Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-39/2025 07.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Papanin” adlanan yerdə 10 manat müqabilində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 0,331 çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə Binəqədi rayon Pİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 15:50-də o, ünvan 3 ünvanında yerləşən “Nəsimi” metrostansiyasının yaxınlığında saxlanılaraq, ünvan 4 ünvanında yerləşən Binəqədi rayon Pİ-nin 7-ci PB-nin inzibati binasına aparılmış, orada saat 17:30da üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,331 qram təşkil edən ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 31 yanvar 2024-cü il tarixdə Sabirabad rayonundan Bakı şəhərində yerləşən “Ağ şəhər” adlanan əraziyə işləmək üçün gəlmişdir. Səhəri günü tanışları ilə birlikdə birlikdə işləməsi üçün “Nəsimi” metrostansiyasının yaxınlığından götürməkdən ötrü qeyd edilən əraziyə gəlmişlər. İşə gecikməmək üçün o, taksi çağırmışdır. Taksi gəldikdən sonra onlar avtomobilə əyləşmək istəyərkən başqa avtomobil taksinin qarşısında saxlamış və onları polis bölməsinə aparmışlar. Polis bölməsində onları ayrı otaqlara salmışlar. Bundan sonra polis işçisi onun yanına gəlib demişdir ki, tanışların biri 4 kiloqram narkotik vasitəni öz üzərinə götürmüşdür. Polis işçisi ona köməklik edəcəyini, narkotik vasitənin istifadəçisi kimi az miqdarda istifadə edən kimi qeyd olunacağını demişdir. O, razılaşmadığına görə 3- 4 saat ona otaqda yerdən qalxmağa imkan verməmiş, təpiklə vurmuş, döymüşlər. Bundan sonra o, məcbur qalıb razılaşmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, əvvəllər məhkum olunmuşdur. O, əvvəllər narkotik vasitə istifadə etmiş, sonra özünü müalicə etdirib işləmək üçün Bakı şəhərinə gəlmişdir. O, əvvəllər narkotik vasitə “M40 metadon” istifadə etmiş, həmin narkotik vasitəni rayonda almışdır. O, heç vaxt “Papanin” adlanan ərazidə olmamışdır. O, saat 11 radələrində “Nəsimi” metrostansiyasının yaxınlığında saxlanılmışdır. Həmin vaxt orada çox sayda mülki geyimli polis işçisi olmuş, “BMW” və “Niva” markalı mülki avtomobillə ora gəlmişlər. Onu polis bölməsində 3-4 nəfər polis əməkdaşı döymüşdür. O, döyüldüyünə görə məcbur qalıb narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Onun üzərində xəsarət izləri olmamış, qabırğaları 1 aydan çox ona ağrı vermişdir. Üzərində şəxsi axtarış aparılarkən videoçəkiliş olmuşdur. O, rayondan qohumu Şahid3la birlikdə Bakı şəhərinə gəlmişdir. Onlar polis bölməsinə apardıqdan sonra hər üçü barəsində narkotiklə sənədləşmə aparılmışdır. O, məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci polis bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında Təqsirləndirilən şəxs Binəqədi rayonunda yerləşən “Nəsimi” metrosunun yaxınlığında saxlanılmış və bölməyə gətirilmişdir. Bölmədə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman üzərindən metamfetamin aşkar olunmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, əvvəllər təqsirləndirilən şəxsi tanımamışdır. Təqsirləndirilən şəxs saxlanılmasına normal reaksiya vermişdir. Təqsirləndirilən şəxs üzərində bölmədə şəxsi axtarış keçirilən zaman üzərindən narkotik vasitə çıxmış, özü narkotik vasitə aludəçisi olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni “Papanin” adlı ərazidən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olması və narkotik vasitəni üzərində daşıması əks olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman tək, piyada olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci polis bölməsinin polis sahə inspektoru, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, daxil olmuş məlumata əsasən Təqsirləndirilən şəxs “Nəsimi” metrostansiyasının yaxınlığında saxlanılmış və bölməyə dəvət olunmuşdur. Bölmədə təhqiqatçının otağında videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı üzərindən “patı” adlandırılan maddə aşkar edilmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuşdur. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Hadisə günü onlar başqa şəxsi saxlamamış, başqa tədbir keçirməmişlər. Təqsirləndirilən şəxs tərəflərindən “Nəsimi” metrostansiyasının yaxınlığında “Bravo” marketin yanında saxlanılmışdır. Təqsirləndirilən şəxsin xarici görünüşü və geyimi barədə əvvəlcədən məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuş, üzərinə təhqiqatçının otağında baxış keçirilmişdir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X5 ifadəsində göstərmişdir ki, 01 fevral 2024-cü il tarixdə o, Təqsirləndirilən şəxslə birlikdə işləmək üçün “Ağ şəhər” adlanan əraziyə getmək qərarına gəlmişdir. Onlar Şahid3 adlı tanışlarını “Nəsimi” metrostansiyası yaxınlığında gözləmiş, sonuncu gəldikdən sonra iş yerinə getmək üçün taksi çağırmışlar. Taksi gəldikdən sonra onlar taksiyə əyləşmiş, lakin həmin avtomobilin qarşısını başqa bir avtomobil kəsmişdir. Onları polis əməkdaşları saxlayıb, 7-ci polis bölməsinə aparmışlar. Polis bölməsinə üzərilərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, onlar rayondan 27 yanvar 2024-cü il tarixdə gəlmişlər. Onların hər üçünü polis əməkdaşları eyni anda saxlamışlar. Onlar saxlanıldıqdan sonra üzəriləri yoxlanılmamış, polis bölməsində üzərilərində keçirilmiş şəxsi axtarış zamanı heç nə aşkar edilməmişdir. Onlar taksi gözləyərkən Təqsirləndirilən şəxs onlardan aralanıb tualetə gedib qayıtmış, polis əməkdaşları isə Təqsirləndirilən şəxs nə isə götürməyə getdiyini düşünmüşlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs mobil telefonunda narkotik vasitə ilə bağlı təxminən 6 ay əvvəl aparılmış yazışma aşkar etdiklərini, narkotik vasitəni üzərilərinə götürməyəcəkləri halda həmin şəxsləri polis bölməsinə gətirəcəklərini bildirmiş, o, da həmyerlilərinin yanında hörmətdən düşməmək üçün guya “patı” adlanan maddənin üzərindən çıxması ilə bağlı polis əməkdaşlarının təklifi ilə razılaşmışdır. O, əvvəllər narkotik vasitələrdən istifadə etsə də, 27 yanvar 2024-cü il tarixdə Bakı şəhərinə gəldiyi ərəfədə narkotik vasitələrdən istifadə etməmişdir. O, heç vaxt Seyran və Səbuhi ilə birlikdə narkotik vasitələrdən istifadə etməmişdir. Onun Təqsirləndirilən şəxslə qohumluq münasibəti olmamışdır. Təqsirləndirilən şəxslə birlikdə Bakı şəhərinə gəlməkdə məqsədləri işləmək olmuşdur. Onlar “Nəsimi” metrostansiyasının yaxınlığında olarkən polis əməkdaşları iki avtomobillə həmin yerə gəlmişlər. Polis əməkdaşları mülki geyimdə olmuşlar. Polis əməkdaşları onu saxlayarkən heç bir fiziki qüvvə tətbiq etməmişlər. O, sonuncu dəfə narkotik vasitədən 2024-cü il yanvar ayının əvvəllərində istifadə etmişdir. O, Təqsirləndirilən şəxslə Bakı şəhərinə gəldikdən sonra birlikdə qalmışlar, lakin Səbuhi onlarla qalmamışdır. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 01 fevral 2024-cü il tarixdə səhər saatlarında yaşadığı evdən çıxıb “Papanin” adlanan əraziyə getmiş, şəxsi istifadəsi üçün narkotik vasitə metamfetamin aldıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, polis əməkdaşları tərəfindən 7-ci polis bölməsinə aparılmış, üzərində şəxsi axtarış keçirilərkən üzərindən metamfetmin aşkar edilmişdir. O, həmin gün Seyranı və İlhamı bölmədə saxlanma kamerasında görmüşdür. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, barəsində olan cinayət işi üzrə iki epizod üzrə cəlb edilmişdir. Həmin epizodlardan biri 01 fevral 2024-cü il tarixdə, digəri isə təxminən 20 gün sonra olmuşdur. O, Bakı şəhərinə 10 yanvar tarixində tək gəlmişdir. 01 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edib, “Ağ şəhərdə” işləməyi təklif etmiş, lakin sonuncu ilə həmin görüşə bilməmişdir. O, Seyran və İlhamın narkotik vasitəyə görə saxlanıldıqlarını bilmiş, lakin üzərilərindən narkotik vasitə çıxmasını görməmişdir. O, 01 fevral 2024-cü il tarixdə taksi sifariş verməmişdir. O, polis əməkdaşları tərəfindən 01 fevral 2024-cü il tarixdə günorta saatlarında Mir Cəlal küçəsində, “Üzeyir” şadlıq evinin yaxınlığında saxlanılmışdır. Onu saxlayan polis əməkdaşlarından biri Şahid1 olmuşdur. O, saxlanıldığı gün Təqsirləndirilən şəxslə görüşməmiş, lakin “Nəsimi” metrostansiyasının yaxınlığında görüşməyi planlaşdırmışdır. Onun saxlanıldığı yer ilə “Nəsimi” metrostansiyası arasında təxminən bir kilometr məsafə olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə faktı əsasında CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək, daşıması və saxlaması barədə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2024cü il tarixdə saat 15:50-dən şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi RPİ-nin 7-ci polis bölməsinə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən, şəffaf sellofana bükülmüş 01 ədəd büküm aşkar edilərək götürülmüşdür. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/741 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №176” dairəvi möhür əksi, “şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,331 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Qeyd: Metamfetamin təmiz çəkisi– 0,331 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,281 qram. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və saxlanıldığı Binəqədi RPİ-nin MSYdən azad edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, istintaq zamanı Binəqədi RPİ-nin 7-ci polis bölməsinin inzibati binasında, iş otağında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı, təhqiqatçının təklifi ilə əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən, şəffaf sellofana bükülmüş 01 ədəd bükümü çıxararaq təqdim etmiş, həmin bükümün içərisində olan maddənin metamfetamin olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş çəkisi 0,331 qram olan psixotrop maddə metamfatemin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,281 qram çəkidə psixotrop maddə metamfatemin saxlanması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli, 750 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinioidlərin, opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edilir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(004)-53/2019 nömrəli hökmü ilə CM-in 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 03 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmənin görüntülərini özündə əks etdirən bir ədəd disk sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarında saxlanılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə məlumat əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri-insani rəftara məruz qalması faktı öz təsdiqini tapmamış, toplanmış materialda cinayət hadisəsinin olması müəyyən edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-341/2024 saylı qərarından görünür ki, Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı, X3 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrələrinə 31 yanvar 2024 il tarixdən 01 fevral 2024-cü il tarixədək daxil olan və çıxan zənglər, həmin zəngləri qəbul edən və zəng edən nömrələrin sahibləri barədə məlumatlar, həmçinin həmin nömrəyə daxil olan və çıxan SMS-lərin mətnləri barədə, həmin SMS-ləri qəbul edən və göndərən nömrələrin sahibləri, qeyd olunan müddət ərzində abonentlərin anten məlumatları, habelə 01 fevral 2024-cü il tarixə Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı və Şahid2 istifadəsində olmuş ***-***-**- ** saylı mobil telefon nömrələrinə dair anten məlumatlarının ələ keçirilməsi qərara alınmış, qərarın icrası "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubla ***-***-**-** saylı və ***-***-**-** saylı nömrələr ilə bağlı məlumatlar məhkəməyə təqdim edilmiş və həmin məlumatlara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubla ***-***-**-** saylı və ***-***-**-** saylı nömrələr ilə bağlı məlumatlar məhkəməyə təqdim edilmiş və həmin məlumatlara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ***-***-**- ** saylı nömrə sorğulanan müddətdə Azerfon şəbəkəsində istifadə olunmamışdır. AZE №12787593 və AZE № 12787597 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014cü il təvəllüdlü X7 adlı iki azyaşlı uşağı var. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, üzərindən aşkar edilmiş psixotrop maddənin ona məxsus olmaması və polis bölməsində törətmədiyi cinayəti etiraf edilməyə məcbur edilməsi barədə ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin və şahid X3 məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, metamfetaminin (təmiz halda qramlarla) daxil olmaqla xeyli miqdar həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsində yerləşən fərdi yaşayış evini axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbirinin seçilməsi üçün vəsatət verilmiş, ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qəbul edilmiş qərarla vəsatətin müdafiə edilməsindən imtina edilmiş və bundan sonra Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 01 fevral 2024-cü il tarixdən 03 fevral 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,281 qram olan psixotrop maddə metamfetamin qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 62 (altmış iki) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 62 (altmış iki) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 62 (altmış iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 372 (üç yüz yetmiş iki) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 fevral 2024-cü il tarixdən 03 fevral 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsində yerləşən fərdi yaşayış evini axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,281 qram psixotrop maddə metamfetamin qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 62 (altmış iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 372 (üç yüz yetmiş iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-39/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-39/2025
07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver