Məhkəmə qərarları › İş №1(001)-383/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-383/2022

09.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-383/2022 09.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, 14 avqust 1987-ci il tarixdə Cəlilabad rayonu, Novoqolovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 6-da qeydiyyatla olan, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı CÇMdə cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs cəza çəkdiyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində “Cəzaçəkmə müəssisələrinin X5” ilə qadağan olunmuş əşya – daxilində ***-***-**-** saylı "xxxx" GSM danışıq kartı olan bir ədəd “Samsung Galaxy J3” markalı, “SM-J330F/DS” modelli, “**********89139-**********89137” imei kodlu mobil telefonu istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş, daşımış və daxilində ***-***-**-** saylı "xxxx" GSM danışıq kartı vasitəsi ilə bacısı Şahid4 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı, qohumu Şahid5 istifadəsində olan ***-***-**-** saylı, tanışı Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələrinə zəng edərək əlaqə saxlamaqla istifadə etmiş, 07 yanvar 2022-ci il tarixdə, saat 10:55 radələrində müəssisənin əməkdaşları tərəfindən 8 saylı dəstənin yataqxanasında üzərinə axtarışbaxış tədbirləri keçirilən zaman əynindəki şalvarının sol arxa cibindən həmin qadağan olunmuş əşya aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, üzərindən aşkar edilərək götürülmüş daxilində ***-***-**-** saylı "xxxx" GSM danışıq kartı olan bir ədəd “Samsung Galaxy J3” markalı mobil telefon aparatının özünə məxsus olmuşdur. Həmin mobil telefon aparatını daxilində danışıq kartı ilə birlikdə aşkar olunmamışdan təxminən bir neçə gün əvvəl qeydiyyatda olduğu yataqxananın yaxınlığında olan idman meydançasından coraba bükülmüş vəziyyətdə yerdən tapmışdır. O, mobil telefon aparatından bir neçə dəfə istifadə edərək bacısı Şahid4 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı, bacısı qızının həyat yoldaşı Şahid5 istifadəsində olan ***-***-**-** saylı və tanışı Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələrini yığaraq əlaqə saxlayıb danışmış, həmin mobil telefon aparatı və danışıq kartı onda olan zaman ondan başqa heç kimin istifadə etməmiş və 07 yanvar 2022-ci il tarixdə, saat 10:55-də cəza çəkdiyi müəssisənin əməkdaşları tərəfindən 8 saylı dəstənin yataqxanasında qəfləti axtarış-baxış tədbirləri keçirilən zaman əynindəki şalvarının sol arxa cibindən daxilində ***-***-**-** saylı "xxxx" danışıq kartı olan bir ədəd “Samsung Galaxy J3” markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür.Təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində az yaşlı uşağının olmasının nəzərə alınaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə müəssisəsinin böyük inspektoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində işləyərkən müəssisənin 1 saylı dəstəsində cəza çəkən məhkum kimi tanımışdır. O, əməliyyat Şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən 07 yanvar 2022-ci il tarixdə, saat 10:55-də hal şahidlərinin iştirakı ilə birlikdə müəssisənin 8 saylı dəstənin yataqxanasında qəfləti axtarış-baxış tədbirləri keçirilən zaman məhkum Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının arxa sol cibindən “Cəzaçəkmə müəssisələrinin X5” ilə qadağan olunmuş əşya daxilində ***-***-**-** saylı "xxxx" danışıq kartı olan bir ədəd “Samsung” markalı, “**********89***- *******- 97989137” imei kodlu mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Qadağan edilmiş əşyanın aşkar olunması faktı ilə əlaqədar hal şahidlərinin və məhkum Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib edilərək daxilində danışıq kartı olan mobil telefon aparatı qablaşdırılaraq protokola əlavə olunmuş, protokolla bütün iştirakçılar tanış olduqdan sonra doğruluğunu imzaları ilə təsdiqləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşı Təqsirləndirilən şəxs orada istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi vasitəsilə istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən tanışı Təqsirləndirilən şəxs orada istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi vasitəsilə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq danışmışdır. Şahid5 tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli teleqramdan görünür ki, sonuncu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasına çağırılmış şahidlər Şahid2, Şahid3, Şahid5 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə CM-in 317-2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (i.v.1) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə axtarışbaxış tədbirləri keçirilən zaman əynindəki qara rəngli şalvarın sol arxa cibində daxilində ***-***-**-** nömrəli "xxxx" GSM danışıq kartı olan bir ədəd “Samsung Galaxy J3” markalı, “SM-J330F/DS” modelli, “**********89139-**********89137” imei kodlu mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. (i.v. 7-8 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2022-ci il tarixli, “5/72” nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd sensor ekran və “Android” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy J3” markalı arxa məlumat lövhəsinə görə “SM-J330F/DS” modelli “**********89139- **********89137” imei kodlu mobil smartfon olmaqla, hal-hazırda işlək vəziyyətdə olaraq istifadə üçün yararlıdır. (i.v.37-38) xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən, hökmdən və qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-in 178.2.2,181.2.1-ci maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli qərarı ilə CM-in 178.2.2-ci maddəsi ilə cinayət məsuliyyətdən azad edilmiş, CM-in 181.2.1-ci maddəsi ilə 08 il müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1; 234.4.3 təqsirli bilinərək, həmin Məcəllənin 67.1-ci və 93.1.2-ci maddələrinə əsasən 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzası 9 (doqquz) il müddətinə endirillmişdir. (i.v. 85, 86-94, 95-99) 18 mart 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığına görə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v. 120-121) 13 may 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunduğu üçün Azərbaycan Respublikası CPM-nin 279.1.1; 279.2-ci və 279.4-cü maddələrinin tələblərinə əsasən cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. (i.v. 132-133) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müəssisədə istifadə etdiyi “Samsung Galaxy J3” markalı, “SM-J330F/DS” modelli, “**********89139-**********89137” imei kodlu mobil telefon aparatından ***-***-**-** saylı GSM danışıq kartı vasitəsilə istifadə edərək 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar aylarının müxtəlif vaxtlarında ***-***-**-**; ***-***-**-**; ***-***-**-** saylı və ***-***-**-** saylı mobil telefon nömrələrinə zəng etməsi barədə məlumatlar vardır. (i.v 135-144) Azərbaycan Respublikası Ədliyyə Nazirinin “Cəzaçəkmə müəssisələrinin X5”nın təsdiq edilməsi barədə xx.xx.2011-ci il tarixli, 7 nömrəli Kollegiya qərarının 11-ci əlavəsinin çıxarışından görünür ki, mobil telefon məhkumlara qadağan olunmuş əşyaların siyahısına aiddir. (i.v 147-148) Maddi sübut kimi tanınması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş daxilində ***-***-**-** saylı "xxxx" GSM danışıq kartı olan bir ədəd “Samsung Galaxy J3” markalı, “SM-J330F/DS” modelli, “**********89139-**********89137” imei kodlu mobil telefon aparatı və "xxxx" MMC-dən alınmış 17 mart 2022-ci il tarixli, “4671” nömrəli məktub və iş üzrə çıxarış olan disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v. 145-146) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 317-2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v.162-163) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, məhkum Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə, yəni xx.xx.2022-ci il tarixdə üzərindən qadağan olunmuş, daxilində danışıq kartı olan 1 ədəd mobil telefon götürülməsi ilə əlaqədar cinayət işi başlanmış, istintaq yekunlaşaraq sənədlər məhkəməyə göndərilmişdir. Qadağan olunmuş əşyanın götürülməsi zamanı məhkum Təqsirləndirilən şəxs rejim pozuntusuna yol verdiyinə görə xx.xx.2022-ci il tarixdə 15 gün müddətinə cərimə təcridxanasına keçirilmə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkum Təqsirləndirilən şəxs qeyd olunanlardan nəticə çıxarmamış və xx.xx.2022-ci il tarixdə təkrarən mobil telefon istifadə etməsi barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə inzibati binaya dəvət edilərkən, yenidən qadağan olunmuş əşya istifadə etdiyinə və buna görə təkrarən cinayət məsuliyyətinə cəlb edilərək cəzasının artırılmaması üçün qeydiyyatda olduğu dəstədə səs-küy salaraq digər məhkumların diqqətini özünə cəlb etməklə başını yataqxananın pəncərəsinin şüşəsinə vuraraq alnından xəsarət almışdır. Onun bu hərəkətləri rejim pozuntusu kimi qiymətləndirilmiş və ona, xx.xx.2022-ci il tarixdə 15 gün müddətinə cərimə təcridxanasına keçirilmə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Görsəndiyi kimi, məhkum Təqsirləndirilən şəxs ilə aparılan fərdi-tərbiyəvi söhbətlər zamanı o, buraxdığı səhvləri dərk etmir, profilaktiki söhbətlərdən özünə düzgün nəticə çıxarmaq istəmir. Törətdiyi cinayət əməlinin ağırlığını dərk etmir və peşmançılıq hissi keçirmir. Xasiyyətcə qapalı və dəyişkəndir, cinayət işi üzrə olan ekspertiza xərcini ödəməmişdir. Ailə üzvləri ilə görüş və məhkumlar üçün nəzərdə tutulmuş telefon qovşağı vasitəsi ilə əlaqə saxlayır. Elektron sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X4 adlı bir azyaşlı uşağı vardır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 317-2.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.4, 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşağının olmasını, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır . Məhkəmə təqsirləndirilən şəxsə cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 317-2.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq ona törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bununla yanaşı məhkəmə hesab edir ki, CM-in 67-ci maddənin tələblərinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-592/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 9 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi hazırkı hökmlə təyin ediləcək cəzayla qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Odur ki, məhkəmə cinayət qanunun yuxarıda sadalanan normalarının tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-592/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə təyin olunmuş və çəkilməmiş 06 il 05 ay 07 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin təhlükəli residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza müddətinin əvvəli hökmün elan olunduğu andan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-592/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalı və barəsində qətimkan tədbiri seçilməməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş daxilində ***-***-**-** saylı "xxxx" GSM danışıq kartı olan bir ədəd “Samsung Galaxy J3” markalı, “SM-J330F/DS” modelli, “**********89139-**********89137” imei kodlu mobil telefon aparatı məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı, eyni zamanda "xxxx" MMC-dən alınmış 17 mart 2022-ci il tarixli, “4671” nömrəli məktub və iş üzrə çıxarış olan disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 53.65 (53 manat 65 qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi X2 təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 45 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-592/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş 6 (altı) il 5 (beş) ay 7 (yeddi) gün hissəsi CM-in 67.1-ci maddəsinə əsasən, ona hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilib üzərində qəti cəza 6 (altı) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 09 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-592/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməsi nəzərə alınsın və barəsində qətimkan tədbiri seçilməsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş daxilində ***-***-**-** saylı "xxxx" GSM danışıq kartı olan bir ədəd “Samsung Galaxy J3” markalı, “SM-J330F/DS” modelli, “**********89139- **********89137” imei kodlu mobil telefon aparatı məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən alınmış 17 mart 2022-ci il tarixli, “4671” nömrəli məktub və iş üzrə çıxarış olan disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 53.65 (53 manat 65 qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi ümumilikdə 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar