Məhkəmə qərarları › İş №1(001)-379/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-379/2022

02.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-379/2022 02.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, 4 saylı yataqxanada yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PXin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 19 yanvar 2022-ci il tarixdə səhər saatlarında Bakışəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,293 qram şəkidə narkotik vasitə heroiniəldə edərək daşımaqla saxlamış, həmin tarixdə saat 18:30 radələrindəBinəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarıştədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində “Medeira” hospitalın qarşısında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Binəqədi RPİ-nin 5-ci PB-nəgətirilmiş, bölmədəüzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli paltonun sol yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 1,293 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 18 fevral 2022-ci il tarixdə səhər saat 10 radələrində istintaqla müəyyən edilməmiş mənbədən qanunsuz olaraq 01 ədəd 8629 nömrəli, zavod üsulu ilə Rusiya dövlətində, Tula imperator silah zavodunda 1902-ci ildə istehsal olunmuş 7.62 mm kalibrli, “Naqan” sistemli texniki cəhətdən saz olaraq atəşüçün yararlı yivli odlu silahı olan “Revolver”i əldə edib daşımış, əynində olan göy rəngli şalvarın arxasında belinin üzərində saxlayaraq gəzdirmiş və 21 fevral 2022-ci ildə saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 3 ünvanda olan 4-cü PŞ-nin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın arxasında bel hissəsinə keçirilmiş 01 ədəd 8629 nömrəli, zavod üsulu ilə Rusiya dövlətində, Tula imperator silah zavodunda 1902-ci ildə istehsal olunmuş 7.62 mm kalibrli “Naqan” sistemli texniki cəhətdən saz olaraq atəş üçün yararlı yivli odlu silahı olan “Revolver” aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 228.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir ildir ki, narkotik vasitələrdən istifadə edir. O, narkotik vasitə heroini tanımadığı təsadüfi şəxslərdən almış, daimi aldığı bir şəxs olmamışdır. 19 yanvar 2022-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu, «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən 10 manata bir büküm heroin almış və onu üzərində saxlamışdır ki növbəti gün gizlin bir yerdə təklikdə istifadə etsin. Həmin tarixdə saat 18:30 radələrində Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində «Medeira» hospitalın yanında piyada gedərkən iki nəfər mülki geyimli şəxs onu saxlayıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib üzərində axtarış aparılması üçün onlarla birlikdə Polis Bölməsinə getməyi təklif etmişlər. O etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 5-ci Polis Bölməsinə getmişdir. Orada ona vəkil dəvət edilib təqdim edilmiş və hüquqları izah edilmişdir. O, vəkilin iştirakı olmadan üzərimə şəxsi axtarış aparılmasına etiraz etməmişdir. Sonra polis əməkdaşları video çəkiliş aparmaqla onu üzərində şəxsi axtarış aparmışlar və şəxsi axtarış zamanı onun üzərində qanunsuz bir əşya olub-olmadığı soruşulmuşdur. O, əynində olan qara rəngli paltonun sol yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd bükümü çıxardıb stolun üzərinə qoymuşdur. Daha sonra onun üzərində, ciblərində ayaqqabısında və geyimində axtarış aparılsa da, başqa hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Polis əməkdaşı paltonun cibindən çıxan bükümü açdıqda orada qəhvəyi rəngi kütlə olduğu görünmüşdür və onun nə olduğunu soruşmuşlar. O da həmin bükümdə olan qəhvəyi rəngli kütlənin narkotik vasitə heroin olduğunu və həmin heroini şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra üzərindən çıxan heroin ağ zərfə qoyulub möhürlənmiş və daha sonra protokol tərtib olunmuşdur. Onlar protokolu imzalamışdır. Həmin fakt üzrə Binəqədi RPİ-nin İstintaq şöbəsi onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Binəqədi rayon prokuroruna müraciət etmiş, lakin prokuror onun barəsində həbs qətimkan qərarı seçiməsini təmin etməmiş və azadlığa buraxılmışdır. Bundan sonra 17 fevral 2022-ci il tarixdə o, Bakı şəhəri, 7-ci mikrorayon ərazisində binaların arasında məişət tullantılarının olduğu ərazidən bir ədəd tapança tapmışdır. Həmin gün saat 17:00 radələrində küçədə piyada hərəkətdə olan zaman Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin əməkdaşları olmalarını bildirərək ona üzərində qanunsuz odlu silah olması ilə bağlı məlumatları olduğunu bildirmişlər. Bununla bağlı olaraq özlərini təqdim etdikdən sonradaha sonra onu 4-cü polis şöbəsinə dəvət etmişlər. Onlarla birlikdə 4-cü polis şöbəsinə gəlmişdir. Şöbədə üzərinə baxış keçirilməmişdən öncə ona hüquqları izah olunmuşdur, dövlət hesabına hüquqlarımı müdafiə etməsi üçün vəkil siyahısı təqdim olunmuşdur. Vəkillərin siyahısı ilə tanış olmuşdur. O, siyahıda göstərilən hər hansı bir vəkilin hüquqlarını müdafiə etməsinə etiraz etməmişdir və vəkilin şəxsi axtarış zamanı çəkilişdə iştirak etməməsinə etiraz etməmişdir. Bundan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan göy rəngli şalvarın arxasında belinin üzərində gizlətdiyi bir ədəd Naqan sistemli Revolver tapançanı çıxardıb çəkiliş zamanı təhqiqat orqanına təqdim etmişdir. Həmin tapançanı tapdığını bildirmişdir. Narkotik maddələrin və silahın satışı ilə məşqul olmur, sadəcə narkotikin istifadəçisidir. Üzərinizdən aşkar edilmiş narkotik maddəni aldığın şəxsdən əvvəllər narkotik almamışdır. Həmin şəxslə təsadüfən tanış olmuşdur. Daimi narkotik aldığı bir şəxs yoxdur, təsadüfən rastlaşdığı tanımadığı şəxslərdən bir-iki dəfə istifadəlik heroin alır. Üzərində heroin olması barədə heç kimin məlumatı olmamışdır. Üzərində olan mobil telefon olmamışdır. Hazırda törətdiyi cinayət əməllərindən peşman olduğunu qeyd edərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, hazırda Binəqədi RPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis baş leytenantıdır. Bakışəhəri, Binəqədi rayonu, 7-ci mkr 4 nömrəli yataqxanada yaşayan Təqsirləndirilən şəxs narkotik maddə əldə edərək üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar onun zahiri əlamətləri və tez-tez harada olduğu müəyyən edilmişdir. Onun cinayət başında yaxalanması üçün Polis Bölməsinin rəisinə məruzə olunmuşdur. Belə ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair onun tərəfindən qəbul olunmuş qərar bölmə rəisi tərəfindən təsdiq olunmuşdur. Onun vəBinəqədi RPİ-nin 5-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 da tərkibinə daxil olduğu əməliyyat qrupu təşkil edilmiş və bu barədə protokol tərtib olunmuşdur. Onlar Şahid1lə birlikdə 19 yanvar 2022-ci il tarixdə saat 18:30 radələrində Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən “Medeira” hospitalın yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb üzərində narkotik vasitə olması ilə bağlı onlarla birlikdə Binəqədi RPİ-nin 5-ci PB-nə getməli olduğunu bildirmişlər. O da etiraz etmədən onlarla birgə bölməyə gəlmişdir. Orada xidməti otaqda ona hüquq və vəzifələri izah olunmuş, onun razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifələri izah edilərək video çəkiliş vasitəsiləüzərinəşəxsi axtarış aparmışlar. Təqsirləndirilən şəxsəynindəki qara rəngli paltonun sol yan cibindən bir ədəd gümüşü kağızabükülmüş kütləni çıxarıb stolun üzərinə qoymuşdur. Ondan üzərində başqa hər hansı bir əşyanın olub-olmaması barədə soruşub ciblərini açmağını tələb etmişlər. O, şalvarının hər iki cibini açmışdır. Oradan hər hansı qadağan olunmuş əşya aşkar edilməmişdir. Bundan sonra onun paltosunun sol yan cibindən aşkar olunan gümüşü rəngli kağız açılmış və içərisindən heroin adlanan narkotik maddəyə bənzər qəhvəyi rəngli toz şəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin həqiqətən də narkotik maddə heroin olmasını və 19 yanvar 2022-ci il tarixdə səhər saatlarında 10 manata Nəsimi rayonu, Papanin adlanan ərazidən tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş maddə qablaşdırılaraq zərfə qoyulub möhürlənmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid1, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid2 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-nin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 4-cü PŞ-də baş əməliyyat müvvəkili vəzifəsində işləyir və polis mayorudur. Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar onun zahiri əlamətləri və tez-tez harada olduğu müəyyən edilmişdir. Onun cinayət başında yaxalanması üçün tərəflərindən PŞ-nin rəisinə məruzə olunmuşdur. Belə ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair onun tərəfindən qəbul olunmuş qərar şöbə rəisi tərəfindən təsdiq olunmuşdur. Ondan və Binəqədi RPİ-nin 4-cü PŞ-nin cinayət axtarış əməliyyat müvəkkili polis baş-leytenantı Şahid4 ibarət əməliyyat qrupu təşkil edilərək bu barədə protokol tərtib olunmuşdur. Onlar Şahid4lə birlikdə 21 fevral 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması ilə bağlı onlarla birlikdə Binəqədi RPİ 4-cü PŞ-nə getməli olduğunu bildirmişlər. O da etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsinin rəisinə bu bərədə məlumat verildikdən sonra təhqiqatçı tərəfindən cinayət təqibi üzrə müvafiq prosessual hərəkətlər həyata keçirilmişdir. Belə ki, PŞ-nin inzibati binasındakı otaqların birində vətəndaş Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu zaman onun razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifələri izah edilərək video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın arxasında belinin üzərindən 01 ədəd 8629 nömrəli, Rusiyada, Tula imperator silah zavodunda 1902-ci ildə istehsal olunmuş “Naqan” sistemli “Revolver”i təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin revolveri 3 gün əvvəl 7-ci mkr-da məişət tullantıları olan ərazidən tapdığını bildirmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-nin əməliyyat müvəkkili Şahid4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq odlu silah saxlaması, gəzdirməsi barədə Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞnin əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirilmiş şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şöbənin inzibati binasında aparılan şəxsi axtarış zamanı sonuncunun əynindəki göy rəngli şalvarın arxasında bel hissəsinə keçirilmiş bir ədəd odlu silah aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli, 22/168R nömrəli Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 8629 nömrəli silah X5 İmperator zavodunda 1902-ci ildə istehsal olunmuş, 7,62mm kalibrli Naqan sistemli revolverdir, yivli od silahıdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-194/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 21 fevral 2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli protokoldan və əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o, sorğu zamanı əynindəki göy rəngli şalvarın arxasında belinin üzərindən 01 ədəd 8629 nömrəli, Rusiyada, Tula imperator silah zavodunda 1902-ci ildə istehsal olunmuş “Naqan” sistemli “Revolver”i təqdim edib, həmin silahı üç gün əvvəl Binəqədi rayonu, 7-ci mikrorayondan binaların həyətindən məişət tullantıları olan ərazidən tapdığını bildirmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxso ğlunun CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi CM-in 228.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və sonuncu nömrə altında istintaqı davam etdirilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək, daşıması və saxlaması barədə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq bölməyə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli paltonun sol yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə olan kütlə aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli, 6/363 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” yazısı və imzalar olan zərfdəki bir ədəd təmiz çəkisi 1,293 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 1,293 qram, tədqiqata sərf olundu – 0,1 qram, qalıq – 1,193 qram. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş və sonuncu saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli, 409 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetamindən birgə qəbulu nəticəsində asılılıq sindromu-narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2022-ci il tarixli protokoldan və əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəki qara rəngli paltonun sol yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoyur, bükümün içərisindəki maddənin nə olduğu soruşulduqda sonuncu həmin maddənin narkotik vasitə olan heroin olduğunu, onu 19 yanvar 2022-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu, «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən 10 manata alıb üzərində saxladığını bildirir, bundan başqa onun üzərindən heç bir qanunsuz əşya aşkar edilmir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, hazırda ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş təmiz çəkisi 1,293 qram olan heroin və bir ədəd 8629 nömrəli, zavud üsulu ilə Rusiya Dövlətində, Tula İmperator zavodunda 1902-ci ildə istehsal olunmuş, 7,62mm kalibrli Naqan sistemli texniki cəhətdən saz olaraq atəş üçün yararlı yivli odlu silah olan “Revolver” iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra heroinin 1,193 qram qalmış qalığı bir ədəd 8629 nömrəli, zavud üsulu ilə Rusiya Dövlətində, Tula İmperator zavodunda 1902-ci ildə istehsal olunmuş, 7,62mm kalibrli Naqan sistemli “Revolver” tapança ilə birlikdə saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü iki ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-547/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 10 iyun 2022-ci il tarixədək uzadılmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 228.1 və 234.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 228.1 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 19 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 21 yanvar 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək həmin tarixdə saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 19 yanvar 2022-ci il tarixdən 21 yanvar 2022-ci il tarixədək, yəni 2 (iki) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 19 yanvar 2022-ci il tarixdən 21 yanvar 2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 21 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-194/2022 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 21 fevral 2022-ci il tarixdən hesablanmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-547/2022 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti 10 iyun 2022-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 21 fevral 2022-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanlmışdır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 21 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CM-in 99-1 və CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,193 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd 8629 nömrəli, zavud üsulu ilə Rusiya Dövlətində, Tula İmperator zavodunda 1902-ci ildə istehsal olunmuş, 7,62mm kalibrli Naqan sistemli “Revolver” tapança hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilməli, eləcə də iş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 yanvar 2022-ci il tarixdən 21 yanvar 2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 21 fevral 2022-ci il tarixdən hesablanmaqla, həbsdə saxlanılma müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,193 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd 8629 nömrəli, zavud üsulu ilə Rusiya Dövlətində, Tula İmperator zavodunda 1902-ci ildə istehsal olunmuş, 7,62mm kalibrli Naqan sistemli “Revolver” tapança hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilsin. İş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar