Məhkəmə qərarları › İş №1(001)-389/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-389/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-389/2025 24.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Rusiya Federasiyası, Primorsk vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0.191 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd qızılı kağız bükümdə əldə edərək əynində olan göy rəngli gödəkçənin sol yan cibində saxlamaqla üzərində daşımış, 07 fevral 2025-ci il tarixdə saat 13:36-də Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində saxlanılaraq üzərində aparılan yoxlama zamanı əynində olan göy rəngli gödəkçənin sol yan cibindən 1 ədəd qızılı rəngli kağıza bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0.191 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, 07 fevral 2025ci il tarixdə saat təxminən 13:36 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində piyada gəzərkən, polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etmiş və onu qanunsuz olaraq üzərində narkotik vasitə və ya psixotrop maddə saxlamaqda şübhəli olduğunu bildirərək, üzərini yoxlayacaqlarını bildirmişlər və ondan üzərində olan qeyri-qanuni əşya varsa təqdim etməsini təklif etmişlər. O, isə əynində olan tünd göy rəngli gödəkcənin sol yan cibindən qızılı rəngli kağıza bükülmüş metamfetamini təqdim etmiş və bundan sönra üzərinə yoxlanış aparılmış və üzərindən təqdim etdiyi əşyadan başqa hər hansı qadağan edilmiş əşya aşkar olunmamışdır. Daha sonra üzərindən aşkar edilmiş 01 ədəd qızıl bükümün içərsində olan metamfetamin boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və bütün işitrakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onu Binəqədi rayon polis idarəsinin 6-cı Polis bölməsinə aparmışlar, bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra, öz xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçıyə etiraz etməmişdir. Verilmiş suallara cavab olaraq üzərində aşkar edilmiş psixotrop maddəni 07 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «Papanin» adlanan yerdən öz istifadəsi üçün 10 manata əldə etdiyini, tutulduqdan sonra psixotrop maddədən istifadə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə həyatda yetərincə zərbələr gördüyünü, kimsəsiz olduğunu, arxası dirəyi olmadığını, valideynlərini itirdiyini, atasını ümumiyyətlə görmədiyini, anasının isə 2013-cü ildə vəfat etdiyini, törətdiyi əməldən peşman olduğunu bildirməklə məhkəmədən bağışlanmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 6-cı PBnin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olduğu zaman ona Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddəni əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə bölmənin rəhbərliyinə raportla müraciət edilmiş, Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə ə/m, polis leytenantı Şahid2, Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə ə/m, polis leytenantı Şahid3 və özündən ibarət əməliyyat qrupu yaradılmışdır. Sonuncularla birlikdə xx.xx.2025-ci il tarixdə saat 13:36-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Y.Hüseynov küçəsinə Təqsirləndirilən şəxs yaxınlaşaraq, video çəkilişlə özlərini təqdim etdikdən sonra, sonuncuya narkotik vasitə və ya psixotrop maddənin qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirmişlər. Daha sonra həmin şəxsə üzərində qadağan olunmuş hər-hansı bir əşyanın olub-olmadığı barədə soruşulmuş və olduğu halda həmin əşyanı könüllü təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd qızılı rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin kütləni Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Papanin» adlanan yerdə 10 manata öz istifədəsi üçün aldığını bildirmişdir. Bundan sonra həmin kütlə elektron tərəzidə çəkilərək, çəkisi 0,27 qram olduğu müəyyən olunmuşdur. Həmin bükümə baxış keçirilmiş, daha sonra ağ rəngli kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış və zərfin üzərinə bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs 6-cı polis bölməsinə gəyirilərək faktın araşdırılması Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Ağahüseyn Həsənova həvalə olunmuşdur. Bölmədə təhqiqatçı tərəfindən kağız zərfdə olan bükümün içərisinə baxış keçirilmiş, bükümün içərisində olan maddə qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Həmçinin bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalanmışdır. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsində olarkən ona qarşı hər hansı fiziki və ya psixi zorakılıq edilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 6-cı PBnin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 Şahid1 ilə oxşarməzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Şahid Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində şahidlər Şahid3 və Şahid1 ifadələrinə uyğun ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə AR CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata götürülmüşdür. xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri istifadə məqsədi ilə əldə edib üzərində daşıması və saxlanılması barədə daxil olan məlumat əsasında həyata keçirilmiş əməliyyat axtarış tədbiri zamanı 07 fevral 2025ci il tarixdə saat 13:36 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində Təqsirləndirilən şəxs piyada hərəkətdə olan zaman saxlanılmış, ona hüquq və vəzifələri izah edilmiş, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Şəxsin saxlanılan zaman paltarında, əşyalarında və bədənində narkotik vasitənin və psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üstünü həmin yerdə yoxlamağa başlamışlar. Üstündə yoxlama götürmə aparmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən 04 ədəd 1 manatlıq pul əskinazı və həmin gödəkçənin sol yan cibindən isə 01 ədəd qızılı rəngli kağıza bükülmüş içərisində ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə olan bükümü təqdim etmiş və həmin bükümdə olan kütlənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncunun üzərindən qanunsuz heç bir əşya aşkar edilməmişdir. Təqdim edilmiş bir ədəd qızılı kağız bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə bilikdə çəkisi 0,27 qram olması müəyyən edilmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs aşkar olunmuş maddəni “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 manat öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında həmin protokola əlavə edilmiş diskə baxış keçirilərək müəyyən edilmişdir ki, diskdə olan video-görüntü xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokola uyğun olmuşdur. xx.xx.2025-ci il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, , Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi RPİ-nin 6-cı PB-nə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə edib istifadə etməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 07 fevral 2025ci il tarixdə saat 13:36 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq üstü yoxlanılmış, üzərindən 1 (bir) bükümdə şəffaf kristal formada kütlə aşkar edilərək 1 ədəd ağ rəngli zərfdə qablaşdırılmış, həmin kütlənin Təqsirləndirilən şəxs götürülməsi və qablaşdırılması raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim edilmişdir. Təqdim olunan 1 (bir) ədəd ağ rəngli zərfə və 1 (bir) ədəd DVD-yə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş, zərfə olan 1 bükümdə, kristal şəkilli, psixotrop maddə - metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Sonra həmin kütlə yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 1 ədəd DVD-yə “Toshiba” markalı komputerdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan psixotrop maddəyə bənzər kütlənin Təqsirləndirilən şəxs üzərindən aşkar olunması əksini tapmışdır. Məhkəmə iclasında həmin protokola əlavə edilmiş diskə baxış keçirilərək müəyyən edilmişdir ki, diskdə olan video-görüntü xx.xx.2025-ci il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokola uyğun olmuşdur. xx.xx.2025-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:15-də şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2025-ci il tarixdən, saat 13:36-dən hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/575 nömrəli xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №175” dairəvi möhür əksi, “...Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş m/s...” və s. adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,191 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil etmişdir. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, tədqiata 0,191 qram maddə qəbul edilmiş, 0,050 qram nümunə götürülmüş, 0,141 qram geri qaytarılmışdır. xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2025-ci il tarixli “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiq tərəfindən verilmiş vəsatət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təmin edilməmiş, Təqsirləndirilən şəxs saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli “Diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, təqdim edilmiş 2 ədəd diskə baxış keçirilmişdir. Birinci diskdə olan görüntü xx.xx.2025-ci il tarixdə saat 13:36-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində qeydə alınmışdır. Görüntüdə Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə ə/m polis leytenantı Şahid1, Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə ə/m polis leytenantı Şahid3 və Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə ə/m polis leytenantı Şahid2 iştirakı ilə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərinə yoxlanış aparıldığı, yoxlanış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən 04 ədəd 1 manatlıq pul əskinası və həmin gödəkçənin sol yan cibindən isə 01 ədəd qızılı rəngli kağıza bükümü təqdim etdiyi müşahidə olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində metamfetamin olduğunu, bükümü “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 manat öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şahid1 tərəfindən həmin bükümün açıldığı və içərisində olan maddə kütləsi elektron tərəzidə çəkilib qablaşdırılaraq götürüldüyü, video çəkilişin həmin gün saat 13:43 radələrində bitdiyi müşahidə olunur. İkinci diskdəki görüntü Binəqədi RPİ-nin 6-cı PB-də qeydə alınmışdır. Görüntüdə Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə ə/m polis leytenantı Şahid1, Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə ə/m polis leytenantı Şahid3 və Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə ə/m polis leytenantı Şahid2 iştirakları ilə Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı Ağahüseyn Həsənov tərəfindən əşyaya baxış keçirildiyi müşahidə olunur. Görüntüdə bir ədəd bükümün içərisindən ağ rəngli kütlənin aşkar edildiyi, həmin kütlənin yenidən qablaşdırılıb möhürləndiyi müşahidə olunur. xx.xx.2025-ci il tarixli “Əşyanın maddi sübut kimi tanınması haqqında” qərardan görünür ki, 2 ədəd disk və 0,141 qram psixotrop maddə metamfetamin iş üzrə sübut əhəmiyyəti kəsb etdikləri üçün maddi sübut kimi tanınmışlar, 2 ədəd disk cinayət işi materiallarına əlavə edilmiş, 0,141 qram psixotrop maddə metamfetamin məhkəmənin hökmü ilə təyinatı məsələsi həll edilənədək Binəqədi Rayon Polis İdarəsinin saxlancına təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X3 tərəfindən verilmiş xx.xx.2025-il tarixli 213 saylı “Canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 şəxsinin xx.xx.2025-ci il tarixli, 717 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi elan edilmiş ittiham və barəsində seçimiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişidirlmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,191 qram olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,141 qram çəkidə psixotrop maddə metemfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi RPİ-nin saxlancına təhvil verilməsi və Təqsirləndirilən şəxs üzərində aparılmış yoxlama zamanı qeydə alınmış video görüntünün olduğu və Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı Ağahüseyn Həsənov tərəfindən təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 02 ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı dövründə verdiyi ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyinin və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs səmimi ifadə verməklə törətdiyi əməli etiraf etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlinin sübut olunmasında çətinliklər yaratmamışdır. Məhkəmədə, Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin təyin etməklə cəzanın məqsədinə çatmaq mümkün olduğundan, ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixdək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq qalan təmiz çəkisi 0,141 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), 110 (yüz on) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, O.Cabbarov küçəsi ünvanında yerləşən nömrəsiz fərdi evdə çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 (on beş) saat vaxt sərf etmişdir. Hüquqi yardımın hər iş saatına görə 11 manat olmaqla Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ümumilikdə 165 (yüz altmış beş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il, 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il, 5 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hazırda yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, O.Cabbarov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış yerini gecə saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,141 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 165 (yüz altmış beş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı şəhər Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar