Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-357/2025 25.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Ucar rayonu, Qazıqumlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ucar rayonu Qazıqumlaq kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Təqsirləndirilən şəxs, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur.
2. Belə ki, o, 29 iyul 2024-cü il tarixdə, saat 16 radələrində Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində satıcı işlədiyi meyvə-tərəvəz mağazasının arxasında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı yumruq və təpiklə sonuncunun sifət və bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq, ona alın nahiyəsinin sağ yarısının cüzi şişkinlik fonunda qançırı, üst sol V və Vİİ dişlərin (25 və 27-ci dişlər) diş alveolu səviyyəsindən travmatik amputasiyası (itirilməsi), sağ qabırğaltı və sol kürəküstü nahiyələrinin, sol arxa qoltuqaltı xətt üzrə Vİİ-Vlll qabırğalararası sahənin, sağ bazunun orta aşağı 1/3-nin bayır, sağ saidin yuxarı 1/3-nin arxa və sol saidin orta 1/3-nin arxa səthlərinin sıyrıqları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirmişdir. Proses iştirakçılarının ifadələri:
3. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Tural onun əsəbi vaxtında gəlib ondan söz soruşmuşdur. O da cavab vermişdir. Sonra Tural, əlini onun üzünə atıb zarafat etmişdir. O da əl zarafatı etməməsini demişdir. Tural ona Rafaellə də belə zarafat etdiyini bildirdikdə, onunla belə zarafatının olmadığını demişdir. Sonra yemək alıb geri qayıdanda Tural onu arxaya çağırmışdır. Arxa tərəfdə Tural ona atası yaşda olduğunu nə üçün onunla belə danışdığını soruşmuşdur. O da əsəbiləşib, Turalı itələmək istəmiş, həmin vaxt Tural əlini onun boğazına atdıqda boğazı və köynəyi cırılmışdır. O da özünü müdafiə etmək üçün Turalı itələmiş, bu zaman sonuncu taxta yeşiklərin üstünə üzü üstə yıxılmışdır. Bundan sonra isə oradan uzaqlaşmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Tural yıxılanda ağzında qan olmamışdır. Söz-söhbətin böyüməməsi üçün Tural yıxılandan sonra onu qaldırmamış, dərhal hadisə yerini tərk etmişdir. Hadisə iyul ayında saat 4-5 radələrində baş vermişdir. Evdə problemləri olduğundan əsəbi halda işləmişdir. Tural onu mağazanın arxasına çağırmışdır. Hadisə zamanı onu yumurq və ya təpiklə vurmamışdır. Hər insan əsəbi olur, lakin belə bir hadisə olmamalı idi. Hazırda törətdiyi əməldən peşmandır və Zərərçəkmiş şəxs vurulmuş ziyanı ödəyərək onunla barışdığını, zərəçəkmiş şəxsin ondan şikayətçi olmadığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını, törətdiyi cinayət əməlindən peşman olduğunu qeyd edib, məhkəmədən cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir.
4. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır.
5. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində və ona verilən suallara cavab olaraq göstərmişdir ki, hadisə 29 iyunda saat 13:00-da baş vermişdir. Həmin gün meyvə dükanına girmiş, Sadiq onu görüb yenə pul xərcləyib aldığı paltarları geyinib gəldiyini demişdir. O da zarafat olduğu üçün heç nə deməmişdir. Saat 16:00 olanda isə Sadiqdən Rövşənin hara getdiyini soruşmuş, sonuncu ona xoşagəlməz söz demişdir. Bundan sonra o, Sadiqi kənara çağırmışdır. Sadiqlə əl zarafatı etməmiş sadəcə mehriban davranıb əlini Sadiqin boynuna atmışdır. Sadiq arxa tərəfə gəldikdə ona nə üçün onunla belə danışdığını, ondan böyük olduğunu bildirmişdir. O da ağıl yaşda deyil, başdadır deyə cavab vermişdir. Bu sözdən sonra Sadiq ona yumruq atmış və o da yerə yıxılmışdır. Yerdə olanda Sadiq onu təpikləmişdir. Əgər Rafael adlı şəxs olmasa idi, o hazırda yaşamayacaqdı. O, yerdə boğulanda Rafael gəlmiş və Elsunu köməyə çağırmışdır. Rafael orada göyərti bölməsində işləyir. Elsun obyekti qoyub çıxa bilmədiyindən şahid olmamışdır. Rafael məhkəməyə gələ bilməyəcəyini deyib adının çəkilməsini istməməmişdir. Sadiq əl çəkməyərək onu döymüşdür. O, Sadiqi dalaşmaq üçün yox, sözünü demək üçün arxaya çağırmışdır. Sadiq onu vuran zaman o, sonuncunun köynəyindən tutmuşdur. Hal-hazırda ona dəymiş zərər tam ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şikayəti, tələbi yoxdur, onunla barışmışdır. Məhkəmədən qeyd edilənləri nəzərə almasını xahiş etmişdir.
6. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində və ona verilən suallara cavab olaraq göstərmişdir ki, hadisə yay aylarında baş vermiş və axşamüstü olmuşdur. O, Sadiqlə bir yerdə işləmiş onu belə tanımışdır. Tural da, müştəri olmuşdur. Sadiq Turalla getmiş və təqribən 3 dəqiqə sonra koftası cırıq vəziyyətdə geri qayıtmışdır. Söz-söhbət olduğunu görməmişdir. Tural Sadiqə acı ifadə ilə cavab vermişdir. Turalı yaxşı biri kimi tanımamışdır. Ona, eləcə də digər şəxslərə söz atan və danışığını bilməyən adamdır. Tural hadisə yerində olmadığını bəhanə edib ondan niyə şahidlik etdiyini soruşmuşdur. Sadiq evdən işə, işdən evə gedib-gələn yaxşı insandır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
7. Cinayət işinin başlanması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir.
8. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən meyvə-tərəvəz mağazasının arxa tərəfində baş vermişdir. Hadisə yerində maddi sübut və ya iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya aşkar edilməmişdir.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 1651 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-alın nahiyyəsinin sağ yarısının cüzi şişkinlik fonunda qançırı, üst sol V və Vİİ dişlərin (25 və 27-ci dişlər) diş alveolu səviyyəsindən travmatik amputasiyası (itirilməsi), sağ qabırğaaltı, sol kürəküstü nahiyələrin, sol arxa qoltuqaltı xətt üzrə Vİİ-Vİİİ qabırğalararası sahənin, sağ bazunun orta-aşağı 1/3-nin bayır, sağ saidin yuxarı 1/3-nin arxa və sol saidin 1/3-nin arxa səthlərinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 29 iyul 2024-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə əl, yumruq və təpiklə vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər.
10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, eləcə də barəsində CM-in 73-cü maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməmişdir.
11. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur.
12. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.
13. Mənzil-tikinti kooperativinin xx.xx.2025-ci il tarixli, 33 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur.
14. AA4872226 nömrəli şəxsiyyət vəsiqəsindən və AZ-V 041124 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X6 adlı iki azyaşlı uşağı vardır.
15. İş üzrə Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona vurulmuş ziyanı tam şəkildə ödənilmişdir.
16. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:
17. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
18. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
19. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair cinayət prosesinin iştirakçılarının öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlara və müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini müəyyən edir.
20. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, bu sübutlar Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş digər sübutlarla təsdiq edilmişdir.
21. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir.
22. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.
23. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, eləcə də bügünədək barəsində CM-in 72-73-2 və 74-1ci maddələri tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməmişdir. Bununla da qeyd edilənlərdən belə nəticəyə gəlmək mümkündür ki, Təqsirləndirilən şəxs qanunvericiliyin ona verdiyi bu hüquqdan istifadə etmək imkanına malikdir.
24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 2022-ci il 25 iyul tarixli Qərarında göstərilmişdir ki, cinayət məsuliyyətindən azad etməni o zaman əsaslandırılmış və ədalətli hesab etmək olar ki, cinayət törətdikdən sonra təqsirləndirilən şəxsin cəza təyin edilmədən azad edilməsi şəxsin hüquq və azadlıqlarının, bütün hüquq qaydalarının cinayətkar qəsddən müdafiəsinə maneə olmur və bununla yanaşı təqsirkar şəxsin islah olunmasına, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına yardımçı, cinayət qanunvericiliyinin vəzifələrinə isə müvafiq olur və cəzanı tətbiq etmədən də onun məqsədlərinə nail olmağa imkan verir.
25. Həmin qərarda həmçinin göstərilir ki, cinayət məsuliyyətindən azad etmə dövlət adından mühakimə edilməmə və barəsində ittihamedici hökm çıxarılmama ilə əlaqədar təqsirləndirilən şəxs üçün tanınan imkandır.
26. Nəzərə almaq lazımdır ki, müasir cinayət ədalət mühakiməsi sisteminin fərqləndirici xüsusiyyəti cinayət məsuliyyətindən azad etmənin həm məhkəməyədək mərhələdə, həm də məhkəmə icraatı mərhələsində mümkün olması, bununla da cinayət təqibinə xitam verilməsilə əlaqədar cinayət işlərinin sayının azalma prosesidir və bu zaman cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilir.
27. CM-in 73.2-ci maddəsinin tətbiqi ilə cinayət məsuliyyətindən azad etmənin iki zəruri şərti nəzərdə tutulmuşdur və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Məhkəmə bildirir ki, nəzərdə tutulmuş zərərin ödənilməsi dedikdə, cinayət nəticəsində zərərçəkmiş şəxsin pozulmuş hüquqlarının və qanuni maraqlarının bərpa edilməsinə yönəlmiş sair tədbirlər başa düşülməlidir. Hazırkı cinayət işi üzrə materiallardan müəyyən edilir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixində notarial qaydada təsdiqlənən zərərin əvəzinin ödənilməsi və barışığın əldə edilməsi ilə bağlı ərizə mövcuddur.
28. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır.
29. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci fəsli və Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 39, 40, 41 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 07 iyul 2023-cü il tarixli Qərarında göstərilir ki, cinayət törətmiş şəxsin cəzalanmalı olub-olmaması məsələsinin zərərçəkmiş şəxsin mülahizəsinə verilməsi qanunvericinin zərərçəkmiş şəxsin maraqlarına hörmətlə yanaşmasına dəlalət edir və sosial ədalətin bərpa edilməsi məqsədini daşıyır. Əgər zərərçəkmiş şəxs hesab edirsə ki, təqsirləndirilən şəxs ona dəymiş maddi və ya mənəvi zərəri ödədikdə və s. hallarda ədalət bərpa olunar, bu halda cinayət mühakimə icraatını həyata keçirən orqanlar cinayət təqibinin aparılmasında israrlı olmamalıdır.
30. CPM-in 91.5.23-cü maddəsi ilə təqsirləndirilən şəxsin cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmək hüququ nəzərdə tutulmuşdur. Nəzərə almaq lazımdır ki, CPM-in 40.3-cü maddəsi ilə cinayət təqibinə xitam bəraətverici əsaslar olmadan xitam verilir ki, hazırki cinayət işi üzrə məhkəmə tərəfindən təqsirləndirilən şəxsə CPM-in 91.5.23-cü maddəsi ilə hüququ izah edilmiş, lakin Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən müəyyən edilmişdir ki, o, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir.
31. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir.
32. CPM-in 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur.
33. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır.
34. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir.
35. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 30 (otuz) saat vaxt sərf etmişdir.
36. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.
37. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.
38. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir.
39. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur.
40. Beləliklə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmaqla, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.
41. Yuxarıda gösətirlənlərə əsasən CPM-in 37, 40, 43, 132, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Aytəkin İbrahimova