Məhkəmə qərarları › İş №1(001)-368/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-368/2024

17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-368/2024 17.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 6 RPİ-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, Ş.Ələkbərov küçəsində yerləşən nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,393 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini 1 ədəd ağ rəngli kağız bükümdə əldə edərək əynində olan açıq göy rəngli şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə, saat 12:40-da Bakı Şəhəri Binəqədi rayonu Polis idarəsinin 6-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, “Adres” adlı geyim mağazasının yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı Polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 14:00-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan açıq göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli kağıza bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda , təmiz çəkisi 0,393 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun üzərində qanunla qadağan olunmuş heç bir şey olmamışdır. Belə ki, o saxlanılan günü yanında Taleh və Fərhad adlı tanışları olmuşdur. Fərhadı əvvəlcədən tanımış, Taleh isə Fərhadın dostu olmuş, Talehi ilə həmin günü tanımışdır. Həmin gün Biləcəri qəsəbəsinə bir nəfərdən pul götürmək üçün 6-cı polis bölməsinin yanına getmişlər, tanışlarının görüşməyə getdiyi şəxs həmin yerə gəlmiş, Taleh və Fərhad avtomobildən düşərək həmin şəxslə görüşlər, o isə avtomobildən düşməyərək maşında gözləmişdir. Həmin görüşdən təxminən 3-4 dəqiqə sonra polis əməkdaşları oraya gəlmişdir, polislər gələn zaman o da avtomobildən aşağı enmişdir. Bölməyə aparılmış, bölmədə olan zaman narkotik vasitəni üzərinə götürməyi, 2-3 gündən sonra buraxılacağını, istədiklərini etməsə vəziyyətinin ağırlaşacağını bildirmişlər. Əvvəllər narkotik vasitədən istifadə etmişdir, lakin həmin günü narkotik vasitədən istifadə etməmiş, üstündə də narkotik vasitə olmamışdır. Özü həmin zaman ev şəraitində müalicə almış, müalicəsi artıq başa çatmaq üzərə olmuşdur. Şahid1 bölməyə gətirildikdən sonra görmüşdür. Lakin onu şahid kimi dindirilmiş polis əməkdaşlarının heç biri saxlamamış, onu saxlayan balaca boy, saçı olmayan polis əməkdaşı olmuşdur. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində anadan olmuş, Abşeron rayonu Masazır qəsəbəsi Ş.Ələkbərov küçəsində yerləşən evdə yaşamış və fərdi əməklə məşğul olmuşdur. O, təxminən 3 aydır ki, narkotik vasitə heroin istifadə etmişdir. 15 fevral 2024-cü il tarixdə saat 12:40 radələrində o, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində yerləşən "Adres" adlı geyim mağazasının yaxınlığında piyada hərəkət edən zaman bir neçə şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş, polis əməkdaşları olmasını bildirmişlər. Bundan sonra polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamağında və narkotik vasitədən istifadə etməyində şübhəli olduğunu bildirib onu 6-ci polis bölməsinə gətirmişlər. Polis bölməsində olarkən otaqların birində saat 14-də polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə onun üzərində axtarış aparılmağa başlanılmışdır. Axtarış aparılan zaman polis əməkdaşı ondan üzərində narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya olub-olmamasını soruşub, olduğu halda könüllü təqdim etməyini təklif etmişdir. O, da üzərində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin bükümün içərisində narkotik vasitə heroin olmasını demişdir. Həmin bükümün içərisi açılıb baxıldıqda içərisində qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Sonra polis əməkdaşları tərəfindən onun üzərində axtarış aparılmış, başqa narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra onun polis əməkdaşına təqdim etdiyi narkotik vasitə heroin kağız bükümdə polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisi 0,70 qram olmuşdur. Daha sonra onun polis əməkdaşına təqdim etdiyi narkotik vasitə heroin kağız bükümdə ağ zərfə qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol polis əməkdaşları və onun tərəfindən imzalanmışdır. O, üzərindən axtarış zamanı aşkar edilmiş ona məxsus narkotik vasitə heroinin təmiz çəkisinin 0,393 qram olmasını bilmişdir. Təqsirləndirilən şəxs həmçinin, ifadəsində göstərmişdir ki, o, narkotik vasitə heroini 15 fevral 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu "Papanin" adlanan yerdə tanımadığı şəxsdən 10 manat məbləğində pul verərək almışdır. O, həmin şəxsin kimliyini bilməmişdir. O, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamış, yalnız narkotik vasitə heroin istifadə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-in 6cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi və Binəqədi rayonu ərazisində üzərində gəzdirməsi barədə 14 fevral 2024-cü il tarixdə polis bölməsinə etimad doğuran, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 fevral 2024-cü il tarixdə saat 13:00 radələrində o, 6-cı polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Y. Hüseynov küçəsi “Adres” adlanan geyim mağazasının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq şəxsi axtarışın həyata keçirilməsi üçün sonuncunu 6-cı polis bölməsinə dəvət etmişlər. Həmin zaman təqsirləndirilən şəxsin yanında başqa iki nəfər də olmuşdur. Həmin şəxslərin hər üçün piyada hərəkətdə olmuş, hər biri polis bölməsinə gətirilmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs heç bir tabesizlik göstərməmiş, həmçinin sonuncuya qarşı da istər saxlanan zaman, istərsə də bölmədə olan zaman hər hansı bir təzyiq yaxud təsir olmamışdır. Bölmədə olan zaman təhqiqatçı tərəfindən həyata keçirilmiş şəxsi-axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən ağ rəngli bir ədəd kağız büküm çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümdəki maddənin heroin olduğunu, həmin maddəni “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 10 manat pulun müqabilində aldığını bildirmişdir. O, 7 ildir sözügedən ərazidə xidmət aparmağına baxmayaraq Təqsirləndirilən şəxs ilk dəfə həmin gün görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-in 6cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Daxil olmuş əməliyyat məlumatı əsasında 15 fevral 2024-cü il tarixdə saat 12:40 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Y. Hüseynov küçəsi “Adres” adlanan geyim mağazasının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq şəxsi axtarışın həyata keçirilməsi üçün sonuncunu 6-cı polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs saxlayan zaman onun yanında Bakı şəhəri Binəqədi RPİ-in 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 və Vüsal Qurbanov adlı digər polis əməkdaşı olmuşdur. Şəxsi axtarış istintaq hərəkəti həyata keçirilən zaman Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə heroini özü könüllü şəkildə təqdim edərək həmin narkotik vasitəi “Papanin” adlanan ərazidən, tanımadığı şəxsdan şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Saxlanılan zaman, həmçinin bölmədə olan zaman təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq olmamışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə tanışı Fərhad ona zəng edərək Biləcəriyə gedibgələ biləcəklərinin mümkünlüyünü soruşmuşdur. O, həmin vaxtı icarəyə avtomobil götürərək taksi fəaliyyəti ilə məşğul olmuşdur. Fərhada razılıq vermiş, Fərhad və Emili Xırdalan şəhərindən götürüb Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin qarşısına gətirmişdir. Həmin yolu təxminən 20 dəqiqəyə gəlmiuşlər. O, taksi kimi pulu Biləcəriyə çatandan sonra alacaqdı. Fərhad və Emilin söhbətlərindən belə başa düşmüşdür ki, kiminsə onlara verəcəyi var, onlar da pulu almaqdan ötrü Biləcəriyə gedirlər. Çatdıqdan sonra Emil və Fərhad avtomobildən enmişdir, sonunculara bir neçə adam yaxınlaşmış, bundan sonra o da avtomobildən enmişdir. Onların hər üçünü saxlayıb 6-cı polis bölməsinə aparmışlar. Bölməyə daxil olduqdan sonra üstlərinə baxış keçirilmiş, hər üçü üstlərində olan əşyaları təqdim etmişlər. Bundan sonra çəkiliş aparmaq üçün ayrıayrılıqda otaqlara aparmışlar. Onlara orada təzyiq edilmiş, bu səbəbdən üzərində narkotik vasitə olmasını boyunlarına almışlar. Hazırda bu məsələ ilə bağlı onun da işi məhkəmənin icraatındadır. Onun şahidi olmuşdur ki, həmin zaman Emilin üzərindən yalnız bir ədəd ev açarı çıxmışdır. Özünün üzərindən də heç bir şey aşkar olunmamışdır. Yalnız Fərhadın üzərindən pul, telefon və nə olduğunu bilmədiyi bir büküm aşkar edilmişdir. Emilin üzərinə baxış keçirilən zaman orada olmamışdır. O, ümumiyyətlə narkotik vasitə istifadəçisi deyildir, cavan vaxtlarında, yəni təxminən 2011-ci ildə narkotik vasitədən istifadə etmişdir. Bölmədə polislər tərəfindən zorakılığa məruz qalmışlar, onlara fiziki təzyiq olunmuşdur. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Şahid4 zəng edərək onu Biləcəriyə aparmasını xahiş etmişdir. Taley özü Xırdalanda yaşamış, taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, taksi sifariş edərək Taleyin yaşadığı ünvan tərəfə getmiş, oradan isə Taley onları Biləcəriyə gətirmişdir. Narkotik götürmək üçün getdiyi üçün tanış taksi ilə getmək istəmişdir. Emil və Taley onunla birgə getsələr də, narkotik vasitə yalnız onun özündə olmuşdur. O, heç vaxt Emil və Taleylə birgə narkotik vasitə istifadə etməmişdir. Emil onun narkotik vasitə götürəcəyindən xəbərsiz olmuşdur. Bəlkə, o telefonla danışan zaman nəsə eşitmişdir, lakin hər hansı bir məlumatı mövcud olmamışdır. Onun narkotik vasitə götürəcəyi adam 6-cı polis bölməsinin yaxınlığında yaşamış, o, görüşüb narkotiki götürdükdən sonra polislər onları aparmışdır. Həmin şəxsin ona borcu var olmuş, əvəzinə narkotik vasitə verirmişdir. Narkotik vasitə yalnız onun üzərində olmuş, Emil və Taleyin üzərində heç nə olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 15 fevral 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, o, əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli parlaq kağıza bükülmüş bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanmış, lakin sonuncunun əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Həmin heroinə bənzər kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş və çəkisinin 0.70 qram olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/932 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... Şübhəli şəxs (imza) Cəfərli...” sözləri yazılmış zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi – 0,393 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, 0,393 qram maddə tədqiqat üçün qəbul edilmiş, 0,050 qram maddə nümunə götürülmüş, 0,343 qram maddə geri qaytarılmışdır. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil etmişdir. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 16 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə olan 0,050 qramı ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 0,343 qram miqdarda narkotik vasitə heroin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmişdir. Həmin narkotik vasitə möhürlənmiş vəziyyətdə saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 19 fevral 2024-cü il tarixli, 1109 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” 06 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmış, ekspertiza tədqiqatından sonra qalmış ümumi çəkisi 0,343 qram olan narkotik vasitə heroinin maddi sübut hesab edilməsi və saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilməsi barədə qəbul edilmiş 16 fevral 2024-cü il tarixli Əşyanın maddi sübut hesab edilməsi haqqında” qərar nəzərə alınmış, “şəxsi axtarış və götürmə” aparılmasının video çəkilişini özündə əks etdirən bir ədəd CD disk maddi sübut növü hesab edilərək cinayət işinin materiallarına əlavə olunmuşdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi, saxlanılan zaman üzərində narkotik vasitə olmaması, cinayət törətməsini boynuna götürmədiyi halda vəziyyətinin ağırlaşacağı barədə hədəyə məruz qalması barədə dediklərini qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirməklə yanaşı həmin məzmunda verilmiş ifadəni özünümüdafiə xarakterli verilmiş ifadə hesab edir. Qeyd edilməlidir ki, müdafiə hüququnun təməl institutu kimi təqsirləndirilən şəxsin məhkəmə iclasında yalan ifadə verməsi heç bir halda onun məsuliyyətə cəlb edilməsinə səbəb ola bilməz. Təqsirləndirilən şəxsin əksinə məhkəmə iclasında dindirilmiş şahidlər yalan ifadə verməyə görə qanunvericlikdə nəzərədə tutulmuş qaydada məsuliyyət daşıdıqları barədə xəbərdar edilmiş, daha sonra onların ifadələri alınmışdır. Təqsirləndirilən şəxsin təqsirli olmaması barədə məhkəmə iclasında bildirdikləri iş materialları ilə təkzib olunmuş, bunun tam əksi olaraq Şahid1 və Şahid2 cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə dair verdikləri ifadələr iş materialları ilə uyğunluq təşkil etmişdir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və müdafiəçisi imza etmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmaması barədə bildirdikləri şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişə baxış zamanı da təkzib olunmuşdur. Bundan başqa məhkəmə qeyd edir ki, əlavə şahid qismində dindirilmiş Şahid3 və Şahid4 məhkəmə baxışı zamanı vermiş olduqları ifadələr qeyri-səmimi verilmiş ifadələr kimi qiymətləndirilməlidir. Belə ki, məhkəmə iclasında proses iştirakçılarının bildirdiklərinə əsasən müəyyən olunmuşdur ki, sözügedən şahidlər də həmin zaman təqsirləndirilən şəxslə bir yerdə olmuş, onlar da əməliyyat tədbiri çərçivəsində saxlanılaraq polis bölməsinə gətirilmiş və sonuncular barəsində də Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanaraq araşdırılma aparılmışdır. Belə olan halda istər Şahid3, istərsə də Şahid4 hazırki iş üzrə maraqlı şəxslərdir. Onlara hər nə qədər bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilsə də aydın məsələdir ki, onlar Təqsirləndirilən şəxs məsuliyyətdən kənarda qalması üçün müəyyən halları fərqli şəkildə məhkəməyə bildirməkdə maraqlıdırlar. Çünki Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirsiz hesab edilməsi, həmin şahidlərə elan edilmiş digər cinayət işləri üzrə ittihama da dolayısı ilə təsir edəcəkdir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində Biləcəri qəsəbəsinə bir nəfərdən pul götürmək üçün avtomobillə 6-cı polis bölməsinin yanına getdiklərini, tanışlarının görüşməyə getdiyi şəxsin həmin yerə gəldiyini, Taleh və Fərhad avtomobildən düşərək həmin şəxslə görüşdüklərini, özünün isə avtomobildən düşməyərək maşında gözlədiyini bildirmişdir. Məhkəmə iclası zamanı əlavə şahid qismində dindirilmiş Əhmədov X2 çatdıqdan sonra Emil və Fərhadın avtomobildən endiyini, sonunculara bir neçə adam yaxınlaşdığını, bundan sonra onun da avtomobildən endiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid3 isə ifadəsində taksi sifariş edərək Taleyin yaşadığı ünvan tərəfə getdiyini, oradan isə Taleyin onları narkotik vasitə götürmək üçün Biləcəriyə apardığını bildirmişdir. Göründüyü kimi məhkəmə iclasında Təqsirləndirilən şəxs verdiyi ifadələr ilə əlavə şahid qismində dindirilmiş şəxslərin vermiş olduğu ifadələr arasında kəskin ziddiyətlər olmuşdur. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü tam təqsili bilməsinə dair verdiyi ifadələr iş üzrə şahidlər Şahid1 və Şahid2 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə üst-üstə düşərək cinayət işinin materialllarında olan şübhəli şəxsin tutulması, şəxsi axtarış və götürmə aparılması barədə tərib edilmiş protokol və həmin istintaq hərəkətinin aparılması zamanı qeydə alınmış videoçəkilşlə eynilik təşkil etmişdir. Qeyd edilənlərə əsasən də məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri, eyni zamanda şahidlər Şahid1 və Şahid2 həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələri mötəbər sübut kimi qiymətləndirməklə, təqsirləndirilən şəxsin habelə əlavə şahid qismində dindirilmiş Şahid3 və Şahid4 məhkəmə istintaqı zamanı verdikləri ziddiyətli ifadələri mötəbər sübut kimi qəbul etmir. Cinayət əməlinin törədildiyi zaman qüvvədə olan: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş “Narkotik vasitələr” adlı İ siyahıya əsasən təmiz çəkisi 0,15 qram olan narkotik vasitə heroin xeyli miqdar, 2 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tam əhatə olunduğundan təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 15 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2024-cü il tarixdə, saat 13:45-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtan, yəni 15 fevral 2024-cü il tarixdən, saat 12:40-dan hesablanmışdır. “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” 17 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti əsassız olduğundan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən vəsatətin müdafiə ediməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 17 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. AR DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, CM-in 59.-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış tədqiqatdan sonra qalıq qalmış çəkisi 0,343 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 15 fevral 2024-cü il tarixdən, saat 12:40-da şübhəli şəxs qismində tutulmuş, 17 fevral 2024-cü il tarixdə, saat 09:35-dən 10:15-dək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təmin edilməmiş, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs 2 gün şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Abşeron rayonu, Masazır qəsəbəsi, Ş.Ələkbərov küçəsində yerləşən nömrəsiz evdə çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Nazim qızı təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Nazim qızına Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 fevral 2024-cü il tarixdən 17 fevral 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Masazır qəsəbəsi, Ş.Ələkbərov küçəsində yerləşən yaşayış yerini gecə saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,343 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Nazim qızına Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı şəhər Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar