Məhkəmə qərarları › İş №1(001)-378/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-378/2022

10.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-378/2022 10.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib sonuncunu işə qəbul edilməsi üçün boy ölçüsünün kifayət etməməsi məsələsini həll edəcəyinə və X4 işə düzəldəcəyinə dair yalan vəd verib aldatmaqla 05 mart 2021-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında ondan 5.000 (beş min) manat məbləğində pulunu ələ keçirib Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə yaşadığı ünvan 3 ünvanda yerləşən binada birlikdə 2011-ci ildən 2016-cı ilə qədər qonşu kimi yaşamışlar. Bundan sonra 2016cı ildə dələduzluq cinayətinə görə əvvəllər həbs olunmuşdur.Zərərçəkmiş şəxsı da qonşuluqdan tanıyır. Muradla oğlu Ənvərin münasibətləri olmuşdur.Murad ona bildirmişdir ki, işə düzəlmək istəyir.Buna görə də, Muradın atası ilə də görüşmüşdür.Daha doğrusu onu evlərinə dəvət etmişlər, o da danışıq zamanı demişdir ki, Muradı işə düzəldə bilər. Bunun üçün 5.000 manat lazım olduğunu demişdir.05 mart 2021-ci il tarixdə ünvan 4 ünvanda mənzilinin nömrəsini bilmədiyi evdə pulu almış, şəxsi ehtiyaclarına xərcləmişdir.Əvvəllər kimisə xidmətə düzəltməmişdir.Zərərçəkmiş şəxs pulu almaqda məqsədi pulu şəxsi ehtiyaclarına xərcləmək olmuşdur.Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, o, 2020-ci ildə vətən müharibəsində iştirak etmişdir. Müharibədən gəldikdən sonra qonşuluqda yaşayan Ənvər adlı şəxs onlara gəldikdə polisə düzəlmək istədiyini bildirmişdir.Ənvər atası Ceyhunun əvvəllər polis əməkdaşı olduğunu və ona köməklik edə biləcəyini bildirmişdir.Təxminən iki gün sonra Ceyhun onların yaşadığı ünvana gəlmişdir.O, Ceyhunla söhbət edən zaman sonuncu ona köməklik edə biləcəyini və onu polisə düzəltmək üçün 15.000 manat pul verməli olduğunu bildirmişdir.O, Ceyhunla razılaşdıqdan sonra sonuncuya ilkin olaraq yaşadıqları ünvanda 5.000 manat pul vermişdir.Ceyhun həkim komissiyasını keçdikdən sonra əlavə olaraq 10.000 manat pul verməli olacağını bildirmişdir.Ceyhun 3 ay müddətində onu işə düzəldəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə o, Ceyhuna ailə daxili məclislərinin olduğunu və bu səbəbdən pula ehtiyac yarandığını bildirərək pulu geri qaytarmasını xahiş etmişdir.Ceyhun təxminən 10 gün ərzində pulu geri qaytaracağını bildirmişdir. Sonradan isə pulu xx.xx.2021-ci tarixdə qaytaracağını bildirsə də, vədinə əməl etməmişdir.xx.xx.2021-ci il tarixdə o, Ceyhunla məhəllədə görüşən zaman ondan yenidən pulu geri qaytarmasını xahiş etdikdə xx.xx.2021-ci il tarixdə saat təxminən 15.00 radələrində pulu qaytaracağını bildirsə də, sonradan telefon zənglərinə cavab verməmişdir. xx.xx.2021-ci il tarixdə Ceyhunun oğlu Ənvərlə telefonla danışan zaman halhazırda Bərdə rayonuna getdiyini bildirdikdə o, sonuncudan geri qayıdıb atasından verdiyi pulu alıb ona verməsini xahiş etsə də, sonuncu telefonunu söndürdüyü üçün bir daha əlaqə saxlaya bilməmişdir. Bundan sonra, o, baş vermiş hadisə barədə DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə məlumat vermişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir. O, təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid iş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İş materiallarında olan cinayət işi üzrə Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfındən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Binəqədi Rayon Məhkəməsinin 26 may 2017-ci il tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, qeyd olunan cinayət əməli üzrə məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi yazılı ərizəsinə əsasən məlum olur ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi, şahidi və təqsirləndirilən şəxsin müdafiəçinin çıxışını dinləyib dövlət ittihamçısının mövqeyini nəzərə alaraq, habelə məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-nin 178.1-ci maddəsilə düzgün tövsif edilmişdir. O, həmin maddə ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir.( o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 31 saat vaxt sərf etmişdir. Həmçinin, məhkəmə hesab edir ki, cinayət işi üzrə icraata xitam verildiyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən CM-nin 73-1.1 və CPM-nin 39.1.11, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən (zərərçəkmiş şəxslə barışıq əldə etdiyinə və vurulmuş ziyanı tamamilə ödədiyinə görə) Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 31 saat hüquqi xidmətin dəyəri 186 (yüz səksən altı) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37 NABZ********************. S.W.İ.F.T. B.İ.K:AİİBAZ 2X,hesab№AZ48AİİB ********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar