Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-380/2024 05.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1983-cü ildə Kürdəmir rayonu, Sığırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Sığırlı ə/d, Sığırlı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Sulutəpə qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət işinin ibtidai istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 01 fevral 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,571 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan tünd göy rəngli şalvarın sağ kiçik yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə saat 17 radələrində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyattədbiri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, döngə 13-də saxlanılaraq 40-cı Polis Bölməsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 18:35-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli şalvarın sağ kiçik yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,571 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki, Kürdəmir rayonu Sığırlı kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla, Abşeron rayonu rayonu Sulutəpə qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. Təxminən 3 ay müddətdir ki, o, psixotrop maddə metamfetamin istifadə etmişdir. 01 fevral 2024-cü il tarixdə saat 17 radələrində o, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, döngə 13-də olduğu zaman bir neçə şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş və polis əməkdaşları olmasını bildirmişlər. Bundan sonra polis əməkdaşları ona üzərində psixotrop maddə saxlamağında və psixotrop maddədən istifadə etməyində şübhəli olduğunu bildirib onu 40-cı polis bölməsinə gətirmişlər. Polis bölməsində olarkən otaqların birində saat 18:35-də polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə onun üzərində axtarış aparılmağa başlanılmışdır. Axtarış aparılan zaman polis əməkdaşı ondan üzərində psixotrop maddə və ya hər hansı bir qanunsuz əşya olub-olmamasını soruşmuş, olduğu halda könüllü təqdim etməsi təklif etmişdir. O, da üzərində olan tünd göy rəngli şalvarın sağ kiçik yan cibindən bir ədəd sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olmasını demişdir. Həmin bükümün içərisi açılıb baxıldıqda içərisində şəffaf rəngli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər maddənin olması müəyyən edilmişdir. Sonra polis əməkdaşları tərəfindən onun üzərində axtarış aparılmış, başqa psixotrop maddə və ya hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Sonra polis əməkdaşı tərəfindən onun təqdim etdiyi psixotrop maddə metamfetamin bükümdə elektron tərəzidə çəkilmiş və çəkisi 0,65 qram olmuşdur. Bundan sonra polis əməkdaşına təqdim etdiyi psixotrop maddə metamfetamin sellofan bükümdə ağ rəngli zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol polis əməkdaşları və onun tərəfindən imzalanmışdır. Onun üzərindən axtarış zamanı aşkar edilmiş ona məxsus psixotrop maddə metamfetaminin təmiz çəkisinin 0, 571 qram olmasını bilmişdir. Üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, “Sovetski” adlı ərazidə tanımadığı şəxsdən 5 manata almışdır. O, həmin şəxsin kimliyini bilməmiş, belə ki, o, həmin şəxsi üzdən tanımış, əvvəllər də bir neçə dəfə həmin şəxsdən psixotrop maddə metamfetamin almışdır. O, həmin şəxslə “Sovetski” adlı ərazidə gəzərkən qarşılaşmış, həmin zaman da yaxınlaşıb psixotrop maddə almışdır. O, psixotrop maddələrin satışı ilə məşğul olmamış, yalnız psixotrop maddə metamfetamin istifadə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini, arvadının vəfat etməsini, evdə yeganə qazanc gətirən şəxs olmasının nəzərə alınmasını və məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxış iclasında dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PBnin polis sahə inspektoru, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhərində anadan olmuş, Abşeron rayonu Sulutəpə qəsəbəsi nömrəsiz evdə yaşayan, xx xxxxx 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi və Binəqədi rayonu ərazisində üzərində gəzdirməsi barədə 01 fevral 2024-cü il tarixdə polis bölməsinə etimad doğuran, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş əməliyyat məlumatını raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və cinayət əməlini ifşa etmək məqsədi ilə barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. 40-cı polis bölməsinin sahə rəisi, polis mayoru X19 və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 01 fevral 2024-cü il tarixdə saat 17:00 radələrində o, Aslanov Renatla birlikdə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi döngə 13 ünvanında olduğunu görmüşlər. O, Təqsirləndirilən şəxs saxlayıb sonuncuya narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, barəsində əməliyyataxtarış tədbirlərinin həyata keçirildiyini, bu barədə qərar qəbul etdiyini demiş və üzərinə şəxsi axtarış keçirilməsi üçün Təqsirləndirilən şəxs polis bölməsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs polis bölməsində üzərində şəxsi axtarış keçirilməsinə etirazının olmadığını demişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs polis bölməsinə aparıb X10a təhvil vermişlər. O, Təqsirləndirilən şəxs polis bölməsinə aparmaqları ilə bağlı raport yazmışdır. X10 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, vəkil tutmaq hüququnu izah etmişdir. Bundan sonra Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş və polis bölməsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs vəkil Müdafiəçi etirazının olmadığını demişdir. Təqsirləndirilən şəxs ərizə yazaraq üzərinə şəxsi axtarışın müdafiəçisi Müdafiəçi iştirakı olmadan keçirilməsini bildirmişdir. Vəkil Müdafiəçi heç bir etirazının olmadığını bildirib otağı tərk etmişdir. Bundan sonra X10 xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarışda o və polis əməkdaşı Aslanov Renat iştirak etmişlər. Polis əməkdaşı X12 isə “Panasonic” markalı video kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir manatlıq pul əskinası və sağ kiçik yan cibindən bir ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoymuşdur. X11 Təqsirləndirilən şəxs üzərini yoxlamış və başqa predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş maddənin “patı” olduğunu, həmin gün saat 10 radələrində “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən özünün istifadəsi üçün 5 manata aldığını bildirmişdir. X11 Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni bükümlə birlikdə elektron tərəzidə çəkmiş və 0,65 qram miqdarında olduğu müəyyən edilmişdir. X11 Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni bükümlə birlikdə ağ rəngli kağız zərfə qoymuş, zərfin açıq yerini yapışdırmış və möhürləmişdir. Kamil Cahangirov həmin zərfin üzərində qeydiyyat aparmış və onlar zərfin üzərinə imza çəkmişlər. X10 Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni ekspertiza tədqiqatı üçün götürmüşdür. X10 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin aparılmasına dair protokol tərtib etmiş, o və digər iştirakçılar həmin protokolu imzalamışlar. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə psixotrop maddə metamfetamini haradan əldə etdiyini bilməmişdir. Təqsirləndirilən şəxs həmin metamfetamini haradan əldə etməsi, eləcə də hər hansı bir şəxsdən alması barədə ona məlumat daxil olmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs metamfetamini 01 fevral 2024-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən 5 manat pulun müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması barədə onun işlədiyi polis bölməsinə məlumat daxil olmamış, sonuncu metamfetamini istifadə etmək üçün əldə edib üzərində saxlamışdır. Məhkəmə iclasına çağırılmış şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsini 40cı Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili X14 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş hesab edilmiş və digər Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2024-cü il, saat 17:00-da Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati otaqlarının birində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və onun üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli şalvarın sağ yan kiçik cibindən 1 ədəd şəffaf sellofana bükülmüş büküm götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,571 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi üçün Binəqədi Rayon Məhkəməsinə təqdimat verilməsinə dair Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Elvin Əlizadənin vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynində olan tünd göy rəngli şalvarın sağ yan kiçik cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müstəntiqin çağıırşlarına gəlmədiyi üçün barəsində məcburi gətirmə qərarı çıxarılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs istintaqdan gizlənməsini nəzərə alıb onun barəsində axtarış elan edilmiş, həmin tarixli qərarla cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2024cü il tarixdə saat 10:00 dəqiqədə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə könüllü gəlmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmiş və Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. xx.xx.2024-cü il tarixli, 2530 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamənin surətindən görünür ki, təqsirləndirilən şəxs İdrisov X7 Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.5, 177.2.1, 32.5, 177.2.3, 234.2, 67.1-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2015-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə 06 ay 12 gün vaxtından əvvəl şərti azad olunmuş, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş qalıq çəkisi 0,521 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin növbətçi hissəsinə təhvil verilmiş, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd CD disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Elektron-məhkəmə” informasiya sistemində edilmiş sorğular nəticəsində məlum olmuşdur ki, xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2006-cı il təvəllüdlü X1 Mirbaba Novruz oğlunun övladlarıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını və himayəsində 2 uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzədə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmamasını), cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Abşeron rayonu, Sulutəpə qəsəbəsində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 01 fevral 2024-cü il tarixdə saat 18:20-də məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, 03 fevral 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin gün saat 10:00-dan 10:45-ə qədər təqsirləndirilən şəxs qismində dindirilmiş, daha sonra barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətlə Binəqədi rayon Prokurorluğuna müraciət edilmiş, Binəqədi rayon prokuroru Fuad Məmmədovun 03 fevral 2024-cü il tarixli qərarı ilə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,521 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 32 (otuz iki) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 32 (otuz iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 192 (yüz doxsan iki) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,521 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X5 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ **********0000003944 S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 32 (otuz iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 192 (yüz doxsan iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-380/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-380/2024
05.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver