Məhkəmə qərarları › İş №1(001)-365/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-365/2025

10.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-365/2025 10.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: Nəsibov Samir Nadir oğlunun sədrliyi Məhkəmə iclas katibi: Nəbiyev Samir Cəmşid oğlunun katibliyi Xüsusi ittihamçı: X7 Təqsirləndirilən şəxslər: X8, X17 Müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri X9 və Müdafiəçi2 iştirakları ilə xx.xx.1967-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, "xxxx" MMC-də baş redaktor vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə, xx.xx.1951-ci ildə Cəbrayıl rayonunun Mehdili kəndinə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, himayəsində bir azyaşlı uşağı olan, pensiyaçı, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan X17 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittihamçı X13 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə kütləvi nümayiş etdirilmiş “youtube.com” internet informasiya ehtiyatında “HURRİYYET TV” youtube kanalı vasitəsilə (https://www.youtube.com/live/V4eS6GqKgLU?si=ODayVu-iA2CxUOYF, 17:45-ci dəqiqə) yalan və böhtan xarakterli məlumatlar yaydıqları üçün X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 147.1-ci və 148-ci maddələri ilə, X17 isə CMnin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrini və onların həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmələrini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X14 və X3 informasiya vasitəsində öz çıxışları zamanı bildirdikləri məsələlər yalan məlumatlar olmaqla bərabər sadəcə cəfəngiyyatdır. Göstərilən məsələlər ilə bağlı heç bir məhkəmə araşdırması və ya məhkəmənin qanuni qüvvəsini almış yekun aktı yoxdur. Bununla belə sözügedən şəxslər youtube kanalında onun şəklini yerləşdirməklə onun barəsində öz mülahizələrinə əsaslanan ittihamlar irəli sürmüş, onun şərəf və ləyaqətini cəmiyyət qarşısında alçaltmış, onun işgüzar nüfuzunu zədələmişlər. 1. Barəsində şikayət verilən şəxs X14 aşağıdakı məzmunda böhtan xarakterli məlumatları "Hurriyyet TV" Youtube kanalında səsləndirmişdir: (17:45-ci dəqiqə) Azərbaycanın daxilindəki bir çox insanın və təşkilatların haqqında xaricə məlumatlar ötürənlərdən biri də Rusiyada Azərbaycana emissar kimi hazırlanmış, təhsil alıb Azərbaycana yerləşdirilmiş rusnaklardan biri də məhz Fərhad Nağıyevdır. O bu iddiaları ilə bağlı dəfələrlə redaktoru olduğu “Hakimiyyət” qəzetində, sonra digər kütləvi informasiya vasitələrində və o cümlədən də youtube kanalında çıxışlar etmişdir. “Fərhad Nağıyev təkcə Badamdar qəsəbəsində torpaq məsələləri ilə bağlı 100-dən çox adam üçün nümayəndə kimi çıxıb. Amma 100-dən çox adam üçün nümayəndə kimi çıxdığı adamların heç biri nə Badamdarda yaşayır nə də ki, o torpaqların yiyəsidirlər. Onlar Fərhadın tanışlarıdır. Fərhad bunların adına Səbail rayon İcra Hakimiyyətində Rüstəm Məmmədov icra başçısı olanda başladığı o torpaqlar fərdi mənzil tikintisi üçün satmağa və o torpaq sahələri satılarkən Fərhadın ağlı işlədi. Keçmiş icra başçısının müavini Vilayət Muxtarov ilə və birdə Badamdar qəsəbə nümayəndəsi Qasımzadə ilə bir yerdə başladılar torpaqları sənədləşdirməyə Eldar Mahmudovun bugün 10 ha-dan yuxarı olan torpaq sahəsinin də hissə-hissə özəlləşdirilməsində bu Fərhad Nağıyevin əli var. Torpaqların qiyməti qalxdıqdan sonra Fərhad başladı fəaliyyətə. Harda boş torpaq gördü o torpağın üstünə qondu gedib bir dənə sərəncam ya sərəncamlar kimlər ki öz torpaqlarına sahib çıxmadılar həmin adamlar başladılar maklerlər vasitəsi ilə o sərəncamları 300, 500, 1000-ə bugün o sərəncamlar 20.000-ə dir. Elə sərəncam istəyirsənsə Səbaildə, Badamdarda torpaq əgər varındırsa. Boş sərəncamın qiyməti 20.000-dir. Üstəgəl torpağın pulu.- “Badamdarda xeyir-şər evini zəbt edib özünə orada villa tikib”. - “Haqqım bərpa olunmasa o Fərhad Nağıyevi öldürmək məcburiyyətində qalacam”. 2. Barəsində şikayət verilən şəxs X19 aşağıdakı məzmunda böhtan xarakterli məlumatları “Hurriyyet TV” Youtube kanalında səsləndirlmişdir (38:56-cı dəqiqə): “Danışmalı deyil o adamdan. Yəni Azərbaycanda elə alçaq adamı ...... Fərhadın bir sumka saxta sərəncamı var. Saxta sərəncamı gətirib polislə, Səbail rayon Badamdarın icra nümayəndəsi ilə, Vilayət müəllim ilə birləşib saxta sərəncam ilə mənim yerimi alıblar.” - “Bu maşennikin biridi, maşennik olub. 50 dənə sərəncam düzəldib satıb camaata”. X14 və X3 nümayiş etdirilmiş açıq internet informasiya ehtiyatında yaydığı bu məlumatlar yalan olmaqla, böhtan xarakteri daşıyır, heç bir həqiqəti əks etdirmir və X13 barəsində ittiham xarakterli çıxış onun şərəfini, cəmiyyətin bir üzvü kimi əxlaqi, mənəvi və əqli keyfiyyətlərini, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiyməti ləkələmiş, onu cəmiyyət və əmək kollektivində nüfuzdan salmışdır. Məhkəmə baxışında xüsusi ittihamçı X13 şikayətin məzmununa uyğun çıxış edərək, bildirmişdir ki, şikayətdə qeyd olunan məlumatlar kütləvi nümayiş etdirilmiş internet informasiya ehtiyatında yayılmışdır. Həmin məlumatlar yalan və böhtan xarakterli məlumatlardır və onun şərəfini, cəmiyyətin bir üzvü kimi əxlaqi, mənəvi və əqli keyfiyyətlərini, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiyməti ləkələmiş, onu cəmiyyət və əmək kollektivində nüfuzdan salmışdır. X8 CM-in 147.1-ci və 148-ci maddələri ilə, X17 isə CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək onlar barəsində ittiham hökmünün çıxarılmasını və azadlıqdan məhrum etmə cəzasının verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışında X14 özünü ona qarşı irəli sürülmüş ittihamla təqsirli bilməyərək göstərdi ki, o, 21 may 2024-cü il tarixdə kütləvi nümayiş etdirilmiş "youtube.com" internet informasiya ehtiyatında "Hurriyyet TV" youtube kanalı vasitəsilə müsahibə vermiş və həmin müsahibədə şikayətdə əks olunan məlumatları səsləndirmişdir. Lakin, bu məlumatları o, özündən “uydurmamış”, həmin məlumatlar onun səsləndirməsindən əvvəl müxtəlif xəbər portallarında və qəzetlərdə yayınlanmışdır. Xüsusi ittihamçı F.Nağıyev barəsində müvafiq hüquq mühafizə orqanlarında onun və F.Nağıyevin hərəkətlərindən zərərçəkmiş digər şəxslərin müraciətləri əsasında araşdırma aparılmışdır. Belə ki, xüsusi ittihamçı F.Nağıyev onun və bir sıra şəxslərin torpaqlarını saxta yollarla əllərindən almışdır. X4 onun əməlində hər hansı cinayət əməlinin tərkibi olmadığından, ona bəraət verilməsini xahiş etdi. Məhkəmə baxışında X19 özünü ona qarşı irəli sürülmüş ittihamla təqsirli bilməyərək göstərdi ki, 21 may 2024-cü il tarixdə kütləvi nümayiş etdirilmiş "youtube.com" internet informasiya ehtiyatında "Hurriyyet TV" youtube kanalı vasitəsilə müsahibə vermiş və həmin müsahibədə şikayətdə əks olunan məlumatları səsləndirmişdir. O, həmin müsahibədə F.Nağıyev barəsində “alçaq” və “maşennik” sözlərindən istifadə etmişdir ki, “maşennik” sözü məişət zəminində tez-tez işlənilən ifadədir, “alçaq” sözü isə müxtəlif cür yozula bilər, məs. şəxsin boyunun az olması. Bu ifadələri işlədərkən F.Nağıyevi təhqir etmək niyyəti olmamışdır. Amma F.Nağıyev özünü təhqir edilmiş hesab edirsə, ondan üzr istəməyə də hazırdır və məhkəmənin qarşısında üzr istəyir. X11 ifadəsində göstərilənlərin nəzərə alınaraq, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: • Xüsusi ittihamçı X13 tərəfindən təqdim edilmiş bir ədəd CD diskdə olan video görüntüdən görünür ki, X14 “Hurriyyet TV" Youtube kanalında (17:45-ci dəqiqə) iştirak etdiyi proqramda “Azərbaycanın daxilindəki bir çox insanın və təşkilatları haqqında xaricə məlumatlardan ötürənlərdən biri də Rusiyada Azərbaycana emissar kimi hazırlanmış, təhsil alıb Azərbaycana yerləşdirilmiş rusnaklardan biri də məhz Fərhad Nağıyevdır. Fərhad Nağıyev təkcə Badamdar qəsəbəsində torpaq məsələləri ilə bağlı 100-dən çox adam üçün nümayəndə kimi çıxıb. Amma 100-dən çox adam üçün nümayəndə kimi çıxdığı adamların heç biri nə Badamdarda yaşayır nə də ki, o torpaqların yiyəsidirlər. Onlar Fərhadın tanışlarıdır. Fərhad bunların adına Səbail rayon İcra Hakimiyyətində Rüstəm Məmmədov icra başçısı olanda başladığı o torpaqlan fərdi mənzil tikintisi üçün satmağa və o torpaq sahələri satılarkən Fərhadın ağlı işlədi. Keçmiş icra başçısının müavini Vilayət Muxtarov ilə və birdə Badamdar qəsəbə nümayəndəsi Qasımzadə ilə bir yerdə başladılar torpaqları sənədləşdirməyə. Eldar Mahmudovun bugün 10 ha-dan yuxarı olan torpaq sahəsinin də hissə-hissə özəlləşdirilməsində bu Fərhad Nağıyevin əli var. Torpaqların qiyməti qalxdıqdan sonra Fərhad başladı fəaliyyətə. Harda boş torpaq gördü o torpağın üstünə qondu gedib bir dənə sərəncam ya sərəncamlar kimlər ki öz torpaqlarına sahib çıxmadılar həmin adamlar başladılar maklerlər vasitəsi ilə o sərəncamlar 300, 500, 1000-ə bugün o sərəncamlar 20.000-ə dir.” “Elə sərəncam istəyirsənsə Səbaildə, Badamdarda torpaq əgər vardırsa. Boş sərəncamın qiyməti 20.000-dir. Üstəgəl torpağın pulu. Badamdarda xeyir-şər evini zəbt edib özünə orada villa tikib. Haqqım bərpa olunması mən Fərhad Nağıyevi öldürmək məcburiyyətində qalacam” məzmununda fikirlər səsləndirmişdir; • Xüsusi ittihamçı X13 tərəfindən təqdim edilmiş bir ədəd CD diskdə olan video görüntüdən görünür ki, X19 “Hurriyyet TV" Youtube kanalında (38:56-ci dəqiqə) iştirak etdiyi verilişdə “Danışmalı deyil o adamdan. Yəni Azərbaycanda elə alçaq adamı ...... Fərhadın bir sumka saxta sərəncamı var. Saxta sərəncamı gətirib polislə, Səbail rayon Badamdarın icra nümayəndəsi ilə, Vilayət müəllim ilə birləşib saxta sərəncam ilə mənim yerimi alıblar.” - “Bu maşennikin biridi, maşennik olub. 50 dənə sərəncam düzəldib satıb camaata” məzmununda fikirlər səsləndirmişdir; • Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 avqust 2025-ci il tarixli 4/1158 nömrəli məhkəmə linqvistik ekspertizasının rəyinə əsasən:

1. X14 tərəfindən “Hurriyet TV” Youtube kanalında X13 ilə barədə səsləndirdiyi – F.Nağıyevin informasiya ötürməklə Rusiyaya işlədiyi, torpaq alqı-satqı maxinasiyaları həyata keçirdiyi, F.İsmayılovun haqqını mənimsədiyi kimi məlumatlar, öz hüquqi təsdiqini tapmadığı təqdirdə aid edildiyi şəxs barədə bildirilmiş təhqir xarakterli məlumatlar hesab olunur;

2. X19 tərəfindən “Hürriyyət TV” Youtube kanalında X13 barədə məlumatlarda səsləndirdiyi “alçaq”, “maşennik” sözləri X7 ünvanına təhqir xarakterli söz və ifadələr hesab edilir. R.İmanov tərəfindən iddia edilən sənədlərin saxtalaşdırılması halları isə öz hüquqi təsdiqini tapmadığı təqdirdə aid edildiyi şəxs barədə bildirilmiş təhqir xarakterli məlumatlar hesab edilir. • Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-1360/2024 saylı qətnaməsindən aydın olur ki, xx.xx.2024-cü il tarixdə “Hürriyyət TV” Youtube kanalında Vüqar Tapdıq oğlunun aparıcısı olan verilişdə X15 barəsində X19 və X14 tərəfindən səsləndirilən fikirlər və məlumatlar həqiqətə uyğun olmayan məlumatlar, şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən məlumatlar hesab edilmişdir; • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamələrdən görünür ki, X19 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur, X14 isə əvvəllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunsa da, hazırda məhkumluğu yoxdur; • “Elektron Məhkəmə” İnformasiya sistemində olan məlumatlardan görünür ki, X17 himayəsində xx.xx.2015-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır, həmçinin X19 müharibə veteranıdır.

Hüquqi məsələlər: Azərbaycan Respubikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. CM-nin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarına əsasən: Məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır (2-ci bənd); Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fikri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün məhdudiyyətlərə məruz qala bilər (4-cü bənd); CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. (5-ci bənd); Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (6-cı bənd). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə xüsusi ittihamçının və təqsirləndirilən şəxslərin ifadələrinə, iş materiallarında olan sübutlara əsaslanaraq o qənaətə gəlir ki, “Hurriyet TV” Youtube kanalında səsləndirdiyi ifadələrlə X2 nümayiş etdirilmiş internet informasiya ehtiyatında X7 şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları yaymış, habelə onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Həmçinin, eyni Youtube kanalında X1 ifadələrlə kütləvi nümayiş etdirilmiş internet informasiya ehtiyatında X7 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Təqsirləndirilən şəxs X14 özünü CM-nin 147.1-ci və 148-ci maddələri ilə təqsirli bilməsə də, ittihamın əsasında dayanan “Hurriyet TV” Youtube kanalında X13 barəsində dərc edilən məlumatları özünün səsləndirdiyini bildirmişdir. Təqsirləndirlən şəxs X19 özünü CM-nin 148-ci maddəsi ilə təqsirli bilməsə də, “Hurriyet TV” Youtube kanalında X13 barəsində “alçaq”, “maşennik” kimi ifadələri işlətdiyini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X14 CM-nin 147.1-ci və 148-ci maddələrində, X19 isə CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidirlər və onların əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxs X8 məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə himayəsində azyaşlı uşağının olmasını (CM 59.1.4), ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və müharibə veteranı olmasını (CM 59.2) X17 məsuliyyətini yüngüllədirən hallar qismində nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxs X17 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərini, onların məsuliyyətini ağırlaşdıran halların olmamasını, X18 münasibətdə məsuliyyəti yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X10 təqsirli bildindiyi CM-nin 147.1-ci və 148-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş islah işləri cəzasının, X18 isə təqsirli bilindiyi CM-nin 148-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. CM-nin 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-nin 49-cu maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-ci maddəsinə uyğun olaraq islah işləri növündə cəzanı icra məmuru icra edir. Həmin Məcəllənin 40-cı maddəsinə görə islah işləri növündə cəza məhkumun əsas iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən islah işləri növündə cəzanın icrası müddəti məhkumun işlədiyi və onun qazancından tutulmalar aparıldığı aylar və günlərlə hesablanır. Belə olan halda X10 təyin edilən islah işləri cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, hökmün icrası X8 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1– 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. CPM-in 198.3-cü maddəsinə uyğun olaraq cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. CPM-in 346.1.9-cu maddəsinin tələbinə görə məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında maddi sübutlar məsələsinin necə həll edilməli olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). CPM-in 132.1.6-cı maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. CPM-in sadalanan normalarına uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 01 (bir) ədəd CD disk maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 220 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslərdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bununla bağlı təqsirləndirilən şəxslər X10 və X18 məhkəmə iclaslarında ayrı-ayrılıqda göstərdikləri 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və X12 440 manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzasına, Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X10 qəti olaraq aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 9 (doqquz) ay müddətinə islah işləri cəzası təyin edilsin. X8 cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası X8 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. X19 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 1.000 (min) manat məbləğində cərimə cəzasına məhkum olunsun. X8 və X17 “HURRİYYET TV” youtube kanalında etdiyi çıxışları əks etdirən 01 (bir) ədəd CD disk maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə linqivistik ekspertizasının dəyəri olan 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaitinin 110 (yüz on) manatı X5, 110 (yüz on) manatı isə X16 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X6 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** hesab AZ34CTRE********************) köçürülsün. X10 məhkəmə iclaslarında göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 440 manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. X18 məhkəmə iclaslarında göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X12 Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 440 manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı andan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar