçəkmiş şəxs göndərdiyi ismarışlar olduğu müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi 01 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizədən görünür ki, onun tərəfindən cinayət hadisəsi nəticəsində zərər çəkmiş şəxsə vurulmuş maddi ziyan və həmin ziyanın iyirmi beş faizi müvafiq olaraq dövlət büdcəsinə ödənilmişdir. Zərər çəkmiş şəxslə barışmış, iş üzrə ondan heç bir şikayət və tələb yoxdur. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli, 3316nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" ASC vasitəsilə X1 hesabına (dövlət nəfinə) cinayət hadisəsi nəticəsində vurulmuş ziyanın 25 faizi olan 2000 (iki min) manat məbləğində pul köçürülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş maddi ziyanı tam şəkildə ödəməklə barışıq əldə etmiş, habelə həmin ziyanın 25% (iyirmi beş faiz) məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. CPM-in 162.1.1-ci maddəsinə əsasən şəxs məhkəmənin qərarına əsasən təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinə görə ittiham təsdiq edilmədikdə və ya məhkəmədə cinayət işi üzrə icraata xitam verildikdə həbsdən azad edilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi 01 ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 50 (əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 500 (beş yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi 01 ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 500 (beş yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar