Məhkəmə qərarları › İş №1(001)-359/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-359/2023

22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-359/2023 22.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, hazırda ali təhsil alan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli qərarı ilə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2 və 178.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İstintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs ünvan 3 ünvanında yerləşən «Plonka Baku» avtomobil servisinin sahibi olduğuna inandırdıqdan sonra sonuncuya məxsus «BMW-750» markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilə «vinil» üzlük çəkəcəyinə dair yalan vəd verib aldaraq, 03 may 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən «Plonka Baku» avtomobil servisində həmin dövrün Azərbaycan Respublikasının Mərkəzi Bankının valyuta məzənnəsi ilə 1.700 (min yeddi yüz) manat təşkil edən 1.000 (bir min) ABŞ dolları, eyni vahid niyyətlə əhatə olunan qəsdlə 09 may 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonunda yerləşən «Xalqlar Dostluğu» metrostansiyasının yaxınlığında həmin dövrün Azərbaycan Respublikasının Mərkəzi Bankının valyuta məzənnəsi ilə 1.445 (min dörd yüz qırx beş) manat təşkil edən 850 (səkkiz yüz əlli) ABŞ dolları olmaqla, ümumilikdə 3.145 (üç min yüz yırx beş) manat məbləğində nəğd pul vəsatini etibardan sui-istifadə etmə və aldatma ilə yolu ilə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını təkrar ələ keçirmək məqsədi ilə ünvan 3 ünvanında yerləşən «Plonka Baku» avtomobil servisinə təmir etmək bəhanəsi ilə gətirdiyi Zərərçəkmiş şəxs məxsus «BMW-750» markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobili 11 may 2022-ci il tarixdə, saat 18 radələrində ünvan 4 ünvanında yerləşən avtomobil təmiri emalatxanasına gətirib, orada nəqliyyat vasitəsinin hər birinin dəyəri 800 (səkkiz yüz) manat olan qabaq sağ və sol faralarını sökməklə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1.600 (min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.1 və 177.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs təxminən bir ildir ki, tanıyır. Belə ki, o, həmin vaxtlar Nəsimi rayonu ərazisində yerləşən «Qış Parkı»nın yaxınlığında avtomobil yuma məntəqəsində işləyən vaxt tanıyır. Həmin vaxt onların aralarında olan söhbət zamanı o, avtomobillərə vinil çəkildiyini də demişdir. Həmin vaxt Abdurrahman ona təklif etmişdir ki, onun da avtomobilinə vinil çəkdirsin. O, Abdurrahmanla razılaşmış və Samir adlı usta avtomobilə baxdıqdan sonra ümumilikdə avtomobilə vinil vurulmasını 1.250 manata razılaşmışlar. Belə ki, həmin pul usta Samirə verilməli idi. Bundan sonra 03 may 2022-ci ilin tarixdə Abdurahmana məxsus «BMW 750» markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobili, ünvan 5 ünvanında yerləşən «Plonka Baku» avtomobil servisinə aparmışlar. Həmin vaxt Abdurahman ona 500 manat məbləğində pul vermişdir. Lakin o, həmin pulu Samirə verməli idi, belə ki, vinil işini Samir görəcəkdi və o, ümumi işi təhvil aldıqdan sonra Samirə 1.250 manat pul verəcəkdi. Lakin, ilkin ödəniş kimi Abdurahman ona 500 manat məbləğində pul vermiş, o isə həmin pulu Samirə verməmiş, həmin pul müqabilində Abdurahmana məxsus avtomobilin qapılarına vinil çəkdirmişdir. Bundan sonra yenə də pul tələb olunduğundan o, Abdurahmanla əlaqə saxlamış və əlavə işlərlə bağlı pul lazım olduğunu bildirmişdir. Bu səbəbdən, Abdurahman onunla yaşadığı Bakı şəhəri, Nizami rayonu, Xalqlar dostluğu metrostansiyasının yaxınlığında görüşüb, yaşadığı ünvanda ona 500 ABŞ dolları məbləğində pul vermiş və o, həmin pulu yenə də Abdurahmana məxsus avtomobilə və yol xərclərinə sərf etmişdir. Bundan sonra o, Abdurahmana yenə də zəng edib avtomobillə bağlı yenidən pul istəmiş və sonuncu onunla yenə də yaşadığı evdə görüşərək 350 ABŞ dolları məbləğində pul vermişdir. Lakin o, həmin pulun 150 manatını avtomobilə, qalan məbləği isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, Abdurahmana zəng edərək avtomobilin qabaq faralarının sındığını və onları yeniləri ilə dəyişmək istədiyini bildirmişdir. Lakin Abdurahman ona bildirmişdir ki, servisdən və yeni vəziyyətdə qabaq faraları istəyir. Bundan sonra o, Abdurahmana məxsus avtomobili ünvan 4 ünvanında yerləşən avtomobil təmiri emalatxanasına aparmış və orada işləyən tanışı Fazil adlı ustadan avtomobilin qabaq faralarının çıxarılmasını xahiş etmişdir. Həmçinin, Fazilə bildirmişdir ki, avtomobil özünə məxsusdur və köhnə faraları çıxarıb yeniləri ilə əvəz etmək istəyir. Bundan sonra, Fazil onunla razılaşmış və o, Fazilə faraları çıxarması müqabilində 30 manat məbləğində pul vermişdir. Daha sonra o, faraları götürüb ünvan 7 ünvanında yerləşən «BMW ehityat hissələri» mağazasına getmiş, həmin vaxt orada işləyən satıcıya avtomobilin qabaq faralarım göstərmiş və sonuncu ondan həmin faraları ümumilikdə 850 manata almışdır. Lakin, Abdurrahman ondan təzə fara istədiyi üçün o, fara ala bilməmiş və faraların satışından əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Ertəsi gün isə Abdurrahmana məxsus avtomobili evakuator vasitəsi ilə yenidən vinil servisinə göndərmişdir. Sonradan Abdurrahman ondan külli miqdarda pul istədiyi üçün o, sonuncuya hər hansı məbləğdə pul verə bilməmiş və polisə şikayət etmişdir. Abdurrahman ona ümumilikdə 500 manat və 850 ABŞ dolları məbləğində pul vermiş və o, həmin pulu Abdurrahmana məxsus avtomobilə sərf etmişdir. Fazilə və Anara avtomobilin özünə məxsus olduğunu demişdir. O, Aburrahmana məxsus avtomobilə şəffaf vinil çəkdirmiş və qabaq sağ və sol faralarını çıxararaq satmışdır. Bundan başqa «BMW 750» markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobili bir dəfə Fazil ustanın və Anarın yanlarına gedən zaman idarə etmişdir. Həmin vaxt da avtomobilə hər hansı zərər yetirməmiş və avtomobilin qabaq faraları söküldükdən sonra onu evakuator vasitəsi ilə ünvan 5 ünvanında yerləşən «Plonka Baku» avtomobil servisinə aparmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Universitetində “məşqçilik” fakültəsində qiyabi təhsil aldığını, zərərçəkmiş şəxslə aralarında barışıq əldə edildiyini və vurulmuş ziyanı ödədiyini, özünü oğurluq cinayətinin törədilməsində təqsirli bilmədiyini bildirərək ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.2 və 178.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, «BMW-750» markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobil dostu Şahid1 adına rəsmiləşdirilsə də, faktiki olaraq ona məxsusdur və özü idarə edir. «Səməd» adlı şəxsi, yəni adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının axırlarından Bakı şəhəri, Nəsimi rayonu ərazisində olan «Qış Parkı»nın yanında yerləşən avtomobil yuma məntəqəsindən tanıyır. Həmin vaxt Xəyal ona avtomobil şəkilləri göstərərək avtomobillərə vinil vurduğunu bildirmişdir. O da Xəyalla danışan zaman idarə etdiyi özünə məxsus «BMW-750» markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə şəffaf vinil vurdurmaq istədiyini demişdir. Xəyal isə onların Bakı şəhərində bir neçə vinil vurmaq üçün sexlərinin olduğunu bildirmişdir. Daha sonra Xəyal həmin işi 1.000 ABŞ dolları qarşılığında görə biləcəyini bildirmiş və onlar Xəyalın bildirdiyi, həmçinin özünü də oranın müdiri kimi təqdim etdiyi ünvan 3 ünvanında yerləşən «Plonka Baku» avtomobil servisinə getmişlər. Orada Xəyal ona bildirmişdir ki, ona məxsus avtomobilə burada vinil vurulacaqdır. O, Xəyalla razılaşmış və ilkin olaraq 03 may 2022-ci il tarixdə elə həmin servisdə özünə məxsus «BMW-750» markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobili, eləcə də 500 ABŞ dolları məbləğində pulu Xəyala vermişdir. 05 may 2022-ci il tarixdə Xəyal, ondan qalan pulu istədiyi üçün o, yaşadığı Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında Xəyyalla görüşərək sonuncuya 400 ABŞ dolları məbləğində pul vermişdir. Ertəsi gün isə, yəni 06 may 2022-ci il tarixdə də Xəyala yenə də yaşadığı ünvanda 100 ABŞ dolları məbləğində pul vermişdir. Bir neçə gün sonra Xəyal ona zəng edərək avtomobilin disklərinin, həmçinin sükanın dərisinin də dəyişdirilməli olduğunu bildirmiş və bunun müqabilində ondan 850 ABŞ dolları məbləğində pul istəmişdir. O, Xəyalla razılaşmış, lakin xəstə olduğu üçün Xəyalı yaşadığı ünvana dəvət etmişdir. Xəyal 09 may 2022-ci il tarixdə yaşadığı Bakı şəhəri, Xətai rayonu, ünvan 9 ünvanda Xəyala 850 ABŞ dolları məbləğində pul vermişdir. Xəyal 5-6 gün müddətində ona avtomobili təhvil verəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra o, Xəyalla əlaqə saxlayaraq işlərin nə yerdə olduğunu və avtomobilin şəkillərini çəkib atmasını bildirmişdir. Xəyal isə xəstə olduğunu bir neçə gündən sonra şəkilləri çəkib ona atacağını bildirmişdir. Bir neçə gündən sonra Xəyalın avtomobilin şəkillərini çəkib atmadığını görüb sonuncunun istifadəsində olan mobil nömrələrə zəng etmiş, lakin nömrələr sönülü olduğundan Xəyalla əlaqə saxlaya bilməmişdir. Bundan sonra o, avtomobili Xəyala təhvil verdiyi yerə, yəni ünvan 3 ünvanında yerləşən «Plonka Baku» avtomobil servisinə getmişdir. Avtomobil orada olsa da, avtomobilin qabaq sağ və sol faralarının həmçinin, sükanın dərisinin də çıxarıldığını görmüşdür. Bu barədə orada olan ustadan soruşduqda, usta ona bildirdi ki, Xəyal avtomobilin faralarını «Elit» Ticarət mərkəzinin yanında yerləşən avtomobil təmiri emalatxanasında çıxarmış və avtomobili bu vəziyyətdə evakuator vasitəsi ilə servisə göndərmişdir. Həmin vaxt öyrənmişdir ki, Xəyal avtomobili öz avtomobili kimi təqdim edərək, Fazil adlı ustadan avtomobilin ön faralarını sökməsini xahiş etmiş və həmin faraları yeniləri ilə əvəzləyəcəyini demişdir. Ona məxsus avtomobildən çıxardığı faraları isə ünvan 10 ünvanında yerləşən «BMW» markalı avtomobillərin ehtiyat hissələri mağazasında Anar adlı şəxsə satmışdır. Həmçinin ona məlum olmuşdur ki, Xəyal vinil ustası Samir adlı şəxsə də 1.250 manat məbləğində pul verməli olduğu halda verməmiş və bu səbəbdən də o, əlavə olaraq Samirə 1.250 manat məbləğində pul ödəmişdir. Təqsirləndirilən şəxs ona məxsus «BMW-750» markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə vinil vurduracağı adı ilə ümumilikdə 1.850 ABŞ dolları məbləğində pul almışdır. Həmçinin «Plonka Baku» avtomobil servisinin vinil ustası Samir adlı şəxsə 1.250 (min iki yüz əlli) manat məbləğində pul ödəməli olduğu halda həmin pulu ödəmədiyindən qeyd olunan məbləği də o özü Samirə ödəmişdir. Bundan başqa ona məxsus «BMW-750» markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin 13.487,17 (on üç min dörd yüz səksən yeddi manat on yeddi qəpik) manat dəyərində qabaq sağ və sol faralarını oğurlamışdır. Bundan başqa Xəyal ondan icazəsiz ona məxsus «BMW-750» markalı, **- MY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək 12687,5 manat məbləğində maddi ziyan vurmuşdur. O, Təqsirləndirilən şəxs avtomobili vinil vurması üçün vermiş, bundan başqa avtomobili idarə etməsinə və ya hər hansı bir detalını satmasına icazə verməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs tərəfindən hadisə nəticəsində ona dəymiş zərərin ödənildiyini, aralarında barışıq yarandığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirmişdir ki, ünvan 7 ünvanında yerləşən mağazada «BMW» markalı avtomobillərin ehtiyat hissələrinin satışı ilə məşğul olur. 11 may 2022-ci il tarixdə adı sonradan ona məlum olan Xəyal adlı şəxs idarə etdiyi «BMW 750» markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobillə işlədiyi mağazaya gəldi və avtomobili üçün yeni lazer lampalar aldığını və həmin faraları dəyişdirmək istədiyini bildirdi. Lakin həmin vaxt usta olmadığı üçün Xəyal faraları başqa yerdə açdırmağa getdi. Xəyal həmin avtomobilin ön faralarını açdırdıqdan sonra yenidən ona yaxınlaşdı və yeni faralar aldığı üçün köhnə faraları satmaq istədiyini bildirdi. Xəyal işlədiyi mağazaya «BMW 750» markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək gəldiyi üçün o, həmin avtomobilin Xəyala məxsus olduğuna inandı və onun gətirdiyi faraları 850 manata ala biləcəyini dedi. Xəyal onunla razılaşdı və faraları ona sataraq 850 manat alıb mağazadan getdi. Sonradan polis əməkdaşları tərəfindən ona məlum oldu ki, həmin avtomobil Xəyala deyil, başqa şəxsə məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, təxminən 8 ildir ki, ünvan 3 ünvanında yerləşən «Plonka Baku» avtomobil servisində vinil ustası kimi fəaliyyət göstərir. 02 may 2022-ci il tarixdə o, işdə olan zaman bir nəfər əvvəllər tanımadığı özünü Xəyal kimi təqdim edən şəxs işlədiyi avtomobil servisinə gələrək, avtomobilə şəffaf vinil vurdurmaq üçün hansısa servisə gedib gedə bilməyəcəyini soruşdu, lakin o, iş yerinin bura olduğunu və avtomobili bura gətirmələrini bildirdi. Bundan sonra Xəyal işlədiyi servisi tərk edib getdi və ertəsi gün, yəni 03 may 2022-ci il tarixdə günorta saatlarında «BMW 750» markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobillə işlədiyi ünvana gəldi. Həmin vaxt avtomobili adı sonradan ona məlum olan Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs idarə edirdi. Xəyal onunla danışıqlar aparan zaman bütünlükdə avtomobilə şəffaf vinil çəkməyini dedi və o, Xəyalla qiyməti 1.250 (min iki yüz əlli) manata razılaşdı. Xəyal isə ona bildirdi ki, iş bitdikdən sonra Zərərçəkmiş şəxs pulu alıb ona verəcək. Bundan sonra onlar avtomobili işlədiyi «Plonka Baku» avtomobil servisində qoyub getdilər. Daha sonra o, həmin avtomobillə bağlı vinil işlərinə başladı. Bundan bir neçə gün sonra Xəyal işlədiyi «Plonka Baku» avtomobil servisinə gəldi və ona bildirdi ki, avtomobillə bağlı digər işləri üçün aparıb geri qaytaracaq. Xəyal, Zərərçəkmiş şəxslə birlikdə işlədiyi ünvana gəldiyi üçün onların tanış olduqlarını və bundan Zərərçəkmiş şəxs məlumatlı olduğunu düşünmüşdü. Daha sonra Xəyal avtomobili özü idarə edərək işlədiyi avtomobil servisindən çıxaraq getdi. Bundan sonra 11 may 2022-ci il tarixdə o, Xəyala zəng edərək avtomobilin harada olmasını soruşdu, çünki onun həmin avtomobillə bir qədər vinil işi qalmışdı. Onun təkidlərindən sonra Xəyal Zərərçəkmiş şəxs məxsus «BMW 750» markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobil evakuator vasitəsi ilə işlədiyi «Plonka Baku» avtomobil servisinə gətirdi. Həmin vaxt avtomobilin qabaq faraları sökülmüş vəziyyətdə idi. 13 may 2022-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs işlədiyi avtomobil servisinə gəldi və avtomobilin qabaq faralarının yerində olmadığını görüb təəccübləndikdə ondan bu barədə soruşdu. O da baş vermiş hadisəni olduğu kimi danışdı. Bundan sonra Zərərçəkmiş şəxs özünə məxsus «BMW 750» markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobili işlədiyi avtomobil servisindən aparmaq istədikdə Xəyalın onunla razılaşdığı 1.250 manat məbləğində pulunu vermədiyini bildirdi. Bu zaman Zərərçəkmiş şəxs ona 1.250 manat məbləğində pul verdikdən sonra «BMW 750» markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobili götürüb apardı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, təxminən 10 ilə yaxın müddətdir ki, Zərərçəkmiş şəxslə dostluq edir. Zərərçəkmiş şəxs özünə «BMW-750» markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobil almış, lakin sonuncu Türkiyə Respublikasının vətəndaşı olduğundan avtomobili öz adına rəsmiləşdirə bilməmişdir. Bu səbəbdən və onlar dost olduqları üçün Zərərçəkmiş şəxs məxsus «BMW- 750» markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobil onun adına rəsmiləşdirilmişdir. Lakin o, sənəd əsasında həmin avtomobilin mülkiyyətçisidir. «BMW-750» markalı, **-MY- *** dövlət qeydiyyat nişanlı avtomobilin əsl sahibi Zərərçəkmiş şəxs özüdür. 13 may 2022ci il tarixdə Zərərçəkmiş şəxs ona bildirmişdir ki, özünə məxsus «BMW-750» markalı, **- MY-*** dövlət qeydiyyat nişanlı avtomobili şəffaf vinil vurdurması üçün adı sonradan ona məlum olan Xəyal adlı şəxsə vermiş, bundan başqa Xəyala həmin işi görməsi üçün 1,850 ABŞ dolları məbləğində pul vermiş, lakin sonuncu hər hansı iş görməyərək, həmin pulu ələ keçirmiş, eləcə də avtomobilin qabaq sağ və sol faralarını söküb digər şəxsə satmışdır. O, Zərərçəkmiş şəxs məsləhət bilmişdir ki, bu barədə polisə məlumat versin və sonuncu elə həmin gün baş vermiş hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermiş, həmçinin ərizə ilə Nərimanov RPİ-nin 18-ci PB-yə müraciət etmişdir. O, Xəyalı ümumiyyətlə tanımamış, bu barədə ona Zərərçəkmiş şəxs özü məlumat vermiş və onun Xəyalla aralarında hər hansı münasibət olmamışdır. «BMW-750» markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobil sənəd əsasında ona məxsus olsa da, avtomobilin əsl sahibi Zərərçəkmiş şəxsdir və hadisə nəticəsində maddi ziyan da sonuncuya dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək bildirmişdir ki, «Elit» Ticarət mərkəzinin yanında, yəni ünvan 11 ünvanında yerləşən avtomobil təmiri emalatxanasında çilingər işləyir. Təqsirləndirilən şəxs təxminən 4 ildir ki, tanıyır. 11 may 2022-ci il tarixdə Xəyal idarə etdiyi «BMW 750» markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobillə işlədiyi avtomobil təmiri emalatxanasına gəlmişdir və həmin avtomobili 36.000 manata aldığını bildirmişdir. Daha sonra Xəyal ona bildirmişdir ki, avtomobilin qabaq faralarını dəyişib yeni modellə əvəzləmək istəyir və bu səbəbdən də, ondan həmin faraları sökməsini xahiş etmişdir. O da Xəyalı uzun müddət tanıdığından və avtomobili almasına inandığı üçün sonuncuya inanmış və həmin avtomobilin qabaq faralarını sökərək Xəyala vermişdir. Xəyal da bu işin müqabilində ona 30 (otuz) manat məbləğində pul vermişdir. Xəyal faraları götürüb işlədiyi avtomobil təmiri emalatxanasından getmişdir. Ertəsi gün Xəyal yenə də işlədiyi avtomobil təmiri emalatxanasına gəlmiş və avtomobili evakuator vasitəsi ilə işlədiyi emalatxanadan götürüb getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə CM-in 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 21 saylı yaşayış evində baş vermişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində axtarış elan edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, «BMW 750» markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ünvan 11 ünvanında yerləşən avto-təmir sexinə Şahid4 iştirakı ilə baxış keçirilmişdir. xx.xx.2022-ci il tarixli "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, «BMW 750» markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobildə fənər və alt qoruyucular çatışmazlığı, digər texniki nasazlıqlar aşkarlanmışdır. Həmin hissələrin dəyişdirilməsinə və təmirinə 27607.67 manat pul vəsaiti tələb olunur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün tutularaq Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 dekabr 2022-ci ildə, saat 17:05-də CM-in 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin işdə Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmış və ona CPM-in 87-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı X5 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 177.2.3-1-ci maddəsindən həmin Məcəllənin 178.1, 177.2.2 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs oğlunun arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı X5 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, «BMW 750» markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ və sol faralarının tanınması məqsədilə X3 təqdim edilmiş və o, həmin faraları fərdi xüsusiyyətlərinə görə tanımışdır. xx.xx.2023-cü məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 02 ədəd «BMW-750» markalı avtomobilə məxsus 7 128 154 və 7 82 149 seriya nömrəli faraların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1600,0 (2 x 800 m) manat müəyyən edilir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əməli CM-in 178.1, 177.2.2 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 178.1 və 177.2.2-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.1, 177.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü ona elan edilmiş ittihamla təqsirli bilməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxsin verdiyi ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2 və 178.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. CM-in 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur, lakin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas var. Belə ki, iş materiallarında olan zərər çəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən də göründüyü kimi, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 178.1-ci maddəsi ilə məsuliyyətdən azad edilməli və barəsində başlanan cinayət təqibinə həmin hissədə xitam verilməlidir. CM-in 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinə əsasən bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. CM-in 16.2-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edildiyindən və onun barəsində həmin maddə ilə başlanan cinayət təqibinə xitam verildiyindən onun əməlində cinayətlərin təkrarlığı aradan qalxır. Bu səbəbdən, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.2-ci maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. X2 xx.xx.2023-cü il tarixli vətəndaş haqqında “tələbə-məzun” dövlət elektron məlumat sistemindən verilmiş elektron arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Universitetində “məşqçilik” fakültəsində qiyabi təhsil alır. xx.xx.2023-cü il tarixli X4 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs ilə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini, Təqsirləndirilən şəxs ali təhsil almasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən fərdi evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1372/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1432/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ibtidai istintaq müddətinin sonunadək, yəni 04 fevral 2023-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-80/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay, yəni 04 aprel 20223-cü il tarixdədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-147/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-338/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti 24 aprel 2023-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-359/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri məhkəmənin baxış iclası təyin olunana qədər dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-359/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışı zamanı iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 04 dekabr 2022-ci ildə azadlığı faktiki məhdudlaşdırılaraq, 05 dekabr 2022-ci ildə tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 dekabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1372/2023 nömrəli qərarı ilə barəsində 01 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1432/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ibtidai istintaq müddətinin sonunadək, yəni 04 fevral 2023-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-80/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay, yəni 04 aprel 20223-cü il tarixdədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-147/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-338/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti 24 aprel 2023-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 359/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri məhkəmənin baxış iclası təyin olunana qədər dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 359/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 04 dekabr 2022-ci il tarixdən 21 fevral 2022ci il tarixə kimi həbsdə, 21 fevral 2023-cü ildən 05 may 2023-cü il tarixə kimi ev dustaqlığında saxlanılmışdır. 05 may 2023-cü il tarixli qərar ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddəti daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, 04 dekabr 2022-ci il tarixdən 05 may 2023-cü il tarixə kimi həbs və ev dustaqlığında olduğu müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus «BMW 750» markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid 7 128 154 və 7 82 149 seriya nömrəli faraların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 47 (qırx yeddi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 47 (qırx yeddi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 47 (qırx yeddi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 282 (iki yüz səksən iki) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 187, 344-349, 351-353, 356, 31372 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə əməl həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu 05 (beş) ay 01 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən fərdi evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus «BMW 750» markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid 7 128 154 və 7 82 149 seriya nömrəli faraların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 47 (qırx yeddi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 282 (iki yüz səksən iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar