Məhkəmə qərarları › İş №1(001)-383/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-383/2024

05.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-383/2024 05.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, İsmayıllı rayonu, Qəşəm aslanov küçəsi, ev 30 ünvanında qeydiyyatda olmaqla ünvan 1ış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 3 ünvanında yerləşən “Araz” marketin qarşısında Zərərçəkmiş şəxs "xxxx" ASC-nin rəsmi dileri olan "xxxx" QSC-dən əvvəlcədən ödəniş etməklə aldığı və səyyar qaydada satış etdiyi lotereya biletlərindən satış masasının üzərində olan 1 ədədinin qiyməti 5 manat təşkil edən 68 ədəd “Dan Ulduzu” və 1 ədədinin dəyəri 5 manat təşkil edən 72 ədəd “Zümrüd” lotereya biletlərini götürməklə açıq yolla talayıb hadisə yerindən uzaqlaşaraq, Zərərçəkmiş şəxs ümumilikdə 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vuraraq tamah niyyəti ilə özgənin əmlakını açıq olaraq talamaqla soyğunçuluq etmişdir Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər CM-nin 177 və 234.1-ci maddələri ilə məhkum olunmuşdur. 04 mart 2024-cü il tarixdə qardaşı Şahid1 evdən çıxan zaman ondan hara getdiyini soruşduqda sonuncu dostu Anarla çay içməyə getdiyini bildirdikdə o da onlarla getmək istədiyini söyləmişdir. Anar idarə etdiyi “Hyundai Elantra” markalı, dövlət nömrə nişanını bilmədiyi avtomobil ilə yaşadıqları məhləyə gəlmiş və o, qardaşı Eminlə Anarın avtomaşınına əyləşərək gəzməyə başlamışlar. Avtomaşına əyləşdikdən sonra o, Anardan Binəqədi tərəfə sürməsini xahiş etmiş və orada işi olduğunu bildirmişdir. Anar isə ona etiraz etməmişdir. Lakin o, Anar və qardaşı Eminə Binəqədi tərəfə hansı məqsədlə getməyi barədə bir söz deməmişdir. O, narkotik aludəçisi olduğu üçün ağrıları olduğundan yer axtarmışdır ki, oğurluq edib pul əldə etsin. Bu səbəbdən də Anara Binəqədi tərəfə sürməyi bildirmişdir. Lakin oğurluq etməyi barədə qardaşına və Anara heç bir söz deməmişdir. Saat təxminən 12 radələrində Binəqədi şossesi ilə Zəngəzur istiqamətinə gedərkən Araz marketin yaxınlığında olan dayanacaqda lotoreya biletlərinin satıldığını görüb həmin biletlərdən bir qədər ələ keçirmək fikrinə gəldiyi üçün Anara avtomobili bir qədər irəlidə saxlamasını, işinin olduğunu bildirmişdir. Anar avtomobili həmin yolda yolun bir qədər sağ kənarında saxlamış və o, avtomobildən düşüb lotoreya satılan stola yaxınlaşdıqda satıcının stolun yanında oturduğunu görmüşdür. O elə lotoreya qoyulmuş stola yaxınlaşıb qutuda bir qədər satılmış lotareyalardan əli ilə götürüb oradan qaçaraq Anarın avtomobilinə tərəf getməyə başlamış, həmin vaxt lotoreya satan yaşlı kişi də onun arxasınca qaçaraq qışqıra-qışqıra dayanmağını demişdir. O, Anarın avtomobilinə oturan kimi Anar avtomobili sürməyini demişdir. Anar avtomobili sürətlə idarə edərək oradan bir qədər uzaqlaşandan sonra Anar nə baş verdiyini soruşduqda, o, lotoreyaları göstərərək həmin yerdən götürüb qaçdığını demişdir. Anar onun lotoreya oğurladığını bildikdən sonra maşını kənara çəkib ona əsəbləşərək maşından düşməyini bildirmişdir. O, Anarın avtomaşınından düşmüş və oradan taksi avtomobili ilə 20 yanvar metrostansiyasının yaxınlığına gələrək orada lotoreyalardan 25 ədədini silmiş, lakin heç bir məbləğdə uduş olmadığını gördükdən sonra qalan 54 ədəd lotoreyanı 20 yanvar dairəsində lotareya satan tanımadığı şəxsə 162 manata satmışdır. O, ifadəsində bildirmişdir ki, lotoreya götürüb qaçacağından nə qardaşı Eminin, nə də tanışı Anarın xəbəri olmamışdır, həmçinin lotoreyaları satan zaman onların cinayət yolu ilə əldə olduğunu Şahid3 bildirməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən peşman olmasının nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2024-cü ilin fevral ayının 26-da yaşadığı Tərtər rayonundan Bakı şəhərinə gəlmiş və 27 fevral 2024-cü il tarixdən isə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 3, Araz marketin yaxınlığında Azərlotoreyadan lotoreya götürüb satmaqla ailəsini dolandırır, o, Azərlotoreyadan iki adda “Dan Ulduzu” və “Zümrüd” adlı lotareya götürüb satır. Loroteyanın birini 4 manat 60 qəpiyə alıb 5 manata satır. Azərlotoreyadan hər birinin içərisində 80 ədəd olan bir paçka “Dan Ulduzu” və bir paçka “Zümrüd” lotoreya almışdır. 04 mart 2024-cü il tarixdə saat 12 radələrində lotoreya satan zaman bir nəfər cavan oğlan stola yaxınlaşaraq stolun üstündə olan lotoreyaları qəflətən götürüb qaçmışdır. Həmin şəxs qaçan zaman onun arxasınca qışqırıb qaçmağa başlamış, təxminən 50-60 metr onun arxasınca qaçan zaman həmin şəxs yolun kənarında dayanmış “Hyundai Elantra” markalı dövlət nömrə nişanını bilmədiyi avtomaşına əyləşərək qaçmışdır. Bundan sonra o, hadisə barədə Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs hazıeki vaxtadək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini, bu səbəbdən şikayətçi olduğunu bildirmişdir. Cinayət işi üzrə Şahid3 19 iyul 2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasına çağırılmış şahidlər Şahid1, Şahid2 və Şahid3 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, soyğunçuluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən Araz marketin yaxınlığında baş vermişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün, saat 21:00-da CM-in 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmış və CPM-in 87-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs baş vermiş soyğunçuluq hadisəsi üzrə digər dörd nəfər şəxslə birlikdə tanınmaya təqdim edilmiş və iş üzrə Zərərçəkmiş şəxs təqdim edilmiş şəxslərin sırasında ona məxsus pul məbləğini oğurlayan şəxsi tanıya bilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-161/2024 nömrəli qərarından görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət təmin edilmiş və onun həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs lotoreyaları ələ keçirdikdən sonra yaxınlıqda dayanmış Şahid2 idarə etdiyi “Hyundai Elantra” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa qapısını açaraq avtomobilə əyləşib hadisə yerindən uzaqlaşması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə amnistiya qərarına əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 01 il 10 ay müddətinə azadlıqdan məhrum edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 14 may 2024-cü il tarixli qərardan görünür ki, videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk, zərərçəkmiş şəxsin ifadəsi, təqsirləndirilən şəxsin ifadəsi, protokollar cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 180.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X5 oğlu Təqsirləndirilən şəxs övladlarıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.3.3 az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamənin və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə amnistiya qərarına əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 01 il 10 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayətin törədilməsinə görə məhkum edilmiş, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən AR CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini cinayətlərin residivi kimi CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, məhkumluğu olmamasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 180.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-222/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə, hazırda baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(060)-222/2024 nömrəli hökmündən əvvəl törətməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(060)-222/2024 nömrəli hökmü ilə məhkum olunduğu 01 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının hazırki hökmlə təyin edilmiş cəzaya birləşdirilməklə CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılma yolu ilə ona qəti cəza təyin olunmalı və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanılmalıdır. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmədə iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq, yəni 05 mart 2024-cü il tarixdə məhdudlaşdırıldırılmış, 05 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 mart 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 07 mart 2024-cü il tarixdə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 05 mart 2024-cü tarixdən hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən bu günə kimi həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 05 mart 2024-cü il tarixdən hesablanmalıdır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, X2, Sumqayıt şəhər Məhkəməsinin 05 aprel 2024-cü il tarixli hökmü ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək saxlanıldığı 4 (dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 50 (əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs tərəfindən cinayət hadisəsi zamanı vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət olunmamışdır. Qeyd olunanlara və CPM-in 180.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Sumqayıt şəhər Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 1(060)-222/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunduğu 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 05 mart 2024-cü il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 1(060)- 222/2024 saylı hökmü ilə X1 saxlanıldığı 4 (dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar