Məhkəmə qərarları › İş №1(001)-368/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-368/2025

17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-368/2025 17.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1968-ci ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və hazırda məhkumluğu ödənilən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ondan təqsirləndirilir ötrü ki, o, özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 22 noyabr 2024-cü il tarixdə, saat 09 radələrində Zərərçəkmiş şəxs1 idarə etdiyi və müvəqqəti olaraq ünvan 2 ünvanında yerləşən “Oba” marketin qarşısında saxladığı “İsuzu” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobilin salon hissəsində hər hansı şəxsin olmadığını görüb avtomobilin kilidli olmamasından istifadə edərək qapını açıb oradan sonuncuya məxsus üzərində 20 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan dəyəri 400 manat təşkil edən “Samsung A13” markalı mobil telefonu gizli yolla talayaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 420 (dörd yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 23 noyabr 2024-cü il tarixdə, saat 09 radələrində Zərərçəkmiş şəxs2 oğlunun idarə etdiyi və müvəqqəti olaraq ünvan 3 ünvanında yerləşən ət mağazasının yan tərəfində saxladığı “Ford” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin salon hissəsində hər hansı şəxsin olmadığını görüb avtomobilin şüşəsinin açıq vəziyyətdə olmasından istifadə edərək oradan əlini salonun içərisinə daxil etməklə oradan sonuncuya məxsus 1 ədəd üzərində 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan dəyəri 45 manat təşkil edən “İnoi” markalı və 1 ədəd üzərində 20 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan dəyəri 380 manat təşkil edən “Redmi 12” markalı mobil telefonları gizli yolla talayaraq, Zərərçəkmiş şəxs2 ümumilikdə 450 (dörd yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, həmin ifadəsini oxuyub imzaladığını, ifadəsində yazılanların doğru olduğunu, küçələrin adı yadında qalmasa da oğurluq hadisəsini həqiqətən törətdiyini, yəni əşyaların onun tərəfindən götürüldüyünü bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, oğurluq etdiyi tarixləri hazırda dəqiq xatırlamasa da istintaq dövründə verdiyi ifadəsində göstərilən tarixlər düzgündür. Telefonları götürdüyü avtomobillərin birinin pəncərəsi, digərinin isə qapısı açıq olduğu üçün daxil ola bilmiş və hər iki avtomobildən telefon götürmüşdür. Götürmüş olduğu telefonlardan biri markası “Samsung” olmuş, digər telefonun isə markasını xatırlamır. Həmin zaman telefonların üzərində olan nömrələri çıxardıb atmışdır. Telefonlardan birini “20 Yanvar” adlanan ərazidə yerləşən telefon dükanına 30 manata satmış və həmin dükanı da polis əməkdaşlarına göstərmişdir. Digər telefonu isə lombarda qoymuşdur. Hazırda isə həmin mobil telefon lombarddan götürülərək sahibinə qaytarılmışdır. Vurulmuş ziyandan isə hazırda ödəniş etməmişdir. Məhkəmə iclasında iş materiallarında olan iki ədəd CD diskdə olan video görüntüllərə baxış keçirlərkən ona verilmiş suala cavab olaraq video görüntülərdə avtomobillərdən telelefon götürən şəxsin özü olduğunu bildirmişdir. Daha sonra ona verilmiş suala cavab olaraq isə sonuncu dəfə ona təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasını tam olaraq çəkdiyini, cəzasının sonu ilə cəzadan azad edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə bir səhv etdiyini, etdiyi əməldən peşmançılıq hissi keçirməsini bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, o “Veysəloğlu MMC-də sürücü vəzifəsində işləyir. Həmin cəmiyyətə məxsus **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək marketlərə ərzaq məhsulları daşıyır. xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən “Oba” marketin qarşısında avtomobili saxlayaraq yükləri boşaltmağa başlamışdır. İçəri girib yükləri qoyan zaman avtomobilin qapısının örtülmə səsini eşitmişdir, həmin zaman o marketin qarşısında olmuş, səsə əhəmiyyət verməyərək marketin içərisinə daxil olmuşdur. Avtomobilə qayıdan zaman isə «Samsung A13» markalı mobil telefonunun oğurlandığını müəyyən etmişdir. Marketə daxil olub kamera görüntülərini izləmiş, sonra şəxsin ardınca getsə də, oğurluq edən şəxsi tapa bilməmişdir. Həmin telefonu təqribən 400-500 manata almış, oğurlanan anda olan vəziyyətini isə 350 manat dəyərində qiymətləndirir. Həmçinin telefonun üzərində olan ***-***-**-** saylı mobil nömrəni də 20 manata almışdır, oğurluqdan sonra isə həmin nömrənin dublikatını çıxarmışdır. Nömrə və telefonun oğurlanması nəticsəində ona 370 manat ziyan dəymişdir. Həmin telefonda işlə bağlı proqramlar olduğu üçün bir neçə gün işləyə də bilməmişdir. Ona nə telefon qaytarılmamış, nə də dəymiş zərər ödənilməmişdir. Buna görə də, hazırda təqsiləndirilən şəxslə barışmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, o, ət mağazalarını gəzərək kəsilmiş heyvanların dərilərini alır və daha sonra satışı ilə məşğul olur. 23 noyabr 2024-cü il tarixdə səhər saatlarında ət mağazasına daxil olmaq üçün **-FY-*** dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobilini mağazanın yanında saxlayaraq avtomobildən enmişdir. Mağazaya daxil olan zaman avtomobilin qapılarını və şüşələrini bağlamamışdır. Mağazadan avtomobilə qayıdan zaman ona məxsus 01 ədəd “İnoi” markalı və 01 ədəd “Redmi 12” markalı mobil telefonların oğurlandığını görmüşdür. “Redmi 12” markalı mobil telefonun qiyməti barədə ekspert tərəfindən verilmiş rəylə razıdır. Hazırda həmin telefon ona qaytarılmışdır. Telefonların üzərində olan mobil nömrələrin birini 20 manata, digərini isə 5 manat almışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçi deyil, heç bir tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, o, “20 Yanvar” metrostansiyası yaxınlığında telefon mağazasında satıcı işləyir. Həmin obyektdə həm telefon satışı həyata keçirirlər, həm də lombard fəaliyyəti ilə məşğul olaraq telefonu girov götürürlər. 23 noyabr 2024-cü il tarixdə, günorta radələrində təqsirləndirilən şəxs onun işlədiyi telefon mağazasına yaxınlaşaraq telefonu lombarda qoymuş və o təqsirləndirilən şəxsə girov müqabilində 21 günə müddətinə 110 manat pul vermişdir. Razılığa görə, 135 manat qaytarılmalı idi. Daha sonra obyektə polislər gəlmiş, hadisə barədə məlumat verdiklərindən mobil telefonu polislərə təqdim etmişdir. Qeyd edilən telefonun oğurluq olduğunu isə bilməmişdir. Məhkəmə iclasında iştirak etmədiyi üçün Şahid1 məhkəməyədək icraat dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. O 20 Yanvar metrostansiyasının yaxınlığında Velotrek adlanan bazarda mobil telefon mağazası işlədir. xx.xx.2024-cü il tarixdə bir nəfər tanımadığı şəxs mağazaya daxil olaraq telefonunu satmaq istədiyini bildirmişdir. O həmin telefona baxış keçirən zaman telefonun “Samsung A13” markalı, işlək vəziyyətdə olduğunu görmüşdür. Telefonun şifrəsinin nə olduğunu soruşduqda o, içkili olduğu üçün telefonun şifrəsini qarışdırdığını bildirmişdir. O telefonun qarşılığında ona 30 manat verəbiləcəyini bildirmişdir. Natiq onunla razılaşaraq pulu tələb etmişdir. O Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini tələb etmişdir. Onun Təqsirləndirilən şəxs olduğunu görmüş və vəsiqənin kserosurətini çıxardıqdan sonra üzərinə telefonun oğurluq və ya girov olmamasını yazdıraraq imzalatmışdır. Daha sonra ona 30 manat vəsait vermiş və o mağazadan çıxaraq uzaqlaşmışdır. Verilmiş suallara cavab olaraq isə Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, telefonun müqabilində ona 30 manat verdiyini, həmin telefonun oğurluq olmasını bilmədiyini, qeyd edilən telefonu isə mağazaya gələn müştərilərdən birinə satdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli protokoldan və əlavə edilmiş foto-cədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 idarə etdiyi “İsuzu markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobildən telefonunun oğurlandığı yer ünvan 2 ünvanıdır. xx.xx.2024-cü il tarixli protokoldan və əlavə edilmiş foto-cədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 idarə etdiyi “Ford” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobildən telefonunun oğurlandığı yer ünvan 3 ünvanının yan tərəfidir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi üzərində əlyazmalar olan Təqsirləndirilən şəxs 01 ədəd vərəqdə şəxsiyyətini təsdiq edən sənədin kserosurəti götürülmüşdür. Şəxsiyyət vəsiqəsinin surətində olan şəxsiyyət vəsiqəsi xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məxsusdur, vəsiqənin seriyası AZE********, fərdi identifikasiya nömrəsi xxxxxxx, verilmə tarixi xx.xx.2018-ci ildir. Şəxsiyyət vəsiqəsinin surətinin aşağı hissəsində olan kağızın ağ hissəsində “Mən Təqsirləndirilən şəxs Samsung A13 modelini razılığımla satıram, oğurluq və girov olmadığını imzamla təsdiq edirəm” qeyd olunmuş və imzalanmışdır. Şahid1 istintaqa təqdim etdiyi üzərində əlyazmalar olan Təqsirləndirilən şəxs nun 01 ədəd vərəqdə şəxsiyyətini təsdiq edən sənədin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs öz əlyazması ilə “mən Təqsirləndirilən şəxs Samsung A13 modelini öz razılığımla satıram. Oğurluq və girov olmadığını öz imzamla təsdiq edirəm.” qeyd etməklə imza etmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid2 təqdim etdiyi 01 ədəd vərəqdə mağazanın telefon aldıqları şəxslərin siyahısı qeyd edilmiş dəftərin kserosurəti və 01 ədəd vərəqdə lombard sənədinin kserosurəti götürülmüşdür. Təqsirləndirilən şəxs telefonu Şahid2 verməsinin qeydiyyatının aparıldığı dəftərin müvafiq səhifəsinin kserosurətində “Təqsirləndirilən şəxs O, Redmi 12/128GB, 110m, 135m, xx.xx.2024, xx.xx.2024, A9859” sözləri qeyd olunmuşdur. Lombard sənədinin üzərindəki vərəqin aşağı hissəsində olan şəxsiyyət vəsiqəsi xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məxsusdur, vəsiqənin seriyası AZE********, fərdi identifikasiya nömrəsi xxxxxxx, verilmə tarixi xx.xx.2018-ci ildir. Şəxsiyyət vəsiqəsinin surətinin yuxarı hissəsində çap hərfləri ilə “Lombard, Əlaqə: ***-***- **-**, verilmə tarixi xx.xx.2024, alınma tarixi xx.xx.2024, verilən məbləğ 110m, götürülmə məbləği 135m, İmei nömrəsi:**********58040/00, Model Redmi 12/4-128gb, əlaqə nömrəsi ***-***-**-**” sözləri qeyd olunmuş və imzalanmışdır. 01 ədəd vərəqdə mağazanın telefon aldıqları şəxslərin siyahısı qeyd edilmiş dəftərin kserosurətindənvə 01 ədəd vərəqdə lombard sənədinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə “Redmi 12” markalı mobil telefonu 110 manat məbləğ müqabilində girov qoymuşdur. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 2 nəfər şəxs “İsuzu” markalı yük avtomobilindən yük boşaldırlar. Təqsirləndirilən şəxs əlində bir ədəd narıncı rəngli və bir ədəd ağ rəngli sellofanla “İsuzu” markalı yük avtomobilin və həmin şəxslərin yanından keçərək gedir. Bir qədər sonra o geri qayıdaraq avtomobilin ön hissəsinə keçir və ətrafa baxır. Ətrafda heç kəsin olmadığından əmin olduqdan sonra avtomobilin sürücü qapısına yaxınlaşaraq içərisinə boylanır və yenidən avtomobilin ön hissəsinə keçərək avtomboili müşahidə edir. O yükü boşaldan şəxslərin avtomobildən uzaqlaşdığını gördükdən sonra yenidən avtomobilə yaxınlaşır və sürücü qapısını açmaqla içəridən 01 ədəd telefonu götürərək hadisə yerindən uzaqlaşır. Bununla da, Təqsirləndirilən şəxs oğurluq cinayətini törətməsini özündə əks etdirən videogörüntü 02 dəqiqə 32 saniyə müddətində davam edərək başa çatır. Həmin diskə məhkəmədə baxış keçirilərək müəyyən edilmişdir ki, diskdə əks olunmuş görüntülər xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokola uyğundur. xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan protokoldan görünür ki, Təqsirləndirilən şəxs əlində bir ədəd narıncı rəngli və bir ədəd göy rəngli sellofanla “Ford” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü qapısının yanında dayanaraq içərisinə baxır və avtomobilin arxa hissəsinə doğru addımlayaraq ətrafa nəzər yetirir. Daha sonra o yenidən avtomobilin sürücü qapısına yaxınlaşaraq sağ əlini avtomobilin sürücü qapısının açıq vəziyyətdə olan şüşəsindən içəri salaraq 02 ədəd mobil telefonu götürüb qara rəngli şalvarının arxa cibinə qoyaraq oradan uzaqlaşır. Bununla da, Təqsirləndirilən şəxs oğurluq cinayətini törətməsini özündə əks etdirən videogörüntü 45 saniyə müddətində davam edərək başa çatır. Həmin diskə məhkəmədə baxış keçirilərək müəyyən edilmişdir ki, diskdə əks olunmuş görüntülər xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokola uyğundur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-916/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli protokoldan və əlavə edilmiş foto-cədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmışdır. Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lenin Rayon Xalq Məhkəməsinin xx.xx.1988-ci il tarixli hökmü ilə 4 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1992-ci il tarixdə azad edilmişdir. Bundan başqa o, Zaqatala Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cü il tarixli hökmü ilə CM-nin 93- 3 maddəsinin 2-ci hissəsi, 185-ci maddəsinin 1-ci hissəsi ilə təqsili bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2000-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2, 177.2.3cü maddələri ilə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu il tarixdə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bundan başqa o Binəqədi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə AR CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il, 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə hökmdən 67.1-ci maddə çıxarılaraq ona 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa o, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə AR CM-nin 177.3.3-cü maddəsi ilə təqsirli bilinərək 9 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, xx.xx.2017-ci il tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə əməl CM-nin 177.2.3-cü maddəsinə tövsif edilərək cəzası 5 ilə endirilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(091)-122/14 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.3.3-cü maddəsi ilə təqsirli bilinərək 9 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli xx.xx.2014-cü il tarixdən hesablanmışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 7(075)-242/2017 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 177.3.3-cü maddəsindən CM-nin 177.2.3-cü maddəsinə tövsif edilmiş və cəzası 9 il, 6 aydan 5 ilə endirilmiş, cəzasnın əvvəli 20 may 2014-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)-161/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 fevral 2025-ci il tarixli 9/10360 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş “Xiaomi Redmi 12” markalı, 128 GB daxili yaddaşlı mobil telefonun komplektləşdirilməsinə aid olan aksesuarların olmaması, istifadədə olması və üzərində istismar xarakterli qüsurlar (cızıqlar, rəng qopuqları və sair) nəzərə alınmaqla 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 195,00 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilməsi, onun tərəfindən oğurlanmış zərərçəkmiş şəxs X2 məxsus "Samsung A13" markalı mobil telefonun dəyərinin zərərçəkmiş şəxsin göstərdiyi qiymətin əsas götürülərək 400 manat məbləğində, "Samsung A13" markalı mobil telefonun üzərində olan ***-***-**-** saylı mobil nömrənin dəyərinin isə zərərçəkmiş şəxsin göstərdiyi qiymətin əsas götürülərək 20 manat məbləğində qiymətləndirilməsi, Zərərçəkmiş şəxs2 məxsus "İnoi 103" markalı mobil telefonun dəyərinin zərərçəkmiş şəxsin göstərdiyi qiymətin əsas götürülərək 45 manat məbləğində, “İnoi 103" markalı mobil telefonun üzərində olan ***-***- **-** saylı mobil nömrənin dəyərinin zərərçəkmiş şəxsin göstərdiyi qiymətin əsas götürülərək 5 manat məbləğində qiymətləndirilməsi, Zərərçəkmiş şəxs2 məxsus "Xiaomi Redmi 12" markalı mobil telefonun dəyərinin zərərçəkmiş şəxsin göstərdiyi qiymətin əsas götürülərək 380 manat məbləğində,, "Xiaomi Redmi 12" markalı mobil telefonun üzərində olan 070-255- 36-37 saylı mobil nömrənin dəyərinin isə zərərçəkmiş şəxsin göstərdiyi qiymətin əsas götürülərək 20 manat məbləğində qiymətləndirilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 180 və 186-cı maddələrinin tərkib əlamətləri olmadığı üçün barəsində həmin maddələr ilə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanılması rədd edilməsi, Zərərçəkmiş şəxs2 məxsus olan Təqsirləndirilən şəxs tərəfindən oğurlanaraq "El telecom Lombard" mağazasında girov qoyulmuş və həmin mağazanın işçisi Şahid2 könüllü surətdə təhqiqat orqanına təqdim etdiyi "Xiaomi Redmi 12" markalı mobil telefon iş üzrə maddi sübut hesab edilməsi və saxlanılması üçün Zərərçəkmiş şəxs2 təhvil verilməsi, Zərərçəkmiş şəxs1 məxsus "İsuzu" markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobildən və Zərərçəkmiş şəxs2 idarə etdiyi "Ford" markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq etməsinin videogörüntülərini özündə əks etdirən 02 ədəd CD disklər iş üzrə maddi sübut hesab edilməsi, Şahid1 istintaqa təqdim etdiyi üzərində əlyazmalar olan Təqsirləndirilən şəxs 01 ədəd vərəqə şəxsiyyətini təsdiq edən sənədin kserosurəti və Şahid2 istintaqa təqdim etdiyi 01 ədəd vərəqdə mağazanın telefon aldıqları şəxslərin siyahısı qeyd edilmiş dəftərin kserosurəti, 01 ədəd lombard sənədinin kserosurətinin maddi sübut hesab edilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli ”Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs Əfəndiyebv Natiq Şahid oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)-309/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-368/2025 saylı hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayt Məclləsinin 177.2.2-ci maddəsi ilə məhkəməyə verilərək onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və iş üzrə şahidlərin ifadələri, hadisə yerinə baxış protokolları, oğurluq hadisəsinin qeydə alındığı videogörüntülər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 1-ci bəndinə əsasən “Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Qeydin 3-cü bəndinə əsasən isə Bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 aprel 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsində “eyni əməllər” ifadəsi həmin Məcəllənin 177.1-ci maddəsində göstərilən oğurluğun yalnız zəruri əlamətini, yəni özgənin əmlakını gizli olaraq talamanı nəzərdə tutur, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin tövsifi düzgün olmuşdur. Lakin məhkəmə bununla yanaşı hesab edir ki, əməlin hüquqi tövsifinə təsir etməsə də, istintaq orqanı tərəfindən iş üzrə Zərərçəkmiş şəxs2 məxsus “Redmi 12” markalı mobil telefonun dəyəri 380 manat düzgün olaraq müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarına əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. İş materiallarından müəyyən edilir ki, qeyd edilən “Redmi 12” markalı mobil telefon lombarda qoyulduğu şəxdən götürülmüş və istintaq orqanı tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilərək həmin telefon real olaraq ekspertizaya təqdim edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 fevral 2025-ci il tarixli 9/10360 nömrəli rəyi ilə ekspertizaya təqdim olunmuş “Xiaomi Redmi 12” markalı, 128 GB daxili yaddaşlı mobil telefonun komplektləşdirilməsinə aid olan aksesuarların olmaması, istifadədə olması və üzərində istismar xarakterli qüsurlar (cızıqlar, rəng qopuqları və sair) nəzərə alınmaqla 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 195,00 manat olaraq müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən də məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 məxsus “Xiaomi Redmi 12” markalı, 128 GB daxili yaddaşlı mobil telefonun qiyməti 380 manat olaraq deyil, 195 manat olaraq müəyyən edilməli və ona vurulmuş ümumi ziyan məbləği 265 manat olaraq olaraq qəbul edilməlidir ( 5 manat ***-***-**-** saylı mobil nömrə, 45 manat “İnoi” markalı telefon, 20 manat ***-***-**-** saylı mobil nömrə və 195 manat “Xiaomi Redmi 12” markalı telefon). Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 oğurladığı və zərərçəkmiş şəxsə məxsus “Redmi 12” markalı mobil telefonun mülkiyyətçisinə qaytarılması ilə bağlı qeyd edir ki, həmin mobil telefonu təqsirləndirilən şəxs özü şəxsən və könüllü qaydada zərəçəkmiş şəxsə qaytarmamış, oğurladıqdan sonra lombarda qoymuş, telefonu lombarda qəbul etmiş Şahid2 istintaq orqanı tərəfindən müəyyən edilmiş və həmin şəxs qeyd edilən mobil telefonu istintaq orqanına təqdim etmiş, yalnız bundan sonra həmin telefon zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılmışdır. Qeyd edilənlərə əsasən də həmin mobil telefonun hazırda zərəçəkmiş şəxsə qaytarılması CM-nin 59.1.14-cü maddəsinə əsasən təqsiləndirilən şəxs tərəfindən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi kimi qiymətləndirilməməli və təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını və zərəçəkmiş şəxs Şahid2 ona qarşı hər hansı şikayət və tələbinin olmamasını isə AR CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(091)-122/14 saylı hökmündən və Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 7(075)-242/2017 saylı qərarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə AR CM-nin 177.3.3-cü maddəsi ilə təqsirli bilinərək 9 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyiasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, xx.xx.2017-ci il tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə onun əməli AR CM-nin 177.3.3-cü maddəsindən CMnin 177.2.3-cü maddəsinə tövsif edilmiş və cəzası 9 il, 6 aydan 5 ilə endirilmiş, cəzasnın əvvəli 20 may 2014-cü il tarixdən hesablanmış və cəza müddətini tam çəkdidkən sonra azad edilmişdir. Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən CM-nin 177.2.3-cü maddəsi az ağır cinayətlər kateqoriyasına aiddir. CM-nin 83.3.3-cü maddəsinə əsasən isə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilir. Təqsirləndirilən şəxs isə hazırda ona qarşı irəli sürülmüş ittihamda göstərilən əməlləri onun məhkumluğu ödənildikdən sonra, yəni müvafiq olaraq 22 noyabr 2024-cü il və 23 noyabr 2023-cü il tarixlərdə törətdiyindən onun əməlində cinayətlərin residivi müəyyən edilmir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, o əvvəllər 4 dəfə eyni xarakterli cinayətlər (özgənin əmlakını gizli talama-oğurluq) törətmiş, bu əməllərinə görə müxtəlif müddətlərdə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişdir. O, sonuncu cəzasını xx.xx.2014-cü ildən başlayaraq tam çəkmiş və xx.xx.2019-cu il tarixdə azadlığa çıxdıqdan sonra yenidən təkrar oğurluq cinayətləri törətmişdir. Nəinki əvvəlki məhkumluqlar, hətta uzunmüddətli azadlıqdan məhrum edilmə belə, onun davranışını dəyişdirməmiş, cinayət törətmək meyillərini aradan qaldırmamışdır. Əvvəlki cinayətlərə görə onun üzərində yaranmış məhkumluqlar ödənilsə də, məhkəmə qeyd edilənləri onun şəxsiyyətini xarakterizə edən hallar kimi qiymətləndirir. Hazırkı cinayət işində isə o, ictimai yerdə, səhər saatlarında, iki müxtəlif avtomobildən ümumilikdə üç ədəd mobil telefon oğurlamış, onları dəyərindən xeyli aşağı qiymətə satmış və ya lombarda girov qoyaraq pul götürmüşdür. Oğurlanmış telefonlardan biri lombarda qəbul etmiş şəxs tərəfindən hüquq-mühafizə orqanlarına təqdim edildikdən sonra zərərçəkmişə qaytarılmış, təqsirləndirilən şəxs tərəfindən könüllü surətdə ziyan ödənilməmiş və zərərçəkmiş şəxslərlə barışıq əldə olunmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tututlmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi halda, bu nə onun islahına, nə də gələcəkdə analoji cinayətlərin qarşısının alınmasına xidmət edə edəcəkdir. Belə şəxs barəsində yalnız cəmiyyətdən təcrid olunma vasitəsi kimi azadlıqdan məhrum etmə cəzası tətbiq olunmaqla cəzanın məqsədlərinə (sosial ədalətin bərpası, təqsirləndirilən şəxsin islahı və profilaktik təsirin təmin olunması) nail olmaq mümkündür. Ona görə də, vurulmuş ziyanın miqdarı nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həbsdə saxlanıldığı müddət məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməli və cəzasının əvvəli 29 noyabr 2024-cü il tarixdən hesablanmalı (CPM 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM - 56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), maddi sübut kimi tanınmış baş vermiş oğurluq hadisələrinin görüntülərini özündə əks etdirən 2 ədəd disk, Şahid1 istintaqa təqdim etdiyi üzərində əlyazmalar olan Təqsirləndirilən şəxs 01 ədəd vərəqdə şəxsiyyətini təsdiq edən sənədin kserosurəti, Şahid2 istintaqa təqdim etdiyi 01 ədəd vərəqdə mağazanın telefon aldıqları şəxslərin siyahısı qeyd edilmiş dəftərin kserosurəti və 01 ədəd vərəqdə lombard sənədinin kserosurəti cinayət işinin materiallarında saxlanılmalı, “Xiaomi Redmi 12” markalı mobil telefonun zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımın hər iş saatına görə 11 manat olmaqla, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ümumilikdə 220 (iki yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 29 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus “İsuzu” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobildən və Zərərçəkmiş şəxs2 idarə etdiyi “Ford” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq etməsinin videogörüntülərini özündə əks etdirən videoçəkilişin görüntüləri olan 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - Şahid1 istintaqa təqdim etdiyi üzərində əlyazmalar olan Təqsirləndirilən şəxs 01 ədəd vərəqdə şəxsiyyətini təsdiq edən sənədin kserosurəti cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - Şahid2 istintaqa təqdim etdiyi 01 ədəd vərəqdə mağazanın telefon aldıqları şəxslərin siyahısı qeyd edilmiş dəftərin kserosurəti və 01 ədəd vərəqdə lombard sənədinin kserosurəti cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Xiaomi Redmi 12” markalı mobil telefonun zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 220 (iki yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar