Məhkəmə qərarları › İş №1(001)-390/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-390/2023

02.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-390/2023 02.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 11.50 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1986-cı il tarixdə Rusiya Federasiyasının Sverdlovsk vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə AR Milli Məclisin xx.xx.2021-ci il tarixli «Amnistiya» qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad olunmuş, məhkumluğu üzərindən götürülmüş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)- 390/2023 saylı, 19 iyun 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 29 iyul 2023-cü il tarixdə Bakı şəhər Binəqədi RPinin 7-ci PB-nin əməkdaşları tərəfindən tutulmuş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib, özündə saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 02 mart 2023-cü il tarixdə axşam saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib saxlayaraq daşımış, 04 mart 2023-cü il tarixdə, saat 19:05-də Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində yerləşən 9 saylı TTYS-nın qarşısında Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 3 ünvanda yerləşən Binəqədi RPİ-nin 7ci PB-yə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki tünd rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,328 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 6-7 ildir ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsinə getmiş və tanımadığı şəxsdən 20 manata el arasında “kakos” adlanan narkotik vasitə heroin almışdır. xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 9 mikrorayonda yerləşən 9 saylı X6 Stansiyasının yaxınlığında hərəkət edən zaman 2 nəfər mülkü geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 7-ci PB-nə dəvət etmişlər.Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nin 7-ci PByə aparılmışdır.Bölmədə xidməti otaqda təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahiş ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Sonra üzərinə onun öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan tünd rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofona bükülmüş bükümü, şalvarının sağ yan cibindən üzərində 077 ***-**-** saylı mobil nömrə olan 1 ədəd Nokia markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur.Sorğu sual zamanı o, bükümün içərisində “kakos” adlanan narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni tanımadığı şəxsdən xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsindən 20 manata aldığını bildirmişdir.Üzərindən aşkar olunmuş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, o, Binəqədi RPİ 7-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı rütbəsində xidmət edir. Binəqədi RPİ-nin 7-ci PB-nə daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs cinayət xarakterli əməllərinin ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün rəhbərliyin razılığı ilə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır.Bu məqsədlə 04 mart 2023-cü il tarixdə saat 18:30 radələrində o, qrup üzvü Binəqədi RPİ-nin 7- ci PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində yerləşən 9 saylı TTYS-nin yanına gəlmişdirlər.04 mart 2023-cü il tarixdə saat 19:05 radələrində yuxarıda göstərilən ünvanın qarşısında olan zaman orada xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsi görmüşlər və ona yaxınlaşmışlar.Onu ərazi aidiyyəti üzrə Binəqədi RPİ-nin 7-ci PB-nə dəvət etmişlər, o, buna etiraz etmədikdən sonra onu oraya apararaq barəsində araşdırma aparılması üçün 7-ci PB-nin təhqiqatçı Surəc Niyazova təhvil vermişlər. Təhqiqatçı S.Niyazov ilkin olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət edərək həmin vəkilin və onların iştirakıla onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif etmişdir.Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofona bükülmüş bükümü, şalvarının sağ yan cibindən isə 1 ədəd Nokia markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bükümün içərisində “kakos” adlanan narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni tanımadığı şəxsdən xx.xx.2023- cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsindən 20 manata aldığını bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında çıxış edən Şahid2 digər Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 05 mart 2023-cü il tarixli 6/1345 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №176» dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs (imza)...» sözləri və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,328 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na (İ siyahı) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsin məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1336 №-li rəyindən görünür ki, Müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2, 177.2.3, 70, 71.5, və 67.1-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə AR Milli Məclisin xx.xx.2021-ci il tarixli «Amnistiya» qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad olunmuş, məhkumluğu üzərindən götürülmüşdür. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalı, cəza təyin edilərkən cinayətin xarakteri, ağırlıq dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitənin miqdarı nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etmələri tövsiyə edilmişdir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əldə edərək üzərində saxladığı narkotik vasitə heroinin miqdarı şəxsi istehlak miqdarından təxminən 2 dəfə artıq olmuşdur.Onun narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olmaqla əldə edib üzərində saxlamaqla daşımış şəxsə təyin edilə biləcək cəzaya uyğun cəza təyin edilməsi artıq bu qəbildən olan işlər üzrə cəza təyini ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə zidd olmaqla yanaşı, ədalətlilik prinsipinin pozulması ilə nəticələnə və cəzanın fərdiləşdirilməsi prinsipinə zidd ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətinin xarakteri, ağırlıq dərəcəsi, üzərindən aşkar olunmuş narkotik vasitənin miqdarı nəzərə alınmaqla ona azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini və törətdiyi cinayət əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, CMnin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 04 mart 2023-cü il, saat 20.05 radələrindən 06 mart 2023-cü il, saat 10.45 radələrinədək tutulduğu müddət CM-nin 69.3cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və ona yekun olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 7-ci PB-nin təhqiqatçısı, polis kapitanı Surəc Niyazov tərəfindən tərtib olunmuş 04 mart 2023cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2023-cü il tarixdə tutulmuşdur. Eyni zamanda, Bakı şəhəri, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən qəbul olunmuş 06 mart 2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Şövqi Əsgərovun vəsatətinin müdafiə edilməsindən imtina olunmuşdur. Həmçinin, iş materiallarında olan Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Şövqi Əsgərov tərəfindən qəbul olunmuş 06 mart 2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, 06 mart 2023-cü il tarixdə saat 10.45-də azad edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, AR CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli o, yenidən tutulduğu tarixdən, yəni 29 iyul 2023-cü il tarixdən hesablanmalıdır.Belə ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-390/2023 saylı, 19 iyun 2023-cü il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, onun barəsində axtarış elan edilmişdir. Həmçinin, iş materiallarında olan 46-4/2-7297 saylı məktubuna əsasən məlum olur ki, Bakı şəhər Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tutulmuş, Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin olunduğundan təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.Eyni zamanda, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkdiyinə görə ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və o qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CMP-nin 353.4.10-cü maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin, CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan psixotrop maddə olan 0,278 qram heroinin qalığı məhv edilməlidir. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 30 saat hüquqi xidmətin dəyəri 180 (yüz səksən) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB**** ****************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 04 mart 2023-cü il tarixdən 06 mart 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhurm etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 29 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan 0, 278 qram heroin qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 30 saat hüquqi xidmətin dəyəri 180 (yüz səksən) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37NABZ********************. S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar