Məhkəmə qərarları › İş №1(001)-359/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-359/2024

26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-359/2024 26.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 14 avqust 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində 1 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 yanvar 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidən naməlum mənbədən 10 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,349 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edərək saxlamaqla üzərində daşımış, 19 yanvar 2024-cü il tarixdə saat 18:30-də ünvan 2 ünvanın qarşısında olduğu zaman Binəqədi RPİ-in 7-ci PB-in əməkdaşları tərəfindən saxlanılaraq ünvan 4 ünvanda yerləşən Binəqədi RPİ-in 7-ci Polis bölməsinin inzibati binasına gətirilmiş, saat 20:15-də üzərində aparılan şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,349 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, tanımadığı şəxslərdən şəxsi istifadəsi üçün “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin alıb istifadə edir. 18 yanvar 2024-cü ildə axşam saatlarında “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata bir ədəd şəffaf sellofana bükülmüş halda psixotrop maddə alıb, əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. 19 yanvar 2024-cü ildə saat 18:30-da 6-cı mkr., S.Məmmədova küçəsi, 203 ünvanın qarşısında olduğu zaman iki nəfər mülki geyimli Binəqədi RPİ-in 7-ci PB-in əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, qanunsuz olaraq üzərində psixotrop maddə saxlamaqda şübhəli bilindiyi üçün 7-ci PB-yə dəvət olunmuşdur. Bölmədə xidməti otaqda hüquq və vəzifələri izah olunduqdan sonra ona dövlət hesabına müdafiəçi təqdim edilmiş, o təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Sonra videoçəkilişlə üzərinə baxış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş halda psixotrop maddəni, sol yan cibimdən bir ədəd özünə məxsus içərisində ***-***-**-** nömrə olan “Huawei” markalı mobil telefonu və 15 manat pulu çıxarıb masanın üzərinə qoymuş, üzərində başqa qanunsuz əşya olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən onun üzərində şəxsi axtarış aparılmış, lakin hər hansı bir əşya, qanunsuz maddə aşkar edilməmişdir. Psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırıb, möhürlənmiş, digər iştirakşılar kimi o, da möhürlənmiş zərfi və protokolu imzalamışdır. Əməlindən səmimi peşmançılıq çəkir. Ailədə yeganə qazanc gətirən şəxs olduğunu, himayəsində 1 azyaşlı uşaq olmasını, öz əməlinə mənfi münasibətini, habelə ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alıb ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-in 7-ci PB-in CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində psixotrop maddə və narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatı yoxlamaq məqsədi ilə 7-ci PB-in rəhbərliyinə raport yazmaqla əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs xarici əlamətləri onlara məlum olduğundan 19 yanvar 2024-cü ildə saat 18:30-da Binəqədi rayonu, 6-cı mkr., S.Məmmədova küçəsi, 203 ünvanın qarşısında onu görüb özlərini ona təqdim edərək üzərində və ya paltarında psixotrop maddə, narkotik vasitə və digər qanunla dövriyyəsi qadağan edilmiş əşya olmasından şübhəli olduğu üçün onu Binəqədi RPİ-in 7-ci polis bölməsinə dəvət etmişlər. Bölməyə gəldikdən sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmiş, onların iştirakı ilə videoçəklişdən istifadə edilməklə onun üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarının cibində, əşyalarında və bədənində ola biləcək əşyaların təqdim olunması təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər maddəni təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddəni 18 yanvar 2024-cü ildə axşam saatlarında “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 10 manat müqabilində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Bir ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənib götürülmüş, təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara oxunaraq möhürlənmiş zərf və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şahid qismində dindirilmiş Binəqədi RPİ-in 7-ci PB-in CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində şahid qismində dindirilmiş Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:30-da Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 18). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə saat 18:30-də ünvan 2 ünvanın qarşısında olduğu zaman Binəqədi RPİ-in 7-ci PB-in əməkdaşları tərəfindən saxlanılaraq ünvan 4 ünvanda yerləşən Binəqədi RPİ-in 7-ci Polis bölməsinin inzibati binasına gətirilmiş, saat 20:15-də üzərində aparılan şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, i.v 31-33). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/375 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş üzərində “...(imza) Etibar...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,349 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə küstar üsülla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 1, i.v 37-39). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 58-60). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 75-77). Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli, 427 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 1, i.v.102-103). Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 0,349 qram psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və qalıq çəkisi (0,299 qram) saxlanılması üçün Binəqədi RPİ-in saxlanc yerinə təhvil verilmiş, şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin köçürüldüyü 01 ədəd sd disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir (cild 1, i.v 111-112). AZ-İV № 800414 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il təvəllüdlü Məhəmməd adlı uşağı var. Ambulator kitabçadan çıxarışdan görünür ki, X4 (Təqsirləndirilən şəxs anası) işimik insult keçilmişdir və həmin xəstəlikdən müalicə alır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin şərtlərini pozub məhkəmənin çağırışlarına üzrsüz səbəbdən təkrarən gəlmədiyi üçün barəsində axtarış elan edilmiş, polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 1, i.v.105). Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, səmimi peşmançılığını, öz əməlinə mənfi münasibətini, himayəsində xəstə anasının olmasını cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun ilk dəfə az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən şəxsiyyəti barədə işin konkret hallarını nəzərə alaraq hesab edir ki, onun bundan sonra cəmiyyətdən təcrid edilməsinə ehtiyac yoxdur və bu mənada ona təqsirli bilindiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi və yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışınadək xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək həbsdə saxlanıldığı 2 (iki) gün və xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək həbsdə saxlandığı 1 (bir) ay 10 (on) gün ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Məhkəmə, narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli, 427 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, Binəqədi RPİ-də maddi sübut kimi saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,299 qram psixotrop maddə metamfetamin məhv edilməli, bir ədəd sd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək həbsdə saxlanıldığı 2 (iki) gün və xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək həbsdə saxlandığı 1 (bir) ay 10 (on) gün Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq (cəmi 2 ay 24 gün) üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 2300-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut – Binəqədi RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,299 qram psixotrop maddə metamfetamin məhv edilsin. Bir ədəd sd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X3, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı –180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar