Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-367/2025 12.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2009-cu il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam-orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunamamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 20 sentyabr 2024-cü il tarixdə, saat 11 radələrində ünvan 3 ünvanında yerləşən 10-cu sinif şagirdi olduğu 276 nömrəli tam orta məktəbin inzibati binasının 3-cü mərtəbəsində yerləşən sanitar qovşağında həmin məktəbin 10-cu sinfində təhsil alan, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs bir müddət əvvəl onunla nalayiq ifadə ilə zarafat etməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə sonuncunun bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə yumruq və təpik zərbələri ilə qəsdən vuraraq, ona boyun nahiyəsinin, sağ bazu nahiyəsinin, sağ bazu oynağı nahiyəsinin, döş qəfəsinin sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyi üçün dərəcəsi təyin olunmayan və çənənin sağ mental nahiyənin yerdəyişmiş sınığı, sol bucaq nahiyənin yerdəyişməyən sınığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə zərər çəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxslə aralarında söyüş zarafatı olmuşdur. Hadisə vaxtı o, Nizaməddinlə söhbət etmək üçün qırağa keçmiş, həmin vaxt heç nə etməmiş, vurmaq niyyəti olmamış, söyüş söydüyü üçün Nizaməddini vurmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, hadisənin tarixini xatırlamır. Hadisə saat 11-12 radələrində, tənəffüs vaxtı baş vermişdir. O, tək ikinci mərtəbədən bufetə düşmüş, sonra dostları da gəlmişdir. Nizaməddinlə aralarında dost münasibəti olmuş, hər hansı düşmənçilik olmamışdır. Nizaməddinlə aralarında əvvəllər də söyüşlü yüngül zarafat olmuşdur. Söyüşlü zarafatı ilk olaraq Nizaməddin etmişdir. Nizaməddinlə aralarında mübahisə bufetdə başlamış, sonra o, sonuncu ilə yuxarı mərtəbəyə qalxmışdır. Həmin vaxt yanında dostları olmuş, Nizaməddin isə tək olmuşdur. Onlar üçüncü mərtəbədə olan sanitar qovşağa getmişlər. Ora getməkdə məqsədi Nizaməddinlə söhbət etmək olmuşdur. Orada Nizaməddin söyüş söymüş, o, da əsəblə sonuncunu vurmuşdur. O, Nizaməddinə bir yumruq zərbəsi vurmuşdur. Nizaməddini başqa heç kim vurmamışdır. Zərbədən sonra Nizaməddin arxaya getmişdir. Bundan sonra Nizaməddini heç kim vurmamışdır. Onu uşaqlardan biri arxaya çəkmişdir. Onun Nizaməddini yenidən vurmaq fikri olmasa da uşaqlar onu geri çəkmişdir. O, Nizaməddini bir dəfə vurmuşdur. O, Nizaməddinə yumruq atandan sonra uşaqlar onu tutmuş, həmin vaxt təpik atmış, təpiyi də yüngül dəymişdir. O, xx.xx.2024-cü il tarixdə saat 11-də fasilədə Nizaməddinlə bufetdə rastlaşmış, danışıb zarafatlaşmışlar. Nizaməddin onunla söyüş zarafatı etdiyi üçün aralarında mübahisə yaranmışdır. O, söhbət etmək üçün Nizaməddini kənara aparmışdır. Həmin yerdə söhbət etsəydi çox adam yığışa və söhbət böyüyə bilərdi. Əgər Nizaməddini sən vurmasan mən vuracağam” cümləsini Aslan yox, Cavad işlətmişdir. O, Nizaməddəni yerdə vurmamış, bir təpik və bir yumruq vurmuş, sonra çəkilmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsla barışmış, ona dəymiş ziyanı ödəmiş və zərər çəkmiş şəxsin ondan heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, bufetdə zarafatlaşdıqdan sonra Sadiq çıxıb getmişdir. Daha sonra tənəffüs vaxtı bufetdə oturanda Sadiq, Aslan, Cavad içəri girmiş, Sadiq onu çağırmışdır. Sadiq ona gedib söhbət etməyi təklif etmişdir. O, Sadiqə tək söhbət etməyi təklif etmiş, sonuncu ona narahata olmamasını, dava etməyəcəyini demişdir. Həmin vaxt onun dostları da onların arxalarınca gəlmiş, Cavadla Elgün onlara gəlməmələrini demiş, onun dostları geri qayıtmışdır. Onlar sanitar qovşağına çatdıqdan sonra söhbət edərkən Aslan Sadiqə demişdir ki, sən vurmasan biz vuracağıq. Bu sözü dedikdə o, Aslana baxmış və həmin vaxt Sadiq qəflətən sifətinə vurmuşdur. O, zərbədən arxaya getmiş, Sadiq yenidən təpik atdıqda onun sinəsinə dəymişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər Sadiqlə yaxın münasibəti olmamış, lakin problemləri də olmamışdır. Hadisə vaxt onlar bufetdə rastlaşmış, zarafatı ikisi də eyni vaxtda etmişlər. Bundan sonra Sadiq çıxıb getmiş, o biri tənəffüsdə 3 nəfərlə bufetə gəlmişlər. Sadiq onu kənara çəkib söhbət etməyi təklif etmişdir. O, Cavad və Aslanla gələn Sadiqə tək söhbət etməyi təklif etmiş, sonuncu narahat olmamasını demişdir. Onlar sanitar qovşağa keçdikdən sonra Sadiq ondan niyə belə deməsini soruşmuş, o, da qarşılıqlı zarafat etdiklərini demişdir. Həmin vaxt Aslan Sadiqə demişdir ki, “sən vurmasan biz vuracağıq.” Sadiq ona yumruq və təpik zərbəsi vurmuşdur. Onları araladıqdan sonra o, ağzından qan gəldiyini görmüşdür. O, bundan sonra ailə üzvlərinə məlumat vermişdir. Sadiq onu vurduqdan sonra o, əl-üzünü yuyarkən Sadiq ona yaxınlaşıb, bir daha belə olmamasını demişdir. O, Sadiqlə söyüşlə zarafatlaşarkən yanlarında heç kim olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona görə də Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onlar zərər çəkmiş şəxslə söhbət etmək üçün əvvəl bufetə, sonra sanitar qovşağa getmiş, orada Sadiq dava edəndə ayırmışlar. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Nizaməddinlə Sadiq bir-birini tanımış, dost münasibətləri olmamışdır. Onun da Nizaməddinlə yaxın münasibəti olmamışdır. O, Nizaməddinlə Sadiqin arasında olan söyüşlü zarafatı eşitməmişdir. Sadiq Nizaməddinlə sanitar qovşağa gedərkən o, Aslanla onları ayırmaq üçün arxalarınca getmişdir. O, sanitar qovşaqda nə söhbət olduğunu eşitməmiş, qapıda dayanmışdır. O, Sadiqə “əgər sən vurmasan mən vuracağam” cümləsini işlətməmiş, bu ifadəni kimin işlətdiyini bilməmişdr. O, Nizaməddini kimin vurduğunu görməmişdir. Dava vaxtı X1 ayırmışdır. O, Sadiqlə uşaqlıqdan dostluq etmişdir. O, Sadiqla eyni sinifdə oxumamışdır. Sadiq ondan Nizaməddinin yerini soruşduqda o, bilmədiyini demiş, bufetə getdikdə artıq onların söhbət etdiklərini görmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, dərs vaxtı sinifdə oturarkən Sadiq ondan Nizaməddinin yerini soruşmuş, o, da sinifdə ola biləcəyini deyib, Sadiqə Nizaməddinin sinfini göstərmişdir. O, dava olacağını bilməmişdir. Onlar sinfə baxdıqda Nizaməddin orada olmamış, Sadiq ona birlikdə bufetə gedib baxmağı təklif etmişdir. Onlar bufetə gedərkən Nizaməddinlə qarşılaşmışlar. Nizaməddinlə Sadiq söhbət edə-edə yuxarı qalxmış o, isə arxada qalmışdır. O, da həmin vaxt maraqlandığı üçün onların arxasınca getmişdir. Nizaməddinlə Sadiq sanitar qovşağa daxil olmuş, söhbət vaxtı Sadiq Nizaməddini ani anda vurmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər Sadiqlə Nizaməddinin mübahisəsinə şahid olmamışdır. Cavad onun sinif yoldaşı olmuş, sonuncu ilə Nizaməddinin hər hansısa bir problemi olduğunu görməmişdir. O, bufetdə Nizaməddinlə Sadiqin söyüşlü zarafat etdiyini eşitməmişdir. O, Nizaməddinlə Sadiqin yanınına Cavadla bir yerdə getmiş, sonuncu qapının arxasında qalmış, o, isə içəri keçmişdir. İçəri keçməkdə məqsədi söhbət etmək olmuşdur. Sadiq Nizaməddinə yumruq zərbəsi vuran kimi onları ayırmağa başlamışlar. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə onun sinfinə şagird qismində daxil olmuş, sinifdə 4 gün qalmış, 20 sentyabrda o, Sadiqi görməmişdir. Sadiq bütün şagirdlər kimi nizam-intizam qaydalarına riayət etmiş, səhər saat 8-dən məktəbdə olmuş, dərs saatlarında iştirak etmiş, məktəbli forması geyinmişdir. O, Sadiqi beşinci gün sinifdə görməmişdir. Birinci gün Sadiqlə paralel sinifdə oxuyan Nizaməddin arasında dava olduğunu eşitmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Sadiq hadisədən sonra məktəbə gəlməmiş, yanvar ayında məktəbdən xaric edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə ünvan 3 ünvanında yerləşən 276 nömrəli tam orta məktəbin inzibati binasının 3-cü mərtəbəsində yerləşən sanitar qovşağında baş vermişdir. xx.xx.2024-cü il tarixli, 87/2083 nömrəli Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - çənənin sağ mental nahiyənin yerdəyişmiş sınığı, sol bucaq nahiyənin yerdəyişməyən sınığı, boyun nahiyəsinin, sağ bazu nahiyəsinin, sağ bazu oynağı nahiyəsinin, döş qəfəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən qərarda göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən çənənin sağ mental nahiyənin yerdəyişmiş sınığı, sol bucaq nahiyənin yerdəyişməyən sınığı dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığı uzun müddətə pozan sağlamlığa az ağır zərərvurmaya aiddirlər, boyun nahiyəsinin, sağ bazu nahiyəsinin, sağ bazu oynağı nahiyəsinin, döş qəfəsinin sıyrıqları isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən şəraitdə, yəni insan bədəninin hissəlləri (əl, əl barmaqlarının dırnaqları, yumruq, təpik və s.) ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Şahid2 üzünə qarşı demişdir. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Şahid1 üzünə qarşı demişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-in 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmişdir. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2025-ci il tarixdə saat 15:30-da axtarış qərarı əsasında tutulmuşdur. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 127.2.3-cü maddəsi ilə nəzərə tutulan ittiham elan olunmuşdur. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş və sonuncudan heç bir şikayəti, tələbi yoxdur. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 127.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, həmin məcəllənin 59.2ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. CM-in 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər. CM-in 85.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növləri təyin edilir. CM-in 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. CM-in 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli 4 №-li qərarının 11-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdır ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Azərbaycan Respublikası tərəfindən 28 iyul 1993-cü il tarixdə qoşulmuş BMT-nin Baş Məclisi tərəfindən 1985-ci il noyabrın 29-da qəbul olunmuş “Birləşmiş Millətlər Təşkilatının yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsinə aid minimal standart qaydaları”nın məhkəmə qərarı çıxarılmasının rəhbər prinsipləri və təsir tədbirlərinin seçilməsi haqqında olan 17-ci bəndində qeyd edilmişdir ki, səlahiyyətli orqan təsir tədbirləri seçərkən təsir tədbirləri həmişə təkcə qanun pozuntusunun şəraiti və ağırlığı ilə deyil, yetkinlik yaşına çatmayanın vəziyyəti və tələbatı, həmçinin cəmiyyətin tələbatı ilə ölçülməsi, yetkinlik yaşına çatmayan şəxsi azadlığını məhdudlaşdırmaq haqqında qərar yalnız məsləyə diqqətlə baxıldıqdan sonra çıxarılmalı və məhdudiyyət mümkün qədər minimuma endirilməsi, yetkinlik yaşma çatmayan qanun pozucusu yalnız başqasına qarşı zor işlətməklə ciddi qanun pozuntusunda günahkar sayıldıqda, həmçinin digər müvafiq təsir növü olmadıqda azadlıqdan məhrum edilə bilməsi prinsiplərini rəhbər tutmalıdır. CPM-in 435.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalı, yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir. Yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 127.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə axtarış qərarı əsasında tutulmuş, xx.xx.2025-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, sonuncu saxlanıldığı MSY-dən azad olunmuş, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 28 fevral 2025-ci il tarixdən 02 mart 2025-ci il tarixədək, yəni 2 (iki) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 28 fevral 2025-ci il tarixdən 02 mart 2025-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 42 (qırx iki) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 110 (bir yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 fevral 2025-ci il tarixdən 02 mart 2025-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 110 (bir yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-367/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-367/2025
12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver