Məhkəmə qərarları › İş №1(001)-376/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-376/2022

11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-376/2022 11.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X4 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi (müqavilə üzrə) “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və onun nümayədəsi X5 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Abşeron rayonu, Güzdək qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 17:30-da AF 703146 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi ilə, baş etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan, 1990-cı il buraxılışlı, Kamaz 55111 markalı, özüboşaldan tipli, **-BD- *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə mişar daşı ilə yüklü vəziyyətdə, Bakı şəhəri, Binəqədi rayonu «Gülüstan» küçəsi ilə «Mal bazarı» adlanan dairə istiqamətində 3-5 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini kobud surətdə pozub, hərəkət üçün təhlükə yarandığını görüb, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyərək, yolun sağ tərəfindən sol tərəfinə keçmək istəyən piyadaları görərək idarə etdiyi avtomobilin sürətini azaltmaqla, həmin piyadaların keçib getmələrinə şərait yaratmalı olduğu halda, habelə baş vermiş təhlükənin qarşısını almağa texniki imkanı olsa da heç bir tədbir görməyərək, ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə yolun hərəkət hissəsindən keçmək istəyən piyada Zərərçəkmiş şəxs1 sağ əli ilə sol əlindən tutduğu 2015-ci il təvəllüdlü nəvəsi Zərərçəkmiş şəxs2 ilə birlikdə vurmuş, azyaşlı Zərərçəkmiş şəxs2 sol aşıq-baldır oynağında ağrı və hərəkət məhdudluğu ilə müşaiyət olunan oynağın şişkinliyi və səthi əzilmiş yarası ilə nəticələnən və ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarət və ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 açıq kəllə beyin travması və baş beyin yüngül dərəcəli əzilməsi ilə müşaiyət olunan sol tərəfli alın sümüyünün supraorbital nahiyənin içəriyə basılmış qəlpəli sınığı, sol incik sümüyünün aşağı 1/3-nin qapalı sınığı, sol tərəflialın nahiyəsinin əzilibcırılmış yarası, sol baldırın aşağı 1/3-nin dəri deffekti, sağ göz qapaqlarının və gözaltı nahiyənin hematoması ilə nəticələnən və ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına səbəb olan xəsarət yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, CM-in 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, «Kamaz 55111» markalı **-BD-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını AF 703146 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi ilə baş etibarnamə əsasında idarə edir. xx.xx.2021-ci il tarixdə, saat 17:00-da Abşeron rayonu Güzdək qəsəbəsində avtomobili mişar daşı ilə yükləmiş, həmin daşı Novxanı qəsəbəsinə apararkən həmin gün, saat 18 radələrində Binəqədi rayonu, Gülüstan küçəsi ilə «Nicat» marketdən «Mal bazarı» adlanan dairə istiqamətində yüklü vəziyyətdə hərəkətdə olarkən yol enişli olduğundan avtomaşını təxminən 3-5 km/saat sürətlə idarə edirmiş, idarə etdiyi avtomobillə «Oba» marketin qarşısına çatarkən yolu sağdan sola tərəf keçməyə başlayan 3 nəfərin olmasını görmüş, həmin şəxslərdən yaşlı olan qadın öndə, digər orta yaşlı qadın ondan arxada azyaşlı uşaqla yolu keçirmiş, onların yolu keçməyə başladığını təxminən 2 metr məsafədən görmüşdür. Həmin şəxslərdən heç biri yolun sol tərəfinə baxmırmış, onlar sağ tərəfə baxaraq yolu keçirmişlər, həmin vaxt 2 dəfə siqnal vermiş, maşını bacardığı qədər tormozlayaraq yolun soluna tərəf çəkib saxlamağa çalışmış, lakin həmin şəxslər ona fikir verməyərək hərəkətlərini davam etdirmişlər. Avtomobilin ön sağ tərəfi həmin qadının baş nahiyəsinə dəymiş, həmin yerdə avtomobili saxlamaq mümkün olmadığı üçün yolun sağ tərəfində avtomobili saxlamış, sükan arxasından düşərək hadisə yerinə gəlmiş, sonradan adının Lətifə olduğunu öyrəndiyi qadını hadisə yerinə gələnə qədər ətrafda olan tanımadığı şəxslər artıq kənara çəkmişlər. Zərərçəkmiş şəxs1 baş nahiyyəsindən qan axırmış, baş vermiş hadisə nəticəsində sonuncunun xəsarət alması ilə bağlı təcili tibbi yardım stansiyasına dəfələrlə zəng etmiş, təcili tibbi yardım stansiyasının briqadası gəldikdən sonra Zərərçəkmiş şəxs1 ilk tibbi yardım göstərildikdən sonra maşına yerləşdirmişlər və hadisə yerindən Bakı şəhəri Kliniki Mərkəzinə aparmışlar. O da həmin maşınla getmiş, Zərərçəkmiş şəxs1 mərkəzin reanimasiya şöbəsinə yerləşdirdikdən sonra hadisə yerinə qayıtmış, hadisə yerində olan polis əməkdaşlarına özünü təqdim etmiş, baş vermiş hadisəni olduğu kimi onlara danışmışdır. Baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 01 mart 2022-ci il tarixli, 8/403 saylı rəyi ilə razı deyildir. Belə ki, onun hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. O, zərər çəkmiş şəxslərə vurulmuş ziyandan 1500 manat ödəniş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə barışığa cəhdlər etsə də bu mümkün olmamışdır. O hesab edir ki, hadisədə təqsiri olmadığına görə ona elan edilmiş ittiham üzrə bəraət verilməlidir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 22 noyabr 2021-ci il tarixdə, saat 17:30-da Binəqədi rayonu, Gülüstan küçəsində yerləşən mağazadan meyvə-tərəvəz alan zaman gəlini Qanuni nümayəndə və nəvəsi Zərərçəkmiş şəxs2 onun yanında olmuşlar, alverini edib qurtardıqdan sonra mağazadan çıxıb üzü “Oba” market istiqamətində yolu keçmək üçün “Gülüstan” küçəsinin sağ və sol tərəfinə baxmış, maşın gəlmədiyi üçün nəvəsi Zərərçəkmiş şəxs2 sol əlindən sağ əli ilə tutub birlikdə yolu piyada keçidi olan yerə yaxın hissədən adi yerişlə keçməyə başlamışlar. Onlar irəlidə getmiş, gəlini Tükəzban isə onlardan arxada gəlirmiş, nəvəsi ilə yolun orta hissəsinə tərəf 3-4 addım irəlilədikləri zaman “Gülüstan” küçəsi ilə sol tərəfdən Kamaz markalı yük avtomobilinin və həmin avtomobilin qarşısında digər markasını bilmədiyi avtomobilin onların istiqamətində gəldiyini görmüşlər. Həmin avtomobillər arasında məsafə təxminən 10 metr olardı. Bu səbəbdən markasını bilmədiyi minik avtomobili onların qarşısından keçdikdən sonra Kamaz markalı avtomobilin onlara çatanadək, eyni zamanda Kamaz markalı avtomobilin sürücüsünün onları görməsini zənn edib, Kamaz markalı avtomobilin onları vurmaması üçün yolu bir qədər tez keçməyə cəhd etsələr də həmin Kamaz markalı avtomobil yolun orta hissəsində qabaq sağ tərəfi ilə onu vurmuş, o, müvazinətini saxlaya bilməyərək yerə yıxılmış, həmin vaxt əlindən tutduğu nəvəsi Zərərçəkmiş şəxs2 əlindən buraxmadığı üçün o da onunla birlikdə yerə yıxılmışdır. O, avtomobilin onu vurması nəticəsində aldığı xəsarətə görə qışqırmağa başlamış, ətrafda olan tanımadığı insanlar onları yolun orta hissəsindən yolun kənar hissəsinə götürmüşlər, bir qədər keçmiş təcili tibbi yardım briqadası həmin yerə gəlmiş, onu oradan götürüb X9 aparmışlar və xəstəxanada ona ilk tibbi yardım göstərib reanimasiya şöbəsinə yerləşdirmişlər. Həmçinin o aldığı xəsarətlər nəticəsində 4 dəfə əməliyyat olunub və ümumilikdə 7000 manat xərci çıxmışdır, lakin Təqsirləndirilən şəxs ona cəmi 1500 manat ödəniş etmişdir. Onu vuran Kamaz 55111 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs xəstəxanaya gələn zaman onun idarə etdiyi avtomobilin **-BD-*** dövlət qeydiyyat nişanlı olduğunu bilmişlər. Onun nəvəsi Zərərçəkmiş şəxs2 X3 və Ortopediya instituna aparılmış, orada azyaşlı nəvəsi Zərərçəkmiş şəxs2 ilk tibbi yardım göstərilmişdir. O, vurulmuş ziyanın tam ödənilmədiyini, təqsirləndirilən şəxslə barışmadığını, ona qarşı şikayəti və tələbi olduğunu qeyd edərək, təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndə və müəllimin iştirakı ilə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Qanuni nümayəndə qızı onun anası, Zərərçəkmiş şəxs1 isə onun nənəsidir. xx.xx.2022-ci il tarixdə nənəsi Lətifə və anası Tükəzbanla birlikdə yaşadıqları evdən çölə çıxmışlar, nənəsi Lətifə Binəqədi rayonu, Gülüstan küçəsində yerləşən «Meyvəli» adlı mağazadan meyvə-tərəvəz aldıqdan sonra həmin vaxt yolda qaçmasın deyə nənəsi Lətifə sağ əli ilə onun sol əlindən tutmuş, birlikdə yolu keçirmiş, anası Tükəzban isə onlardan bir az aralıda arxadan gəlirmiş, nənəsi yolu keçməzdən əvvəl yolun sol tərəfinə baxanda yolun boş olduğunu gördüyündən ona yolu keçməklərini demiş, onlar hərəkətlərini davam etdirmişlər. Nənəsi ilə birlikdə yolun orta zolağına çatarkən yolun sol tərəfindən Kamaz markalı yük avtomobilinin onların istiqamətində hərəkət etdiyini görmüşlər. Onlar yolun orta hissəsindəki zolağa çatarkən Kamaz markalı yük avtomobili qabaq sağ tərəfi ilə nənəsi Lətifəni vurduğundan yerə yıxılmış, həmin vaxt nənəsi Lətifə onun əlini buraxmadığı üçün o da yerə yıxıldığından sol ayağından xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə qızı ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 17:30-da qaynanası Zərərçəkmiş şəxs1 və azyaşlı oğlu Zərərçəkmiş şəxs2lə birlikdə yaşadıqları evdən çölə çıxmışlar, qaynanası Lətifə Binəqədi rayonu, Gülüstan küçəsində yerləşən «Meyvəli» adlı mağazadan meyvətərəvəz aldıqdan sonra saat 18 radələrində həmin mağazanın qarşı tərəfindən yolun əks tərəfində olan «Oba» market istiqamətində yolu keçməyə başlamışlar. Həmin vaxt qaynanası Lətifə, onun azyaşlı oğlu Zərərçəkmiş şəxs2 sağ əli ilə tutub «Gülüstan» küçəsi ilə adi yerişlə piyada hərəkət etmişlər, o isə onların arxasınca adi yerişlə piyada gedirmiş, onlar yolu keçməzdən əvvəl «Gülüstan» küçəsində yolun sol tərəfinə baxanda yolun boş olduğunu görmüşlər. Onun qaynanası və azyaşlı oğlu piyada keçidindən yolun orta zolağına çatarkən yarım döngədən Kamaz markalı yük avtomobilinin onların istiqamətində hərəkət etdiyini təxminən 50 metr məsafədən görmüş, həmin yük avtomobilini onlara çatanadək yolu keçə biləcəklərini zənn edib yolun hərəkət hissəsini keçməyə başlamışlar, lakin qananası ilə azyaşlı oğlu yolun orta hissəsindəki zolağa çatarkən Kamaz markalı avtomobilin qabaq sağ tərəfi ilə qaynanası Zərifəni vurduğundan yerə yıxılmış, həmin vaxt qaynanası Lətifə onun azyaşlı oğlu Zərərçəkmiş şəxs2 əlindən buraxmadığı üçün o da yerə yıxılmış, azyaşlı oğlu Zərərçəkmiş şəxs2 həmin hadisə nəticəsində sol ayağından xəsarət almış, hadisədən sonra sürücünün, ətrafdakı olan tanımadığı şəxslərin köməkliyi ilə qaynanası Zərərçəkmiş şəxs1 və azyaşlı oğlu Zərərçəkmiş şəxs2 yolun kənarına çəkmişlər. Həmin yerə gələn təcili tibbi yardım maşını ilə qaynanasını X11 aparmışlar, orada qaynanası Lətifəyə ilk tibbi yardım göstərib X10 reanimasiya şöbəsinə yerləşdirmişlər, azyaşlı oğlu Zərərçəkmiş şəxs2 isə tibbi yardım üçün X3 və Ortopediya instituna aparmışlar, orada azyaşlı oğlu Zərərçəkmiş şəxs2 ilk tibbi yardım göstərib evə buraxmışlar. Qaynanası Zərərçəkmiş şəxs1 vuran Kamaz markalı avtomobilin Kamaz markalı avtomobilin sürücüsünün Təqsirləndirilən şəxs olduğunu xəstəxanada olan zaman bilmişlər. Fizuli adlı sürücü qaynanası Lətifənin təcili tibbi yardım stansiyasının avtomaşına mindirən zaman köməklik etmiş, sonuncu xəstəxananın reanimasiya şöbəsinə yerləşdirdikdən sonra çıxıb getmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, CM-in 263.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (i.v.1) xx.xx.2021-ci il tarixli tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, 22 noyabr 2021-ci il tarixdə saat 17:30 radələrində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Kamaz 55111 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurması ilə nəticələnən yolnəqliyyat hadisəsi Bakı şəhəri, Binəqədi rayonu «Gülüstan» küçəsi ilə «Mal bazarı» adlanan dairə istiqamətində baş vermişdir. (i.v. 6-12) xx.xx.2021-ci il tarixli, 2/34286 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı, yəni xx.xx.2021-ci il tarixdə ayıq vəziyyətdə olmuşdur. (i.v.19) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji anatomiya Birliyi” Publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli, 1980 saylı rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər- sol aşıq-baldır oynağında ağrı və hərəkət məhdudluğu ilə müşaiyət olunan oynağın şişkinliyi və səthi əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Az.Elmi- Tədqiqat Travmatologiya və Ortopediya institutuna müraciət etdiyi xx.xx.2021-ci il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azyaşlı Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarət xx.xx.2021-ci il tarixdə hərəkətdə olan avtomaşının piyadanı vurması nəticəsində əmələ gələ bilərdi. Azyaşlı Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətin əlçatan nahiyədə yerləşməsinə baxmayaraq onun özü tərəfindən yetirilməsi az inandırıcıdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji anatomiya Birliyi” Publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli 2084 saylı rəyindən görünür ki, Vət.Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər- açıq kəllə beyin travması və baş beyin yüngül dərəcəli əzilməsi ilə müşaiyət olunan sol tərəfli alın sümüyünün supraorbital nahiyənin içəriyə basılmış qəlpəli sınığı, sol incik sümüyünün aşağı 1/3-nin qapalı sınığı, sol tərəflialın nahiyəsinin əzilib-cırılmış yarası, sol baldırın aşağı 1/3-nin dəri deffekti, sağ göz qapaqlarının və gözaltı nahiyənin hematoması bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “X13” X12 müraciət etdiyi xx.xx.2021-ci il saat 19:18-dən bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Vət.Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq həmin xəsarətlərin hərəkətdə olan yük avtomobilin onu vurması nəticəsində əmələ gələ bilərdilər. (i.v. 40-41) Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2022-ci il tarixli, 20137-1222 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AF 703146 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. (i.v.53) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-in 152.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1, 71.5-ci maddələrinə əsasən 04 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v.75-77, 79-86) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CPM-in 53.1.1ci maddəsi ilə cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v. 87) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 7000 manat maddi ziyan vurmuş, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 1500 manat verilmişdir. Binəqədi rayon İcra Hakimiyyəti Binəqədi qəsəbə İƏDÜN tərəfindən verilmiş xasiyyətamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 92) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 01 mart 2022-ci il tarixli, 8/403 saylı rəyindən görünür ki, Kamaz 55111 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v.96-97) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. (i.v. 98) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v.112-114) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 128-130) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi 1990-cı il buraxılışlı, Kamaz 55111 markalı, özüboşaldan tipli, **-BD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili maddi sübut kimi tanınaraq saxlanması üçün Təqsirləndirilən şəxs qaytarılmışdır. (i.v. 101-106) “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X2 adında azyaşlı uşağı vardır. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə qızı tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs şikayətçidir, onlara dəymiş ziyan ödənilməmiş, barışıq əldə olunmamışdır. Təqsirləndirilən şəxs barəsində ədalətli qərar çıxarılması xahiş olunmuşdur. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, ona vurulmuş 7000 manat ziyandan 1500 manat ödənilmiş, təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu qeyd edərək, təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, hadisənin qarşısını almağa texniki imkanının olmaması ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.1-1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, həmin Məcəllənin 59.1.4, 59.1.14 və 59.2-ci maddəsinə əsasən təqsirləndirilə şəxsi himayəsində az yaşlı uşağın olması, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.1- 1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu CM-in 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarını təyin etməklə təqsirləndirilən şəxsin islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, 1990-cı il buraxılışlı, Kamaz 55111 markalı, özüboşaldan tipli, **-BD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, 1990-cı il buraxılışlı, Kamaz 55111 markalı, özüboşaldan tipli, **-BD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar