Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-361/2024 20.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Xüsusi ittihamçı X3 nümayəndəsi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X7 xüsusi ittiham qaydasında şikayət verərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, o, jurnalistdir, müxtəlif media qurumlarında çalışmışdır. 30 ilə yaxındır ki, "Futbol+" qəzetinin baş redaktorudur. İdman, xüsusilə də futbol sahəsində müxtəlif televiziya, radio proqramlarında təcrübəli jurnalist-ekspert kimi çıxışlar edir. Rəhbərlik etdiyi qəzet dəfələrlə müxtəlif qurumlar tərəfindən “Azərbaycanın ən yaxşı idman nəşri" sayılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2017-ci il, 19 iyul tarixli sərəncamı ilə evlə mükafatlandırılmışdır. X4 2022-2023-cü illərdə baş redaktoru olduğu "Futbol+" qəzeti ilə əməkdaşlıq edib. Onunla olan xidmət müqaviləsinin müddəti 2023-cü ilin dekabr ayının sonunda baş çatıb. 2024-cü ilin yanvar ayının ortalarında jurnalist həmkarları, yaxınları, qohumları vasitəsilə Abdulla İbrahimlinin sosial mediada, müxtəlif saytlarda barəsində aşağılayıcı məzmunda məqalələr, statuslar yaymasından xəbər tutmuşdur. Abdulla İbrahimli 2 aydan artıqdır ki, insanın şərəf və ləyaqətini aşağılayan, ona mənəvi iztirab verən, nalayiq məzmunda paylaşımlarını, yazılarını davam etdirir, həmin paylaşım və yazılar sosial media platformalarında yayılmağa davam edir. Abdulla İbrahimli tərəfindən sosial mediada, xüsusilə də "facebook" platformasında yayılan, ona yönəlmiş aşağılayıcı, təhqiredici məzmunlu məlumatlar yüzlərlə vətəndaş, həmkarı, rəhbərlik etdiyi kollektivin üzvləri tərəfindən izlənilib və izləyicilər onun şərəf və ləyaqətinə qarşı yönəlmiş belə nalayiq məlumatları qınayıblar. Belə məlumatlar əvvəlcə A.İbrahimli tərəfindən demotiya.com saytında yayılıb. A.İbrahimli müəllifi olduğu "Futbol+"un psevdovətənpərvərliyi" sərlövhəli məqalədə baş redaktoru olduğu qəzeti, onun kollektivinin fəaliyyətinin məzmununu aşağılamağa, gözdən salmağa çalışıb: "Hazırda ucuz populizm ilə reytinq toplamağa çalışan qurumdan biri də "Futbol+" qəzetidi. Futbolu siyasətə qarışdırmaq, onu milliyətçilik mətbəxinə salmaq psevdovətənpərvərlikdən və ucuz populizmdən başqa bir şey deyil ki, "Futbol+" bu ampluada diqqət çəkməklə məşğuldu. Mahir əfəndi və təqlidlə məşğul olan həmkar deyə bilməyəcəyi cavan “jurnalist”lər..." A.İbrahimli məqaləsində ona xitabən "Yardımlıdan olan baş redaktor" ifadəsini işlətməklə şəxsən onu aşağılamağa çalışıb. Bu ifadə özlüyündə təhqiredici məzmunlu deyil, ancaq məqalə müəllifi həmin ifadəni dəfələrlə, yeri gəldi-gəlmədi işlətməklə öz aləmində onu gözdən salmaq məqsədi güdüb. A.İbrahimli "Futbol+"un psevdovətənpərvərliyi" məqaləsində onu içki düşkünü, əyyaş kimi təqdim etməklə gözdən salmağa, təhqir etməyə çalışıb: "Yardımlıdan olan baş redaktor vaxtaşırı Gəncə və Ağsu şərab evinin istehsalı olan araqları başına çəkməkdədi... Deməyim o ki, Mahir bəy arağın təsirindən yuxarıdakı ifadəni işlətsəydi, bunu başa düşüb yola vermək olardı. İş orasındadı ki, oyaq halda məntiqə sığmayan mülahizələr irəli sürür. Qəzet başqanının ruslar demiş "trezvi" vaxtında Bojovic haqqında yazı dərc etdirməsi "Leon" filmindəki Matildanın bolluca şampanla dolu qədəhləri başına çəkib dəm olmasından sonra yüksək səslə hırıldayıb diqqət çəkməsinə bənzəyir". Bu ifadələrin arasında "içki düşkünü", "əyyaş" kimi ifadələr birbaşa işlədilməsə də, mətnin ümumi məzmunundan aydın görünür ki, müəllifin əsas məqsədi həmkarları və oxucular arasında onu nüfuzdan, gözdən salmaq, aşağılamaq, təhqir etmək olub. A.İbrahimli qeyd edilən məqalədən başqa "facebook" platformasında mövcud olan onlarla qrup və səhifədə onu və rəhbəri olduğu qəzetin kollektivini aşağılayan məqaləni paylaşıb. O, bundan başqa, digər statuslar da yazıb və paylaşıb, paylaşmaqda davam edir. Məsələn, fevral ayının 27-də "facebook"da azı 7 səhifədə ona xitabən "lüzer" ifadəsini işlədərək, barəsində və qəzetlərinin kollektivinin üzvləri haqqında minlərlə insanın oxuduğu aşağıdakı ifadələri yazıb, on illərdir ki, fəaliyyət göstərən və idman ictimaiyyətinin hörmətini qazanan qəzetin kollektivinin üzvərini "zurnalist" adlandırıb: "..."savadı" püskürənlərin idman mətbuatında ideya qardaşı Mahir Rüstəmli kimi siyasət ilə idmanı birbirinə qarışdıran, çay daşıyan donosçunu 6 ilin jurnalistinə və işçisinin üzünə durğuzan... zurnalistin olması normal haldı...". Belə paylaşımların sayı onlarladır, o onların hamısını izləyə bilməmişdir. Güman ki, xəbərdar olmadığı, ancaq A.İbrahimli tərəfindən onu təhqir etmək, gözdən salmaq niyyətilə yayılmış olan başqa məlumatlar da var. A.İbrahimlinin onun haqqında yaydığı həqiqətə uyğun olmayan məlumatlar ayrı-ayrı ifadələri detallı araşdırılmadan, ümumilikdə, onun şərəf və ləyaqətini aşağılamaq, onu nüfuzdan salmaq məzmundadır. A.İbrahimli, kütləvi informasiya vasitələrində ona xitabən yalan olduğunu bilə-bilə qəsdən aşağılayıcı ifadələri işlədib yaymaqla, şərəf və ləyaqətin başqalarının gözündə ləkələyib, onun nüfuzunu aşağılayıb. O, həyatının bütün hissəsini jurnalistikaya həsr etmiş, peşə fəaliyyəti ilə bağlı heç vaxt hər hansı qüsuru olmayıb. Rəhbəri olduğu qəzet həmişə idmanı, xüsusilə futbolu təşviq edib, bu sahədə dövlətin yürütdüyü siyasətə dəstək verib. Bütün idman ictimaiyyətinin yaxından tanıdığı ona və rəhbəri olduğu qəzetə qarşı aşağılayıcı ifadələrdən və müqayisələrdən istifadə etmək, ən yüngül halda təhqirdən başqa bir şey deyil. A.İbrahimli onun barəsində yalan məlumatları qəsdən yaymaqla təhqirə yol verib. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, təhqirə yol vermək cinayət məsuliyyəti yaradır. Hesab edir ki, A.İbrahimlinin əməllərinə hüquqi qiymət verilməli və o, Cinayət Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunmalıdır. Təhqir cinayətinin tərkibinin yaranması üçün ən azı 3 hal mövcud olmalıdır. Birincisi, şərəf və ləyaqəti aşağılayan məzmunlu məlumat kütləvi şəkildə yayılmalıdır - yəni, mübahisəli məzmun ən azı 2 kənar şəxs tərəfindən eşidilməli, qavranılmalıdır. İkincisi, yayılan məlumat nalayiq məzmuna malik olmalıdır. Üçüncüsü isə məlumatı yayan şəxs bunu qəsdən etməlidir - yəni, məlumatı yaymaqla hədəf aldığı şəxsi başqalarının gözündə alçaltmaq niyyəti güdməlidir. Bunlardan başqa, təhqir cinayətinə görə, məsuliyyət məsələsinin yaranması ittiham olunan şəxsin 16 yaşına çatması lazımdır. A.İbrahimlinin onun haqqında təhqir yaymasında yuxarıda sadalanan halların hamısının mövcud olması şübhəsizdir. A.İbrahimli yetkinlik yaşına çatmış şəxsdir. A.İbrahimli ona və baş redaktoru olduğu qəzetə, onun kollektivinin üzvlərinə xitab edilən məlumatları kütləvi şəkildə, dünyada hər kəsin izləyə biləcəyi sosial media platforması üzərindən yayıb. Təhqiramiz məlumatlar əvvəlcə demotiya.com saytında yayılıb. A.İbrahimli bununla da kifayətlənməyib, ona yönəlik təhqiramiz, aşağılayıcı məlumatları başqa profillərdə, səhifələrdə, qruplarda dəfələrlə yayıb. Həmin məlumatları bir neçə gün ərzində yüzlərlə insan görüb, həmin məlumatlara rəy də bildiriblər. Əslində, ilk olaraq təhqirlərin yayılmasından onun özü xəbər tutmamış, idman ictimaiyyəti nümayəndələri qeyd edilən təhqirlərin yayıldığını ona bildiriblər. Beləliklə, A.İbrahimlinin onun haqqımda ifadə etdiyi məlumatların kütləvi yayılması mübahisəsizdir. A.İbrahimlinin onun haqqında ifadə etdiyi məlumatların məzmununun nalayiq olması da mübahisəsizdir. Abdulla İbrahimli ona xitabən "baş redaktor vaxtaşırı Gəncə və Ağsu şərab evinin istehsalı olan araqları başına çəkməkdədi", “"trezvi" vaxtında" kimi ifadələrini yayıb. Bu ifadələrin aydın mənası odur ki, haqqında danışılan şəxs davamlı olaraq, Azərbaycanın məşhur araq istehsalçısı olan müəssisələrinin məhsullarından istifadə edir, sərxoşluq edir, spirtli içkilərin təsirində olur. Azərbaycan dilinin izahlı lüğətinə baxdıqda bu ifadələrin qarşılığı kimi "əyyaş, içki düşkünü" ifadəsi qarşıya çıxır. Lüğətə görə, davamlı sərxoşluq edən, vaxtını eyş-işrətə, içki düşkünlüynə sərf edən şəxslər "əyyaş" adlandırılır. A.İbrahimli bunlardan başqa ona və rəhbəri olduğu kollektivə xitabən “üzer” (bacarıqsız, həyatı məhv olmuş, əzilmiş, uduzmuş və.s), "savadı püskürənlər" (savadısız, bacarıqsız vǝ s.), "çay daşıyan donosçu" (kimisə şərləyən, kiməsə böhtan atan) kimi təhqiredici ifadələr işlədib. A.İbrahimli həmçinin, ona və rəhbərlik etdiyim kollektivin əməkdaşlarına xitabən "zurnalist" ifadəsini işlədib. Hansı ki, bu, Azərbaycanda jurnalistika ilə bağlı istifadə olunan təhqiredici ifadə sayılır. Bu ifadədən, adətən, hədə-qorxu gəlmək və rüşvət almaq ilə məşğul olan, qeyri-peşəkar hesab edilən reket jurnalistlərə münasibətdə istifadə edilir. Göründüyü kimi A.İbrahimlinin ona və baş redaktoru olduğu kollektivin üzvlərinə xitabən işlətdiyi ifadələr, apardığı müqayisələr, oxşatmalar həm Azərbaycan dilinin izahlı lüğətinə görə, həm də ümumi qavrayış baxımından ağır, aşağılayıcı, təhqiredici ifadələrdən hesab edilir. Beləliklə, A.İbrahimlinin yaydığı məlumatlar mübahisəzdir ki, cinayət qanunvericiliyində nəzərdə tutulduğu kimi "nalayiq" məzmunda olub. A.İbrahimli təhqiramiz məlumatları həm də qəsdən yayıb, onu başqalarının gözündə alçaltmaq niyyəti güdüb. Bu onun və kollektivilərinin üzvlərinin belə ifadələrə layiq olmadığını, onun yaydığı məlumatların idman ictimaiyyətində təəssüflə qarşılandığını, baş redaktoru olduğu qəzetin Azərbaycanın idman mediasına onlarla mütəxəssis qazandırmasını bilə-bilə onun paylaşımlarını təkrar-təkrar yaymasından və yaymağa davam etməsindən də aydın görünür. Beləliklə, A.İbrahimli təhqiramiz məlumatları qəsdən yayıb. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, A.İbrahimli ictimai qaydada ona və baş redaktoru olduğu qəzetin kollektivinin üzvlərinə xitabən, təhqiramiz məlumatları dəfələrlə müxtəlif platformalarda yaymaqla, onu təhqir etmək, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaq, onu ictimaiyyətin gözündən salmaq niyyəti güdüb, bununla da ona münasibətdə Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyət yaradan "təhqir" cinayət əməlinə yol verib və xüsusi ittiham qaydasında mühakimə edilməli, məsuliyyətə cəlb olunmalıdır. Odur ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi məhkəmədən xahiş edilmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 yazılı etiraz verərək etirazında göstərmişdir ki, xüsusi ittihamçı X6 Binəqədi rayon məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsindəki cinayət əməlinin tərkibi mövcud olduğuna görə,təhqir cinayətinə görə məsuliyyətə cəlb edilməsi cəzalandırılmasını nəzərdə tutan qərar qəbul edilməsini xahiş etmişdir. Lakin həmin şikayət rədd edilməlidir. Belə ki, Binəqədi rayon məhkəməsi (hakim: Vüsal Tağıyev) mahiyyət və məzmun etibarı ilə şikayətçinin eyni məzmunlu şikayətini xx.xx.2024-cü il tarixli (001)- 307/2024 nömrəli qərarla icraata qəbul edilməsindən imtina edilmişdir. Bundan sonra şikayətçi yenidən şikayət etmişdir. Şikayətçinin rəhbəri olduğu "Futbol+” qəzetində əmək münasibətlərində olduğu dövrlərdə heç kimin şərəf və ləyaqətinin alçaldılması barədə yazı və çıxışları olmadığı halda ona min bir böhtan atılmaqdadır. O, yazılarında kimisə təhqir etməmidir. O, Azərbaycan Respublikasının qanunlarının əsasını təşkil edən Konstitusiyanın 47-ci (Fikir və söz azadlığı), 50-ci (Məlumat azadlığı), 51-ci (Yaradıcılıq azadlığı), 54-cü (Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ), 57-ci maddənin İİ bəndinə (Müraciət etmək hüququ), Məlumat azadlığı haqqında qanunun 2-ci, 5-ci maddələri, Kütləvi İnformasiya vasitələri haqqında qanunun 1-ci, 7-ci, 8-ci maddələri, Media haqqında qanunun 5-ci və 6-cı maddələri eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalardan irəli gələn qanunlardan irəli gələn nüasnları rəhbər tutmaqla tənqidlər qeyd etmişdir. Bu da onun vətəndaş, yaradıcı insan, publisist, jurnalist olaraq haqqı və hüququdur. Mahir Rüstəmlinin jurnalist etikasından kənara çıxaraq, Azərbaycan Respublikasının qanunlarına, beynəlxalq müqavilədən irəli gələn qaydalar, idman prinsipləri haqqında qanunları, xalqımızın nüfuzunə xələl gətirən, ölkə başçısının xarici siyasətinə xələl gətirən yazısına tənqidlə cavab verdiyi üçün əvvəlcə ona qarşı qondarma iclas keçirib, qanunsuz əsaslarla işdən çıxarmışdır. Sonra isə barəsində Media Şurasına həqiqəti əks etdirməyən məsələlərlə bağlı şikayət etmiş, nüfuzuna xələl gətirmişdir. O da təbii ki, Mahir Rüstəmliylə bağlı aidiyyatı orqanlara yazılı şikayətlərini bildirmişdir. Qısası qarşı tərəfin barəsində şikayəti ona qərəzdən əmələ gəlmişdir. Hazırda onunla cavabdeh arasında mülki mühakimə qaydasında məhkəmə mübahisəsi davam edir. Nərimanov rayon məhkəməsi aidiyyəti üzrə işi Bakı Kommersiya məhkəməsinə göndərmişdir. Yazılarında və çıxışlarında Azərbaycan Respublikası CM-in 148-ci maddəsinin tərkib hissəsini təşkil edən əməl yoxdur. Cinayətin 4 əlaməti və tərkibi yoxdur. Qarşı tərəf mütəmadi təhqir edildiyini bildirir. Amma bu barədə konkret zaman, məkan və konkret tarix göstərmir. Eləcə də iddialarında bir çox hüquqi faktlar göstərilmir, gizlədilir və digər bu kimi əməllərə yol verilir. Odur ki, xüsusi ittiham qaydasında şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittihamçı X3 nümayəndəsi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X8 bildirmişdir ki, təqdim edilmiş şikayətdə hər şey saniyəsinədək konkret olaraq göstərilmişdir. Verilmiş etiraz əsassızdır, “Facebook” sosial platformasında hər şey saniyəsinədək göstərilir. Şikayətdə müxtəlif vaxtlar qeyd olunsa da, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin təhqirləri hələ də davam edir. Ərizədə 2 fakt göstərilmişdir ki, həmin faktlar da əlavə olunmuş sənədlərlə təsdiq edilir. Ərizədə 7-ci abzasda 27 fevral qeyd olunmuşdur. İl göstərilməsə də cari il nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 bildirmişdir ki, o iş materialları ilə tanış olmuşdur. Materiallarda konkret tarix göstərilməmişdir. Bununla bağlı etirazında da geniş şəkildə yazmışdır. Etirazı ondan ibarətdir ki, xüsusi ittihamçı tərəf bildirir ki, sonuncu onun tərəfindən mütəmadi olaraq təhqir edilir. Təhqirin müddəti, vaxtı, harada olunması ilə bağlı isə heç bir məlumat yoxdur. Həmçinin dəqiq olaraq necə təhqir etməsi qeyd olunmamışdır. İş materialları ancaq şəkillərdən ibarətdir. Bu şəkillər də bilinmir ki, onun “Whatsapp” tətbiqindən yoxsa “Facebook” hesabından götürülmüşdür. Həmin məsələyə də konkret olaraq aydınlıq gətirilməmişdir. İş materiallarında onun 05 yanvar 2024-cü il tarixli məqaləsi göstərilmişdir. O məqalədə çoxdandır orada qalmışdır. Həmin məqaləyə görə qanunsuz iclas keçirib, onu işdən qovmuşdurlar. Bununla da bağlı o xüsusi ittihamçını məhkəməyə vermişdir. O, heç kimi təhqir etməmişdir, bu barədə bildirilənlər yalandır. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına götürülməsindən imtina olunmasını xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsin nümayəndəsini, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçının dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyrimümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası göstərilməlidir; 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında üsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə baxılır. 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətə ekran görüntüləri əlavə olunsan da, qeyd olunan paylaşımların barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 tərəfindən yayılması konkret olaraq öz təsdiqini tapmır. Həmçinin həmin görüntülərdə olan yazıların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmasını da müəyyən etmək mümkün olmur. Bundan başqa xüsusi ittiham qaydasında şikayətdə X2 27 fevral tarixində “Facebook” sosial şəbəkəsində etdiyi paylaşımda xüsusi ittihamçını və onun rəhbəri olduğu qəzetin kollektivini təhqir etməsi göstərilsə də, həmin hadisənin hansı ilin 27 fevralında baş verməsi qeyd olunmamışdır. Halbuki, müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə məsələsinin həll edilməsi baxımından əməlin törədilmə vaxtı dəqiq olaraq göstərilməlidir. Qeyd olunması zəruridir ki, şikayətə əlavə edilmiş ekran-görüntülərinin kim tərəfindən paylaşıılmasını müəyyən etmək mümkün olmur. Əlavə olaraq isə şikayətə qoşulmuş ““Futbol+”un psevdovətənpərvərliyi” adlı yazı, həmçinin “Neftçinin yeni baş məşqçisi Miodraq Bojoviç başa çatmaqda olan ildə kimi Rusiya premyer-liqasının ən yaxşı baş məşqçisi saymasıyla bağlı suala cavab verib” adlı yazı sadəcə komputerdə yazılaraq çap edilmişdir. Həmin yazılarında kütləvi şəkildə yayılması yaxud yazının müəllifinin X4 olması öz təsdiqini tapmır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma — min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma— iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən şikayətə əlavə edilmiş rəyləri yazmış hesabın sahinin X4 olmasını təsdiq edən yaxud həmin rəylərin X4 tərəfindən yazıldığını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, CPM-nin 293.3.3-cü maddəsinə əsasən şikayət cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməlidir. Hazırki iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin X4 tərəfindən törədilməsini təsdiq edən heç bir mötəbər sübut isə xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə edilməmişdir. Xüsusi ittiham qaydasında verilmiş şikayətdə X7 tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən xüsusi ittihamçının təhqir edilməsi göstərilmişdir. X1 hansı formada kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında xüsusi ittihamçının şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltdığı əsaslandırılmamışdır. CPM-nin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a yarımbəndinə əsasən, «cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın «xarakteri və əsasları» haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir». Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, «nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)» təqsirləndirilən şəxsin hüququdur. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, şikayət əsassız olduğundan və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən, həmçinin CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətiin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsinə dair şikayət vermiş şəxs X3 xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-361/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-361/2024
20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver