Məhkəmə qərarları › İş №1(001)-353/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-353/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-353/2025 07.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: Nəsibov Samir Nadir oğlunun sədrliyi Məhkəmə iclas katibi: Bayramov Tural Ural oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1998-ci il tarixdə Ukrayna Respublikasının Dnepropetrovsk şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta-ixtisas təhsilli, məhkumluğu olmayan, işləməyən, İsmayıllı rayonu, Mücühəftəran kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda və narkotik vasitəni əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,401 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 1 ədəd şəffaf sellofana bükülmüş bükümdə və 1 ədəd siqaret görünüşlü bükümdə tütün ilə qarışıqda təmiz çəkisi 0,21 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək, metamfetamini əynində olan qara rəngli şalvarın sağ yan cibində və qurudulmuş marixuananı isə şalvarının sol yan cibində “PallMall” markalı siqaret qutusunun içərisində saxlamaqla üzərində daşımış, xx.xx.2024-cü il tarixdə, saat 07:00-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsi “Əli” marketin yaxınlığında saxlanılaraq həmin polis bölməsinin inzibati binasına gətirilmiş və orada həmin tarixdə, saat 09:15-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,401 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və şalvarının sol yan cibindən “PallMall” markalı siqaret qutusunun içərisindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı 1 ədəd siqaret görünüşlü bükümdə tütün ilə qarışıqda təmiz çəkisi 0,21 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana aşkar edilərək götürülümüşdür. İbtidai istintaq orqanı tərəfindən istintaqa məlum olmayan mənbədən bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuananı, psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə etməsi və üzərində saxlayaraq daşıması kimi halların olmasına, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin birgə saxlanması və üzərində gəzdirilməsi, bükümlərə bölünməsi və bükümlərin say çoxluğunun olması əsası ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun üzərindən aşkar edilmiş psixotrop maddəni və narkotik vasitəni satmaq üçün deyil, şəxsi istifadəsi üçün əldə etmişdir. Belə ki, üzərindən aşkar edilmiş marixuananın siqaretə qarışıq vəziyyətdə olması onun həmin narkotik vasitəni satmaq niyyətinin olmadığını göstərir. Əgər o, marixuananı satmaq niyyətində olsa idi, onda marixuana siqaretə qarışıq vəziyyətdə olmazdı. O, marixuananı siqaretə doldurmuşdur ki, üzərində olan metamfetamini istifadə etdikdən sonra həmin marixuananı da istifadə etsin. Sonda Təqsirləndirilən şəxs hazırda reabilitasiya mərkəzində müalicə olunduğunu, narkotik vasitələrdən istifadə etdiyi üçün səmimi peşman olduğunu, yeganə məqsədinin sağalaraq dövlətinə və xalqına xidmət etmək olduğunu bildirərək, məhkəmədən cəza təyin edərkən bu halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqında dindirilmiş şahid Binəqədi RPİ-nin 40-cı polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 Qəmət oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi ötən ilin yay aylarında, təxminən avqust ayında Binəqədi rayonu, Hökməli qəsəbəsində “Əli” marketin yanında saxlamış və 40-cı PB-nə gətirmişlər. Bölmədə həmin şəxsin üzərində şəxsi axtarış keçirilmiş və onun üzərindən 01 ədəd siqaretə doldurulmuş marixuana və 01 ədəd bükümdə metamfetamin aşkar edilmişdir. Verilən suallara cavab olaraq Şahid2 Qəmət oğlu bildirmişdir ki, əməliyyat məlumatı polis əməkdaşı Ərşad Məmmədliyə daxil olmuş, əməliyyat məlumatı narkotik vasitələrin satışı ilə bağlı deyil, istifadəsi ilə bağlı olmuşdur. Məhkəmə istintaqında dindirilmiş şahid Binəqədi RPİ-nin 40-cı polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 2024-cü ilin avqust ayında həmkarları olan Ərşad Məmmədliyə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatda 3 nəfər şəxsin üzərində narkotik vasitə daşıması və istifadə etməsi qeyd olunmuşdu. Həmin məlumatın doğruluğunu yoxlamaq məqsədilə Ərşad Məmmədli tərəfindən raportla bölmə rəhbərliyinə məruzə olunmuş, bölmə rəhbərliyi icazə verdikdən sonra 3 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Binəqədi rayonu, Hökməli qəsəbəsində “Əli” marketin yaxınlığında xarici görkəmləri əməliyyat məlumatında qeyd olunan şəxslərə uyğun gələn 3 nəfər şəxs şübhəli şəxs kimi saxlanılmış və bölməyə təmin olunmuşdur. Bölməyə gətirilmiş şəxslərin razılığı ilə təhqiqatçı tərəfindən onların üzərində video çəkilişlə şəxsi axtarış aparılmışdır. Video çəkilişdə o, da şahid qismində iştirak etmişdir. Axtarış zamanı bölməyə gətirilmiş şəxslərdən biri olan Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən metamfetamin, sol yan cibindən isə “PallMall” markalı siqaret qutusunun içərisində qurudulmuş marixuana aşkar edilərək, götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən çıxan maddələrin ona məxsus olmasını etiraf etmişdir. Bölmənin təhqiqatçısı tərəfindən aşkar edilmiş maddələr zərfə qoyularaq, ekspertizaya göndərilmişdir. Verilən suallara cavab olaraq Şahid1 əməliyyat məlumatının Ərşad Məmmədliyə daxil olduğunu, məlumatın narkotik vasitələrin gəzdirilməsi və istifadəsi ilə bağlı olduğunu, hadisənin üzərindən səkkiz ay keçdiyinə görə hazırda narkotik vasitələrin satışı ilə bağlı əməliyyat məlumatının olub-olmamasını xatırlamadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: • “cinayət işinin başlanması və icraata götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v. 1); • Binəqədi RPİ-nin 40-cı PB-nin CA üzrə ə/m, polis baş-leytenantı Ərşad Məmmədli tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda X5, Təqsirləndirilən şəxs və X3 qanunsuz olaraq üzərində narkotik vasitələri və psixotrop maddələri gəzdirməsi bildirilmişdir (i.v. 3); • Binəqədi RPİ-nin 40-cı PB-nin CA üzrə ə/m, polis baş-leytenantı Ərşad Məmmədli tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, X7, Təqsirləndirilən şəxs və X6 qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edərək istifadə etməkdə şübhəli bilindikləri üçün Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasına gətirilmişlər (i.v 8); • “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli Protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi RPİ-nin 40-cı PB-nə Təqsirləndirilən şəxs xeyli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi olmadan əldə etməsi, qanunsuz olaraq üzərində daşıması və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 10 avqust 2024-cü il tarixdə, saat 07:00 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsində yerləşən “Əli” marketin yaxınlığında piyada hərəkət edən zaman saxlanılmışdır (i.v. 29); • “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli Protokoldan və məhkəmə iclasında baxış keçirilmiş diskdə olan video görüntüdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd “Pall mall” markalı siqaret qutusundan 1 ədəd ağ rəngli siqaret görünüşlü kağıza bükülmüş marixuana və sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümdə kristal şəkilli, ağ rəngli metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi marixuanaya və metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, metamfetaminə bənzər kütlənin çəkisi 0.50 qram, marixuanaya bənzər kütlənin çəkisi isə 1.02 qram olmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq 6 (altı) ildir narkotik vasitə istifadə etdiyini, üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu və həmin narkotik vasitə hesab edilən maddələri xx.xx.2024-cü il tarixdə səhər saatlarında Abşeron rayonu, Qobu qəsəbəsi adlanan yerdən, tanımadığı şəxsdən hər birinə 10 (on) manat ödəməklə şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir (i.v. 35-37); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/4076 nömrəli materialların məhkəmə ekspertizasının rəyinə əsasən “Tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,401 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatına 0,050 qram sərf edilmiş, qalıq 0,351 qramdır.” Aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manatdır (i.v. 49-51); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/1333 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən “Tədqiqata təqdim edilmiş bir ədəd siqaretin içərisində tütün ilə qarışıqda təmiz çəkisi 0,21 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana vardır. Marixuananın təmin çəkisi – 0,21 qram, tədqiqata sərf edildi – 0,02 qram, qalıq – 0,19 qramdır.” Aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manatdır (i.v. 55-56); • “Təqsirləndirilən şəxs qismində cılb etmə haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v. 66-67); • “təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmə barədə iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Binəqədi rayon Pİ-nin MSY-dən azad edilmişdir (i.v. 89); • “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X1 12 avqust 2024-cü il tarixli, 5510 nömrəli rəyinə əsasən “müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür” (i.v. 91-92); • “maddi sübut kimi tanıma haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş tədqiqata sərf edildikdən sonra çəkisi 0,351 qram metamfetamin və 0,19 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir (i.v. 102); • “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il Qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci madəsinə tövsif edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (i.v. 112-113); • “vəsatətin təmin edilmədən rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün üzərində gəzdirməsini bildirməsi barədə vəsatəti əsassız olduğundan təmin edilmədən rədd edilmişdir (i.v. 128-129); • “Axtarışda olan şəxsin tutulmasına dair” xx.xx.2025-ci il tarixli Protokoldan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi RPİnin 40-cı PB-nə gətirilmişdir (i.v. 135); • “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Binəqədi rayon Pİ-nin MSY-dən azad edilmişdir (i.v. 149-150); • “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini əks etdirən 01 ədəd DVD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi qiymətləndirilərək istintaq materiallarına əlavə edilmiş, ondan götürülmüş tədqiqata sərf edildikdən sonra çəkisi 0,351 qram metamfetamin və 0,19 qram narkotik vasitə qurudulmuş marixuananın maddi sübut kimi tanınaraq Binəqədi RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilməsi nəzərə alınmışdır (i.v. 156-161); • Təqsirləndirilən şəxs ibtidai istintaqa təqdim etdiyi vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir (i.v. 139-140); • Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 98). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 25-ci maddəsinin tələblərinə görə hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikası qanunlarının tələblərinə tabedirlər. Hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur: “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il 8 №-li Qərarının 8-ci hissəsində qeyd edilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsində şərh verilmişdir. Belə ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Qərarın 9-cu hissəsində isə qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixotrop maddə metamfetaminin və narkotik vasitə qurudulmuş marixuananın satışını həyata keçirərkən, yaxud bilavasitə realizə edərkən saxlanılmamış, polis əməkdaşlarına daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 10 avqust 2024-cü il tarixdə, saat 07:00 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsində yerləşən “Əli” marketin yaxınlığında piyada hərəkət edən zaman saxlanılıb polis bölməsinə aparılmış və orada üzərinə şəxsi axtarış aparılarkən onun üzərindən ittihamda qeyd edilən psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə “satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və ya psixotrop maddələri əldə etmə, daşıma və saxlama”ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-in 234.2-ci maddəsi ilə ittiham irəli sürərkən kifayət qədər mötəbər sübutlara əsaslanmamışdır. Belə ki, təqsirləndirilən şəxs həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərmişdir ki, altı ildən çoxdur ki, narkotik vasitələrdən istifadə edir. Üzərindən aşkar edilmiş psixotrop maddəni və narkotik vasitəni saxlanıldıqdan 1 gün əvvəl tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat müqabilində əldə etmişdir. -- Cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşları da Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddəni və narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini təsdiq edən ifadə verməmiş, göstərmişlər ki, daxil olmuş əməliyyat məlumatı narkotik vasitələrin satışı ilə deyil, gəzdirilməsi və istifadəsi ilə bağlı olmuş, təqsirləndirilən şəxs tutularkən üzərində aşkar olunmuş qanunla qadağan edilmiş maddələri şəxsi istifadəsi üçün üzərində daşımaqla gəzdirdiyini bildirmişdir. Eyni zamanda cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi xx.xx.2024-cü il tarixdə CM-nin 234.1-ci maddəsi ilə başlanılmış və 4 (dörd) ay həmin maddə ilə ibtidai istintaq aparılmış, xx.xx.2024-cü il tarixdə hər hansı yeni hal aşkar edilmədən onun əməli CM-nin 234.2-ci maddəsinə tövsif edilmişdir. Müstəntiq isə tövsif qərarını narkotik vasitələrin və psixotrop maddələrin birgə saxlanması və üzərində gəzdirilməsi, bükümlərə bölünməsi və bükümlərin say çoxluğunun olması ilə əsaslandırmışdır. Halbuki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuana siqaretə doldurulmuş vəziyyətdə olmuşdur, yəni təqsirləndirilən şəxs həmin narkotik vasitəni bükümlərə bölməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il 8 №-li Qərarının 9-cu hissəsində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin üzərindən 2 növdə narkotik vasitənin və ya psixotrop maddənin aşkar edilməsinin heç bir araşdırma aparmadan onun “satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, daşıma və saxlama”ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirinin mötəbər sübutu kimi qəbul edilməsi əsaslı hesab edilə bilməz. CPM-in 32-ci maddəsində təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir, müdafiə tərəfi isə cinayət təqibi ilə bağlı irəli sürümüş ittihamı təkzib edir və ya cinayət prosesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yüngülləşdirən halların mövcudluğuna cəlb edir və təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir, məhkəmə cinayət prosesi tərəflərindən hər birinin vəsatəti ilə əlavə olaraq zəruri materialların əldə edilməsinə kömək göstərir. Qanunun tələbindən də göründüyü kimi ittiham tərəfi Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əlaqələrinin olub-olmamasını müəyyən etmək məqsədilə zəruri istintaq hərəkətlərini yerinə yetirməli, nəticəsindən asılı olaraq bu və ya digər qərar qəbul etməli idi. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanın heç bir araşdırma aparmadan üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni təqsirləndirilən şəxsin satış məqsədi ilə əldə etməsini təsdiq edən sübut kimi qəbul etmələri əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 138.1-ci maddəsinə görə sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 351.2-ci maddəsinin tələblərinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında xatırlatmışdır ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə toplanmış sübutlarla Təqsirləndirilən şəxs “satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak məqsədilə əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” cinayəti törətməsi kifayət qədər sübuta yetirilir. Ona görə də onun əməli “satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama və daşıma”ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-in 234.2-ci maddəsindən, “Satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-in 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə edilməsin. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən marixuanaya münasibətdə isə məhkəmə qeyd edir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan qurudulmuş marixuana (kannabis) xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram təşkil edir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il 8 №-li Qərarının 4-cü hissəsinin ikinci abzasına əsasən narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd siqaretin içərisində tütün ilə qarışıqda qurudulmuş marixuananın təmiz çəkisi 0,21 qram olmuşdur ki, bu miqdar Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarından azdır. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana CM-nin 234.1-ci maddəsinin tərkibinin yaranması üçün müəyyən edilmiş xeyli miqdardan az olduğundan, məhkəmə bu qənaətə gəlir ki, həmin hissə ittihamdan xaric edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, vətən müharibəsi iştirakçısı olmasını, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə həmçinin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. CPM-in 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 10 avqust 2024-cü il tarixdən 11 avqust 2024-cü il tarixədək və 06 fevral 2025-ci il tarixdən 08 fevral 2025-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs CM-in 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanması yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,351 qram psixotrop maddə metamfetamin və 0,19 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 1 (bir) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Habelə, iş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 161 (bir yüz altmış bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə xx.xx.2025-ci il tarixədək sərf etdiyi hər iş saatı üçün 6 manat, həmin tarixdən sonra isə 11 manat haqq hesablanaraq, ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə nəzərə alaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 10 avqust 2024-cü il tarixdən 11 avqust 2024-cü il tarixədək və 06 fevral 2025-ci il tarixdən 08 fevral 2025-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 8 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən nömrəsiz fərdi evi hər gün saat 19:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanması yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,351 qram psixotrop maddə metamfetamin və 0,19 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 1 (bir) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 161 (bir yüz altmış bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin (X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** hesab AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 15 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 115 manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar