Məhkəmə qərarları › İş №1(001)-357/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-357/2022

30.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-357/2022 30.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Xaliq oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Yevlax rayonunda doğulmuş, orta təhsilli, ailəli, himayəsində yeddi azyaşlı uşağı olan, məhkumluğu olan, işləməyən, Yevlax şəhəri, Nizami prospekti, mənzil 249 ünvanda qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 17 fevral 2022-ci il tarixdə, saat 10 radələrində Yevlax rayonunda şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,473 qram narkotik vasitə-heroini əldə edib üzərində saxlamaqla daşımış, 18 fevral 2022-ci il tarixdə, saat 09:00-da Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində saxlanılaraq ünvan 1 ünvanda yerləşən 40-cı PB-nə gətirilmiş, həmin günü saat 10:40-da üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki açıq qəhvəyi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd göy rəngli bükümdə təmiz çəkisi 0,473 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 fevral 2022-ci il tarixdə, saat 10 radələrində Yevlax rayonunda olarkən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manata bir büküm heroin alaraq üzərində saxlamışdır. Daha sonra o, Bakı şəhərində yerləşən Narkoloji dispanserdə müalicə almaq qərarına gəlmiş, buna görə də 17 fevral 2022-ci il tarixdə, səhər saat 06 radələrində Yevlax şəhərindən Bakı şəhərinə gəlmişdir. Bakıda olan zaman, o, ilk növbədə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan bacısı Turanəgilə getmək istəmiş, həmin günü saat 09 radələrində Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ilə küçədə hərəkətdə olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Binəqədi RPİ-nin 40-cı PB-nin polis əməkdaşları olduqlarını bildirib onu narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 43-cü PB-nə aparmışlar. Polis Bölməsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra, öz xahişi ilə dövlət hesabına müdafiəçi təqdim edilmiş, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Bundan sonra özünün razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Ona üzərində qeyri-qanuni əşya və ya maddə olub olmamağı barədə və olduğu təqdirdə təqdim etməsini təklif etmişlər. O, əynindəki açıq qəhvəyi rəngli şalvarın sağ yan cibindən bir ədəd göy rəngli bükülünü çıxardaraq masanın üzərinə qoymuşdur. Daha sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Həmin narkotik vasitə heroin zərfə qablaşdırılaraq möhürlənmiş və protokol yazılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və himayəsində yeddi nəfər azyaşlı uşağının olması, “Hepatit C” xəstəliyindən əziyyət çəkməsinin nəzərə alınaraq barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi RPİ-nin 40-cı Polis Bölməsində cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. Etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, sonuncunun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair raportla bölmə rəisinə məruzə edilmişdir. Məlumat əsasında əməliyyat qrupu təşkil edilmişdir. 18 fevral 2022-ci il tarixdə, saat 09:00-da keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində saxlanılaraq ünvan 1 ünvanda yerləşən 40-cı PB-nə gətirilmiş, həmin günü saat 10:40-da üzərinə keçirilmiş, şəxsi axtarış və götürmə zamanı əynindəki açıq qəhvəyi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd göy rəngli bükümdə qəhvəyi rəngli maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasına çağırılmış şahid Binəqədi RPİ-nin 40-cı Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (i.v.1) xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 09-00-da saxlanılaraq 40-cı polis bölməsinə gətirilmişdir. (i.v. 9) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i. v.26) xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, sonuncu əynində olan açıq qəhvəyi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd göy rəngli kağız bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bükülünün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. (i.v.38-40) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022 -ci il tarixli, 6/1017 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “... (imza) Bəkirov...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,473 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (i.v.47-52) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(001)-353/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Binəqədi RPİ-nin 40-cı PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 18 fevral 2022-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. (i.v. 59-61) xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, sonuncu əynində olan açıq qəhvəyi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd göy rəngli kağız bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bükülünün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. (i.v. 77) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v.79-80) Binəqədi rayon Məhkəməsinin 19 fevral 2022-ci il tarixli, 4(001)-182/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (i.v. 101-105) Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-530/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün, yəni 07 iyun 2022-ci il tarixədək uzadılmışdır. (i.v. 101-105) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən, müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 07 yanvar 2005-ci il tarixli hökmü ilə CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2008-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Yevlax Rayon Məhkəməsinin 24 yanvar 2017-ci il tarixli hökmü ilə CM-in 221.2.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 15 faiz dövlət nəfinə tutulmaqla 01 (bir) il, 01 (bir) ay, 12 (on iki) gün islah işləri cəzasına məhkum edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 1(071)-22/2020 nömrəli hökmü ilə CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzası 05 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. (i.v.107-109, 130-132) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X15 Ambulator X1 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 1544 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.127-128) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsi zamanı qeydə alımış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs götürülmüş 0,473 qram heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 0,423 qram heroin saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir.(i.v.133-136) AZ-İİ 489446, AZ-İİ 815726, AZ-İİİ 071911, AZ-İİİ 696291, AZ-İV 100838, AZ-İV 456450, AA ******* nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X4, xx.xx.2020-cİ il təvəllüdlü X9, xx.xx.2017-ci il təvəllüdlü X5 adlı 7 azyaşlı uşağı vardır. Yevlax Mərkəzi şəhər Xəstəxanasından verilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs “Hepatit C” xəstəliyindən əziyyət çəkir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CMin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə CM-nin 59.1.4, 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin himayəsində 7 nəfər az yaşlı uşaqlarının olmasını, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, xəstəlikdən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində 7 nəfər az yaşlı uşaqlarının olmasını, xəstəlikdən əziyyət çəkməsini, cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi CM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 23:00dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Yevlax rayonun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 18 fevral 2022-ci il tarixdə məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)- 182/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 18 fevral 2022-ci il tarixdən hesablanmış, həmin məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-530/2022 saylı qərarı ilə həbsdə saxlanılma müddəti 20 gün, yəni 07 iyun 2022-ci il tarixədək uzadılmış və hazırkı vaxtadək həbsdə olmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs 18 fevral 2022-ci tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 18 fevral 2022-ci il tarixdən hazırkı vaxtadək həbsdə olduğu 04 ay 12 gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə zalından həbsdən azad edilməli və Təqsirləndirilən şəxs barəsində seçiləcək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,423 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 81 manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Müdafiəçi Xaliq oğlunun təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 20 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Xaliq oğlu təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 120 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Xaliq oğluna Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 20 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 fevral 2022-ci il tarixdən hazırkı vaxtadək həbsdə olduğu 4 (dörd) ay 12 (on iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Yevlax rayonun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,423 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Xaliq oğluna Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar