Məhkəmə qərarları › İş №1(001)-356/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-356/2022

01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-356/2022 01.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Qənbərova (Əliyeva) Əminə Rasim qızının, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında Qənbərova (Əliyeva) Əminə Rasim qızı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş Qənbərova (Əliyeva) Əminə Rasim qızı məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan, xx.xx.1987-ci il təvəllüdlü X2 barəsində xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraat başlanması və onu CM-in 147 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, barəsində şikayət etdiyi şəxslə xx.xx.2022-ci il tarixdə rəsmi olaraq nikaha daxil olmuşdur. Buna dair onlara 1 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən AZ-İİ 491310 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Həmin şəxslə hal-hazırda nikahları formal xarakter daşıyır. X2 barəsində qeyri etik, həqiqətə uyğun olmayan məlumatları insanların kütləvi olan yerlərdə yaymış və bunu etməkdə davam edir. Həmin şəxs ona böhtan, yanı yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən məlumatları yayır. Bunları həmin şəxs onun qohumlarının, onu tanıyan şəxslərin yanında bildirib və bildirməkdə davam edir. X2 bildirir ki, guya onunla nikaha girməzdən öncə qeyri-etik hərəkətlər etmiş və əlavə olaraq onuda bildirir ki, hələ çox məlumatları bildirmir. Şəxsin bu hərəkətləri onun şərəf və ləyaqətini ləkələyir. Belə olan halda onun məhkəməyə ünvanladığı şikayətə əsasən X2 cinayət məsuliyyətinə cəlb edilməlidir. Məhkəmə prosesində tərəfindən şahidlər dəvət olunacaqlar. Həmin şəxslərin siyahısı şikayət ərizəsinin qoşma hissəsində qeyd edilib. Bundan əlavə olaraq şikayət etdiyi şəxsin səs yazıları diskə köçürülməklə məhkəməyə təqdim edilmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Qənbərova (Əliyeva) Əminə Rasim qızı şikayət ərizəsində göstərilənləri müdafiə edərək, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə baxışına təyin edilərək X1 CM-in 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 barəsində verilmiş xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə baxışına təyin edilməməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xüsusi ittiham qaydasında şikayət ərizəsinə etiraz edib, şikayətin qanunvericiliyin tələblərinə uyğun olmadığını və şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Qənbərova (Əliyeva) Əminə Rasim qızı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbinə görə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Məhkəmədə müəyyən edilmişdir ki, Qənbərova (Əliyeva) Əminə Rasim qızı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamışdır. Belə ki, CPM-in 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar şikayətdə göstərilməli olduğu halda, Qənbərova (Əliyeva) Əminə Rasim qızı vermiş olduğu xüsusi ittiham qaydasında şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin, yəni CM-in 147-ci maddəsinin hansı hissəsi ilə, eləcə də həmin Məcəllənin 148-ci maddəsində nəzərdə tutulmuş əməllərin harada, nə vaxt və necə törədilməsi barədə məlumat göstərilməmişdir. Bundan başqa, CPM-in 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi şikayətdə göstərilməli olduğu halda, Qənbərova (Əliyeva) Əminə Rasim qızı tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətdə qeyd edilən cinayət əməlinin X2 tərəfindən törədilməsini təsdiq edən heç bir sübut göstərilməmişdir. Bundan başqa, CPM-in 293.3.4-cü maddəsində şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməli olsa da, Qənbərova (Əliyeva) Əminə Rasim qızı tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətdə cinayətin törədilmə hallarına dair nə şahid ifadələri, nə hər hansı bir sənəd, nə də bunu təsdiq edəcək sübut göstərilməmişdir. Yalnız məhkəmə iclasında iş materiallarına şəxsiyyət vəsiqələri əlavə edilmiş şahidlərin ifadə verəcəkləri göstərilmişdir. Bundan başqa, CPM-in 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix və yer barədə məlumatlar şikayətdə göstərilməli olduğu halda, şikayətdə onun verildiyi il, ay və gün, eləcə də yer barədə məlumatlar göstərilməmişdir. CPM-in 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.3-cü maddələrinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə.... Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Qənbərova (Əliyeva) Əminə Rasim qızı tərəfindən CPM-in 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Beləliklə məhkəmə, sadalananlara əsasən belə hesab edir ki, X1 CM-in 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Qənbərova (Əliyeva) Əminə Rasim qızının xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında Qənbərova (Əliyeva) Əminə Rasim qızının xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar