Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-372/2020 30.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Ermənistanın Ararat rayonunda doğulmuş, ailəli, himayəsində azyaşlı uşaq olan, orta təhsilli, Azərbaycan vətəndaşı, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 saylı ünvanda qeydiyyatda olmaqla yaşamış və hal-hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş, texniki cəhətdən saz, atəşə yararlı, 195548P nömrəli, 7,65 mm kalibrli, yivli odlu döyüş silahı hesab edilən, «Valter» modelli 01 ədəd tapançanı, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, Valter modelli tapançadan və həmin kalibrli digər tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən 07 ədəd 7,65x17 mm kalibrli Brauninq patronlarını və zavod üsulu ilə istehsal olunmuş, 7,65 mm kalibrli, texniki cəhətdən saz olan, bircərgəli və 7,65x17 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş Valter modelli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan 01 ədəd darağı qanunsuz olaraq əldə edib üzərində daşımaqla yaşadığı ünvan 1 saylı ünvanda yerləşən evdə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 12.35-də ünvan 2 ünvanda yerləşən “United Sports” mağazanın qarşısında saxlanılaraq həmin gün saat 16.25-də Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə yaşadığı evə baxış keçirilən zaman evin yataq otağında olan paltar dolabındakı kağız torbanın içərisindən 07 ədəd döyüş sursatı hesab edilən 7,65x17 mm kalibrli Brauninq patronları, 01 ədəd “Valter” modelli odlu silah tapança və 01 ədəd odlu silah “Valter” modelli silahların komplekt hissəsi olan daraq aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan RespublikasıCM-in 228.1-ci maddəsiiləona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri, yəni atası Şahid3, anası X5, qardaşları Rafael Abdulayev və Şahid5lə, həmçinin qardaşının arvadı Şahid4 ilə birlikdə yaşayır. Təxminən 1 ay əvvəl yəni, 2020-ci ilin may ayının əvvəllərində günorta saatlarında yaşadıqları küçədə yerləşən zibil atılan yerə zibil atmağa getmişdir. Oraya çatdıqda zibil yeşiklərinin yanında yerdə qara rəngli sellofan torba bükülüsü görmüşdür. Həmin torbanın təmiz və səliqəli bükülməsi onda şübhə oyatmışdır. Həmin torbanı əlinə aldıqda torbanın içərisində bərk əşya olduğunu bilmişdir. Torbanı açıb içərisinə baxdıqda orada bir ədəd qara rəngli tapança və içərisində 07 ədəd patron olan sandıqça olduğunu görmüşdür. O, ətrafa baxıb heç kimin görmədiyinə əmin olduqdan sonra həmin əşyaları maşına qoyub evə gətirmiş və heç kimin görməməsi üçün evin ikinci mərtəbəsinə qalxaraq qardaşı Şahid5 yataq otağındakı paltar dolabındakı kağız torbaların içərisinə qoyub orada gizlətmişdir. Bu barədə nə ailə üzvlərinə, nə də ki başqa şəxslərə məlumat verməmişdir. xx xxxx 2020-ci il tarixdə saat 12:35-də ünvan 3 ünvanında yerləşən “United Sports” adlı idman mağazasına gedib paltar almaq istəyərkən həmin mağazanın yaxınlığında polis əməkdaşları ona yaxınlaşıb saxlayaraq özlərini təqdim etmişlər. Ona bildirmişlər ki, onlar Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşlarıdır. Polis əməkdaşları ona odlu silah, döyüş sursatı, əldə etməsi, saxlaması, gəzdirməyi və daşımağı ilə bağlı Baş İdarəyə məlumat daxil olduğunu bildirib şübhəli olduğunu demişlər, həmçinin haqqında çıxarılmış qərarla tanış edib Baş İdarəyə getməli olduqlarını söyləmişlər. Polis əməkdaşları ilə birlikdə Baş İdarəyə gəlmişlər. Baş İdarəyə gəldikdən sonra hüquq və vəzifələri izah edilmişdir, vəkillə təmin edilmişdir, daha sonra videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən dövriyyəsi qadağan edilmiş hər-hansı əşya aşkar olunmamışdır. Eyni zamanda o, etiraf etmişdir ki, yaşadığı ünvanda tapança və patronlarını saxlayır və onları könüllü şəkildə təqdim edə bilər. Bundan sonra yaşadığı ünvana getmişlər. Orada qardaşı Şahid5 onları qarşılamışdır. Raulun və vəkilin iştirakı ilə videoçəkilişlə yaşadıqları evə baxış keçirilmişdir. O və qardaşı Raul ərizə ilə müraciət edərək evdə baxış aparılmasına etiraz etmədiklərini bildirmişlər. Ona evdə olan silahı və patronları könüllü şəkildə təqdim etmələri təklif edilmişdir, o da qardaşı Şahid5 yataq otağındakı dolabdan kağız torbada saxladığı üzərində “Walhter” yazısı və “195548P” nömrəsi yazılmış bir ədəd tapançanı, içərisində 7 ədəd 7,65 kalibrli patronu olan bir ədəd sandıqçanı təqdim etmişdir. Həmin əşyalar qablaşdırılaraq götürülmüşdür. Əlavə olaraq bildirmişdir ki, onun yaşadıqları evdə odlu silah, sandıq və patronları saxlaması barədə heç kimin məlumatı olmamışdır. O bu barədə heç kimə məlumat verməmişdir. Silahı zibil qutusunun yanında tapdıqdan sonra heç kimin onu görmədiyinə əmin olub aşkar etdiyi əşyaları evə aparmışdır. Evdə də heç kimin görməməsi üçün silahı, patronları və sandığı ikinci mərtəbədə gizlətmişdir. O, həmin silah və patronlardan istifadə etməmişdir. Yalnız onları əldə etdikdən sonra evdə gizlətmişdir. O, polisə gedəcəyi halda məsuliyyət daşıyacağını düşünərək polis orqanına getməmiş və silahı təhvil verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, yuxarıda göstərilən ünvanda ailə üzvləri, yəni arvadı X5, oğulları Şahid5, X3, Təqsirləndirilən şəxs və oğlunun arvadı X6 ilə birlikdə yaşayır. O, Nəsimi rayonunda yerləşən 9 saylı tam orta məktəbdə qarovulçu kimi çalışır. O, hər gün axşam saat 12:00dan səhər saat 08:00-a qədər işdə, səhərlər isə evdə olur. xx xxxx 2020-ci il tarixdə o, işdə olarkən arvadı Solmaz ona zəng edərək polislərin Edqarla birlikdə evə gəldiyini, Edqarın da digər oğlu Raulun otağındakı paltar dolabından silah, sandıq və içərisindəki patronları çıxarıb polis işçilərinə təqdim etdiyini bildirmişdir. O da bundan dərhal sonra evə gəlmişdir. Oğlu Təqsirləndirilən şəxs evdə odlu silah, döyüş sursatı, sandıq saxlaması barədə məlumatı yalnız polis işçiləri yaşadıqları ünvana gəldikdən sonra olmuşdur. Edqar ona evdə silah, sandıq və patron saxlaması barədə məlumat verməmişdir. Əgər onun bu barədə məlumatı olsaymış, o dərhal həmin silahı polis orqanlarına təhvil verərmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailə üzvləri, yəni qayınanası X5, qayınları Şahid5, Təqsirləndirilən şəxs, qayınatası Şahid3 və əri X3 ilə birlikdə yaşayır, işləmir, evdar qadındır. xx xxxx 2020-ci il tarixdə o, qayınanası Solmaz və qaynı Raul evdə olmuşlar. Saat təqribən 16:20 radələrində qapı döyülmüşdür. Qapını qaynı Raul açdıqda Edqarıvə yanında başqa şəxslərin olduğunu görmüşdür. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirmişlər və Edqarın qanunsuz olaraq odlu silah, döyüş sursatı saxlaması ilə bağlı onlarda məlumat olduğunu və evə baxış keçirməli olduqlarını bildirmişlər. Raul buna heç bir etiraz etməmiş və evdə baxışın keçirilməsi üçün ərizə vermişdir. Bu zaman polis əməkdaşları Raulun iştirakı ilə evdə baxış keçirmişlər. Baxışın keçirilməsində o və Solmaz Abdullayeva bilavasitə iştirak etməmişdir. Baxış keçirildikdən sonra ona məlum olmuşdur ki, Edqar evdə Raulun otağındakı paltar dolabında tapança, sandıq və patronları saxlamışdır. Baxış keçirilən zaman Edqar həmin əşyaları saxladığı yerdən çıxararaq vermişdir. Təqsirləndirilən şəxs evdə odlu silah, döyüş sursatı, sandıq saxlaması barədə məlumatı yalnız polis işçiləri yaşadıqları ünvana gəldikdən və orada baxış keçirdikdən sonra olmuşdur. Həmin vaxt o, baxışda iştirak etməsə də ona bu barədə sonradan Raul məlumat vermişdir. Edqar ona evdə silah, sandıq və patron saxlaması barədə məlumat verməmişdir. Əgər onun bu barədə məlumatım olsaymış, o dərhal həmin silahı polis orqanlarına təhvil verərmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Kriminal qruplaşmalara qarşı mübarizə idarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkiliŞahid1 ifadəsində bildirmişdir ki, xx xxxx 2020cu il tarixdə DİN-in Baş X1 İdarəsinə daxil olmuş məlumatda xx.xx.1984-cü ildə Ermənistan Respublikasında anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatlarını əldə edib saxlamaqla daşıması bildirilmişdir. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə xx xxxx 2020-ci il tarixli qərar çıxarılmış , həmin qərarın icra edilməsi ilə əlaqədar əməliyyat qrupu yaradılmış və həmin günü saat 12.35-də əməliyyat qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən “United Sport” mağazasının qarşısında saxlanılmış və Baş İdarəyə gətirilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və ona vəkil təqdim olunaraq hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Baş İdarənin xidməti otaqların birində video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması barədə qəbul edilmiş qərarla tanış edərək ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində odlu silah, onun komplekt hissələri, döyüş sursatı və ya qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaların olmamasını bildirərək əynindəki göy rəngli cins şalvarın sağ ön cibindən “İphone 7” markalı ***-***-**-** nömrəli simkartı olan 01 ədəd mobil telefonu, 4 ədəd 50 manatlıq, 2 ədəd 10 manatlıq, 1 ədəd 20 manatlıq və 1 ədəd 5 manatlıq pul əskinazlarından ibarət 245 manat pulu, özünə məxsus AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsini, şalvarının sol ön cibindən isə içərisində siqaretlər olan 01 ədəd “Kent” markalı siqaret qutusunu və 01 ədəd alışqanı çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs sorğu zamanı bildirmişdir ki, yaşadığı evdə qardaşı Şahid5 yataq otağında 01 ədəd “Valter” markalı tapança və 07 ədəd patronunu saxlayır, həmin predmetləri təxminən 1 ay əvvəl zibillikdən tapmışdır və təqdim edə bilər. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 245 manat pul, siqareti və alışqanı özünə qaytarılmış, şəxsiyyət vəsiqəsi və mobil telefonu isə sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində digər sübut əhəmiyyətli predmetlər aşkar olunmamışdır. Bundan sonra şəxsi axtarış keçirilməsinin nəticəsinə dair müvafiq protokol tərtib olunmuş, ucadan oxunmuş, təklif, ərizə və şikayət daxil olmadığı üçün protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yazılı və şifahi razılığına əsasən onun yaşadığı ünvan 4 ünvanında baxış keçirilmişdir. Baxış keçiriləcək ünvana getmişlər və evin qapısını özünü Təqsirləndirilən şəxs qardaşı Şahid5 kimi təqdim edən şəxs açmışdır. Şahid5 Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələri, döyüş sursatını əldə etməsi, saxlaması, daşıması və gəzdirməsi barədə daxil olmuş məlumatla ilə bağlı yaşadıqları evə baxış keçirilməli olduğu bildirilmiş və Şahid5 buna heç bir etiraz etməyərək etirazı olmaması ilə bağlı ərizə təqdim etmişdi. Bundan sonra Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı bildirdiyi silahı və patronları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs silahı və patronları evin ikinci mərtəbəsində, dəhlizin sağ tərəfində yerləşən qardaşı Şahid5 otağında saxladığını bildirib həmin otağı əyani olaraq göstərmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin otaqdakı paltar dolabını açaraq oradakı kağız torbanın içərisindən bir ədəd qara rəngli tapançaya bənzər əşyanı və bir ədəd sandıqçanı təqdim etmişdir. Tapançaya bənzər əşyaya baxış zamanı üzərində “Walther” yazısı və “195548P” nömrəsi yazılması, həmçinin patron yuvasında patronun olmaması müəyyən edilmişdir. Sandıqçaya baxış zamanı alt hissəsində 7,65 çaplı olması göstərilən 07 ədəd tamlığı pozulmamış patronlar aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin əşyaları təxminən 1 ay əvvəl küçələrinin başındakı zibil yeşiklərinin yaxınlığından qara rəngli sellofan torbanın içərisində tapmış, heç kimin görməməsi üçün qardaşı Şahid5 yataq otağındakı paltar dolabındakı kağız torbaların içinə qoyub orada gizlətmiş, heç bir yerdə hər-hansı bir formada istifadə etməmiş, qorxduğu üçün polisə təqdim etməmişdir. Baxışda iştirak edən Şahid5 həmin otağın onun yataq otağı olduğunu, lakin qardaşı Təqsirləndirilən şəxs silah əldə edərək orada saxlaması barədə heç bir məlumatı olmadığını təsdiq etmişdir. Aşkar olunmuş predmetlər 01 ədəd kağız zərfdə qablaşdırıldı, zərfin ağzı DİN-in zərflər üçün 6 nömrəli möhürü ilə möhürlənmişdir. Baxış zamanı yaşayış sahəsinin digər yerlərindən sübut əhəmiyyətli heç nə aşkar olunmamışdır. Baxış keçirilməsi və aşkar olunmuş predmetlərin götürülməsi barədə müvafiq protokol tərtib olunmuş, ucadan oxunmuş, təklif, ərizə və şikayət daxil olmadığı üçün protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin digər əməkdaşları Şahid6 və Şahid2 da istintaqa verdikləri oxşar məzmunlu ifadələrində Şahid1yuxarıda göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2020-ci il tarixli, 20/276R saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 195548P N-li silah, zavod üsulu ilə Almaniya istehsal olunmuş, 7.65 mm kalibrli, Valter modelli tapançadır, yivli döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 07 ədəd patronlar, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 7.65x17 mm kalibrli Brauninq patronları olmaqla, Valter tapançasından həmin kalibrli digər tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəşə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, 7.65 mm kalibrli, Valter modelli tapançaların funksinoal əhəmiyyət daşımayan komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 7.65x17 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-in KTİ-də yerləşən “gülləgiliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə və gilizlərlə müqayisəli tədqiqat aparıldı. Müqayisəli tədqiqatlar zamanı eynilik aşkar edilməmişdir. Tədqiqata təqdim olunmuş 07 ədəd 7.65x17 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. İş materiallarına əlavə edilmiş “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərminaov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(005)-664/2018 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə qətimkan tədbiri qismində həbs seçilmişdir və həbsetmənin əvvəlinin xx.xx.2020-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan “Maddi sübut hesab edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* №li cinayət işi üzrə aşkar olunaraq götürülmüş bir ədəd zərfdə qablaşdırılan 01 ədəd 7.65 mm kalibrli “Valter” modelli tapança, eksperimental atəşlərdən sonra qalıq qalan 04 ədəd 7.65x17mm kalibrli patronlar və 01 ədəd həmin silahın darağın cinayət işi üzrə maddi sübut hesab edilməsi və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Baş X1 İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş DİN-in Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə Abşeron RPİ tərəfindən CM-nin 128-ci maddəsinə əsasən həbs edilmiş, Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi və sübutların götürülməsini özündə əks etdirən 01 ədəd CD diskin maddi sübut hesab edilərək cinayət işi materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd zərfdə qablaşdırılan 01 ədəd 7.65x17 mm kalibrli patronlar və 01 ədəd həmin silahın darağı iş üzrə maddi sübut hesab edilməsi və məhkəmənin hökmünə kimi Azərbaycan Respublikası DİN-in Baş X1 İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılması barədə xx.xx.2020-ci il tarixli qərarın nəzərə alınması, aşkar edilərək götürülmüş bir ədəd “İphone” markalı mobil telefon cihazı cinayət işi üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılması, cinayət işi üzrə xx.xx.2020-ci il tarixdə tərtib edilmiş “baxış keçirilməsi və götürmə haqqında” protokolda, xx.xx.2020-ci il tarixdə tərtib edilmiş məlumatın “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı” kitabında qeydiyyata alınmasına dair raportda, “məhkəmə-ballistik ekspertizanın təyin edilməsi haqqında” qərarda, Təqsirləndirilən şəxs izahatında, Baş Prokurorluğa göndərilmiş əməliiyat-axtarış tədbirlərinin keçirilməsi barədə məlumatlandırma məktubunda, Nəriminov və Binəqədi Rayon Məhkəmələrinə göndərilmiş məktublarda aşkar edilmiş patronların 7.62 çaplı olması göstərilsə də evə baxış keçirilən zaman çəkilmiş videoçəkilişdə həmin patronların çapının 7.65 olaraq göstərilməsi və əyani müşahidə edilməsi, məhkəmə-ballistik ekspertizasının rəyində həmin aşkar edilmiş patronların 7.65 çaplı olmasının göstərilməsi nəzərə alınmaqla yuxarıda sadalanan sənədlərdə patronların 7.62 çaplı olmasının göstərilməsi həmin patronların 7.65 çaplı olması kimi qəbul edilməsi, cinayət işi üzrə həmin patronların çapının 7.65 olmasının nəzərə alınması, təhqiqat araşdırması dövründə yuxarıda sadalanan sənədlərdə patronların çapının 7.62 kimi göstərilməsinin texniki səhv kimi qiymətləndirilməsi, cinayət işi üzrə bəzi istintaq sənədlərində silahın markası “Volter” kimi göstərilsə də məhkəməballistik ekspetizasının rəyində silahın markası “Valter” kimi göstərildiyindən cinayət üşü üzrə sənədlərdə həmin silahın adının “Valter” kimi qiymətləndirilməsinin nəzərə alınması və s. qərara alınmışdır. İş materiallarında olan Şahid5 məxsus qəbzdən görünür ki, Baş X1 İdarəsinin İstintaq və Təhqiqat İdarəsindən üzərində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd “İphone” markalı mobil telefonu saz və işlək vəziyyətdə təhvil almışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, iş üzrə maddi sübutlarla, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materiallarında olan digər sübutlarla onun qanunsuz olaraq döyüş sursatı olan silahı əldə etmə, saxlama və gəzdirmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, himayəsində azyaşlı uşaq olmasını törətdiyi əməldən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə işin halların nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırki iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisində çəkməli, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in Baş X1 İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan bir ədəd zərfdə qablaşdırılan 01 ədəd 7.65 mm kalibrli “Valter” modelli tapança, eksperimental atəşlərdən sonra qalıq qalan 04 ədəd 7.65x17mm kalibrli patronlar və 01 ədəd həmin silahın daraqı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah sursat anbarına təhvil verilməlidir. İş üzrə məhkəmə xərci yoxdur, mülki iddia verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmənin əvvəli tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan bir ədəd zərfdə qablaşdırılan 01 ədəd 7.65 mm kalibrli “Valter” modelli tapança, eksperimental atəşlərdən sonra qalıq qalan 04 ədəd 7.65x17 mm kalibrli patronlar və 01 ədəd həmin silahın darağı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah sursat anbarına təhvil verilsin. Hökmdən elan olunduğu andan (azadlıqdan məhrumetmə yerlərində olan şəxsə təqdim edildiyi andın) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(001)-372/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-372/2020
30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver