Məhkəmə qərarları › İş №1(001)-382/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-382/2020

04.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-382/2020 04.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Bakı şəhər Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs müdafiəçi «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmənin hazırlıq iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən, ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və digər şəxsə müqavimət göstərməklə qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Zərərçəkmiş şəxs1 tərəfindən Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)- 7252/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin icrası üçün verilmiş xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Binəqədi rayon İcra və Probasiya şöbəsinə dəvət edilmiş, burada şöbənin icra məmuru Zərərçəkmiş şəxs1 ondan məhkəmə qətnaməsini icra etməsini istəmiş, Təqsirləndirilən şəxs apellyasiya şikayəti verməsini əsas gətirərək, Zərərçəkmiş şəxs1 qətnamənin icrası barədə göstərişlərinə qəti etiraz etmiş, Zərərçəkmiş şəxs1 ondan apellyasiya şikayəti verməsini təsdiq edən sənədləri təqdim etməsini istədikdə isə o, heç bir əsaslı səbəb olmadan, Binəqədi rayon İcra və Probasiya şöbəsində olan şəxslərə öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə özünü ətrafdakılara qarşı qoymaqla, açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq normalarına saymamazlıq göstərərək ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə, yüksək səslə hər hansı sənəd təqdim etməyə borclu olmadığını bildirmiş, Zərərçəkmiş şəxs1 məhkəmə qərarının icra ediləcəyi təqdirdə isə ona qarşı zor tətbiq edəcəyi ilə hədələmiş, Zərərçəkmiş şəxs1 onu sakitliyə dəvət edərək, apellyasiya şikayəti verməsi səbəbindən müvafiq qətnaməni icra etməməsini yazılı izahatında göstərməsini istədikdə, Təqsirləndirilən şəxs daha da hiddətlənərək ilkin olaraq Zərərçəkmiş şəxs1 xidməti geyiminin yaxasından yapışıb zor tətbiq edərək sol əli ilə Zərərçəkmiş şəxs1 üz nahiyəsinə yumruqla vurmaqla sonuncuya ağzın sağ divarının yumşaq toxumalarının əziyi və selikli qişasına qansızma kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, sağ əli ilə Zərərçəkmiş şəxs1 xidməti geyiminin üzərindəki paqonu qoparmış, bundan sonra da o, zor tətbiq olunmaqla müşayiət olunan və ictimai qaydanın pozulmasına yönəlmiş hərəkətlərini davam etdirərək, icra məmuruna qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edib Zərərçəkmiş şəxs1 yaxasından tutmaqla sonuncunu dolaba toxundurub əmlakın zədələnməsi, yəni dolabın şüşəsinin sınmasına da səbəb olmuş və həmin vaxt Zərərçəkmiş şəxs1 xidməti iş otağında olan, müqavilə əsasında Binəqədi rayon İcra və Probasiya şöbəsində xidmət göstərən, ictimai qaydanın pozulmasının qarşısını almağa, onu icra məmuru Zərərçəkmiş şəxs1 aralamağa çalışan digər şəxsə - Zərərçəkmiş şəxs2 qarşı da zor tətbiq edib onun sağ qolundan tutub sıxaraq, sonuncunu yerə yıxmaqla sağ bazunun qançırı kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirərək, həmin hərəkətləri ilə həm də Binəqədi rayon İcra və Probasiya şöbəsinin iş rejimini 15 dədiqədən çox müddət ərizində pozaraq, ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 məhkəməyə vəsatətlə müraciət edərək cinayət işinin icraatına xitam verilməsi və cinayət işinin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, o, və hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə ibtidai araşıdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində aparılmış ********* saylı cinayət işnin materialları ilə tanış olarkən, müdafiə tərəfinə məlum olmuşdur ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs hərəkətlərində heç bir cinayət əməlinin tərkibinin olmamasına baxmayaraq, o, tam qanunsuz olaraq, cinayət işi üzrə təqsirləndirilən şəxs kimi cəlb olunmuşdur. Cinayət işi materialları ilə tanış olduqdan sonra, müdafiə tərəfi xx xxxxxx 2020-ci il tarixdə müstəntiqə imza etdirərək ona yazılı vəsatətlər vermiş, elə həmin gün, Bakı şəhəri Binəqədi rayon Prokurorluğunun girişində olan poçt qutusuna Bakı şəhəri Binəqədi rayon Prokurorunun adına tərtib olunmuş vəsatət (eyni zamanda, həmin vəsatət elə həmin gün poçt vasitəsi ilə də sifarişli olmaqla, göndərilmişdir) verilmişdir. Müstəntiqin adına olan vəsatətdə qeyd olunmuşdu ki, aşağıdakı istintaq hərəkətlərinin keçirilməsi ilə bağlı vəsatət qaldıraraq, onların təmin olunmalarını istintaq orqanından xahiş etdik:

1. xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsində icra məmuru Zərərçəkmiş şəxs1 öz xidməti otağında, hüquqlarını müdafiə etdiyi şəxsi söyüb, döyüb, təhqir edərkən, həmin otaqda olmuş 5 nəfərin: 3 nəfər qadının və 2-nəfər də kişinin şəxsiyyətlərinin müəyyən olunaraq, onların cinayət işi üzrə ətraflı dindirilsin və həmin şəxslərlə hüquqlarını müdafiə etdiyi şəxsin ifadələri arasında ziddiyyətlər olarsa, həmin şəxslərlə hüquqlarını müdafiə etdiyi şəxslə üzləşdirilsin.

2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsinin və «İcra haqqında Azərbaycan Respublikası Qanunun» 19.1.6-cı maddəsinin çıxarışları, həm icra məmurunun, həm də ki, prokurorluq əməkdaşlarının həmin maddələrdə qeyd olunmuş qanunun tələblərinin nəzərə almaları üçün cinayət işinə əlavə olunsunlar.

3. xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində olmuş polis əməkdaşları, o cümlədən araşdırmanı aparan təhqiqatçı, icra məmuru Zərərçəkmiş şəxs1 dostu, hüquqlarını müdafiə etdiyi şəxsin anası, qonşuları olan qadın və hüquqlarını müdafiə etdiyi şəxsin atasının dostu Yavər adlı şəxs işin halları ilə bağlı ətraflı dindirilsinlər.

4. Daxili İşlər Nazirliyinin 102 xidmətindən hüquqlarını müdafiə etdiyi şəxsin atasının xx xxxxxx 2020-ci il tarixdə etdiyi zənglərlə bağlı bütün danışıqlar götürülüb, baxışları keçirilərək, cinayət işinə əlavə olunsunlar.

5. Mobil operatorlardan xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi müddət üçün hüquqlarını müdafiə etdiyim şəxsin, onun atasının, icra məmuru Zərərçəkmiş şəxs1 istifadələrində olmuş Mobil telefonlarının tabloqrammaları, o cümlədən anten dairələri, bütün zənglər barədə məlumatlar götürülüb, baxışları keçirilərək cinayət işinə əlavə olunsunlar.

6. xx xxxxxx 2020-ci il tarixi üçün Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsində olan bütün videokameralardan görüntülər götürülərək, baxışları keçirilib, cinayət işinə əlavə edilsinlər. Eyni zamanda, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində ibtidai araşdırılması aparılmış ********* saylı cinayət işnin materialları ilə tanış olarkən, müdafiə tərəfinə məlum olmuşdur ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs hərəkətlərində heç bir cinayət tərkibinin olmaması ilə yanaşı, xx xxxx 2020-ci il tarixdə ibtidai araşdırmanı aparan müstəntiq tərəfindən, cinayət işi üzrə icraat təqsirləndirilən şəxsin səhhətində problemlər olması səbəbindən dayandırılmış, xx xxxxxx 2020-ci il tarixdə isə təqsirləndirilən şəxsin səhhətində olan problemlər aradan qalxdığından cinayət işi üzrə icraat təzələnmişdir. Qeyd olunan prosessual qərarlar qanunun tələblərinə tam zidd formada qəbul olunduqlarından, bu barədə yuxarıda da qeyd etdiyi kimi o, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon prokuroruna yazılı vəsatət təqdim etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 121.2-ci maddəsinə əsasən, cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. Vəsatətlər hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatətlərdir və xahişlərdir. Onlar qanunun tələblərinə əsasən, rədd edilə bilməzlər. Lakin nə birinci, nə də ikinci vəsatətə o, və hüquqlarını müdafiə etdiyi şəxs heç bir cavabın almamasına baxmayaraq, xx xxxxxx 2020-ci il tarixdə müdafiə tərəfinə məlum olmuşdur ki, iş artıq Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin icraatındadır və məhəkəmənin hazırlıq iclasında baxılması üçün xx xxxxxx 2020-ci il tarixə təyin olunmuşdur. Məlumdur ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 287-ci maddəsinə əsasən, «287.1. Cinayət işinin materialları ilə tanış olduqdan sonra müstəntiq təqsirləndirilən şəxsin, onun müdafiəçisinin… əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsi barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır. Cinayət prosesi iştirakçısının xahişi ilə yazılı vəsatətin hazırlanması və verilməsi üçün 48 saatadək vaxt verilə bilər. 287.2. Vəsatətin tam və ya qismən rədd edilməsi haqqında müstəntiq əsaslandırılmış qərar çıxarır və həmin qərarın surətini vəsatətin verildiyi andan 48 saatdan gec olmayaraq vəsatəti vermiş şəxsə təqdim edir. Vəsatət həll edilməyənədək cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilə bilməz. 287.3. Müstəntiqin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsindən imtina olunması barədə qərarından bu vəsatətin rədd edilməsi barədə qərarın surəti verildiyi vaxtdan 48 saat müddətində istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət verilə bilər…» Bir daha qeyd edirik ki, müstəntiqin ittiham aktını nə vaxt tərtib etməsi bizə məlum olmasa da iş artıq məhkəmədədir. Cinayət işi üzrə qəbul olunmuş prosessual qərarların heç biri prosessual normalara cavab vermir və qanunun tələblərini gözləməklə tərtib olunmayıblar. Odur ki, müdafiə tərəfi hesab edir ki, qeyd olunan qərarlar həm hüquqi qüvvəsi olan bir sənəd deyil, həm də ki, məzmunca tam həqiqətə uyğun olmayan ifadələrlə dolu heç bir hüquqi normalara cavab verməyən, qanunun normalarına cavab verməyən bir qanunsuz qərarlar olduqlarından ləğv olunmalıdırlar: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, «52.3. Bütün istintaq hərəkətlərinin protokolları dərhal və ya bütün hallarda istintaq hərəkətinin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikası Baş Prokurorluğuilə birgə müəyyən etdiyi qaydada qeydə alınmalıdır. Bütün prosessual qərarlar ciddi hesabat sənədləri olmaqla xüsusi formalı, nömrələnmiş blanklarda tərtib olunur. Həmin blankların formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən birgə müəyyən olunur.» Lakin müstəntiqlər cinayət işində olan bütün qərar və protokolları qeydə almayıblar və ya qanunun tələblərinə uyğun qeydə almayıblar. Əgər qanunun bu tələbi düzgün həyata keçirilsəydi, məlum olardı ki, istintaq hərəkətləri əsl həqiqətdə hansı tarixdə və vaxtda keçirilmişlər…, yəni heç bir saxtakarlıqlara yol verilə bilməzdi. Bu səbəbdən də, müdafiə tərəfinin fikrincə müstəntiqlər cinayət işini başdan ayağa, o cümlədən, qərar və protokolların çoxlarını saxtalaşdırmışlar. Bu hallar isə aradan qaldırılmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 290.1ci maddəsinə əsasən, «290.1. İttiham aktını imzaladıqdan sonra müstəntiq onu həmin gün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. …Məhkəmənin nəzərinə çatdırırıq ki, bundan əvvəl, cinayət işi üzrə qəbul olunmuş cinayət işi üzrə icraatın qanunsuz dayandırılması və iş üzrə icraatın təzələnməsi qərarlarının ləğv olunması məsələsinə baxılmalı və müvafiq prosessual qərar qəbul olunmalı idi. Müdafiə tərəfinin hüquqlarının əlavə olaraq, digər kobud pozuntusu isə ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 292-ci maddəsinə əsasən, «…292.3. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror eyni zamanda təqsirləndirilən şəxsə və onun müdafiəçisinə imza etdirməklə ittiham aktının və ona əlavələrin təsdiq edilmiş surətlərinin verilməsini təmin etməlidir. İttiham aktına və onun əlavələrinə dəyişikliklər edildiyi halda, ittiham aktı yalnız sonuncu redaksiyada verilir….» Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 298.4-cü maddəsinə əsasən, «298.4. Bu Məcəllənin 298.3-cü maddəsinin tələblərini yerinə yetirərkən məhkəmə göstərilən şəxslərə müvafiq olaraq ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun və ya xüsusi ittiham qaydasında şikayətin surətini göndərməlidir (təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ittiham aktının surətinin verilməsinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təmin edilməsinə görə məhkəmə bu şəxslərə həmin sənədləri göndərmir).» Qeyd olunan qanunun tələblərindən məlum olur ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsə və onun müdafiəçisinə imza etdirməklə ittiham aktının və ona əlavələrin təsdiq edilmiş surətlərinin verilməsini təmin etməli idi. Bu zaman ittiham aktına və onun əlavələrinə dəyişikliklər edildiyi halda, ittiham aktı yalnız sonuncu redaksiyada verilir. Lakin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ittiham aktını təqdim etməyi, ümumiyyətlə, unutmuşdur. Bu da kobud qanun pozuntusudur. xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin birinci hazırlıq iclasında məlum olmuşdur ki, uzaqgörənliyin fenomeninə bax ki, xx xxxxxx 2020-ci il tarixdə müstəntiqə, sonuncuya imza etdirməklə təqdim olunmuş vəsatətlə bağlı müstəntiq artıq xx xxxxxx 2020-ci il tarixdə müvafiq qərar qəbul etmişdir?! Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikasının CPM-nin 92 və 303-cü maddələrinə əsasən, cinayət işinin baxılmasına xitam verməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə müvafiq məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında çıxış edən təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 vəsatətini müdafiyə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında müdafiyə tərəfinin vəsatəti ilə bağlı yaranmış suallara aydınlıq gətirilməsi məqsədi ilə məhkəməyə dəvət olunmuş ibtidai istintaqı aparmış Bakı şəhər Binəqədi rayon Pİ-in İŞ-də baş müstəntiq vəzifəsində işləyən Həsənov Nuru ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs və onun müdafiəçisi saat 10-15 dəqiqədən saat 12-00 qədər cinayət işinin materialları ilə tanış olmuşlar, tanış olduqdan sonra protokolda yazılı vəsatət vermişlər və daha ətraflı vəsatət təqdim edəcəklərini bildirmişlər. Həmin tarixdə o, vəsatətin təmin edilmədən tam rədd edilməsi barədə qərar qəbul etmişdir. Həmin qərarı o, poçt vasitəsi ilə tərəflərə göndərmişdir. Məhkəmənin baxış keçirilməsi üçün ona təqdim etdiyi xx xxxxxx 2020-ci il tarixli vəsatətdə olan “qəbul etdim” “N.Həsənov” sözləri və “imza” onun tərəfindən icra olunmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 vəsatətin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Bakı şəhər Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı vəsatətin təmin olunmadan cinayət işinnin məhkəmənin icraatına qəbul edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 287.1-ci maddəsinə əsasən, cinayət işinin materialları ilə tanış olduqdan sonra müstəntiq təqsirləndirilən şəxsin, onun müdafiəçisinin… əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsi barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır. Cinayət prosesi iştirakçısının xahişi ilə yazılı vəsatətin hazırlanması və verilməsi üçün 48 saatadək vaxt verilə bilər. Azərbaycan Respublikası CPM-nin 287.2-ci maddəsinə əsasən vəsatətin tam və ya qismən rədd edilməsi haqqında müstəntiq əsaslandırılmış qərar çıxarır və həmin qərarın surətini vəsatətin verildiyi andan 48 saatdan gec olmayaraq vəsatəti vermiş şəxsə təqdim edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 287.1-ci maddəsində qeyd olunmuş «cinayət prosesi iştirakçısının xahişi ilə yazılı vəsatətin hazırlanması və verilməsi üçün 48 saatadək vaxt verilə bilər» müddəası imperativ xarakter daşımasa da təqsirləndirilən şəxs və ya onun müdafiəçisi cinayət işi ilə tanış olduqdan sonra yazılı surətdə ətraflı vəsatət hazırlaması üçün vaxt istədikdə istintaq orqanı müdafiyə hüququnun tam və hərtərəfli təmin olunması məqsədi ilə həmin vaxtı verməlidir. Bundan başqa həmin həmin Məcəllənin 287.2-ci maddəsində qeyd olunur ki, vəsatətin tam və ya qismən rədd edilməsi haqqında müstəntiq əsaslandırılmış qərar çıxarır və həmin qərarın surətini vəsatətin verildiyi andan 48 saatdan gec olmayaraq vəsatəti vermiş şəxsə təqdim edir. Vəsatət həll edilməyənədək cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilə bilməz. Lakin müstəntiq N.Həsənov xx xxxxxx 2020-ci il tarixdə vəsatətin rədd edilməsinə dair qərar qəbul etsə də həmin qərarı təqsirləndirilən şəxsə və onun müdafiyəçisinə təqdim etməli olduğu halda təqdim etməmiş və bununlada vəsatəti həll etmədiyi halda cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərmişdir. Müstəntiq N.Həsənovun cinayət işinin materiallarına əlavə etdiyi cild İİ i/v 236-da olan xx xxxxxx 2020-ci il tarixli vəsatətin əsassız olduğundan rədd edilməsinə dair qərarın surətini poçt vasitəsi ilə göndərməsinə dair müşahidə məktubunun olmasını Azərbaycan Respublikası CPM-də qeyd olunduğu kimi vəsatəti vermiş şəxsə təqdim edilməsi kimi qəbul edilə bilməz. Belə ki, həmin qərarın real göndərilməsini təsdiq edən poçt reyestri və ya qərarın surətinin təqdim edilməsinə dair hər hansı bir imzalı sənəd iş materiallarında mövcud deyil. Bundan başqa Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 52.3cü maddəsinə əsasən, Bütün istintaq hərəkətlərinin protokolları dərhal və ya bütün hallarda istintaq hərəkətinin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikası Baş Prokurorluğu ilə birgə müəyyən etdiyi qaydada qeydə alınmalıdır. Bütün prosessual qərarlar ciddi hesabat sənədləri olmaqla xüsusi formalı, nömrələnmiş blanklarda tərtib olunur. Lakin müdafiəçinin məhkəməyə təqdim etdiyi və cinayət işi ilə tanış olarkən surətlərini çıxartdığı istintaq hərəkətlərinin protokllarından məlum olur ki, istintaq hərəkətinin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikası Baş Prokurorluğu ilə birgə müəyyən etdiyi qaydada qeydə alınmadan surətləri xx xxxxxx 2020ci il tarixdə müdafyəçiyə təqdim olunmuşdur. Həmin protokollar istintaq yekunlaşandan sonra qeydə alınmışdır. Məhkəmə hesab edir ki, Müstəntiq N.Həsənovun Azərbaycan Respublikası CPM-nin 287.2-ci maddəsinin tələblərini pozması təqsirləndiridlən şəxs Təqsirləndirilən şəxs müdafiyə hüququnu pozulması kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan nöqsanlarla əlaqədar məhkəmə qeyd etmək istəyir ki, təqsirləndirilən şəxsin müdafiə hüququ Azərbaycan Respublikasının Konstitusiyası və qanunları, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası və digər beynəlxalq sənədlərlə, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda nəzərdə tutulmuş insan hüquq və azadlıqlarının həyata keçirilməsinin ən mühüm prosessual təminatlarından biridir. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ( bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntu hesab edilir, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Sözügedən Məcəllənin 299.1-cu maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.2-ci maddəsinə görə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında, aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə məsələyə baxılır. Həmin Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiə hüququ pozulmaqla aparılmış ibtidai istintaq hərəkətləri kobud qanun pozuntuları kimi qiymətləndirilməli və məhkəməyədək icraat zamanı bu pozuntular aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından Müdafiəçi1 vəsatəti təmin olunmalıdır. Beləliklə, məhkəmə ilkin dinləmələri keçirib, iş materiallarını yoxlayıb hesab edir ki, iş üzrə ibtidai istintaq zamanı CPM-nin 287.2-ci maddəsinin tələbləri pozulduğundan Azərbaycan Respublikasının CPM-nin 303.3.1-cı maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməli və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 300, 303 və 306-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

Vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.

Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar