Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-354/2025 01.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ (cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.2-ci maddəsinə əsasən hər bir halda məhkəmənin hazırlıq iclasında tərəflərin iştirakı ilə aparılmış ibtidai araşdırma zamanı Cinayət-Prosessual Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə məsələlərə də baxılır. Cinayət işi üzrə keçirilən məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində (baş müstəntiq Ələhməd Əhmədli) aparılan ibtidai araşdırma (məhkəməyədək araşdırma) zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələbləri pozulmuş və cinayət prosesi üzrə kobud pozuntu hesab edilən nöqsanlara yol verilmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs bildirdi ki, cinayət işi materiallarında barəsində tərtib olunan protokol, izahat, üzləşdirmə hərəkətlərində olan imzalar (səhifə 22, 23, 24, 35, 58, 62 ,67, 68 və 75-ci) onun tərəfindən icra edilməmiş, habelə ibtidai istintaq zamanı müdafiəçisi qismində cəlb edilmiş X9 əslində həmin işlə bağlı heç vaxt Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində olmamış və istintaq hərəkətlərində iştirak etməmişdir. Buna görə də hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində baş müstəntiq Ələhməd Əhmədli tərəfindən aparılan ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin onun müdafiə hüququ ilə bağlı tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilməsini və həmin cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxsə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, habelə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X8 barəsində xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, hazırki cinayət işi xx.xx.2023cü il tarixdə Xətai rayon prokuroru tərəfindən CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan edilmiş və Xətai rayon məhkəməsi tərəfindən barəsində “həbs” qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə cinayət işi istintaq aidiyyəti üzrə Binəqədi RPİ-nə göndərilmiş, xx.xx.2024-cü il tarixdə Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, bundan başqa, xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin İstintaq şöbəsində Təqsirləndirilən şəxs barəsində CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış, xx.xx.2024-cü il tarixdə həmin cinayət işləri bir icraatda birləşdirilmiş, xx.xx.2024-cü il tarixdə “ev dustaqlığı” qətimkan tədbirinin müddəti başa çatdığından barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixdə iş üzrə tərtib edilmiş ittiham aktı Binəqədi rayon prokuroru Fuad Məmmədov tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Binəqədi rayon məhkəməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, o, tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə X2 Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində "xxxx" MMC tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasından ipoteka şərti ilə mənzil almasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, həmin işin müqabilində Nüşabə Şıxəliyevadan 2022-ci ilin aprel ayında Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən Azərbaycan Tibb Universitetinin yaxınlığında 5.000 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən Azərbaycan Tibb Universitetinin X3 yerləşən “E-manat” ödəmə terminalı vasitəsi ilə özünün təqdim etdiyi "xxxx" ASC-ə aid 4169********8928 nömrəli bank kart hesabına göndərilən 1.100 manatı, eyni üsulla xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Aygün Mall” ticarət mərkəzinin binasında yerlşən “Milliön” ödəmə terminalından göndərilən 1.100 manatı, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən Azərbaycan Tibb Universitetinin yaxınlığında şəxsən aldığı 3.300 manatı, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən Azərbaycan Tibb Universitetinin yaxınlığında şəxsən aldığı 5.000 manatı, 2022-ci ilin iyun ayının ortalarında Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Həzi Aslanov metrosunun yaxınlığında olan "Grand Market”in yaxınlığında Nüşabə Şıxəliyevanın idarə etdiyi "Kia-Pride" markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobildə şəxsən aldığı 1.100 manat pul vəsaitini alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs X2 ümumilikdə 16.600 (on altı min altı yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmə məqsədilə X1 özünü "X14" şirkətinin əməkdaşı Ramil Ağayev kimi təqdim edib Zərərçəkmiş şəxs2 övladları Sinem Seyfidar, Meryem Seyfidar və X12 şəhərinə ingilis dili kurslarına göndərilməsinə, eləcə də Kakramon Sayfidarov və onun arvadı Elanura Seyfidara viza almağa köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, həmin işin müqabilində Kakramon Sayfidarovun işlədiyi ünvan 2 ünvanda yerləşən "MedEra" hospitalından mobil telefonunda olan mobil tətbiq vasitəsi ilə özünün təqdim etdiyi "xxxx" ASC-ə aid 4169********8928 nömrəli bank kart hesabına xx.xx.2022-ci il tarixdə göndərilən 200 manatı, eyni ünvandan və eyni üsulla xx.xx.2022-ci il tarixdə göndərilən 153 manatı, eyni ünvandan və eyni üsulla xx.xx.2022-ci il tarixdə göndərilən 296 manat və 122 manatı, eyni ünvandan və eyni üsulla xx.xx.2022-ci il tarixdə göndərilən 240 manatı, eyni ünvandan və eyni üsulla xx.xx.2022-ci il tarixdə göndərilən 720 manatı, eyni ünvandan və eyni üsulla xx.xx.2022-ci il tarixdə göndərilən 805 manatı, eyni ünvandan və eyni üsulla xx.xx.2022-ci il tarixdə göndərilən 1.800 manatı, eyni ünvandan və eyni üsulla xx.xx.2022-ci il tarixdə göndərilən 800 manatı, eyni ünvandan və eyni üsulla xx.xx.2022-ci il tarixdə göndərilən 1.150 manatı, eyni ünvandan və eyni üsulla xx.xx.2022ci il tarixdə göndərilən 450 manatı, eyni ünvandan və eyni üsulla xx.xx.2022-ci il tarixdə göndərilən 275 manatı, 2022-ci ilin iyun ayının axırlarında işlədiyi həmin klinikada şəxsən aldığı 650 manat pul vəsaitini alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs X1 ümumilikdə 7.661 (yeddi min altı yüz altmış bir) manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisi məhkəməyə vəsatətlə müraciət edərək, iş materiallarında olan bəzi sənədlərdəki imzaların Təqsirləndirilən şəxs məxsus olmadığını bildirmiş, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçi ilə təmin edilmədiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs iş materiallarında olan müdafiəçisi X7 Binəqədi RPİ-də aparılmış istintaq zamanı ümumiyyətlə görmədiyini məhkəməyə bildirmişdir. Bu xüsusatları müəyyənləşdirmək məqsədi ilə xx.xx.2025-ci il tarixdə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş, habelə müdafiəçinin Binəqədi RPİ-də olub-olmamasını müəyyən etmək məqsədi ilə mobil operatorlara sorğu verilmişdir. Məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 4/781 nömrəli rəyindən görünür ki, 14 mart 2025-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında” qərar, “qərarın surətinin təqsirləndirilən şəxsə verilməsi, hüquq və vəzifələrin izah edilməsi” barədə protokol, “etiraz edilə bilən şəxslərin siyahısı ilə tanış etmə” barədə protokol, həmçinin 17 mart 2025-ci il tarixli “ibtidai istintaqın qurtarması” barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat verilməsi” barədə protokoldakı imzalar Təqsirləndirilən şəxs tərəfindən yox başqa şəxs tərəfindən icra edilmişdir. Bundan başqa, mobil operatorlardan daxil olmuş məlumatdan görünür ki, 14 mart 2025-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında” qərar, “qərarın surətinin təqsirləndirilən şəxsə verilməsi, hüquq və vəzifələrin izah edilməsi” barədə protokol, “etiraz edilə bilən şəxslərin siyahısı ilə tanış etmə” barədə protokol, həmçinin 17 mart 2025-ci il tarixli “ibtidai istintaqın qurtarması” barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat verilməsi” barədə protokollar tərtib edilən zaman təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil X5 anten məlumatları Binəqədi rayon ərazisində deyil, başqa ərazilərdə olmuşdur. Hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin baxılmasına xitam verilməklə həmin cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı və Binəqədi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X4 barəsində xüsusi qərar çıxarılmalıdır. Məhkəmə, cinayət işi üzrə keçirilən məhkəmənin hazırlıq iclasında ittiham və müdafiə tərəflərini dinləyib, cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, ibtidai araşdırma (məhkəməyədək araşdırma) zamanı yol verilmiş kobud pozuntulara görə cinayət işinin baxılmasına xitam verilməli və yol verilmiş kobud pozuntuların aradan qaldırılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işi Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanov tərəfindən 26 may 2023-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə başlanılaraq, 3 iyun 2023-cü il tarixdə Xətai RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Taleh Şamilovun icraatına qəbul edilməklə, icraatı aparılmışdır. Baş müstəntiq Taleh Şamilovun 6 sentyabr 2024-cü il tarixli qərarı ilə cinayət işi istintaq aidiyyatı üzrə Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmiş, cinayət işi Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Ələhməd Əhmədlinin icraatına qəbul edilərək, istintaq davam etdirilmişdir. Baş müstəntiqi Ələhməd Əhmədli tərəfindən tərtib edilmiş ittiham aktı 27 mart 2025-ci il tarixdə Binəqədi rayon prokuroru tərəfindən təsdiq edilmiş, iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə hazırlıq iclasının qərarları ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və müdafiəçi X5 istifadəsində olan mobil telefon nömrələrinin anten dairəsinə dair məlumatların götürülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2025-ci il tarixli 4/781 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, cinayət işinin 2-ci cildinin 21-23-cü vərəqələrində olan təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolun 1-ci vərəqində “İmza” qrafasındakı imza, 2-ci vərəqində “İmza” qrafasındakı imza və vərəqin aşağısındakı imza, 3-cü vərəqində “Təqsirləndirilən şəxs” qrafasındakı imza; 24-cü vərəqində olan maddi ziyanın ödənilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolda “Təqdim etdi” qrafasındakı imza; 35-ci vərəqində olan xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərarın elan edilməsi haqqındakı sənəddə “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 58-ci vərəqində olan xx.xx.2025-ci il tarixli ərizədə “İmza:” qrafasındakı imza; 62-ci vərəqində olan xx.xx.2025-ci il tarixli qərarın surətinin təqdim edilməsi barədə sənəddə “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 67-ci vərəqində olan xx.xx.2025-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 68-ci vərəqində olan xx.xx.2025-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 75-ci vərəqində olan xx.xx.2025-ci il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza – Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmçinin, iş materaillarından görünür ki, xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında protokol”da, xx.xx.2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi barədə qərarın elan edilməsi barədə sənəd”də, xx.xx.2025-ci il tarixli “müdafiəçinin təqdim edilməsi barədə protokol”da, “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərarla tanış etmə barədə sənəd”də, “təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə bildiriş”də, “cinayət işində etiraz edilə bilən şəxslər barədə məlumatların proses iştirakçılarına bildirilməsi barədə protokol”da, “təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokol”da, xx.xx.2025-ci il tarixli “ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat verilməsi barədə protokol”da müdafiəçi X5 imzası vardır. Halbuki, məhkəmənin qərarı ilə müdafiəçi X5 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə bağlı mobil operatorlardan götürülmüş anten məlumatları ilə müəyyən edilir ki, Kamal Nurəliyev həmin sənədlərin tərtib edildiyi vaxtlarda, yəni xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə istintaq orqanının ünvanında olmamışdır. Göründüyü kimi, müstəntiq tərəfindən CPM-nin 303.3.1-ci maddəsində qeyd olunan təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 19.1-ci maddəsinə görə cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. 19.4-cü maddəsinə görə cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqlarını təmin etməlidir: tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək; hüquqlarını izah etmək; öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq; şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq; onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək. 91.4-cü maddəsinə görə müstəntiq, prokuror və ya məhkəmə təqsirləndirilən şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalı və onun xahişi ilə müdafiəyə hazırlıq üçün kifayət qədər vaxt verməlidir. 91.5-ci maddəsinə görə təqsirləndirilən şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:.. 91.5.5. müdafiəçinin yardımından pulsuz istifadə etmək, 91.5.15. öz vəsatəti əsasında aparılan istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin yardımı ilə iştirak etmək. 224.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin şəxsiyyətini müəyyən etdikdən sonra müstəntiq ona təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarı elan edir və elan edilən ittihamın mahiyyətini izah edir. Bu hərəkətlərin yerinə yetirilməsi, ittihamın elan edildiyi saat və tarix, təqsirləndirilən şəxsin və müstəntiqin imzaları ilə qərarda təsdiq edilir. Hər hansı şəxsə ittihamın elan edilməsində təqsirləndirilən şəxsin müdafiəçisi iştirak etmək hüququna malikdir. 233.1-ci maddəsinə görə müstəntiq təqsirləndirilən şəxsin dindirilməsini ona ittiham elan edildikdən dərhal sonra aparmalıdır. 233.5-ci maddəsinə görə təqsirləndirilən şəxsin dindirilməsində müdafiəçi iştirak etmək hüququna malikdir. 233.5-1-ci maddəsinə görə hüquqi yardım istədiyini bildirən təqsirləndirilən şəxs hüquqi yardımı almayanadək dindirilməməli və ya onun dindirilməsi vəkilin iştirakı olmadan davam etdirilməməlidir. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, cinayət-prosessual qanunvericilik öz müdafiəsini hazırlamaq üçün təqsirləndirilən şəxsə kifayət qədər vaxt verməyi və imkan yaratmağı, habelə hüquqi yardım istədiyini bildirən təqsirləndirilən şəxs hüquqi yardımı almayanadək dindirilməni və ya onun dindirilməsinin vəkilin və yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin qanuni nümayəndənin iştirakı olmadan davam etdirilməsinin yolverilməzliyini tələb edir. Bunun hər hansı bir formada pozulması isə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilir. Azərbaycan Respublikası CPM-in 9.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və yaşərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Cinayət prosesinin qanunçuluq prinsipinin təsbit olunduğu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Eyni zamanda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən Konvensiyanın 6-cı maddəsinin əsas məqsədi hər hansı ittihamların müəyyən edilməsi üçün səlahiyyətli olan “tribunalın” ədalətliliyinin təmin olunmasıdır, lakin bu o demək deyil ki, 6-cı maddə ibtidai istintaqa münasibətdə şamil edilmir. Bununla 6-cı maddə və xüsusən həmin maddənin 3-cü bəndi işin məhkəməyə göndərilməsindən əvvəl həyata keçirilən proseduralarla əlaqədar tətbiq edilir, belə ki, əvvəlki mərhələlərin Konvensiyanın müddəalarına uyğun olmaması məhkəmə prosesinin ədalətliliyinə ciddi xələl yetirir. Məhkəmə ibtidai istintaq mərhələsinin vacibliyini qeyd edərək bildimişdir ki, həmin mərhələdə əldə olunmuş sübutlar irəli sürülmüş ittiham üzrə həyata keçiriləcək məhkəmə prosesinin çərçivəsini müəyyən edirlər. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi bir qayda olaraq tələb edir ki, hüquqi yardım almaq hüququ əgər onun məhdudlaşdırılmasına iş üzrə məcburedici səbəblər mövcud deyilsə şübhəli şəxsin polisdə ilkin dindirilmədən başlayaq təmin olunmalıdır. Təsvir olunanlarla müəyyən edilir ki, yuxarıda qeyd olunan nöqsanlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsi ilə nəzərdə tutulan kobud pozuntuya, yəni Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına (o cümlədən də, 303.3.1 maddədə nəzərdə tutulan kobud pozuntuya) yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 300.1 və 300.1.5-ci maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilə bilər. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqı aparmış Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X8 tərəfindən məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 maddəsində nəzərdə tutulan kobud pozuntuya yol verildiyi üçün - cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X4 07 noyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 306.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300, 303 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilsin və həmin cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərardan apelyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №1(001)-354/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-354/2025
01.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver