Məhkəmə qərarları › İş №1(001)-384/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-384/2024

15.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-384/2024 15.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 22 may 2023-cü il tarixdə saat 14 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən «BC» kateqoriyalı AD 221848 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «VAZ-21011» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsinin qarşısında yerləşən şosse ilə “Dəmiryol xəstəxanası” istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq 1.1 üfüqi nişanlama xəttini kəsib avtomobili qarşı əks hərəkət zolağına çıxarmamalı, svetoforun qadağanedici qırmızı işığında hərəkətini davam etdirməməli və hərəkət üçün təhlükəli şərait yaratmamalı tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə riayət etməməklə həmin yolu soldan sağa keçən piyada X6 avtomobilin ön hissəsi ilə vurub ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X5 qapalı kəllə-beyin travması, başbeyinin sağ alın payında daxili qansızma, sağ lateral ventrikularmın orta ətrafında lineya hematoma, üzün yumşaq toxumalarının sıyrıqları, sol alt göz qapağının hematoması, sağ bazu oynağı nahiyəsinin, döş qəfəsinin arxa səthinin, sol diz oynağı nahiyəsinin əzilmiş yaraları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli xəsarətlər yetirməsinə səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, CM-in 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır,“Juquli”markalı açıq boz rəngli “Vaz 2101 l”markalı,**-BD-*** dövlət qeydiyyat nömrəli avtomobil atası X7 məxsusdur.O, həmin avtomobili 2022-ci ilin fevral ayından etibarnamə əsasında idarə edir. 22 may 2023-cü il tarixdə saat təxminən 14:00 radələrində idarə etdiyi avtomobili Biləcəri qəsəbəsi ilə üzü “Dəmiryol“ xəstəxanası istiqamətində avtomobili “Daxili “Qoşunlar”ın hərbi hissəsinin qarşısı ilə 50-60 km/saat sürətlə idarə etmişdir. Həmin gün doğma bacısı Aynurun xeyir işi yəni, nişanı olduğunda, o da xeyir işə bibisi oğlunu avtovağzaldan götürüb yaşadığı evə gətirməli olmuşdur. Qeyd etdiyi kimi avtomobili hərbi hissənin qarşısı ilə idarə edərkən orada olan işıqforun qırmızı işığının yandığını görmüş, lakin buna məhəl qoymayaraq yolun boş olduğunu görüb avtomobilinin yarısını əks istiqamətə çıxıraraq avromobilin hərəkətini dayandırmayaraq davam etdirmişdir. Bu vaxt yolun sol tərəfindən yolun sağ tərəfinə belində məktəb çantası olan bir az yaşlı uşağın qaçaraq keçdiyini görmüşdür. O, idarə etdiyi avtomobillə yolu qaçaraq keçən uşağın arasında az məsafə olduğunu görüb avtomobilin əyləcini basmış, bu vaxt avtomobil hərəkətdə olduğundan, avtomobilin sol qabaq hissəsi uşağa dəymiş, nəticədə uşaq avtomobilin sağ yan tərəfinə yıxılmışdır. O, avtomobildən düşüb uşağa yaxınlaşmış, avtomaşınla uşağın arasında təxminən 6-7 metr məsafə olmuşdur. Uşaq həmin vaxt özündə olmamış, o, asfaltın üzərində olan uşağı götürüb idarə etdiyi avtomobilin salonundakı arxa sərnişin oturacağına uzatmışdır. Sonra xəsarət alan azyaşlı uşağa tibbi yardım göstərilməsi üçün avtomobili “Dəmiryol” xəstəxanasına tərəf sürmüşdür. Avtomobili idarə edərkən “Kristal Abşeron“ yaşayış kompleksinin qarşısında onun avtomobilinin yanacağı qutarmış, o, idarə etdiyi avtomobili orada qoymuş, sonra yoldan keçən dövlət qeydiyyat nişanını bilmədiyi “Hundai Sonata” markalı avtomobili saxlatmış, sürücüyə hadisə barədə məlumat vermiş, ondan kömək etməsini xahiş etmişdir. Sürücü razılığını verdikdən sonra avtomobilində xəsarət alan uşağı götürüb saxlatdığı avtomobilə yerləşdirib Biləcəri qəsəbəsində yerləşən “Dəmiryol” xəstəxanasına gətirmişdir. Yol ilə xəstəxanaya gedərkən o, anası Dilarə Həsənovaya zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Xəstəxanada həkimlər azyaşlı uşağa tibbi yardım göstərmiş, həmin vaxt xəstəxanaya uşağın valideynləri gəlmiş və uşağın halı ilə maraqlanmışlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırki vaxta qədər zərərçəkmiş şəxsə dəymiş olan ziyandan maddi imkanı olmadığından və işləmədiyindən heç bir məbləğdə ödəniş edə bilməmişdir. Yol-nəqliyyat hadisəsi olan vaxt atası özünə məxsus olan həmin avtomobili satmışdır. Onun valideynləri zərərçəkmiş şəxsin atasına 500 manat məbləğində yardım etmək istəsələr də, zərərçəkmiş şəxsin atası həmin məbləği də qəbul etməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs eyni zamanda törətdiyi cinayət əməlindən peşmançılıq çəkməsini, 2-ci qarabağ Müharibəsinin iştirakçısı olmasını, medallarla təltif edilməsini, hazırda heç bir yerdə işləmədiyini, dövlət tərəfindən ona hər ay ödənilən 80 manat məbləğində müavinətdən başqa heç bir gəlirinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı iclasında dindirilmiş zərərçəkmiş şəxs X9 ifadəsində göstərmişdir ki, 22 may 2023-cü il tarixdə günorta vaxtı tək yaşadığı evdən çıxmış və Biləcəri qəsəbəsində Riyaziyyat fənni üzrə hazırlığına getmişdir. O, həmişə hazırlığa tək getmiş və yolboyu yalnız bir dəfə avtomobil yolunu keçmişdir. Həmin vaxt adəti üzrə işıqforun qırmızı işığının yanmasını gözləmişdir ki, yolu rahat və təhlükəsiz keçə bilsin.’’Biləcəri parkı’nın qarşısına çatdıqda uzaqdan işıqforun qırmızı işığının yanmasını gözləmiş və qırmızı işıq yandıqdan, avtomobillər dayandıqdan sonra yolu keçməyə başlamışdır. O, asta qaçışla yolun bir hissəsini keçmiş, avtomobillərin arasından digər hissəsinə daxil olduqda gözlənilmədən VAZ-21011 markalı, nömrəsinə fikir vermədiyi, ağ rəngli avtomobil onu vurmuşdur. Bundan sonra o, huşunu itirmiş və nə baş verdiyini xatırlamamışdır. Bir neçə gün sonra xəstəxanada özünə gəlmişdir. Məhkəmə baxış iclasında dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, o, evlidir, hazırda magistr təhsili alır. X2 hər gün həmin yolu piyada gedib-gəlir. xx.xx.2023-cü il tarixdə dərsə gedərkən, həmin gün anasının ad günü olduğu üçün işıqforun qırmızı işığı yandığından əmin olub, hədiyyə almaq məqsədilə yolun o biri üzünə keçmiş və bu zaman onu maşın vurmuşdur. O hadisədən yoldaşının zəngindən sonra xəbər tutmuşdur. Həyat yoldaşı ona oğluna zəng çatmadığını və hələ də dərsdən gəlmədiyini bildirmişdir. Bir müddət sonra isə onların sözügedən hadisədən xəbərləri olmuşdur. X2 5 gün komada qalmış, 14 günün sonunda xəstəxanadan evə buraxılmışdır. Xəstəxanadan çıxdıqdan sonra təqsirləndirilən şəxs və onun ailəsi oğlu ilə maraqlanmamış, o, imkanı çatdığı qədər maddi yardım göstərməsini istəsə də, təqsirləndirilən şəxs və onun ailə üzvləri tərəfindən ona maddi yardım göstərilməmişdir. Həmçinin məhkəmə istintaqı zamanı barışıq üçün vaxt tanınsa da, təqsirləndirilən şəxs özünü əfv etdirmək üçün heç bir addım atmamışdır. Hazırki vaxta qədər aralarında heç bir barışıq əldə edilməmişdir. Yuxarıda göstərilənlərin hökm qəbul edilən zaman nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X5 yol-nəqliyyat hadisəsi nəticəsində həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət alması faktına görə CM-in 263.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan, ona əlavə edilmiş fotoşəkil və sxemdən görünür ki, iş üzrə hadisə yerinə baxış keçirilmiş və baxış zamanı xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin Bakı şəhəri, Binəqədi rayonunda, Biləcəri qəsəbəsində törədilməsi müəyyən edilmişdir. AD seriyalı № 456326 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ 21011” minik markalı, **-BD-*** qeydiyyat nişanlı avtomobil X4 məxsusdur və Təqsirləndirilən şəxs həmin avtomobili xx.xx.2022-ci il tarixli etibarnamə üzrə istifadə edir. xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “VAZ 21011” minik markalı, **-BD-*** qeydiyyat nişanlı avtomobil əks hərəkət zolağına çıxaraq hərəkət etmiş, işıqforun qadağanedici qırmızı işığında hərəkətini davam etdirmişdir və yolu soldan sağa keçən piyadanı vurmuşdur. xx.xx.2023-cü il tarixli, 1442 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” publik hüquqi şəxsinin rəyindən görünür ki, vətəndaş X5 bədənində aşkar olunmuş xəsarətlər- qapalı kəllə-beyin travması, baş beyinin sağ alın payında daxili qansızma, sağ lateral ventrikularmın orta ətrafında lineya hematoma, üzün yumşaq toxumalarının sıyrıqları, sol alt göz qapağının hematoması, sağ bazu oynağı nahiyəsinin, döş qəfəsinin arxa səthinin, sol diz oynağı nahiyəsinin əzilmiş yaraları bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “X14” PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cüil saat 15.27-dən bir qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə (xx.xx.2030-cu il tarixədək etibarlı olan) AD № 221848 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. xx.xx.2023-cü il tarixli, 8/2867 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, tədqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-21011” markalı, **-BD-*** dövlət qeydiyyat nişan avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. xx.xx.2023-cü i tarixli qərardan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan şəxs olmaqla məhdud fəaliyyət qabiliyyətli olduğundan onun atası Qanuni nümayəndə cinayət işi üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi kimi tanınmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X9 həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış və bu barədə zərərçəkmiş şəxsə və onun qanuni nümayəndəsinə məlumat verilmişdir. DİN BƏSİİ-dən təqdim olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə məhkəmə tibbi və məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilmiş, hadisə vaxtı sürücü Təqsirləndirilən şəxs avtomobili ayıq vəziyyətdə idarə etməsi kimi qəbul edilmiş və “VAZ 21011” minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü sahibinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.1-1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məxsus SX ******* nömrəli hərbi biletdən görünür ki, o, müharibə dövründə hərbi xidmət keçmişdir. Ona İ-7140 nömrəli “Laçının azad olunmasına görə” və İ-30623 nömrəli “Vətən müharibəsi iştirakçısı” medalları verilmişdir. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını və “Vətən” müharibəsi iştirakçısı olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, yol nəqliyyat hadisəsi baş verdikdən sonra zərərçəkmiş şəxsə müalicə olunması üçün maddi yardım göstərməməsini, hazırki vaxta qədər aralarında barışıq əldə edilməməsini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.1- 1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, azadlıqdan məhrumetmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış «VAZ-21011» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 43 (qırx üç) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 43 (qırx üç) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 43 (qırx üç) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 258 (iki yüz əlli səkkiz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 06(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «VAZ-21011» markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 43 (qırx üç) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 258 (iki yüz əlli səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar