Məhkəmə qərarları › İş №1(001)-388/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-388/2025

01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-388/2025 01.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını xeyli miqdarda gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 17 oktyabr 2024-cü il tarixdə, saat 09 radələrində Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən kirayədə yaşadığı evin daş hasarla əhatə olunmuş və dəmir darvazası olan həyətinə hasardan keçməklə evin plastik pəncərəsini fiziki güc tətbiq etməklə açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq, oradan 2000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 3400 manat pul vəsaitini, 01 ədəd 180 manat dəyərində olan “Arshia” markalı «AMG-246» modelli ətçəkən maşını, 01 ədəd 50 manat dəyərində olan “Tefal” markalı şirəçəkən maşını, 01 ədəd markası bilinməyən 50 manat dəyərində blenderi, 01 ədəd markası bilinməyən 50 manat dəyərində qəhvə üyüdən aparatı, 02 ədəd ümumi dəyəri 200 manat olan gümüş üzükləri, 01 ədəd dəyəri 200 manat olan qızıl suyuna çəkilmiş üzüyü və 02 ədəd ümumi dəyəri 200 manat olan gümüş qolbaqları gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 4330 (dörd min üç yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 12 dekabr 2024-cü il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanında yerləşən evin daş hasarla əhatə olunmuş və dəmir darvazası olan həyətinə hasardan keçməklə evin pəncərəsinin üzərində olan dəmir barmaqlığı fiziki güc tətbiq edib aralayıb və plastik pəncərəni fiziki güc tətbiq edib açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq, oradan taxtın üzərində olan döşəyin arasındakı 10000 ABŞ dollarını, həmin dövrün məzənnəsi ilə 17000 manat pul vəsaitini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 17000 (on yeddi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, lakin ifadə verməkdən imtina etmiş və ibtidai istintaq zamanı verdiyi ifadədə qeyd olunanlarla razı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 17 oktyabr 2024-cü il tarixdə saat 8 radələrində qızını Sulutəpə qəsəbəsində yerləşən 217 nömrəli tam orta məktəbə apardıqdan sonra saat 09 radələrində evinə geri qayıdarkən Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən evlərin birinin darvazasında kilid olduğunu görmüş, darvazaya yaxınlaşmışdır. Əvvəlcə ətrafa baxmış, heç kimin gəlmədiyini görüb hasardan həmin evin həyətinə tullanmışdır. Həyətdə olarkən evin pəncərəsinin aralı olmasını görüb pəncərəyə yaxınlaşmış, əli ilə pəncərəni itələyib açmışdır. Oradan evə daxil olmuş, qonaq otağında olan 1 ədəd markasını bilmədiyi ətçəkən maşını, 1 ədəd markasını bilmədiyi şirəçəkən maşını, 1 ədəd markasını bilmədiyi blenderi, 1 ədəd kofe üyüdən aparatı və 1 ədəd su termosunu əlində olan torbaya yığmışdır. Evə girdiyi pəncərədən evdən çıxmış və yaşadığı məhəlləyə getmişdir. O, yaşadığı evin yaxınlığında olan yarımtikili binaya getmiş və oğurladığı əmlakı orada gizlətmişdir. Bu barədə heç kimə məlumat verməmişdir. Bundan sonra oradan çıxmış və yaşadığı evə getmişdir. Həmin gün saat 13 radələrində edən çıxmış və yarımtikilidə olan oğurluq əmlakı götürüb satmaq üçün Sabunçu rayonu ərazisində olan “bit” bazarı” deyilən yerdə aparmışdır. Lakin torbadan 1 ədəd ətçəkən və 1 ədəd şirəçəkən maşını həmin yarımtikilidə gizlətmişdir. O, 1 ədəd markasını bilmədiyi blenderi, 1 ədəd kofe üyüdən aparatı və 1 ədəd su termosunu özülə birlikdə aparmışdır. Sulutəpə qəsəbəsi ərazisindən 157 nömrəli marşrut üzrə hərəkət edən avtobusa əyləşmiş, avtobusdan Xocahəsən qəsəbəsi ərazisində düşmüş və tanımadığı 1 manatlıq taksiyə əyləşmişdir. Həmin taksi ilə Sabunçu rayonu ərazisində yerləşən “bit bazarı” deyilən yerə getmiş, həmin bazarda tanımadığı qadına 1 ədəd kofe üyüdən aparatı, 1 ədəd blenderi və 1 ədəd su termosunu 180 manat müqabilində satmışdır. Həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. 1 ədəd şirəçəkən və 1 ədəd ət çəkən maşınları isə polis əməkdaşları tərəfindən saxlanılarkən onlara təqdim etmişdir. Bundan əlavə 12 dekabr 2024-cü ildə saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən həyət evlərinin məhəllə daxili yolunda gedərkən bir mərtəbəli həyət evinin işıqlarının sönülü olduğunu görmüşdür. O, ətrafa baxıb heç kəsin olmadığını görüb oradan oğurluq etmək qərarına gəlmiş, darvazanın yanında qaz borusunun üzərinə çıxıb həyətə düşmüşdür. Orada evin arxa tərəfinə keçib pəncərənin dəmir barmaqlığını dartıb tərpədərək yerindən aralamışdır. Evin plastik pəncərəsinə itələyib açmış, pəncərədən yataq otağına daxil olmuşdur. Orada evin yataq otağında olan taxtın üzərindəki döşəyi qaldırarkən bir ədəd yığın halında ABŞ dolları görmüşdür. O, Pulu götürüb evə girdiyi pəncərədən çölə çıxmış, oradanda hasarı aşıb yola düşmüşdür. O, yaşadığı evə gəlmiş, oğurladığı pulları saymış 100 ədəd 100 ABŞ dolları 10000 ABŞ dolları olduğunu görmüşdür. O, bu barədə heç kəsə bildirməmişdir. xx.xx.2024-cü ildə Şəki şəhərinə getmiş, orada bazarda yerləşən pul dəyişmə məntəqəsində oğurladığı 7000 ABŞ dollarını 1.70 manat məzənnə ilə manata dəyişmişdir Qalanını isə bazarda dollar alğı-satqısı ilə məşğul olan yaşlı iki nəfərlə 1.60 manat məzənnə ilə dəyişmiş, 200 ABŞ dollarını isə özündə saxlamışdır. Həmin puldan 1100 manatla atası X3 rayon, Hökməli qəsəbəsində yerləşən bank olmayan kredit təşkilatından götürdüyü kredit borcunu ödəmişdir. 650 manat özünə və həyat yoldaşına götürdüyü telefonların kreditlərini bağlamışdır. 720 manat pulu isə “Baku Elektronics” mağazasından götürdüyü velosipedin pulunu ödəmişdir. Qalan pulları uşaqlarının müalicəsinə, dərmanlarına və sairə bazarlığa xərcləmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 12 dekabr 2024-cü il tarixdə evə gəldikdə evinin pəncərəsində olan dəmir məhəccərin qırıldığını, evdə olan 10000 ABŞ dolları pulun götürüldüyünü görmüşdür. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Oğurluq hadisəsi törədilərkən evdə heç kim olmamışdır. O, həyat yoldaşı ilə birlikdə evə qayıtdıqda məhəccərin qırıldığını, pəncərənin açıq olduğunu, gül dibçəyinin yerə düşdüyünü görmüşdür. Oğurluq zamanı evdən 10000 ABŞ dolları pul oğurlanmışdır. Pul çarpayının üstündə olan döşəklərin arasında olmuşdur. Evdən başqa heç nə oğurlanmamışdır. O, polisə zəng edib hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir. O, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hadisə günündən bir gün əvvəl axşam yas yerinə getmiş, evə gəldikdə qapı bağlı olmuş, qapını açıb içəri girdikdə pəncərənin açıq olduğunu görmüşdür. O, pəncərədən baxdıqda evin dağınıq vəziyyətində olmuşdur. O, bundan sonra “10” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Hadisə vaxtı onun nəvəsi üçün yığdığı pul da oğurlanmışdır. Oğurlanmış əşyaların bir hissəsini o, Həcc ziyarətindən gətirmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, dəymiş zərərin məbləğinin 4300 manat olmasını polis hesablamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənilməmişdir. Onun təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Polis tərəfindən ona qaytarılmış əşyalar onun olmamışdır. Onun əşyaları təz olmuş, lakin qaytarılmış əşyalar işlənmiş olmuşdur. O, hadisənin baş verdiyi ünvanda tək yaşamışdır. Evindən oğurlanmış pulun məbləği 2000 ABŞ dolları olmuşdur. O, pulu nəvəsi üçün saxlamış, sonuncu dəfə həmin pulun üzərinə iki ay əvvəl pul əlavə etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, uşaqları ilə tək qalmışdır. Atası yoxdur, anası xəstədir, qayınatasının qulağı eşitmir. Özü də işləyə bilmir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, əri Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməllərindən onun xəbəri olmamışdır. Həyat yoldaşı kreditləri ödəyərkən, evə alış-veriş edərkən həmin pulu borc aldığını demişdir. Həyat yoldaşı sonuncu dəfə mebel sexində işləmiş, işləyəndə evə pul gətirmişdir. Oktyabr ayının ortalarında həyat yoldaşı ona hər hansı qiymətli əşya verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, 12 dekabr 2024-cü il tarixdə törədilmiş oğurluq hadisəsi ünvan 2 ünvanında yerləşən evdə baş vermişdir. xx.xx.2024-cü il tarixli protokoldan protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi rayonu Yuxarı Sulutəpə qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılmış və həmin vaxt ondan seriya nömrəsi LK08450631D olan 100 ABŞ dolları, seriya nömrəsi LK45950338F olan 100 ABŞ dolları və 300 Azərbaycan manatı götürülmüşdür. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 dekabr 2024cü il tarixdə saat 18:30-dan şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-980/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 21 dekabr 2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi bir icraata birləşdirilmiş, istintaq sonuncu nömrə altında davam etdirilmiş və cinayət işi üzrə əməl CM-in 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, 17 oktyabr 2024-cü il tarixdə törədilmiş oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evində baş vermişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən fərdi yarımtikili evin içərisində gizlətdiyi 01 ədəd “ARSHİA” markalı ətçəkən maşını, 01 ədəd “Tefal” markalı şirəçəkən aparatı polisə təhvil vermiş, həmin əşyalar götürülmüşdür. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2024-cü il tarixdə saat 00:50-dan şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-826/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatət və təqdimat təmin edilməyərək barəsində 22 yanvar 2025-ci il tarixədək “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli, 9/9278 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 75,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(010)-22/2021 nömrəli hökmü ilə CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə çəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(001)-242/2022 nömrəli qərarı ilə “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarına əsasən təyin edilmiş cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 7(003)-1282/2022 nömrəli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 28 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona maddələrdə nəzərdə tutulmuş yeni ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evində xx.xx.2024-cü il tarixdə törətdiyi oğurluq hadisəsinin mexanizmini əyani şəkildə göstərmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)-227/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 ay, yəni 21 may 2025-ci il tarixədək uzadılmışdır. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, bir ədəd “Arshia” markalı ətçəkən maşın eyni növdən olan ətçəkən maşınlarla birlikdə nömrələnmiş vəziyyətdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tanınmaya təqdim olunmuş və sonuncu 01 nömrə altında olan ətçəkən maşını tanıyaraq ona məxsus olduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, bir ədəd “Tefal” markalı şirəçəkən maşın eyni növdən olan ətçəkən maşınlarla birlikdə nömrələnmiş vəziyyətdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tanınmaya təqdim olunmuş və sonuncu 01 nömrə altında olan şirəçəkən maşını tanıyaraq ona məxsus olduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı ünvan 2 ünvanında yerləşən evdə xx.xx.2024-cü il tarixdə törətdiyi oğurluq hadisəsinin mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus olan 01 ədəd "Arshia" markalı “AMG-246” modelli ətçəkən maşın, 01 ədəd "Tefal" markalı şirəçəkən maşın, Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd 100 ABŞ dollar əskinaz və 03 ədəd 100 manat əskinaz maddi sübut kimi tanınmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd "Arshia" markalı “AMG-246” modelli ətçəkən maşın, 01 ədəd "Tefal" markalı şirəçəkən maşın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılmış, maddi sübut kimi tanınmış 02 ədəd 100 ABŞ dollar əskinaz və 03 ədəd 100 manat əskinaz saxlanması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(001)-371/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün, yəni 10 iyun 2025-ci il tarixədək uzadılmışdır. Elektron Məhkəmə Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X5 adlı 2 azyaşlı uşağı var. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin, şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2024-cü il tarixdə saat 00:50-dan şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-826/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatət və təqdimat təmin edilməyərək barəsində 22 yanvar 2025-ci il tarixədək “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs 21 dekabr 2024-cü il tarixdə saat 18:30-dan şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-980/2024 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 21 dekabr 2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli və təqsirlənirilən şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığında saxlanılmış, xx.xx.2024-cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2024-cü il tarixdən 25 oktyabr 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, habelə 25 oktyabr 2024-cü il tarixdən 21 dekabr 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 1 (bir) ay 26 (iyirmi altı) gün müddət, cəmi 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 21 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, 01 ədəd "Arshia" markalı “AMG-246” modelli ətçəkən maşının və 01 ədəd "Tefal" markalı şirəçəkən maşının saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan 02 ədəd 100 ABŞ dolları əskinaz və 03 ədəd 100 manatlıq əskinaz hökm qanuni qüvvəyə mindikdən sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərər çəkmiş şəxslər cinayət hadisəsi zamanı onlara vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət etməmişdir. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərər çəkmiş şəxslərə cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 oktyabr 2024-cü il tarixdən 25 oktyabr 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, habelə 25 oktyabr 2024-cü il tarixdən 21 dekabr 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 1 (bir) ay 26 (iyirmi altı) gün müddət, cəmi 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 2 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 21 dekabr 2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, 01 ədəd "Arshia" markalı “AMG-246” modelli ətçəkən maşının və 01 ədəd "Tefal" markalı şirəçəkən maşının saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan 02 ədəd 100 ABŞ dolları əskinaz və 03 ədəd 100 manatlıq əskinaz hökm qanuni qüvvəyə mindikdən sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə zərər çəkmiş şəxslərə cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar