Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-374/2025 07.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, lakin hazırda məhkumluğu olmayan, Xaçmaz rayonu, Arzu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Təqsirləndirilən şəxs, idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur.
2. Belə ki, o, 10 dekabr 2024-cü il tarixdə, saat 15 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən “BC” kateqoriyalı AE 053939 nömrəli sürücülük vəsiqəsi ilə xx.xx.2024-cü il tarixli etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Nissan Note” minik markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi ilə hərəkətdə olmaqla Atatürk prospekti istiqamətində dönmə əməliyyatı icra edərkən “Yol hərəkəti haqqında ”Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yolayrıcında sola dönərkən hərəkətin təhlükəsizliyini təmin etmək üçün hərəkət hissəsini keçməkdə olan piyadaya yol verməli, bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etməli kimi tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə riayət etməməklə həmin vaxt piyada keçidində yolu soldan sağa doğru piyada keçən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə vuraraq ehtiyatsızlıqdan sonuncuya sol körpücük sümüyünün akromial yarığının travmatik çıxığı, sol təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, alın nahiyəsinin qançır-şişkinliyi və sıyrığı, sağ bud nahiyəsinin və sol bud-çanaq oynağı nahiyəsinin dərialtı hematomaları, sağ said nahiyəsinin, sağ və sol sağrı nahiyələrinin, sol bud nahiyəsinin, sol baldır nahiyəsinin qançırları, sağ almacıq nahiyəsinin, sol əlin V barmağının sıyrıqları ilə müşayiət olunan ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli xəsarətlər yetirməsinə səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Proses iştrakçılarının ifadələri:
3. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. 10 dekabr 2024-cü il tarixdə saat 15 radələrində idarə etdiyi “Nissan Note” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə S.Bəhlulzadə küçəsindən Atatürk prospektinə tərəf dönürərkən, üzbəüz tərəfdən də maşın gəlməsini kontrol etmiş, bu zaman avtomobilin kor nöqtəsi deyilən sol qanadı ilə xanımı vurmuşdur. Hadisədən 1 dəqiqə sonra xanıma su verib özünə gətirmişdir. Xanım yoldaşının nömrəsini demiş, uşağını bağçadan götürməyimizi xahiş etmişdir. O, xanımı ətrafdakı şəxslərin köməyi ilə avtomobilinə mindirərək, 1 saylı klinik xəstəxanaya aparmış, orada da zərərçəkmiş şəxsin ailəsinə məlumt vermişdir. Zərərçəkmiş xanımın yoldaşı ilə razılaşmışlar ki, xəstəxana xərclərini ödəsinlər. Lakin sonradan ona demişlər ki, bu iş təkcə xəsatəxana xərcləri ilə bitməyəcəkdir. Bölmədə isə ona məlum olmuşdur ki, zərərçəkmiş şəxs ondan 5000 manat pul tələb edir. O isə ilkin olaraq 1000 manat, sonra isə hissə-hissə müəyyən məbləğ ödəyə biləcəyini bildirmişdir. Lakin zərərçəkmiş tərəf bu təkliflə razılaşmamışdır. Ona görə də aralarında barışıq əldə olunmamışdır. Hazırda üstündə 1000 manat pul olduğunu, onu zərərçəkənə vermək istədiyini, daha sonra isə bir il müddətinə hər ay 200 (iki yüz) manat ödəyə biləcəyini bildirərək, məhkəmədən ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir.
4. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır.
5. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə 10 dekabr 2024-cü il tarixdə saat 15:40-da olmuşdur. Həmin vaxtı qızını hazırlıqdan götürmək üçün gətdiyini, Atatürk prospektində Nərimanov metrosundan 26 nömrəli avtobusla evə yaxınlaşmaq üçün 2 qısa yolun olduğunu, bir yolu keçdikdən sonra ikinci yolda piyada keçidinin olduğunu, həmin yolda piyadalar üçün yaşıl işıq yandığını bildirərək, təqsirləndirilən şəxsin onu piyada keçidinin üzərində olarkən vurduğunu ifadəsinə əlavə etmişdir. Zərərçəkən şəxs bir neçə saniyəlik huşunu itirdiyini, özünə gələndə isə artıq onu maşının vurduğunu başa düşdüyünü tez telefonla uşağın məktəbinə zəng vurduğunu və bağçaya uşağın dalınca gedib götürəcəklərini bildirdiyini, sonra isə həyat yoldaşına zəng edərək onu “Semaşko” adlanan xəstəxanaya apardıqlarını xəbər verdiyini bildirmişdir. Zərərçəkən onu da bildirmişdir ki, onu yerdən qaldıranda çiyninin də yerindən çıxdığını başa düşmüşdür. Xəstəxanada ona ilkin zəruri tədbirlər görülmüşdür. Hadisənin sabahı gün xəstəxanada əməliyyat olunmuş, 1 gün xəstəxanada qalandan sonra onu evə buraxmışlar. Evə çıxandan bir neçə gün sonra təqsirləndirilən şəxs yanında bir neçə nəfər şəxslə onlara gəlmiş, bu zaman təqsirləndirilən şəxsin əlində içində 2 banan 3 alma olan oba marketin torbası olmuşdur. Zərərçəkən onu da bildirmişdir ki, o, bütün işlərini sol əliylə görür, hazırda isə sol qoluyla heç nə edə bilmir. O, təqsirləndirilən şəxsdən onu sağaltmasını tələb etdiyini, sosial şəbəkədə hadisənin videosunu paylaşdığı üçün utandığını, buna görə ona mənəvi zərər də vurulduğunu bildirərək, ona təklif edilən pulla razı olmadığını, mülki qaydada verdiyi iddianın tam təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
6. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material əsasında fakta görə CM-in 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir.
7. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti ilə S.Bəhlulzadə küçəsinin kəsişməsində yerləşən piyada keçidində baş vermişdir.
8. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2024-cü il tarixli, 2/68760 nömrəli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur.
9. AE 053939 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs verilmiş BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək etibarlıdır.
10. Nərliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Nissan Note” minik markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi deformasiyaya uğamışdır.
11. Video kameranın qeydə aldığı görüntülərin götürülməsi və baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi “Nissan Note” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı götürülmüş arxa və ön video qeydiyyat aparatından götürü əks olunmuş 01 ədəd CD diskə baxış keçirərkən xx.xx.2024-cü il tarixdə saat 15.50-də vətəndaş Təqsirləndirilən şəxs idarə etdiyi Nissan Note markalı, **-RY-*** qeydiyyat nişanlı avtomobillə Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi ilə düzünə üzü Atatürk prospekti istiqamətinə hərəkətdə olan zaman həmin küçənin Atatürk prospekti ilə kəsişməsindən sola yəni, Atatürk prospektinin üzü Gənclik metrostansiyası istiqamətinə dönərkən Atatürk prospektində yerləşən piyada zolağının üzərində yolu soldan sağa doğru keçməkdə olan piyada Zərərçəkmiş şəxs avtomobilin ön sol qanad hissəsi ilə vurmuşdur. Piyada zərbədən yerə yıxılır və bir neçə saniyə hərəkətsiz vəziyyətdə dayandıqdan sonra özünə gəlir.
12. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X6 xx.xx.2024-cü il tarixli, 2482 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər - sol körpücük sümüyünün akromial yarığının travmatik çıxığı, sol təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, alın nahiyəsinin qançır-şişkinliyi və sıyrığı, sağ bud nahiyəsinin və sol bud-çanaq oynağı nahiyəsinin dərialtı hematomaları, sağ said nahiyəsinin, sağ və sol sağrı nahiyələrinin, sol bud nahiyəsinin, sol baldır nahiyəsinin qançırları, sağ almacıq nahiyəsinin, sol əlin beşinci barmağının sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gələ bilərdilər və dərəcəsinə ümumilikdə sağlamlığı uzun müddətə pozan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Vət.Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalazasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Vət.Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər bədənin əl çatan nahiyəlrində yerləşmələrinə baxmayaraq, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi nəticəsində əmələ gələ bilmələri üçün xarakterik deyildir.
13. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, lakin hazırda ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur.
14. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-16/2-10174/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AE 053939 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır.
15. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 8/95 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Nissan Note” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbacan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
16. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, “Nissan Note” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə təhvil verilmişdir. Həmçinin iş üzrə hadisənin görüntülərini əks etdirən 1 (bir) ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.
17. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur.
18. Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.
19. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)- 374/2025 nömrəli qərarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmış və ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmış və ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 93-cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:
20. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
21. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
22. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərəçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir.
23. Məhkəmə bildirir istəyir ki, CM-in hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər fəslində nəzərdə tutulan əməllər subyektiv cəhətdən ehtiyatsızlıqla törədilir. Şəxs öz əməlinin ictimai təhlükəli olduğunu dərk edir, lakin kifayət qədər əsas olmadan onun qarşısını alacağını düşünür, yaxud ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu hallarda onları görmür.
24. Yol hərəkətinin təhlükəsizliyi yol hərəkəti iştirakçılarının və cəmiyyətin yolnəqliyyat hadisələrindən və onların nəticələrindən müdafiə olunma dərəcəsini göstərən yol hərəkəti vəziyyətidir. Yol hərəkəti qaydalarının pozulması dedikdə sürücü tərəfindən “Yol hərəkəti haqqında” Qanunla onun üçün müəyyən olunan vəzifələrə, habelə yol hərəkətinin müxtəlif qaydalarına riayət edilməməsi və ya lazımınca riayət edilməməsi başa düşülür.
25. Məhkəmə qeyd etmək istəyir ki, şərh olunan cinayət maddi tərkibli olduğu üçün CM-in 263.1-ci maddəsində sadalanan ictimai təhlükəli nəticə baş verdiyi andan başa çatmış hesab edilir.
26. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 13 noyabr 2013-cü il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəməyol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
27. Eyni qərarın 1-ci bəndində göstərilmişdir ki, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. İstintaq materiallarına hadisənin görüntüsünü öznüdə əks etdirən 1 ədəd videoyazı da maddi sübut kimi əlavə edilmişdir.
28. Bundan başqa, istintaq materiallarında olan məhkəmə-tibbi ekpertizasının qərarı əsasında Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Binəqədi Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli HK-1210 nömrəli rəyində göstərilmişdir ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs yaranan xəsarətlər sağlamlığın uzun müddət pozulmasına səbəb olan AZ AĞİR zərərvurmaya aiddir və xəsarətlər xx.xx.2024-cü il tarixli baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli 8/95 nömrəli rəyində isə göstərilmişdir ki, “Nissan Note” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs həkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanları olmuşdur.
29. “Yol hərəkəti haqqında” Qanunun 1.10-cu maddəsinə görə piyada keçidi dedikdə yolun hərəkət hissəsində piyadaların yolu keçməsi üçün nəzərdə tutulan sahə, yaxud mühəndis qurğusu başa düşülür. Eyni Qanunun 75.1-ci maddəsinə görə sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir. Lakin videomateriallardan aydın görünür ki, sürücü bu qaydaları pozmuş, yaşıl işıq yansa da piyadaların keçməsi üçün şərait yaratmaqla dayanmalı olduğu halda ehtiyatsızlıq edərək piyada keçidi üzərində hərəkətdə olan piyada Zərərçəkmiş şəxs vurmuşdur.
30. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün isə əsaslar yoxdur. Belə ki, CM-in 73.3-cü maddəsinə görə başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. CM-in 263-cü maddəsinin qeyd hissəsinə əsasən isə CM-in 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmənin hazırlıq və baxış iclasında zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsə barışıq əldə edilməsi təklif edilsə də, zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ödəniş üçün ona təklif edilən 1000 manat pul və 1 il ərzində aylıq 200 manat ödənişlə razılaşmamış və bu səbəbdən də tərəflər arasında barışıq əldə edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs CMin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir.
31. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur.
32. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
33. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.
34. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.
35. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür.
36. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
37. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
38. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır.
39. Məhkəmə, Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını CM-in 59.1.11-ci maddəsinə əsasən və törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışığa, zərərin əvəzinin qismən ödənilməsinə dəfələrlə cəhd etməsini CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
40. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.
41. Qeyd edilməlidir ki, Ali Məhkəmənin 1(102)-182/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında “zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilmədiyi təqdirdə təqsirləndirilən şəxsə daha ağır cəza təyin edilməsinin qanunvericilik baxımından labudlüyünə” dair ittiham tərəfinin dəlilləri qeyri-qanuni və əsassız hesab edilmiş və bildirilimişdir ki, qeyd edilən hal zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi mövcud olduğu təqdirdə, cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması bu halın olmadığı təqdirdə cəzanın ağır olmasını özündə ehtiva edə bilməz.
42. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.
43. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.
44. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.
45. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
46. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır.
47. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir.
48. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi mövqeyinə müraciət edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə edilmiş hüquqi mövqeyinə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet).
49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasını təyin etmək məqsədəmüvafiqdir.
50. Həmçinin Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti hökmün qanuni qüvvəyə mindiyi andan, azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır.
51. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 21:00dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır.
52. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
53. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Nissan Note” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibinə qaytarıması nəzərə alınmalı və iş üzrə sübut kimi tanınmış 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır.
54. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır.
55. Bununla yanaşı, məhkəmə iş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş mülki iddiaya münasibətdə isə bildirmək istəyir ki, Zərərçəkmiş şəxs ona dəyən zərərlə bağlı (maddi və mənəvi birgə) tələbi 9990 (doqquz min doquz yüz doxsan) manat olsa da məhkəmə istintaqı zamanı ancaq 1743.96 (min yeddi yüz qırx üç manat doxsan üç qəpik) manata münasibətdə Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan öz təsdiqini tapmışdır. Belə ki, zərərçəkmiş şəxsin tələbi əsasında hadisə baş verdikdən sonra ona vurulan zərər 3000 (üç min) manat, sonrakı reabilitasiya xərci olaraq 2080 (iki min səksək) manat, keçirdiyi sarsıntılara görə isə mənəvi zərər olaraq 4910 (dörd min doqquz yüz on) manat göstərilsə də zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzləri ilə vurulmuş maddi zərərə görə çəkilən xərclər 1743.96 (min yeddi yüz qırx üç manat doxsan üç qəpik) manata münasibətdə sübuta yetirilmişdir. Məhkəmə iclas zalında 3000 manat xərc çəkdiyinizi bildirirsiniz ona dair əlinizdə başqa ödəniş qəbzləri varmı deyə zərərçəkənə sual verilsə də zərərçəkmiş şəxs çəkdiyi xərclərə dair bütün qəbzləri məhkəməyə təqdim etdiyini bildirmişdir. Bundan başqa məhkəmə sonrakı reabilitasiya xərci olaraq 2080 (iki min səksək) manata da münasibət bildirərməyi zəruri hesab edir. Zərərçəkmiş şəxs Vertebra onurğa tibb mərkəzi tərəfindən 176/25 nömrəli, xx.xx.2025-ci il tarixli arayış təqdim edərək sağlamlığının bərpası üçün reabilitasiyaya ehtiyacı olduğunu bildirsə də, həmin arayışın nəticə hissəsində zərərçəkmişə ancaq reabilitasiya məsləhət görüldüyü yazılır, qeyd edilən arayışda gələcəkdə nəzərdə tutulacaq reabilitasiyanın nədən ibarət olacağı, plan üzrə həyata keçiriləcək reabilitasiya və ona dair ödəniş cədvəli təqdim edilmədiyindən reabilitasiya xərci olaraq 2080 (iki min səksək) manat xərcin çəkiləcəyi sübuta yetirilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-2034/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3 ulduzlu qərarında göstərilir ki, hətta tərəflər arasında barışıq əldə edildikdən sonra da zərərçəkmiş şəxsin məhz hadisə zamanı almış olduğu xəsarətlə bağlı yeni müalicə xərclərinin yaranması mümkündür, lakin bu problemin həlli barışıq əsasında qəbul edilmiş qanuni və əsaslı qərarın yalnız bu əsasla ləğvi yolu ilə deyil, mülki mühakimə üsulu qaydasında birinci instansiya məhkəməsində iddia qaldırmaq yolu ilə həll olunmalıdır. Məhkəmə təcrübəsini ümumiləşdirən həmin qərarda o da göstərilir ki, cinayət əməli nəticəsində sağlamlığa vurulmuş zərər nəticəsində reabilitasiya ilə bağlı yeni xərclərin meydana gəlməsi istisna edilmir, lakin bu zaman qəbul edilmiş qanuni qərar ləğv edilməməli, yeni xərclərin mülki mühakimə üsulu qaydasında tələb edilməsinin mümkünlüyü mübahisə edən tərəfə izah edilməlidir.
56. Məhkəmə zərərçəkmiş şəxsin mənəvi zərərlə bağlı irəli sürdüyü tələbinə də münasibət bildirərək qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Hazırki, cinayət işində zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs məhkəməyə iki ədəd audio video disk təqdim edərək bildirmişdir ki, təqsirləndirilən şəxs hadisənin görüntülərini “tik-tok” sosial şəbəkəsində yaymaqla hamının həmin videonu izləməsinə səbəb olmuş, nəticədə isə o, mənəvi sarsıntı keçirmişdir. Bundan başqa onun sağlamlığının pozulması ilə uzun müddət kiminsə köməyinə möhtac qalması da iztirab çəkməsinə səbəb olmuşdur. Qeyd edilən Plenum qərarında göstərilmişdir ki, fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başa çatanadək yalnız yazılı şəkildə verilməlidir. CPM-in 186-cı maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia, o cümlədən mənəvi zərərin ödənilməsi barədə mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında iddiadan imtina etməyə haqlıdır. Mənəvi zərərin məbləği, habelə zərərin ödənilməsinin digər formaları iddia ərizəsində konkret göstərilməlidir. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Beləliklə, məhkəmə qeyd edilə bütün halları nəzərdən keçirərək hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs keçirdiyi sarsıntılara görə mənəvi zərər olaraq 4910 (dörd min doqquz yüz on) manat iddia tələbi də qsimən təmin edilməli təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs mənəvi zərər görə 1000 (min) manat pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməlidir.
57. CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.
58. CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır.
59. CPM-in 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər.
60. CPM-in 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır.
61. CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir.
62. Məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. O cümlədən nəzərə alınmalıdır ki, CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayət prosessual qanunda nəzərdə tutulmadıqda mülki prosessual qanunvericliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir.
63. Cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”.
64. “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-c il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Bu zaman cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Bu mövqedən çıxış edərək məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə verilmiş mülki iddia cinayət işi üzrə zərərçəkmiş və təqsirləndirilən şəxsin məhkəmə istintaqında vermiş olduğu ifadələr, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs arasında üzləşdirmə və çarpaz dindirmələrlə qismən sübuta yetirilir.
65. Həmin qərarının 72-ci bəndində qeyd edilir ki, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirilməməlidir.
66. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin edilməklə, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş 1743.96 (min yeddi yüz qırx üç manat doxsan üç qəpik) manat maddi ziyan, 1000 (min) manat mənəvi zərər və dövlət rüsumu qismində 47.44 (qırx yeddi manat qırx dörd qəpik) manat pul zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır.
67. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir.
68. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.
69. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.
70. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 275 (iki yüz yetmiş beş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir.
71. CPM-in 38.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir.
72. CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi).
73. “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Ali Məhkəmənin Plenum Qərarında göstərilir ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1 - 346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.
74. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
75. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır.
76. Beləliklə, məhkəmə hesab edir ki, məhkənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.
77. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti isə hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 21:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Nissan Note” minik markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin edilsin və təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş 1743.96 (min yeddi yüz qırx üç manat, doxsan altı qəpik) manat və 1000 (min) manat mənəvi zərər olmaqla cəmi 2743.96 (iki min yeddi yüz qırx üç manat, doxsan altı qəpik) manat və dövlət rüsumu qismində ödənilmiş 47.44 (qırx yeddi manat qırx dörd qəpik) manat pul zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs xeyrinə tutulsun. Mülki iddia digər hissələrdə təmin edilməsin, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs gələcəkdə iş üzrə yarana biləcək xərclərlə bağlı mülki qaydada iddia qaldırmaq hüququ izah edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 275 (iki yüz yetmiş beş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Aytəkin İbrahimova