Məhkəmə qərarları › İş №1(001)-36/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-36/2023

27.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-36/2023 27.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X16, Xüsusi ittihamçı X2 və xüsusi ittihamçı X8 və onların etibarnamə üzrə nümayəndəsi və vəkili “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X11 və onun müdafiəçisi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X9 iştirakı ilə xx.xx.2000-ci ildə Ağdam rayonu, Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı övladı olan, orta təhsilli, fərdi əməklə (model) məşğul olan, Ağdam rayonu, Sarıcalı Ərazi Dairəsi, Qullar kəndində qeydiyyatda olan və yaşayan X11 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 147.2-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X21 16 iyul 2022-ci il saat 14-15 radələrində, ünvan 1 ünvanda canlı yayımla TİK-TOK səhifəsində paylaşaraq böhtan xarakterli ifadələri işlətməklə, kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatlarında X2 və X8 şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları yayıb onlara böhtan atmaqda təqsirləndirilir. Bundan başqa, X21 16 iyul 2022-ci il saat 14-15 radələrində, ünvan 1 ünvanda canlı yayımla TİK-TOK səhifəsində yaydığı paylaşımda “sən maşenniksən, üzünü göstər ay maşennik deyərək” daha sonra “ay camaat bunları tanıyın, bura Yetər lombarddır, bunlar maşenikdirlər” deməklə, kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatlarında və çoxsaylı insanların qarşısında sonuncunun şərəf və ləyaqətini ləkələyən və onları nüfuzdan salan məlumatları yayıb, ağır cinayətdə ittiham etməklə ona böhtan atmaqda təqsirləndirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən X21 xüsusi ittiham qaydasında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, uşağının sırğalarını lombarda qoyub "xxxx" lombarddan pul götürmüşdür. Bir müddət ödəniş etmiş və yekunda isə gedib qalan 240 manatı birdəfəlik ödəmişdir.Borcunu tam bağladıqdan sonra sırqalarını həmin Lombarddan geri istəmişdir.Lakin həmin Lombarddan ona səhər gəlməsi məsləhət bilinmişdir.O, növbəti gün həmin Lombarda gedəndə yenə sırqaların orada olmadığı ona bildirildikdə o, əsəbləmiş və bir qədər aqressiv hərəkət etmişdir.O, başqa şəxslərin də həmin Lombard tərəfindən aldadılmaması üçün çəkiliş edərək “bunlar maşennikdirlər” ifadəsini işlətmiş və bu videonu TİK-TOK səhifəsində paylaşmışdır.Məhkəmə baxış zamanı o, özünü təqsirli bildiyini, bir qədər aqressiv davranaraq “bunlar maşennikdirlər” ifadəsini işlətdiyini etiraf etmiş, hal-hazırda təqsirini qismən etiraf etməsini, əməlindən səmimi peşman olmasını və qadın olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında xüsusi ittihamçı X12 şikayətini onunla əsaslandırmışdır ki, X21 16 iyul 2022-ci il saat 14-15 radələrində kassa nəzarətçisi işlədiyi "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən "xxxx" lombardına gələrək, lombardın işçiləri - X3 və Lombarda daxil olan digər kənar şəxslərin yanında onu təhqir edərək “sən maşenniksən, üzünü göstər ay maşennik deyərək” daha sonra “ay camaat bunları tanıyın, bura Yetər lombardır, bunlar maşenikdirlər”deyərək "xxxx" lombardın yerləşdiyi, ünvan 1 ünvanda canlı yayımla TİK- TOK səhifəsində paylaşaraq onu təhqir etmiş və şərəf və ləyaqətini nalayiq formada alçaltmışdır.Belə ki, X21 ilə "xxxx" lombarddan əvvəl orada fəaliyyət göstərən X4 arasında müqavilə olmuşdur.Girov biletinin surətindən görünür ki, X21 xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək 1 cüt 585 markalı 2,55 qram qızıl sırğasını və 585 markalı 2,08 qram çəkidə olan sırğasını girov qoyaraq 243 manat dəyərində krediti X1 götürmüşdür.Müqavilə şərtlərindən göründüyü kimi, əsas məbləğ ilə faiz tam, əvvəlcədən 1 gün qabaq ödənilməsi şərti ilə girov həftənin 3-5 günləri saat 17:00-dan sonra müştəriyə qaytarılmalıdır.X21 15 iyul 2022-ci il tarixdə girov bileti üzrə nəzərdə tutulan pulunu ödəmiş və müqavilə şərtinə əsasən, 20 iyul 2022-ci il tarixdə saat 17:00-dan sonra qızıl qaytarılmalı olsa da, 16 iyul 2022-ci il tarixdə qızılın qaytarlması üçün müvafiq tədbir görülmüş və qızıl qaytarılması üçün çəkilən zaman N.Nəcəfova canlı yayımla TİK - TOK intenet səhifəsində “@nubar_l 11” səhifəsində saat 14:27-də canlı yayım açaraq onu paylaşmış, “sən maşenniksən ay maşennik üzünü niyə gizlədirsən, sən maşennikliklə məşğul olursan” deyərək, onu cinayətdə ittiham edərək, ona böhtan atmışdır.Bundan sonra həmin video “PATRUL.AZ” saytının instaqram hesabında da paylaşılmışdır.Qızılları çəkilib ona təhvil verilsə də, qızıllarınızı da çəkin desə də, o, heç bir əhəmiyyət verməmişdir.Daha sonra isə xx.xx.2022-ci il tarixdə yenidən həmin sosial şəbəkədə təkrarən paylaşım edərək "xxxx" lombardı və onun işçilərini maşennik adlandırmışdır.Belə ki, dələduzluq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən, etibardan sui istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayətidir.Bununla da, X21 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələrinin tələbini pozaraq, həmin maddələrdə nəzərdə tutulan cinayəti törətməsi ehtimal olunur.Xüsusi ittihamçı qeyd olunanları nəzərə alıb, Nübar Nəcəfovanın azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər xüsusi ittihamçı X19 şikayətini onunla əsaslandırmışdır ki, X21 16 iyul 2022-ci il tarixdə saat 14-15 radələrində təsisçisi və direktoru olduğu "xxxx" MMCnin Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr., ev 2, 1260 ünvanında yerləşən "xxxx" lombarda gələrək, orada TİK-TOK internet səhifəsində “@nubar_l 11” səhifəsində saat 14:27-də canlı yayım açaraq, lombardın işçilərinin X12 və X5 və lombarda daxil olan digər kənar şəxslərin yanında təsisçisi və direktoru olduğu "xxxx" lombardın “ay camaat bunları tanıyın bura Yetər lombardır, bunlar maşenikdirlər” deyərək şərəf və ləyaqətini nalayiq formada alçaltmışdır. Hadisə "xxxx" lombardın yerləşdiyi, ünvan 3 ünvanında 16 iyul 2022-ci il tarixdə saat 14.27-də “Tik-Tok” internet səhifəsində “@nubar_l 11” səhifəsində canlı yayımla paylaşılmışdır.Bununla da, "xxxx" lombarda maddi zərər dəymiş və onlara müştərilərin inamı azalmış və onlar kütləvi şəkildə müştəri itirməyə başlamışdırlar. Belə ki, X21 xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək 1 cüt 585 markalı 2,55 qram qızıl sırğasını və 585 markalı, 2,08 qram çəkidə olan sırğasını girov qoyaraq 243 manat dəyərində krediti X1 götürmüşdür.Müqavilə şərtlərindən göründüyü kimi, əsas məbləğ ilə faiz tam, əvvəlcədən 1 gün qabaq ödənilməsi şərti ilə girov həftənin 3-5 günləri saat 17:00-dan sonra müştəriyə qaytarılmalıdır.Hal-hazırda həmin lombardın fəaliyyəti ilə "xxxx" lombard məşğul olur. "xxxx" lombardın təsisçisi və direktoru X13r.X21 15 iyul 2022-ci il tarixdə girov bileti üzrə nəzərdə tutulan pulunu ödəmiş və müqavilə şərtinə əsasən, 20 iyul 2022-ci il tarixdə saat 17:00-dan sonra qızılı qaytarmalı olsa da, 16 iyul 2022-ci il tarixdə qızılın qaytarlması üçün müvafiq tədbir görülmüş və qızıl qaytarılması üçün çəkilən zaman N.Nəcəfova canlı yayımla TİK -TOK intenet səhifəsində “@nubar_l 11” səhifəsində saat 14:27-də canlı yayım açaraq onu paylaşmış, “sən maşenniksən ay maşennik üzünü niyə gizlədirsən, sən maşennikliklə məşğul olursan” deyərək, ağır cinayətdə ittiham edərək, ona böhtan atmışdır. Bundan sonra həmin video “PATRUL.AZ” saytının instaqram hesabında da paylaşılmışdır.Onun qızılları çəkilib ona təhvil verilsə də, qızıllarınızı da çəkin desə də, o, heç bir əhəmiyyət verməmişdir.Daha sonra isə o, xx.xx.2022-ci il tarixdə yenidən həmin sosial şəbəkədə təkrarən paylaşım edərək "xxxx" lombardı və onun işçilərini maşennik adlandırmışdır.Belə ki, dələduzluq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən, etibardan sui istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayətidir. Bununla da, X21 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələrinin tələbini pozaraq, həmin maddələrdə nəzərdə tutulan cinayəti törətmişdir.Xususi ittihamçı qeyd olunanları nəzərə alıb, Nübar Nəcəfovanın azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X17 bildirmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X21 16 iyul 2022-ci il tarixdə işlədikləri lombard şirkətinə gələrək “Tik-Tok” sosial şəbəkəsində canlı yayım açaraq onları təhqir etmişdir.Belə ki, qızıl həmin gün Lombardda olmadığı üçün onu dərhal qaytara bilməmişdirlər.Qızılın harada olması ilə bağlı suala cavab olaraq bildirmişdir ki, qızıl əməkdaşlıq etdikləri bankın girovunda olmuş, ödəniş etdikdən 03 gün sonra qızılı Bank onlara təqdim edir, onlar isə qızılı sahibinə qaytarırlar. Məhkəmə iclasında xüsusi ittihamçı X12 və xüsusi ittihamçı X19, habelə onların etibarnamə üzrə nümayəndəsi və vəkili Müdafiəçi xüsusi ittiham qaydasında şikayətin məzmununa uyğun çıxış edərək, X22 azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxs X22 tərəfindən “Tik-Tok” sosial şəbəkəsində yayılmış videomüraciətində, yəni kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında, Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr., ev 2, 1260 ünvanında yerləşən "xxxx" lombarda işləyən xüsusi ittihamçılar X2 və X8 şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları yaymaqla böhtan atması ilə bağlı xüsusi ittiham qaydasında şikayətin dəlillərinə münasibət bildirərək hesab edir ki, həmin dəlillər əsaslıdır və məhkəmə araşdırması zamanı tədqiq olunmuş, biri digərini tamamlayan mötəbər sübutlarla açıq-aşkar təsdiq olunur. Belə ki, təqsirləndirilən şəxs X14 iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Tik-tok” videopaylaşma şəbəkəsində 16 iyul 2022-ci il tarixdə yaydığı videomüraciətindən görünür ki, o, həmin kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatlarında xüsusi ittihamçıların ünvanına “sən maşenniksən, üzünü göstər ay maşennik deyərək” daha sonra “ay camaat bunları tanıyın, bura Yetər lombardır, bunlar maşenikdirlər” adlandırmışdır. Həmçinin, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 noyabr 2022-ci il tarixli, 4/1582 saylı məhkəmə-linqvistik ekspertizasının rəyinə əsasən məlum olur ki, xüsui itthamçılar X2 və X8 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X22 tərəfindən “Tik-Tok” şəbəkəsində paylaşılmış video görüntüdə istifadə etdiyi fikir və ifadələrdə xüsusi itttihamçıların şərəf və ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, habelə təhqir xarakterli söz və ifadələrə yol verilmişdir.Həmn video görüntülərdə xüsusi ittihamçılar X2 və X19 barəsində işlədilmiş “maşennik” (dələduz) sözü lüğəti izahı nəzərə alınmaqla şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən, təhqir xarakterli sözdür. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-552/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən məlum olur ki, xüsusi ittihamçı X8 - barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X21 barəsində xüsusi ittiham qaydasında şikayətə dair 1(001)-552/2022 saylı cinayət işi - xüsusi ittihamçı X2 - barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X21 barəsində xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə 1(001)-553/2022 saylı cinayət işinə birləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, X21 əvvəllər məhkum olunmamışdır. Beləliklə, ekspert rəyindən də mübahisəsiz qaydada görünür ki, X21 xüsusi ittihamçılar X6 və X15 qarşı onların şərəf və ləyaqətini, işgüzar nüfuzlarını ləkələyən, habelə təhqir xarakterli söz və ifadələrə yol vermişdir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir.Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir.Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (De Haes və Gijsels, § 42 vəLingens, § 46). Azərbaycan Respubikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə, isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarına əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər (5-ci bənd). “Kütləvi informasiya vasitələri haqqında” qanunun 10-cu maddəsinə əsasən vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarına əsasən CMin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu biləbilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun (5-ci bənd). Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Belə olan halda aydın olur ki, təqsirləndirilən şəxs X21 16 iyul 2022-ci il saat 14-15 radələrində, ünvan 1 ünvanda canlı yayımla TİK-TOK səhifəsində paylaşaraq böhtan xarakterli ifadələri işlətməklə, kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatlarında X2 və X8 yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan məlumatları yayıb onlara böhtan atmış və bu çıxış kütləvi informasiya vasitələrində yaydığından Azərbaycan Respublikası CM-in 147.1-ci maddənin təsiri altına düşür. Bundan əlavə, X21 16 iyul 2022-ci il saat 14-15 radələrində, ünvan 1 ünvanda canlı yayımla TİK-TOK səhifəsində yaydığı paylaşımda “sən maşenniksən, üzünü göstər ay maşennik deyərək” daha sonra “ay camaat bunları tanıyın, bura Yetər lombardır, bunlar maşenikdirlər” deməklə, kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatlarında və çoxsaylı insanların qarşısında sonuncunun şərəf və ləyaqətini ləkələyən və onları nüfuzdan salan məlumatları yayıb, ittiham etməklə ona böhtan atmaqda təqsirləndirilir. Belə ki, Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Həmin Məcəllənin 178.2-ci maddəsinə səasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. AR CM-nin 178.3-cü maddəsinə əsasən bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 178.4-cü maddəsinə əsasən bu Məcəllənin 178.1—178.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü və 15.4-cü maddələrinə əsasən həmin Məcəllənin 178-ci maddəsində nəzərdə tutulmuş əməl az ağır və ağır cinayət hesab olunur. Belə olan halda, təqsirləndirilən şəxs X11 xüsusi ittihamçıları dələduzluq etməkdə ittiham etməsi böhtan sayılsa da, təqsirləndirilən şəxsin xüsusi ittihamçıları AR CM-nin 178-ci maddəsinin hansı ağır və xüsusilə ağır bəndinə görə ittiham etməsi müəyyən edilmədiyindən həmin çıxış Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsinin təsiri altına düşmür. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X21 xüsusi ittihamçılar X6 və X15 qarşı Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsində göstərilən cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı, lakin AR CM 147.2-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirsiz hesab edilərək ona bəraət verilməlidir. Belə ki, AR CPM-nin 42.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda bəraət hökmü çıxarılır. Məhkəmə təqsirləndirilən şəxs X18 istinad edilən (Azərbaycan Respublikası CM-in 147.1) cinayət əməlini cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, xüsusi ittihamın əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu xüsusi ittihama qiymət verilməsi baxımından kifayət edir.Lakin, təqsirləndirilən şəxs X18 istinad edilən Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi üzrə cinayət əməlini cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, sübutların məcmusu həmin maddə ilə xüsusi ittihama qiymət verilməsi baxımından kifayət etmir.AR CPM-nin 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində X11 təqsirliliyi tam sübuta yetirilir, lakin CM-nin 147.2-ci maddəsi ilə isə təqsirliliyi sübuta yetirilmir. Təqsirləndirilən şəxs X11 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə o, cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs X11 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs X11 əməlində cəzasını yüngülləşdirən hallar kimi təqsini qismən etiraf etməsini və əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, X18 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 147.1 –ci maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Həmçinin, məhkəmə hesab edir ki, X11 islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə ilk tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarına əsasən cəza təyin edilməsinin, prinsip etibarilə, məhkəmələrin səlahiyyətinə aid məsələ olmasına baxmayaraq, bu kateqoriya işlərlə bağlı cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi müstəsna hallarda uyğunluq təşkil edə bilər (9-cu bənd). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, məhkəmə hesab edir ki, X18 Azərbaycan Respublikası CM-in 147.1 -ci maddəsi ilə islah işləri cəzası təyin edildiyindən hökmün icrasını təmin etmək məqsədi ilə onun barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 154.1-ci maddəsinə görə qətimkan tədbiri cinayət işi üzrə icraatda şübhəli və ya təqsirləndirilən şəxsin qanuna zidd davranışının qarşısını almaq və hökmün icrasını təmin etmək məqsədi ilə və bu Məcəllənin 155.1-ci maddəsində nəzərdə tutulmuş hallarda onların barəsində seçilən prosessual məcburiyyət tədbiridir. Eyni Məcəllənin 165-ci maddəsinə görə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qismində şübhəli və ya təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqanın sərəncamında olacağı, həmin orqanın icazəsi olmadan başqa yerə getməyəcəyi, ondan gizlənməyəcəyi, cinayətkar fəaliyyətlə məşğul olmayacağı, təhqiqata, istintaqa və məhkəmə baxışına maneçilik törətməyəcəyi, təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin çağırışlarına gələcəyi və yaşayış yerini dəyişməsi haqqında onlara məlumat verəcəyi barədə yazılı öhdəliyindən ibarətdir. Başqa yerə getməmək haqqında iltizamı şübhəli və ya təqsirləndirilən şəxsdən cinayət prosesini həyata keçirən orqan alır. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, X18 təqsirli bilindiyi CM-nin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirsiz hesab edilərək ona bəraət verilməlidir. Həmçinin, Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, məhkəmədə maddi sübut kimi tanınmış təqsirləndirilən şəxs X11 “Tik-Tok” sosial şəbəkəsində 16 iyul 2022-ci ildə yayımlanmış videomüraciətinin köçürüldüyü 02 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində xüsusi ititham qaydasında şikayətin materiallarında saxlanılmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat X10 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum olunsun. X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirsiz hesab edilərək ona həmin maddə ilə bəraət verilsin. X11 islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə ilk tutulmalar aparıldığı vaxtdan hesablansın. X18 Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə cəza təyin edildiyindən hökmün icrasını təmin etmək məqsədi ilə onun barəsində hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut - X11 “Tik-Tok” sosial şəbəkəsində 16 iyul 2022-ci ildə yayımlanmış videomüraciətinin köçürüldüyü iki ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində xüsusi ititham qaydasında şikayətin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat X10 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X7 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti verilmədiyi halda hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar