Məhkəmə qərarları › İş №1(001)-382/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-382/2021

08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-382/2021 08.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı oğlunun, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.2000-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, 124-cü korpus fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop vasitə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 11.06.2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu “Sovetski” adlanan ərazidə yerləşən qaz borusunun yanında daşın altından şəxsiyyəti istintaqa məlum olmayan mənbə tərəfindən oraya qoyulmuş kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımış, 11.06.2021-ci il tarixdə saat 10.00 radələrində Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılaraq Binəqədi rayonu Azadlıq prospekti 191 ünvanında yerləşən həmin PB-nə gətirilərək, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarın sol cibindən bir ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 1,539 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, göstərilən ünvanda atası və anası ilə birlikdə yaşayır, subaydır və Sumqayıt Dövlət Universitetinin energetika fakultəsinin sonuncu kursu üzrə təhsil almaqdadır.Heç bir işlə məşğul deyildir.Son 1 il olar ki, metamfetamindən istifadə edir.Psixotrop maddə metamfetamin el arasında şüşə deyilən vasitəni instaqram sosial şəbəkəsində axtarış hissəsinə “patı” yazıb axtararkən qarşısına çıxan ilk profilə mesaj yazıb söhbətləşmişdir.Söhbət zamanı həmin xatırlamadığı profili işlədən şəxs İran İslam Respublikası vətəndaşı olan Emin adlı şəxs olmasını öyrənmişdir.Emin adlı şəxsdən (+98 911 431 47 17) vatsapp ani mesajlaşma şəbəkəsi vasitəsilə söhbətləşərkən ondan şüşə almaq istədiyini bildirmişdir.Həmin şəxs ona bank kart hesabına pul göndərməsini, bundan sonra ona həmin vasitəni verə biləcəyini demişdir.10.06.2021-ci il tarixdə Binəqədi rayonu Mərkəzi küçə deyilən yerdə “Rahat” marketdə yerləşən onlayn ödəmə aparatlarından biri ilə Eminin ona şəklini göndərdiyi kartın nömrəsini qeyd edib həmin karta 40 manat pul yükləmişdir.Səhərə yaxın Emin ona şəkil çəkib ataraq həmin psixotrop vasitə heroini atmış olduğu yeri göstərmişdir. 11.06.2021-ci il tarixdə səhər saat 07.00 tezdən şəklin olduğu yeri Emindən soruşub, Yasamal rayonu ərazisində “Sovetski” deyilən yerə getmiş, orada şəkildəki küçəni tapmış və orada qaz borusu yaxınlığında ağacın altında daşı qaldırıb oradan sellofan bükülüdə olan şüşə, yəni metamfetamini tapmışdır.Şəxsi istifadə məqsədi ilə üzərində saxlayıb gəzdirmişdir. 11.06.2021-ci il tarixdə saat 10.00 radələrində ünvan 6 ünvanının qarşısında Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları ona yaxınlaşıb onun narkotik və ya psixotrop vasitələrin daşınmasında şübhəli olduğunu deyib, 4-cü PŞ-yə dəvət etmişlər. 4-cü PŞ-də müdafiəçi ilə təmin olunaraq şübhəli kimi tutulduğu ona elan edilmişdir.Sonra üzərinə vəkilin iştirakı olmadan axtarış keçirilməsi ilə əlaqədar məlumat verilmiş və o, buna etiraz etməmişdir.Üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli şalvarın sol cibindən ağ şəffaf sellafona bükülmüş şüşə olaraq bilinən psixotrop maddə “metamfetamin”i təqdim etmişdir.Həmin vasitəni Emin adlı şəxsdən onlayn kart hesabına 40 manat ödəmə etməklə aldığını, belə ki, onun vvhatsapp tətbiqində ona şəklini çəkib atdığı yer olaraq Yasamal rayonu Sovetski deyilən ərazidən tapıb götürüb istifadə üçün üzərində daşıdığını bildirmişdir.Sonra həmin vasitə ondan götürülmüş və zərfdə qablaşdırılmış, üzəri o və digər iştirakçılar tərəfindən imza edilmişdir.O, ifadəsinə əlavə olaraq Emin adlı şəxsən tanımadığını əlamətlərini bilmədiyini, psixotrop maddə metamfetamini istifadə üçün alıb üzərinə daşıdığını, polis tərəfindən saxlanılarkən heç bir zorakılığa məruz qalmadığını bildirmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini və gənc olmasını və tələbə olmaqla ali təhsilini davam etdirmək arzusunun olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, o, Binəqədi RPİnin 4-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantı rütbəsindədir.11.06.2021-ci il tarixdə 4-cü PŞ-nə mötəbər mənbədən daxil olan məlumata əsasən xx.xx.2000-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 8 ünvanda qeydiyyatda olan Bakı şəhəri, Binəqədi rayonu 3-cü mədən ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edərək üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur.Qeyd edilən məlumat rəhbərliyə məruzə edildikdən sonra həmin şəxsin ifşa olunması və 4-cü PŞ-nin inzibati ərazisinə aid olan ərazidə və ətrafda qeyd edilən məlumat əsasında əməliyyat tədbirləri keçirilməsi barədə əməliyyat qrupu yaradılmış, həmin qrupa o və 4-cü PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 daxil olmuşdur.Beləliklə, keçirilən əməliyyat tədbirləri nəticəsində 11.06.2021-ci il tarixdə saat 10.00-da ünvan 3 ünvanının qarşısında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşmışlar.Həmin şəxsə özünü təqdim etməsini xahiş etdikdə o, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir.Onlar Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməkdə və qanunsuz olaraq daşımaqda şübhəli olduğunu bildirib, onu 4-cü PŞ-nə dəvət etmişlər.4-cü PŞ-də Təqsirləndirilən şəxs oğluna müdafiəçi ilə təmin olunması hüququ izah edilmiş və o, bu hüququndan istifadə etmək istədiyini bildirmişdir.Ona dövlət hesabına müdafiəçi dəvət edilərək, təqdim edildikdən sonra şübhəli şəxs qismində tutulması barədə ona və yaxınlarına məlumat verilmişdir.Bundan sonra Təqsirləndirilən şəxs video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilməsi barədə məlumat verilmişdir.O,üzərinə şəxsi axtarış aparılmasına və video çəkilişə etiraz etməmişdir.Üzərində qeyri-qanuni əşya varsa təqdim etməsi barədə ona deyildikdə, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol cibindən 01 ədəd ağ şəffaf sellofan bükümü masanın üzərinə qoymuşdur.Həmin bükümün içərisində “şüşə” adlanan psixatrop maddə metamfetamin olmasını bildirmişdir. Ondan həmin vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual verdikdə, Təqsirləndirilən şəxs mobil telefonu ilə sosial şəbəkə vasitəsi ilə danışdığı İran İslam Respublikası vətəndaşı Emin adlı şəxsə onlayn ödəmə terminalı vasitəsi ilə pul ödəniş edərək 11.06.2021-ci il tarixdə səhər saatlarında Eminin ona izah etdiyi ünvandan, yəni Yasamal rayonu Sovetski adlanan ərazidən qoyulmuş yerdən əldə edib götürdüyünü bildirmişdir.Sonra həmin gün saat 10.00 radələrində ünvan 11 ünvanının qarşısında polis tərəfindən saxlanılaraq 4-cü PŞ-nə dəvət edilmişdir.Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, heç bir əlavə qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir.Sonra onun üzərindən aşkar edilən psixotrop maddə metamfetamin qablaşdırılaraq çəkisi və tərkibi müəyyən edilməsi üçün tədqiqata göndərilməsi məqsədi ilə zərfləşdirilmiş və üzəri möhürlənmişdir.Həmin zərfin üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Şahid2 da Şahid1lə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 11.06.2021-ci il tarixli, 6/2391 saylı rəyinə əsasən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,539 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in, İ siyahısına daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsin keçirilmiş məhkəmə narkoloji ekspertizasının 10.07.2021-ci il tarixli, 2257 №-li rəyinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metmafetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, təqsirini etiraf etməsini, ilk dəfə az ağır cinayət törətməsini və gənc (tələbə) olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs təqsirini etiraf edir,əməlindən peşmandır, ilk dəfə az ağır cinayət törətmişdir, gəncdir (tələbə), əməlində cəzanı ağırlaşdıran hallar ümumiyyətlə yoxdur.Məlum olduğu kimi, Azərbaycan Respublikasında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə aparılan islahatlar çərçivəsində 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi barədə qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına cəza növü olaraq bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 11 iyun 2021-ci il tarixdən – 12 iyun 2021-ci il tarixədək, həbsdə olduğu 1 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1 (bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı X4 tərəfindən qəbul edilmiş 11 iyun 2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 11 iyun 2021-ci il tarixdə tutulmuşdur.Həmçinin, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Nazim İmanov tərəfindən qəbul olunmuş 12 iyun 2021-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və o, dərhal azad edilmişdir.Sonradan, Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı X4 tərəfindən qəbul edilmiş 13 iyun 2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, 124-cü korpus fərdi yaşayış evində çəkməli və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin və təhsil aldığı Sumqayıt şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” barədə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik maddə metafetamin 1,489 qram olan qalığı məhv edilməli və iş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344- 349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs oğlunun 11 iyun 2021-ci il tarixdən 12 iyun 2021-ci il tarixədək tutulduğu 1 (bir) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1(bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı - Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, 124-cü korpus fərdi yaşayış evində çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin və təhsil aldığı Sumqayıt şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs oğlu təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan metafetamin 1,489 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar