Məhkəmə qərarları › İş №1(001)-351/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-351/2025

29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-351/2025 29.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki,o, qəsdən zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində özünün yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində olan saxlanc otağında birlikdə işlədiyi Zərərçəkmiş şəxs ona məxsus “Toyota Prius” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilinin cərimə meydançasına yerləşdirilməsinə səbəb olmasını əsas gətirərək onun ünvanına nalayiq ifadələr işlətməsinə sonuncunun irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri ilə vuraraq ona üst çənədə diş ətlərinə qansızma, alının sağ yarısının şişkinli qançırı, alının sol yarısı-sol gicgah nahiyəsinin şişkinli qançırı, alt çənənin çeynəmə hərəkətlərinin məhdudlaşması, selikli qişasına qansızma və əzilmiş yara ilə müşayiət olunmuş şişkinlik halında əziyi, burun nahiyəsinin şişkinlik halında əziyi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, ibtididai istintaqda verdiyi ifadəsini təsdiq edir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxsla onun iş birliyi olmuşdur. Belə ki, qadın çantalarının online satışı ilə məşğul olduğu üçün elan yerləşdirərək kuryer vəzifəsinə işçi axtarmış, zərəçəkmiş şəxs ona müraciət etdiyindən onu kuryer kimi işə götürmüşdür. Həmin hadisə baş verənə kimi aralarında heç bir münaqişə və söz-söhbət olmamış, təxminən 2 ay bir yerdə işləmişlər. Hətta Zərərçəkmiş şəxs işdən sonra ona məxsus **-DC-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobi avtomobili idarə etməyi xahiş etdiyi üçün buna da icazə vermişdir. Həmin avtomobil ilə çantaların daşınması həyata keçirilmiş və buna görə də kuryer kimi işləməsi üçün M.Abdurrahmanova etibarnamə də vermişdir. Hadisə olan ərəfədə atası açıq ürək əməliyyatı keçirmiş və əmisi rəhmətə getmişdir. Zərərçəkmiş şəxs avtomobili nömrəsiz idarə etdiyindən avtomobil cərimə meydançasına yerləşdirilmiş, inzibati cəriməni də özü ödəmişdir. Səhərisi gün yenidən avtomobili nömrəsiz idarə etdiyi üçün yenə də avtomobili cərimə meydançasına aparmışlar. Birinci dəfə avtomobilin qabaq nömrəsi düşüb itmiş, həmin nömrəni özü axtarıb tapmış, M.Abdurrahmanova nömrəni tadığını, gəlib götürməsini bildirsə də, o gəlməyə pulunun olmadığını, onun üçün taksi çağırmasını və ya nömrəni depoya qoymağı demişdir. O da M.Abdurrahmanovla razılaşaraq nömrəni depo kimi istifadə etdikləri yerə qoymuşdur. Lakin səhər tezdən M.Abdurrahmanov yenidən ona zəng edərək bildirmişdir ki, dünən ona taksi çağırmadığı üçün avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə etdiyindən dövlət yol polisi onu yenidən saxlamışdır. Zərərçəkmiş şəxs niyə belə məsuliyyətsizlik etməsi barədə irad bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs yaşadığı ünvana gəlmiş, orda avtomobili ona etibar etdiyini, buna məsuliyyətlə yanaşmalı olduğunu bildirəndə M.Abdurrahmanov onu günahkar çıxarmağa çalışmışdır. Etdiyi əməlin doğru olmadığını qəbul etdiyini bildirərək, bir dəqiqəlik emosional hərəkət edib onunla əlbəyaxa olmuşdur. Daha sonra isə onunla danışaraq söhbət etdikdən sonra onu yola salmış və o da çıxıb getmişdir. Bundan başqa M.Abdurrahmanov həmin müddətlərdə dişlərindən müalicə aldığını, onun dişlərinə xəsarət yetirmədiyini, həmin hadisə zamanı tək tərəfli hücum edən özü olmadığını, qarşılıqlı münaqişələrinin olduğunu, bu zaman Zərərçəkmiş şəxs üzünün taxtaya dəyərək üzündə cızıq yarandığını, özündə isə heç bir xəsarət olmadığı üçün təqsirləndirilən şəxs kimi onun cəlb edildiyini, buna baxmayaraq etdiyi hərəkətin doğru olmadığını qəbul etdiyini bildirərək Zərərçəkmiş şəxs zərər vermək kimi niyyətinin olmadığını, Zərərçəkmiş şəxs avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə etməsinə görə ümumilikdə 220 manat xərcinin çıxdığını bildirmişdir. Verilmiş suallara cavab olaraq isə mübahisə zamanı əlbəyaxa olduqlarını, Zərərçəkmiş şəxs hər hansı əşya ilə vurmadığını, dəqiq hansı nahiyyələrinə vurduğunu xatırlamadığını, sadəcə üz və baş nahiyyələrinə yumruq və sillə vurduğunu, həmin hadisənin yaşadığı S.Məmmədova küçəsində yerləşən həyət evində baş verdiyini, hadisə vaxtı sadəcə iksinin olduğunu, kənar şəxslər olmadığını, hazırda zərəçəkmiş şəxslə barışdığını, zərəçəkmiş şəxslə əlbəyaxa olduqları vaxt özünün xəsarət almadığını bildirmişdir. Təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən peşman olduğunu, bir daha bu cür hala yol vermiyəcəyini bildirərək məhkəmədən barəsində daha yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, işlə bağlı Elmarın nömrəsini görüb ona yazmış və daha sonra onun evində görüşərək iş barəsində danışıb razılaşmışlar. Kuryer kimi Elmarın ona verdiyi **-DC-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobil ilə çantaların çatdırılmasını həyata keçirmişdir. Yolda olduğu zaman yol polis əməkdaşları onu saxlamış, avtomobildən düşdükdən sonra avtomobilin ön qeydiyyat nişanının düşüb itməsini bilmişdir. Bu barədə Elmara məlumat vermiş, işin pulundan avtomobil cərimə meydançasına aparılmaması üçün həmin vaxt 100 manat pul vermişdir. Lakin avtomobilin qeydiyyat nişanının düşməsindən yol polisi onu saxlayanadək xəbəri olmamışdır. Daha sonra avtomobili idarə edib yaşadığı evə getmişdir. 04 dekabr 2024-cü il tarixdə axşam saatlarında Elmar ona zəng edərək avtomobilin dövlət qeydiyyat nişanının tapdığını bildirmişdir. Həmin vaxt isə o nömrəni axtarmaq üçün “28 Mall” adlanan tərəfə gedirdi. Üzərində 4 manat pul olmuş, həmin pulla da evə qayıtmağı fikirləşmişdir. Elmar ona gəlib nömrəni götürərək avtomobilin üzərinə vurmasını bildirmişdir. O isə Elmara nömrəni gəlib götürməyə görə taksi üçün 5 manat pul göndərməsini desə də, Elmar ona qışıaraq “mən sənə niyə pul atmalıyam, gəl özün götür” demişdir. Bundan sonra Elmara nömrəni sabah gəlib götürəcəyini demiş, Elmar da onunla razılaşmışdır. Səhəri gün isə də üzərində pul olmadığı üçün məcbur həmin avtomobili yenidən nömrəsiz idarə edərək nömrəni götürməyə gedərkən yolda yenidən yol polisi əməkdaşları onu saxlayaraq avtomobili cərimə meydançasına aparmışlar. O yenidən Elmara zəng edərək üzərində pul olmadığını və avtomobili cərimə meydançasına aparıldığını bildirmiş, Elmar da onun kartına 5 manat göndərdiyini taksi sifariş edərək onun yaşadığı evə gəlməyi bildirdiyi üçün o da Elmarın yaşadığı evə getmişdir. Ora çatdıqdan və bir az söhbət etdikdən sonra aralarında mübahisə yaranmağa başlamış, bu zaman Elmara “heç nə olmaz, avtomobil cərimə meydançasındadır, həll edib, çıxardarıq” demiş, Elmar isə onun dəlilik kağızı olduğunu bildirərək onunla əl-qol hərəkətləri ilə danışmağa başlanyanda ona etiraz edərək, əl-qol ilə danışmamasını bildirdirmişdir. Həmin sözlərindən sonra Elmar onu yumruq ilə çənə nahiyyəsindən vurduğuna görə özünü itirmiş və onu 2 dəqiqəyə yaxın döymuşdur. Buna görə də yerə yıxılmışdır ki, artıq onu vurmasın. Bundan sonra isə Elmar ona su gətirmiş, suyu içdikdən sonra ona getmək istədiyini bildirdikdən sonra oranı tərk etmişdir. Bu hadisə ona pis təsir etdiyi üçün 102 xidmətinə zəng edərək məlumat vermişdir. Ona verilmiş suallara cavab olaraq isə ilk dəfə saxlanılan zaman avtomobilin cərimə meydançasına aparılmaması üçün verdiyi 100 manat pulun işin, yəni Elmarın pulu olduğunu, Elmarın onun baş və çənə nahiyyəsindən təxminən 5-6 zərbə vurduğunu, ilk zərbəni qəflətən vurduğu və o özünü itirdiyi üçün Elmara heç bir zərbə yetirmədiyini, Elmarın onu vurmasının ümumilikdə təxminən 1-2 dəqiqə çəkdiyini, hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, bu barədə istintaq zamanı ərizə təqdim etdiyini, hazırda məhkəməyə də bu barədə ərizə təqdim etdiyini bildirərək məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında Binəqədi Rayon prokurorunun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X1 şikayət ərizəsi əsasında CM-nin 128.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanaraq ibtidai istintaqın aparılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. (i.v.1); Cinayət işinin icraata qəbul edilməsi haqqında 05 fevral 2025-ci il tarixli qərardan görünür ki, CM-nin 128-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işi Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X9 tərəfindən icraata qəbul edilərək ibtidai istinrtaqın aparılması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5 11 dekabr 2024-cü il tarixli 2442 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-üst çənədə diş ətlərinə qansızma, alının sağ yarısının şişkinli qançırı, alının sol yarısı-sol gicgah nahiyəsinin şişkinli qançırı, alt çənənin çeynəmə hərəkətlərinin məhdudlaşması, selikli qişasına qansızma və əzilmiş yara ilə müşaiyət olunmuş şişkinlik halında əziyi, burun nahiyəsinin şişkinlik halında əziyi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yumruqla, təpiklə vurulma nəticəsində əmələ gələ bilərdilər və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə həmin xəsarətlərin onun özü-özünə yetirilmə nəticəsində törənmələri inandırıcı deyildir. (i.v. 17-19); zərərçəkmiş şəxs qismində tanınma haqqında 05 fevral 2025-ci il il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.47-48); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 12 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Səbail Rayon Polis İdarəsində CM-nin 221.1-ci maddəsi ilə aparılan araşdırma materialı üzrə xx.xx.2022-ci il tarixdə Cinayət Prosessual Məcəllənin 40.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (i.v. 21); Bakı şəhəri X11 İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi polis polkovnikleytenantı X6 tərəfindən qəbul edilmiş və Səbail rayon prokuroru Natiq Əsədov tərəfindən təsdiq edilmiş 28 mart 2022-ci il tarixli “Cinayət İşinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış HK-1, 302 nömrəli material üzrə Təqsirləndirilən şəxs barədə cinayət təqibini başlamadan, bəraətverməyən əsaslarla cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 68-69); xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxs qsimində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v.81-82) xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v.81-82); 03 may 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərilən xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs MM.Abdurrahmanovun bildirdikləri ilə razı olduğunu qeyd edərək ona bir neçə dəfə sifət və alın nahiyəsindən xəsarət yetirdiyini etiraf etmişdir (i.v.61-65); xx.xx.2025-ci il tarixli “İfadənin yerində yoxlanılaması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadəsində göstərdiyi xüsusatları hadisənin baş verdiyi yerə getməklə əyani olaraq göstərmək təklif olunmuş, Təqsirləndirilən şəxs ilə birlikdə onun ifadəsinin düzgünlüyünü yoxlamaq üçün ünvan 3 ünvanına gedildikdən sonra o, əli ilə yaşadığı ünvan 3 ünvanında yerləşən evin həyətində olan anbar kimi istifadə etdiyi tikilini göstərərək həmin tikilidə Mehmanı yumruqla bir neçə dəfə sifət və alın nahiyəsindən qəsdən vurmasını qeyd etmiş, ifadənin yerində yoxlanması açıq havada keçirilmiş və ifadənin yerində yoxlanılması zamanı fotoşəkilər çəkilərək protokola əlavə edilmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxs ifadələri, cinayət işi üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5 11 dekabr 2024-cü il tarixli 2442 saylı ekspert rəyi, üzləşdirmə protokolu, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması və istintaq hərəkətlərinin aparılması haqqında digər protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM 144-146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin qeyd hissəsinin birinci bəndinə əsasən isə şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət Prosesual Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi polis polkovnik-leytenantı X3 Səbail rayon prokuroru Natiq Əsədovla razılaşdırılmış 28 mart 2022-ci il tarixli “Cinayət İşinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə CPM-nin 40.2-ci maddəsinə əsasən X2 müraciəti əsasında toplanmış HK-1, 302 nömrəli material üzrə Təqsirləndirilən şəxs barədə cinayət təqibini başlamadan, bəraətverməyən əsaslarla cinayət təqibinin başlanması rədd edilmişdir. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı ödəmiş olsa da və zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbi olmasa da təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə CPM-nin 40.2-ci və Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən 28 mart 2022-ci il tarixli qərarla xitam verildiyindən CM-nin 72-ci maddəsinin qeyd hissəsinə əsasən onun barəsində olan hazırkı cinayət işi üzrə onun cinayət məsuliyyətindən azad edilməsi mümkün deyildir. Beləliklə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, məhkumluğunun olmamasını (CM-59.2.), zərəçəkmiş şəxslə barışmasını və zərəçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (59.1.12) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onu da nəzərə alır ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən çantaların daşınmasını həyata keçirmək üçün onun istifadəsinə verdiyi “Toyota Prius” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobili ayrı-ayrı tarixlərdə olmaqla ümumilikdə iki dəfə dövlət qeydiyyat nişanı olmadan idarə etməsinə görə dövlət yol polisi əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsinin cərimə meydançasına yerləşdirilmiş, avtomobilin cərimə meydançasından çıxarılması üçün inzibati cərimə təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və buna görə də zərəçəkmiş şəxsə irad bildirməsi nəticəsində aralarında yaranmış mübahisə zamanı təqsirləndirilən şəxs zərərçəkmişə qarşı zor tətbiq edərək dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin hərəkətləri ictimai təhlükəli xarakter daşımaqla hüquqi məsuliyyət doğurur və təqsiləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini zəruri edir. Bununla belə, əməli qiymətləndirərkən yalnız onun hüquqi mahiyyəti deyil, həm də ictimai təhlükəlilik dərəcəsi, yaranma səbəbləri, şərait və şəxsin sonrakı davranışları nəzərə alınmalıdır. Bu kontekstdə məhkəmə hazırda zərəçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını, zərəçəkmiş şəxsin təqsirləndirilən şəxsə yüngül cəza verilməsi barədə xahişini, təqsirləndirilən şəxsin isə törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, bu peşmançılığın onun davranışlarında əksini tapmasını, cinayət əməlinin emosional gərginlik və qarşılıqlı münasibətlər zəminində baş verməsini nəzərə alır. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41ci maddəsinə əsasən, cəza təkcə təqsirləndirilən şəxsi cəzalandırmaq məqsədi daşımır, eyni zamanda onun islah olunmasına, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına və sosial ədalətin təmininə xidmət etməlidir. Qeyd edilən hallar kontekstində, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan – cərimə növündə cəzanın təyin edilməsi həm qanuni, həm ədalətli, həm də cəzanın məqsədlərinə uyğundur. Cərimə cəzası şəxsin islah olunmasına real şərait yaradır və onun sosial mühitdən təcrid olunmadan, hüquqa hörmət ruhunda davranışlarını tənzimləməsi üçün adekvat vasitə sayılır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (əməlindən səmimi peşmançılıq çəkməsini, məhkumluğunun olmamasını - CM-59.2, zərəçəkmiş şəxslə barışmasını və zərəçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını - 59.1.12) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həlledir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 (on beş) saat vaxt sərf etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək göstərilmiş hüququ yardımın hər iş saatı üçün 6 manat, xx.xx.2025-ci il tarixdə göstərilmiş hüquqi yardımın hər iş saatına görə 11 manat olmaqla, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ümumilikdə 115 (yüz on beş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1500 (min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə xx.xx.2025-ci il tarixədək göstərilmiş hüququ yardımın hər iş saatı üçün 6 manat, xx.xx.2025-ci il tarixdə göstərilmiş hüquqi yardımın hər iş saatına görə 11 manat olmaqla Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ümumilikdə 115 (yüz on beş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar