Məhkəmə qərarları › İş №1(001)-354/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-354/2020

28.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-354/2020 28.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Nərimankənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, avtobus parkının arxasında fərdi tikilmiş evdə kirayə yaşayan və barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, xx xxxxx 2020-ci il tarixdə saat 21 radələrində kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, avtobus parkının arxasında yerləşən fərdi tikilmiş evdə arvadı Zərərçəkmiş şəxs oğlu Şahid ilə gecə vaxtı dərs çalışdığından və bundan sonra arvadı Zərərçəkmiş şəxs telefon istəməsi, lakin sonuncunun telefonu divanın altına atması səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə əli ilə vuraraq ona sol təpə-gicgah nahiyyəsinin hematoması, sol üst göz qapağı, sağ alt göz qapağı və gözaltı nahiyyələrinin və sol ayaq pəncəsinin qançırları, üst dodaq və bel nahiyyələrinin sıyrıqları kimi xəsarətlər yetirib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsiilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Onlar 2007-ci il tarixdə ailə həyatı qurublar və onların birgə nigahlarından 2 övladları var. Rəsmən heç bir yerdə işləməsə də Z.Bünyadov prospektində yerləşən dəmir sexində fəhləlik edir. Ailə həyatı qurandan bəri ailəsi ilə birlikdə Bakı şəhərində müxtəlif ünvanlarda, 2016-cı il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, avtobus parkının arxasında yerləşən fərdi tikilmiş evdə kirayə yaşayır. Aygünlə ailə həyatı dövründə aralarında normal ailə münasibətləri olub. Kiçik ailə söz-söhbətləri nəzərə alınmasa aralarında heç bir narazılıq olmayıb. xx.xx.2020-ci il tarixdə axşam saat təxminən 17 radələrində evə gələrkən evin qapısını açan olmadığını görüb 1 saat gözləsə də arvadı Aygünlə oğlu Nihadın evə hələ də gəlmədiyini görüb çıxıb getmişdir. Belə ki, böyük oğlu Emin mart ayından bəri Biləsuvar rayonunda onun valideynlərinin yanında qalır. Kiçik oğlu Nihad isə özləri ilə qalır və o, dərsləri ilə əlaqədar hazırlığa gedir. Kirayə yaşadığı qapının qarşısında 1 saatdan artıq gözləməyinə baxmayaraq arvadı Aygünün mobil telefonuna zəng vurub harada olmasını soruşmamışdır. Çünki 1 həftə öncə aralarında pul üstündə narazılıq olmuş və aralarında inciklik yaranmışdır. Belə ki, Aygünə “Korona” virus pandemiyası ilə əlaqədar pul qazana bilmədiyini və Nihadın müəllim yanına müvəqqəti olaraq getməməsini istəmişdir. Həmin günü axşam saat 21:00 radələrində evə gələrkən Aygünün Nihadın dərsləri ilə məşğul olduğunu görüb Nihaddan harada olmalarını soruşarkən o, evdə olduqlarını bildirmişdir. Nihada yalan danışdığını evdə olmadıqlarını bildirmişdir. Ondan müəllim yanına getdiyini soruşarkən o, səmimi olaraq müəllim yanına getdiyini etiraf etmişdir. Nihadın ona Aygünün yanında yalan deməsi və Aygünün buna bilə-bilə susması onu əsəbləşdirmişdir. X3 tərəfindən yalan danışmasına öyrədildiyini anlamışdır. Əsəbindən Aygünə bu gecə vaxtı dərslə məşğul olmaq vaxtının olmadığını bildirmiş, Aygün isə Nihadın müəlliməsinin “Vatsap” vasitəsilə dərslər göndərdiyini və həmin dərsləri etdiklərini bildirmişdir. Aygünə əgər müəllimə gecə vaxtı dərs tapşırırsa, onun mobil telefonuna göndərməsini bildirib Aygündən mobil nömrəsini telefondan çıxarıb verməsini tələb etmiş, lakin Aygün mobil telefon nömrəsini ona verməkdən imtina edərək onunla mübahisə etməyə başlamışdır. Daha da əsəbləşərək Aygünün üzərinə gedib ondan mobil telefonunu verməsini tələb etmişdir. Aygün telefonu verməkdən imtina edərkən telefonu onun əlindən almağa cəhd etmiş və dartışmağa başlamışlar. Təxminən 1-2 dəqiqə dartışmadan sonra Aygün ona qarşı hörmətsizlik edərək mobil telefonu divanın altına atmışdır. Aygünün bu hərəkəti onu özündən çıxartdığı üçün şillə ilə Aygünü sifət nahiyyəsinə 1 dəfə zərbə vurmuşdur. Bundan sonra Aygün bir qədər də onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxt Nihat divanın altında olan mobil telefonu götürüb ona vermişdir. Aygün əsəbləşdiyi üçün Nihadı qonşudan sakitləşdirici dərman almağa göndərmişdir. Bir qədər sonra adını Şəmsiyyə kimi xatırladığı qonşuları da Nihadla birlikdə onlara gəlmişdir. Şəmsiyyə Aygünə dərman gətirmiş və Aygünün əsəbi olduğunu görüb onu öz evinə aparmışdır. Bir qədər sonra saat təxminən 23 radələrində Aygünlə Nihad evə gəlmişlər. xx.xx.2020-ci il tarixdə səhər tezdən işə gedib axşam işdən qayıdarkən Aygünlə Nihadın evdə olmadığını görmüşdür. Sonradan ona məlum olmuşdur ki, Aygün həmin günü onun barəsində polisə şikayət edərək Şirvan şəhərində yaşayan əmisinin yanına getmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq aralarındakı dava-dalaş zamanı yanlarında yalnız oğlu Nihat olduğunu, münaqişə zamanı Aygünün sifət nahiyyəsindən 1 dəfə şillə vurduğunu, digər xəsarətlər isə telefonu Aygünün əlindən almaq istəyərkən dartışmaları nəticəsində əmələ gələ bildiyini bildirmişdir. Hazırda onlar baqışmışlar, aralarında heç bir problem yoxdur, o, əməlindən peşmandır, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir və onunla 2007-ci il tarixdə ailə həyatı qurmuşdur. Bu evliliklərindən iki övladları dünyaya gəlmişdir. Ailə həyatı qurduqdan sonra Bakı şəhərinə köçüb müxtəlif ünvanlarda kirayə yaşamışlar. 2016-cı il tarixdən isə Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, avtobus parkının arxasında yerləşən fərdi tikilmiş evdə kirayə yaşayırlar. Ailə həyatı qurduqdan sonra aralarında normal ailə münasibəti olsa da son 3-4 ildir ki, münasibətlərdə soyğunluq olmuş və aralarında müxtəlif səbəblərdən tez-tez mübahisələr baş verir. Mübahisə səbəblərindən biri də Elnurun Nazlı adlı sevgilisinin olması ilə əlaqədardır. Hətta 2017-ci ildə Elnur rəsmən evli olmalarına baxmayaraq onları tərk edib bir il müddətində Nazlı adlı sevgilisi ilə birlikdə yaşamışdır. Bununla bağlı tez-tez mübahisələri olmuşdur. Lakin ailəsi dağılmasın və övladları atasız böyüməsin deyə bu haqsızlığa dözmüşdür. Elnurun ailəsinə bu cür münasibəti münasibətlərini soyutmuşdur. xx.xx.2020-ci il tarixdə saat 21:30 radələrində evdə kiçik oğlu Nihadın dərsləri ilə məşğul olan zaman Elnur evə gəlmiş və Nihaddan bir qədər öncə harada olmalarını soruşarkən Nihad Elnura qonşuda olduqlarını bildirmişdir. 2020-ci ilin aprel ayının əvvəllərində Elnurun sevgilisi Nazlıya ismarıc göndərdiyi üçün Elnurla aralarında mübahisə yaranmış və bir-birilərini danışdırmadıqları səbəbindən Elnur harada olmaqları barədə sualı ona yox Nihada vermişdir. Bundan sonra Elnur ona bu gecə vaxtı dərslə məşğul olmaq vaxtının olmadığını bildirən zaman Nihadın müəlliməsinin “Vatsap” vasitəsilə dərslər göndərdiyini və həmin dərsləri etdiklərini bildirmişdir. Bu zaman Elnur ona əgər müəllimə gecə vaxtı dərs tapşırırsa, tapşırıqları onun mobil telefonuna göndərməsini bildirib ondan telefonun üzərində olan mobil nömrəni telefondan çıxarıb ona verməyini tələb etmişdir. Elnurun tələbini yerinə yetirib mobil telefonu üzərində olan nömrəni çıxarıb Elnura vermişdir. Daha sonra Elnur ondan mobil telefonu tələb etmiş lakin mobil telefonu Elnura verməkdən imtina etmişdir. Bunun üstündə aralarında mübahisə yaranmışdır. Belə ki, Elnurun ondan telefonu tələb etməsinin əsl səbəbinin onun Nazlı adlı sevgilisinə ismarıc yazmağıyla bağlı olduğunu anlamışdır. Aralarındakı mübahisə zamanı Elnur onun əlindən telefonunu almağa cəhd etmiş, lakin mobil telefonu ona verməyərək telefonu divanın altına atmışdır. Bundan sonra Elnur əsəbləşərək əl zərbələri ilə onun baş və sifət nahiyyələrinə zərbələr vurmağa başlamışdır. Təxminən 3-4 dəqiqə çəkən mübahisə və dava-dalaşdan sonra Elnur sakitləşmişdir. Həyəcanlı olduğu üçün Nihadı qonşuluqda yaşayan Şəmsiyyə adlı qadıngilə göndərərək dərman almasını bildirmiş və bir qədər sonra Nihad Şəmsiyyə ilə birlikdə onlara evə gəlmişdir. Şəmsiyyə onun əsəbi olduğunu görüb onu və Nihadı öz evinə aparmışdır. Bir qədər sonra saat təxminən 23 radələrində evə qayıtmışlar. xx.xx.2020-ci il tarixdə səhər saatlarında əmisi Azərlə telefon əlaqəsi saxlayaraq axşam baş vermiş hadisəni, yəni Elnurun onu döydüyünü ona bildirib onunla yaşamağın mümkünsüz olduğunu demiş və şəxsi əşyalarını yığışdırıb Nihadla birlikdə Şirvan şəhərində yaşayan əmisi Azərgilə getmişdir. Hal-hazırda o, təqsirləndirilən şəxslə barışmışdır, aralarında heç bir ədavət və düşmənçilikləri yoxdur, təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası SN-in Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya birliyinin Binəqədi rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 619 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – sol təpə-gicgah nahiyəsinin hematoması, sol üst göz qapağı və gözaltı nahiyələrinin və sol ayaq pəncəsinin qançırları, üst dodaq və bel nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə əl ilə və yumruqla vurulan zərbələr nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan “Zərər çəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2020ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tərəfindən verilmiş tələbnamədən görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs oğlunun ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur, cinayət təqibinə xitam verilməsini xahiş edir. İş materiallarında olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs oğlu ilə barışmışdır. Barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və cinayət işinin materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Bundan başqa, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Binəqədi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-354/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2020-ci il tarixdən məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ibtidai istintaq orqanında və məhkəmə istintaqında ümumilikdə 04 saat vaxt sərf etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına 24(iyirmi dörd) manat məbləğində pul (“Kapitalbank” X2 Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h-AZ37NABZ******************** S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülkü iddia verilməmişdir, məhkəmə xərcləri və əmlak müsadirəsi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.2, 40.2.2, 43.3 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına 24 (iyirmi dörd) manat məbləğində pul (“Kapitalbank” X2 Binəqədi filialının kod- 200156, VÖEN-**********, m/h-AZ37NABZ******************** S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədirlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar